Soydaşlarımıza “əcnəbi” statusu verilməsi nə dərəcədə ədalətlidir?

Soydaşlarımıza “əcnəbi” statusu verilməsi nə dərəcədə ədalətlidir?

Fazil Mustafa: “Azərbaycanlıların əcnəbi statusu ilə qəbul olunması yanlışdır”

Namizəd Səfərov: “Soydaşlarmızla ingilisə, çinliyə fərq qoyulmaması ədalətsizlikdir”

“Miqrasiya haqqında” qanuna nəzər yetirəndə məlum olur ki, Azərbaycan Respublikasının vətəndaşı olmayan hər bir azərbaycanlı əcnəbi sayılır. Yəni Gürcüstanda yaşayan, Cənubi Azərbaycandan, Dərbənddən olan Azərbaycan türkünün bir ingilisdən, almandan, fransızdan və yaxud qeyri-millətlərdən heç bir fərqi yoxdur. Halbuki, Azərbaycanın və xalqımızın ictimai-siyasi, mədəni həyatında rol oynamış çox dəyərli şəxsiyyətlər olub və bu gün də var. Hansı ki, bu insanlar öz xalqının taleyində müstəsna rol oynayaraq ideyaları və əməlləri ilə Azərbaycan tarixində əbədi yaşamaq haqqı qazanıblar.

2002-ci ildə soydaşlarımızın Azərbaycan dövləti ətrafında birləşməsi üçün “Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasına və “Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında” qanunun qəbul edilməsinə rəğmən, Gürcüstanda, Cənubi Azərbaycanda, Dağıstanda və digər ölkələrdə yaşayan Azərbaycan türkləri Miqrasiya Məcəlləsinin 21-ci maddəsinə görə, Azərbaycanda 10 gündən artıq qeydiyyata alınmadan qala bilməzlər.

Maraqlıdır ki, soydaşlarımızın Azərbaycan dövləti ətrafında birləşməsinə çalışırıqsa, o zaman nədən soydaşlarımız əcnəbi sayılır? Halbuki, əcnəbi sayılan Azərbaycan türkləri Azərbaycanı özlərinin milli dövlətləri hesab edirlər.

Azərbaycanın dərdinə kədərlənən, sevincinə sevinən bu insanları isə, çox təəssüf ki, ölkəmizdə hər cür bürokratik məhrumiyyətlərə məruz qoyuruq. Belə ki, soydaşlarımıza qarşı ingilis, fransız, alman, çinli və başqa millətlər kimi davranırıq. Bu baxımdan, soydaşlarımızla bağlı Azərbaycanda ayrıca qanunun qəbul olunmasına ehtiyac var. Çünki bu, dünya təcrübəsində də var.

Yeri gəlmişkən, soydaşlar haqqında qanun Gürcüstanda da qəbul olunub. Bu qanuna görə, Gürcüstandan köçüb getmiş vətəndaşlar ölkədə 3 ay maneəsiz yaşaya bilərlər. Bundan başqa, onların səsverməsi istisna olmaqla, bütün vətəndaşlıq hüquqlarından istifadə etməsi də mümkündür.

Əslində, harada yaşamasından asılı olmayaraq bütün Azərbaycan türkləri soydaş kimi hüquqi status almalıdır. Çünki Azərbaycanın dərdinə kədərlənən, sevincinə sevinən soydaşlarımızın buna mənəvi haqqı çatır. Təəssüf ki, soydaşlarımızın buna mənəvi haqqı çatdığı halda, sözdə “soydaş” deyib, qanunda “əcnəbi” deyilir ki, bu da onların hüquqlarının pozulmasıdır.

““Soydaş” ədəbi termin olaraq artıq aktuallıq kəsb etmir”

Похожее изображение

Milli Məclisin deputatı Fazil Mustafa Hurriyyet.org-a dedi ki, azərbaycanlıların əcnəbi adlandırılması yanlışdır: “Biz ədəbi termin olaraq Azərbaycan vətəndaşı olmayan azərbaycanlılara soydaş deyirik. Bu, hüquqi termin deyil. Amma xalqın hüquqi-ədəbi termin olaraq bunu deməyə haqqı var. Çünki eyni qandan gələn insanlardır. Başqa ölkənin vətəndaşı olan azərbaycanlı bizdə əcnəbi statusu ilə qəbul olunur. Amma bu, yanlışdır. Əslində, azərbaycanlılara imkan vermək lazımdır ki, onlar özlərini soydaşlıq kateqoriyasına daxil edə bilsinlər. Bunu hüquqi terminə çevirmək lazımdır. “Soydaş” ədəbi termin olaraq artıq aktuallıq kəsb etmir. Çünki bu insanlar bizim bir parçamızdır, onları da Azərbaycan vətəndaşları ilə müəyyən hüquqları, mükəlləfiyyətləri bərabər səviyyədə daşımağa gətirməliyk. Çünki bu insanların Azərbaycan vətəndaşları qədər haqqı var ki, Azərbyacanın işinə, onun davasına qoşulsunlar, imtiyazlarını əldə etsinlər və azərbaycançılığı öz üzərlərində hər zaman hiss etsinlər”.

“Kütləvi şəkildə hamını soydaşlıq kateqoriyasına daxil etmək olmaz”

F.Mustafa nəzərə çatdırdı ki, soydaş haqqında qanunla bağlı məsələni dəfələrlə Milli Məclisdə qaldırıb: “Biz onun tərəfdarıyıq ki, bu istiqmətdə qanun qəbul olunsun. Burada kütləvi şəkildə hamını soydaşlıq kateqoriyasına daxil etmək olmaz. Çünki elə azərbyacanlılar var ki, bunların özləri qəbul etmirlər ki, hər hansı çəkildə adları Azərbaycanla əlaqələndirilsin. Amma çox sayda azərbaycanlı var ki, istər Gürcüstan, istər İran, istərsə də başqa ölkələrin vətəndaşı olsun, onların Azərbaycan vətəndaşı olması üçün bu qanundan yararlanma imkanı olmalıdır ki, müəyyən müddətdən sonra Azərbaycan vətəndaşlığına qəbul olsunlar. Bu, bizim potensialımızı ancaq gücləndirə bilər. Bu istiqamətdə müəyyən risklər, təhlükələr də var ki, müəyyən qüvvələr Azərbaycanın adından istifadə edə, ölkəmiz üçün müəyyən dərəcədə problemlər yarada bilərlər. Bu, istisna olunmur. Amma bütövlükdə xeyli sayda insan var ki, bu soydaşlıq kateqoriyasından istifadə edərək Azərbaycanla bağlı işlər görə bilər və biz də bir dövlət olaraq onların imkanlarında yararlana bilərik”.

“Bu, bütövlükdə Konstitusion məsələdir”

““Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında” qanunla “Miqrasiya haqqında” qanun ziddiyyət təşkil edir. Bu, nədən qaynaqlanır” sualını F. Mustafa belə cavablandırıb: “Bu, prinsip olaraq qəbul olunmalıdır. Əgər prinsip olaraq qəbul olumursa, onda məsələnin mahiyyəti dəyişir. Yəni dövlət özü buna icazə verməlidir. Burada ikili vətəndaşlıq variantından, həm də soydaşlarımızın əcnəbilərdən fərqli olaraq daha çox hüquqdan istifadə etməsindən söhbət gedir. Hələ ki, bu prinsip olaraq qəbul olunmur. Ona görə də bu Miqrasiya Məcəlləsinə aid məsələ deyil. Bu, bütövlükdə Konstitusion məsələdir və Konstitusiya məsələsi kimi öz həllini tapandan sonra, digər qanunlarda da öz əksini tapacaq”.

“Hələ ki, “Soydaş haqqında” qanunun qəbul edilməsinə maraq görmürəm”

“Mən bununla bağlı iki dəfə Milli Məclisə qanun layihəsi vermişəm. Məsələni qaldırmışam ki, bunu həll etmək lazımdır. Hələ ki, bunu həll etməyə maraq görmürəm. Milli Məclisdə məsələyə münasibət müsbət olsaydı, həll edərdi”,- deyə deputat vurğuladı.

“Gürcüstandan olan azərbaycanlıların vətəndaşlıq hüququ alması qeyri-rəsmi tapşırıqla məhdudlaşdırılıb”

Похожее изображение

Azərbaycanlıların əcnəbilərdən fərqləndirilməsi ilə bağlı Hurriyyet.org-a danışan hüquqşünas Namizəd Səfərovun fikrincə, çox yaxşı olardı ki, soydaşlarımızı əcnəbilərdən fərqləndirən qanun qəbul olunsun: “Onlar tarixi vətənləri olan Azərbaycana gəlib-gedərkən üstün hüquqlarından istifadə etməlidirlər. Yəni əcnəbilərə qoyulan məhdudiyyətlər onlara şamil olunmamalıdır. Azərbaycanda müddətsiz öz qohumlarının yanında yaşamaq hüquqları təsbit olunmalıdır. Həqiqətən də ədalətsizlikdir ki, soydaşlarmızla ingilisə, çinliyə və yaxud afrikalıya fərq qoyulmur. Biz onları azərbyacanlı kimi qəbul ediriksə, Azərbaycanı onların tarixi vətəni hesab ediriksə, onlar əcnəbilərdən üstün hüquqlara malik olmalıdırlar. Mən tez-tez təsadüf etmişəm ki, Azərbaycanın ali məktəblərində təhsil alan, hətta Azərbaycanda hərbi xidmətdə olan şəxslər hələ Azərbaycan vətəndaşı deyil. Həmin şəxslər Gürcüstanın Marneuli rayonundan oluğuna görə, onlara vətəndaşlıq verilməyib. Bu məsələlər nizama salınmalıdır. Gürcüstandan olan azərbaycanlıların vətəndaşlıq hüququ alması hətta qanunla yox, qeyri-rəsmi tapşırıqla məhdudlaşdırlıb, onların Azərbaycan vətəndaşı almaq hüququ çox çətindir. Guya ki, Gürcüstan vətəndaşı olan azərbaycanlıların axının qarşısını almaq üçün belə məhdudiyyətlər qoyublar. Bu, qanunvericiliyə, humanizmə ziddir. Həqiqətən də soydaşlarımız üçün daha yüksək statusla qanun normlarının müəyyən edilməsi çox yaxşı olardı”.

“Təşəbbüs hüququ olan dövlət orqanları “Soydaş haqqında” qanunun qəbul edilməsində maraqlı deyillər”

N.Səfərov qeyd etdi ki, hansısa qanunun qəbul edilməsi üçün təşəbbüs hüququ olan təşkilatlar var: “Onlar soydaşlarımız haqqında qanunun qəbul edilməsi təşəbbüsü ilə çıxş etmirlər. “Borçalı” Cəmiyyəti “Soydaş haqqında” qanun layihəsini təklif etsə də, onun qanunverci təşəbbüs hüququ yoxdur. Konstitusiya ilə qanunverici təşəbbüs hüququ olan təşkilatlar var. Bunlar Prezident, Prezident Aparatı, Milli Məclis, Respulika Prokurorluğu, Konsitusiya Məhkəməsi və Ali Məhkəmədir. Yəni bu təşkilatlar maraqlı olmalıdır ki, belə bir qanun norması üçün təşəbbüs qaldırsınlar. Mən də bilirəm ki, vətəndaşlar ərizə ilə təşkilatlara müraciət edirlər. Çox təəssüf ki, onların müraciətləri adi kağız parçası olaraq qalır, nəzərə alınmır. Bəli, qanunların qəbul edilməsi üçün təşəbbüs hüququ olan dövlət orqanları təşəbbüs göstərməlidir, ilk növbədə də Milli Məclis. Görünür ki, maraqlı deyillər”.

“Milli Məclis tərəfindən qanunlardan humanist, bəşəri normalar gizli çıxarılır”

N.Səfərov onu da vurğuladı ki, Azərbaycanda nəinki soydaşlarımız haqqında, ümumiyyətlə, ədalətli, humanist, bəşəri qanunların qəbul olunmasına ehtiyac var: “Çox təəssüf ki, sənədə, mənədə qaranlıq olan səbəblər var ki, niyə bu qanunlar qəbul olunmur? Hətta qanunlarda olan, humanist, bəşəri normalar da altdan-altdan, vətəndaşlardan xəbərsiz Milli Məclis tərəfindən bir çox qanunlardan çıxarılır. Sual olunur ki, Mili Məclis nədən maraqlıdır ki, bu bəşəri qanunları, humanist normaları qanunlardan çıxarır? Məsələn, məhkəmədə nümayəndəliyin ləğv olunması haqqında qanun qəbul etdilər. Bu qanun normasının hansı məntiqdən irəli gəldiyini bu dəqiqə də bütün hüquqşünaslar baş sındırırlar, ayrıd edə bilmirlər ki, Milli Məclis nəyə görə belə anti-milli, anti humanist, irticaçı bir qanun qəbul etdi. Hər gün oyanırıq ki, gündə bir qanun qəbul edirlər. Amma həmin qanunlarda mütərəqqi normalar yoxdur, hamısı “asacam”, “kəsəcəm”, “alacam”, “tutacam”la bağlı qanunlardır. Mütərəqqi qanunlar niyə qəbul olnmur, deyə bilmirəm”.

Şamo EMİN, Hurriyyet.org

P.S. Mövzunu davam etdirəcəyik.

Loading...

QALEREYA