SƏRDAR CƏLALOĞLU: "BU TƏXRİBATLARI "BEŞİNCİ KOLON" TÖRƏDƏ BİLƏRDİ" - MÜSAHİBƏ

SƏRDAR CƏLALOĞLU: "BU TƏXRİBATLARI "BEŞİNCİ KOLON" TÖRƏDƏ BİLƏRDİ" - MÜSAHİBƏ

“Bəzən “dövlət sirri” adı altında cinayətkarlıq ört-basdır edilir”

“Azərbaycanda ruspərəst “beşinci kolon” iqtidarın son illər apardığı Qərbyönümülü siyasətindən, xüsusən enerji ilə bağlı atdığı addımlardan narazıdır...”

“Azərbaycanda PKK-nın təmsilçiləri kifayət qədər güclüdür və onlar ölkədə PKK-dan danışan kimi çox narahat olurlar və bu barədə danışan kimi böhtan kampaniyası aparmağa başlayırlar”

Bir neçə gün öncə Mingəçevir İES-də ardıcıl baş vermis iki partlayış, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin və mühafizəçisinin güllələnməsi sosial şəbəkələrdə və mətbuatda ciddi müzakirələrə səbəb olub. Əksəriyyət belə fikirlərşir ki, bu hadisələr ölkəmizə qarşı xaricdən törədilmiş təxribatlardır. Maraqlıdır, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bu barədə nə düşünür? Bu və digər suallarımıza cavab almaq üçün Sərdar bəylə söhbətləşdik.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/srdar_clalolu_gnc_hadissi_bir_presedent_evril_bilrquot_-_msahib)

- Rusiya nümayəndə heyətinin qayıdışından sonra, Türkiyə-Azərbaycan ordusunun təlim keçdiyi bir müddətdə, ondan başqa, İlham Əliyevin Avropaya, Rəcəb Təyyub Ərdoğanın Azərbaycana səfəri ərəfəsində bu hadisələrin baş verməsi təsadüfdür?

- Son illərin təcrübəsi göstərdi ki, Azərbaycanda Rusiyanın maraqlarını ifadə edən “beşinci kolon” deyilən çox güclü qruplaşma var. Bu qrup hakimiyyətin ən müxtəlif pillələrində təmsil olunub. Azərbaycan dövlətinin, o cümlədən İlham Əliyevin özünün xarici siyasətinin Qərbə üstünlük verməsi, təbii ki, Rusiyanın və Azərbaycandakı ruspərəst qüvvələrin maraqlarına uyğun olmadığına görə, onların tərəfindən də belə addımlar atılır. Son vaxtlar bizim diqqətimizi Azərbaycanda ruslaşdırma siyasəti cəlb edib. Təsəvvür edin ki, Mərkəzi Statistika İdarəsinin verdiyi məlumata görə, Azərbaycanda ruslar 1,3 faizdir, amma Bakı şəhərində məktəblərin 30 faizindən yuxarı rus dillidir və burada təhsil alan uşaqların da hamısı Azərbaycan uşaqlarıdır. Baxmayaraq ki, Azərbaycanda dövlət dili Azərbaycan dilidir və Azərbaycan dilində danışılmalı, hətta rus məktəblərinin özündə də tədris Azərbaycan dilində aparılmalıdır. Amma Azərbaycanda yüzlərlə məktəb var ki, təhsil yalnız rus dilində aparılır. Bu da aşkar ruslaşdırma deməkdir.

Eləcə də Bakı şəhərində mağazalar şəbəkələrinə baxın. Bir rus adlı “Bravo” mağazalar şəbəkəsi yaradılıb. Demək olar ki, Azərbaycan dili reklam sənayesində istifadə olunmur, ya ingilis, ya rus, ya da ispan terminləridir və. s. Bu da onu göstərir ki, Azərbaycan dövlətində müəyyən qüvvələr Azərbaycan Konstitusiyasına zidd fəaliyyət göstərirlər.

Bu ruslaşdırma siyasətinin özü olduqca ağır nəticələrə gətirib çıxaracaq. Bir halda ki, bizim təhsil sistemimiz ruslaşdırılır. Məmurların özü yazışmalarda, danışıqda bu dildən istifadə edir. Yadınıza gələr, hətta prezident seçkilərində bir məhkəmə qərarı göstərilib ki, rus dilində məhkəmə qərarı verilib. Halbuki, Azərbaycan Konstitusiyasında məhkəmələr Azərbaycan dövləti adından qərar çıxarır, Azərbaycan dövlətinin də rəsmi dili Azərbaycan türkcəsidir. Görün, hətta məhkəmə belə rus dilində qərar çıxarır. Amma seçkidən sonra nə prezident, nə də Ali Məhkəmə bu məsələyə heç bir reaksiya vermədi. Bu da onu göstərir ki, Azərbaycanda ruspərəst “beşinci kolon” kifayət qədər güclüdür və onlar Azərbaycan iqtidarının son illərdə apardığı Qərbyönümülü siyasətindən, xüsusən enerji layihələri ilə bağlı atdığı addımlardan narazı qalıb, bu cür addımlar törədə bilərlər.

Amma yenə də deyirəm, bu məsələlərdə hərtərəfli təhqiqat, araşdırma aparılmalıdır. Ondan sonra, təbii ki, əgər təxribat varsa, bu məsələlərdə “beşinci kolon”nun nə dərəcədə əli olması aydınlaşmalıdır. Bu, təkcə onunla bağlı deyil. Son illər Naxçıvan ərazisində Türkiyənin yaxından dəstəyi ilə Azərbaycan ordusu müəyyən bir yüksəklikləri götürdü. İndi Ermənistan Rusiyaya müraciət edib ki, Rusiya öz qoşunlarını gətirib Naxçıvanda - Ermənistanla sərhəddə yerləşdirsin. Biz məsələ qaldırmışıq ki, Azərbaycan da təcili olaraq Türkiyə ilə konfederasiya yaradıb, vahid ordu, vahid xarici siyasət sisteminə keçməlidir. Çünki artıq Ermənistan bu istiqamətdə bizi qabaqlayır və uzun illərdir ki, qeyri-rəsmi də olsa Rusiya ilə konfederativ münasibətdədir, ordusuna Rusiya ordusu rəhbərlik edir, texnikanı pulsuz, əvəzi ödənilmədən ruslar verir. Ona görə də mən həm İlham Əliyevə, həm də Rəcəb Təyyub Ərdoğana məktub göndərmişəm ki, Azərbaycan-Türkiyə arasında Türk Konfederasiyası təcili şəkildə yaradılmalıdır. Bu, həm də Azərbaycanın daxilində fəaliyyət göstərən təxribatçı qrupların qarşısının alınmasında da əlavə bir tədbir kimi nəzərdə tutulmalıdır.

- Sərdar bəy, ölkədə baş verən hər iki mühüm hadisə ilə bağlı informasiyaların tam məxfi saxlanılması barədə nə deyə bilərsiniz?

- Elə məsələlər var ki, onlar doğurdan da məxfi saxlanılmaldır. Ancaq Azərbaycanın bir acı təcrübəsi var. Bu məxfilik bir çox hallarda cinayət hadisələrinin üstünün ört-basdır edilməsinə gətirib çıxarır. Yadınıza gəlir, mənim qardaşımın oğlu aprel döyüşlərində şəhid olmuşdu. O vaxtı bizim əlimizdə faktlar var idi ki, orduda müəyyən xəyanət əməlləri olub. Biz bu barədə Respublika Hərbi Prokurorluğuna, şəxsən Xanlar Vəliyevin özünə müraciət etdik. Bir il bizim şikayətimizə baxmadı. Bir ildən sonra məlum oldu ki, həm orduda, həm də müharibə gedən ərazilərdə çoxsaylı insan vətənə xəyanətlə məşğuldur, Rusiya və Ermənistan tərəfindən “verbovka” olunub. İstər-istəməz bir ildən sonra sual doğur ki, bir il bundan qabaq orduda xəyanətin olması il bağlı bizim rəsmi müraciətmizə Respublika Hərbi Prokurorluğu niyə heç bir reaksiya göstərmədi, amma bir ildən sonra böyük bir xəyanətkar dəstə aşkar etdi?! Çox maraqlıdır ki, istər aprel döyüşləri, istərsə də xəyanətkarlarla bağlı müəyyən yazılar gedəndə Prezident Aparatının mövqeyi bundan ibarət oldu ki, bunlar dövlət sirridir, bu barədə yazmaq olmaz. İndi də bizə məlum deyil ki, o xəyanətkar dəstənin axırı nə oldu? Bu xəyanətkarların arxasında kim durmuşdu? Kim bunları o ərazilərdə yerləşdirib? Yəni bəzən “dövlət sirri” adı altında ,əslinə baxsan, cinayətkarlıq ört-basdır edilir və dövlət təhlükəsizliyi getdikcə daha çox risk altına düşür. Ona görə, mənə elə gəlir ki, hər şey demək ki, bu dövlət sirridir, bu, doğru deyil. Burada heç bir şey yoxdur. Bu təxrbat da, özbaşnalıq da, səhlənklarlıq faktı da olsa, xalqa aşkar məlumat verilməlidir. Burada heç bir sirr yoxdur. Əslində, sirr adı altında son illər Azərbaycanda cinayətkarlığın ört-basdır edilməsi, cinayətkarların gizlədilməsi prosesi gedir. Bu, istər iqtisadi, istər hərbi, istərsə də başqa bir sahədə cinayətkarlıqla bağlı olsun, adını dövlət sirri qoyub, faktiki olaraq vətən xainlərinin, cinayətkarların, dövlətdə daxildən təxribat törədən adamların hamısının fəaliyyəti gizlədilir, ört-basdır edilir.

- Hesab edirsiniz ki, enerji böhranı zamanı da müəyyən faktlar ört-basdır edilib?

- Mən elə bilirəm ki, enerji məsələsi şəffaf şəkildə araşdırılmalıdır. Burada heç bir dövlət sirri yoxdur. Əgər xəyanətkar varsa, çıxarılıb xalq qarşısında cəzalandırılmalıdır. Xalq bilməlidir ki, onu idarə edənlər kimlərdir. Biz nəyə görə bir müddətdən sonra bilməliyik ki, sən demə, bizim hansısa nazirimiz satqındır, ordudadakı hansısa bir rəhbər işçi Rusiyanın agentidir və yaxud Prezident Aparatında kimlərsə Ermənistana və yaxud Rusiyaya işləyir? Biz nəyə görə bunu iş işdən keçəndən sonra, xalqa, dövlətə külli miqdarda ziyan dəyəndən sonra bilməliyik? Azərbaycanda şəffaflığın olmaması dövlətimizn, xalqımızın düşmənlərinin Azərbaycanda çox sərbəst şəkildə əl-qol açmasına gətirib çıxarır. Yenə də həmin məsələyə qayıdıram. Türkiyədə prezident seçkilərində Azərbaycanda PKK ikinci, Dəmirdaş üçüncü yerə çıxıb. Türkiyənin qardaşı olan Azərbaycan türklərinin dövləti olan, Azərbaycan türklərinin böyük çoxluq təşkil etdiyi bir ölkədə necə ola bilər ki, PKK-çılar bu cürə geniş əl-qol açırlar? Mən hər dəfə bu məsələni qaldıranda “Olke.az” saytı və onun arxasında duran adamlar mənim vaxtilə “Dilan”la görüşümdən danışmağa başlayırlar, bununla da öz aləmlərində istəyirlər ki, özlərini müdafiə etsinlər. Bu, onu göstərir ki, PKK-nın təmsilçiləri kifayət qədər güclüdür və onlar Azərbaycada PKK-dan danışan kimi çox narahat olurlar və bu barədə danışan kimi böhtan kampaniyası aparmağa başlayırlar. Ona görə, Azərbaycan dövləti şəffaf olmalıdır, xüsusən hüquq-mühafizə orqanlarının fəaliyyəti şəffaflaşmalıdır. Dövlət sirri adı altında heç bir cinayətkarlıq gizlədilə bilməz. Azərbaycan xalqının və dövlətinin təhlükəsizliyi risk altına salına bilməz. Ona görə də bu cür məsələlərin hamısında hər şey aydın şəkildə ifadə edilməlidir. Mənə elə gəlir ki, əgər bunlar olmasa, müharibə şəraitində olan Azərbaycan üçün çox ciddi nəticələrə gətirib çıxara bilər. Bəlkə də bu bir siqnaldır. Azərbaycan hökumətinə siqnal verdilər ki, əgər bizim şərtlərimizə razı olmasanız, biz sizi istənilən vəziyyətə sala bilərik.

- Belə bir informasiya da var ki, Elmar Vəliyevin güllələnməsi Bakı meri uğrunda hakimiyyətdaxili klanların çəkişməsinin nəticəsidir. Siz necə düşünürsünüz?

(Ardı var)

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA