Soyuq savaş yenidən başlaya bilərmi? –Cümə günü bu suala aydınlıq gətiriləcək

  • 2019-01-21 23:03:18
  • |
  • Aktual /

Soyuq savaş yenidən başlaya bilərmi? –Cümə günü bu suala aydınlıq gətiriləcək

 

NATO-Rusiya Şurasının səfirləri cümə günü Brüsseldə toplanacaqlar. Səfirləri toplantıda Rusiya ilə siyasi dialoq yollarını araşdıracaqlar.

“Hürriyyət” xarici mətbuata istinadən xəbər verir ki, bu məlumat NATO rəsmiləri tərəfindən yayılıb.

Məlumata görə, iclasın tarixi Moskva ilə aparılan danışıqlar nəticəsində müəyyənləşdirilib.

Toplantının ABŞ-ın Rusiyaya Ortamənzilli Nüvə Silahları Müqaviləsindən (INF) irəli gələn öhdəliklərini yerinə yetirməsi üçün verdiyi 60 günlük möhlətin bitməsinə yaxın bir zamana salınması diqqəti cəlb edir; ABŞ-ın Rusiyaya verdiyi möhlət 2 fevralda bitir.

Xatırladaq ki, NATO-Rusiya Şurası 2002-ci ildə tərəflərin birgə təhlükəsizlik məsələlərində fikir mübadiləsi və əməkdaşlıq etməsi üçün yaradılıb. Rusiyanın 2014-ci ildə Krımı işğalından sonra isə NATO-Rusiya Şurası tərəflər arasındakı rabitə kanallarını açıq saxlamaqla fəaliyyətini məhdudlaşdırıb.

Bəs, görəsən, NATO-Rusiya Şurasının öz fəaliyyətini yenidən canlandırması mümkün olacaqmı, Ümumiyyətlə bu dialoqlar yeni dünya düzəninə nə gətirə bilər?

Zənnimizcə, bu sualın cavabı ABŞ Prezidenti Donald Trampın Rusiyaya möhlət verməsinin səbəblərində gizlidir. Mütəxəssislərin fikrincə, Ağ evin şahin fikirli Təhlükəsizlik Müşaviri Con Bolton və ABŞ prezidentinin Tərksilah üzrə məsləhətçi Tim Morrison tərəfindən qızışdırılan Donald Tramp 20 Oktyabr 2018-ci il tarixində SSRİ ilə 1987-ci ilə bağlanmış "Ortamənzilli Nüvə Silahları Müqaviləsi"ndən (INF) çəkiləcəyini açıqlamışdı. Daha sonra ABŞ rəhbərliyinin ardıcıl bəyanatları Soyuq savaş abu-havasını yenidən canlandırmış, qısa və ortamənzilli nüvə silahlarının istehsalının sürətlənəcəyi təqdirdə yarana biləcək riskləri və ssenariləri gündəmə gətirmişdi.

Bəs, "Ortamənzilli Nüvə Silahları Müqaviləsi” nə ehtiva edir və onu zərurət halına gətirən hansı amillər olmuşdur?

Sazişə aparan yollar

“Ortamənzilli Nüvə Silahları Müqaviləsi”ni zəruri hala gətirən SSRİ-nin 1970-ci illərdə sınaqdan keçirdiyi ballistik raketlər olmuşdur. Həmin illərdə, təxminən, 5 min kilometr mənzilli SS-20 AZAR (RSD-10) tipli balistik raketlər Rusiyanın Qərbi Avropa dövlətlərinə qarşı nüvə təhdidi qabiliyyətini artırmışdır. Bu səbəbdən, NATO-dakı Qərbi Avropa ölkələri 1977-ci ildən etibarən ABŞ-a həmin təhlükənin qarşısının alınması istiqamətində SSRİ ilə ortaq məxrəcə gəlmək məsələsində təzyiq göstərmişlər. NATO-nun 1979-ci ildə Brüsseldə keçirilən sammiti sonrasında sözügedən ölkələr hər iki tərəfə məhdudiyyət gətirən bir razılığa gəlməsini, əks halda PERSING II raketlərinin istehsalı proqramının tətbiqini tələb etmişlər.

Nüvə silahlarının yeni mərhələsinin açılması mənasına gələn və Avropanın təhlükəsizliyini bilavasitə təhlükə altında qoyan bu yarışının qarşısının alınması üçün ABŞ və SSRİ arasında 1980-ci ildən etibarən danışıqlar başlanmış və rəsmi adı "Sovet Sosialist Respublikalar İttifaqı və Amerika Birləşmiş Ştatları Arasında Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Müqaviləsi" olan INF sazişi dövrün ABŞ Prezidenti Ronald Reyqan və SSRİ Kommunist Partiyasının Baş Katibi Mixail Qorbaçov tərəfindən Vaşinqtonda 8 Dekabr 1987-ci ildə imzalanmış və 1 İyun 1988-ci ildə qüvvəyə minmişdir. Saziş, dənizdən atılanlar istisna olmaqla, qısamənzilli kimi tanınan 500-1.000 kilometr ilə ortamənzilli kimi təsnif edilən 1.000-5.500 kilometr mənzilli və qurudan atılan balistik raketlərin istehsalını qadağan etmişdir. Bunun sayəsində SALT (The Strategic Arms Limitation Talks - Strateji Silahların Məhdudlaşdırılması Müzakirələri) müqavilələrindən kənarda qalan qısa və ortamənzilli balistik raketlər üçün də məhdudiyyət qoyulmuşdur.

INF sazişinin nəticələri

Sazişdən sonra qarşılıqlı nəzarət mexanizmi təsis edilmiş və müqavilə çərçivəsindəki balistik raketlər məhv olunmuşdur. Bu çərçivədə INF öhdəliklərinin yerinə yetirilməsi üçün müəyyən edilən 1 İyun 1991-cu il tarixinə qədər 846-sı ABŞ-a, 1.846-sı SSRİ-yə məxsus olmaqla, cəmi 2.692 raket sıradan çıxarılmışdır. Sazişin həyata keçirilməsiylə birlikdə, Soyuk Müharibə sonrası dövr də daxil olmaqla, bu addımlar atılmışdır:

-Avropa ölkələri üçün nüvə risklərinin minimuma endirildiyi bir dövr yaşamış və bu çərçivədə iki dominant nüvə gücünün xüsusilə "səhv anlaşılma”lardan irəli gələn hücumlarına qarşı özlərini təhlükəsiz hiss etmişlər.

-Avropa qitəsinin də içində yer alacağı nüvə yarışının gətirdiyi xərcin qarşısı alınmış və nəticədə Qərb ölkələri böyük iqtisadi tərəqqi keçmişlər.

-Balistik raketlər üzərində qurulan nüvə yarışından çəkilən Vaşinqton ABŞ-ın özünü qorumasına yönəlik müdafiə texnologiyaları üzərində layihələr həyata keçirmiş, ancaq bu zaman INF-nin ruhuna zidd addımlar atmışdır.

-ABŞ-ın bu çoxbilmişliyi Rusiyanı da hərəkətə keçirmiş, enerji resurslarından əldə edilən gəlirlərlə Moskva yeni roket texnologiyalarını inkişaf etdirməyə başlamışdır. Görünür, ABŞ prezidenti Donald Tramp da məhz bu amilləri nəzərdə tutaraq, əzəli rəqibini INF sazişini pozmaqda günahlandırır və ona bu fəaliyyətini dayandırmaq üçün bir neçə ay möhlət verib.

-SSRİ-yə yaxın NATO üzvlərinin ərazilərinə yerləşdirilən nüvə başlıqlı balistik raketlərin ləğvindən sonra həmin ölkələrdəki “rus xofu” aradan qalxmış və Avropa ilə Rusiyanın yaxınlaşmasına səbəb olmuşdur. Xüsusilə Rusiyanın Avropaya çəkdiyi qaz və neft kəmərlərini qoca qitənin enerji təhlükəsizliyini ələ keçirmək cəhdi kimi qiymətləndirən ABŞ özünü təcridolunma ehtimalından çəkinmiş və yenidən soyuq savaş rügarları əsdirməyə başlamışdır.

ABŞ-ın nüvə cığallığı

“Ortamənzilli Nüvə Silahları Müqaviləsi”nin qüvvəyə mindiyi 1988-ci ildən bu yana keçən 31 il ərzində ABŞ-ın müxtəlif liderləri zaman-zaman bu sazişi xoş qarşılamadıqlarını ortaya qoymuşlar. Saziş əleyhinə ilk ciddi mesaj ABŞ prezdenti Corc W. Buşdan gəlmişdir. ABŞ-ın Yaxın Şərqə və Əfqanıstana imperialist hərbi müdaxilələrini başladan Corc W. Buş 13 Dekabr 2001-ci il tarixində raketəleyhinə müdafiə sistemlərini inkişaf etdirmək üçün INF-dən çəkilə biləcəyini irəli sürmüşdür. Maraqlıdır ki, bu təhdid qarşısında uzun müddət susmağa üstünlük verən Rusiyanın cavabı 6 il özünü gözlətmişdi. Nəhayət, ABŞ-ın Yaxın Şərqi işğal siyasətini genişləndirdiyini, Macaristan, Çexiya və Polşa kimi ölkələrə raketəleyhinə müdafiə sistemləri yerləşdirdiyini görən Rusiya supergücün zarafat etmədiyini anlamış, INF-nin mənasını itirdiyini və həmin müqavilədən çəkilə biləcəyini dilə gətirmişdir. Daha sonrakı mərhələlərdə ABŞ-ın Qara dəniz həndəvərlərində hərbi gücünü yerləşdirməyə və artırmağa çalışması, bir zamanlar Ruiyanın nəzarəti altında olan ölkələri tədricən öz ağuşuna alması Kremli daha da qızışdırmışdır. “Arının yuvasına uzadılan bu çöplər” daha sonra Rusiyanın Gürcüstan və Ukrayna ərazilərini işğalıyla nəticələnmişdir. Beləcə, Avropanın yuxusunu qarışdıran qorxulu kabusları yenidən başlamışdır.

ABŞ-ın indiki prezidenti Donald Trampın yenidən “rus xofu”na düşən Avropanı aşağılayan ritorikası da sadaladığıız bu amillərə əlavə olunduqda istər NATO ölkələri, istərsə də Rusiya üçün INF sazişinə yenidən baxılması zərurəti artırır.

Bununla belə, bir çox mütəxəssislər cümə günü keçirilməsi planlaşdırılan NATO-Rusiya səfirləri sammitindən ciddi nəticələr gözləmirlər. Onların fikrincə, ABŞ üçün əsas hədəf Rusiya-Avropa yaxınlaşmasının qarşısını almaqdır və Moskvanın yenidən ortamənzilli raketlərin istehsalına qayıtması nəticə etibarilə dünyanı soyuq savaş illərindəki gərginliyə, nəticə etibarilə ilə isə “qoca qitə”ni Vaşinqtonun ağuşuna aparır.

Heydər Oğuz

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA