“ƏSRİN MÜQAVİLƏSİ” Fələstinə dövlət statusu vermir

  • 2019-04-15 17:25:09
  • |
  • Dünya /

“ƏSRİN MÜQAVİLƏSİ” Fələstinə dövlət statusu vermir

Hurriyyet.org xəbər verir ki, “Vaşinqton Post” qəzeti ABŞ prezidenti Donald Trampın “əsrin müqaviləsi” adlandırdığı Yaxın Şərq sülh planının fələstinlilərin gündəlik həyatını bir qədər yüngülləşdirməklə birlikdə müstəqil bir Fələstin dövlətinin qurulmasını təklif eləmədiyini bildirib. Qəzetin son iki ildə müqavilənin hazırlanması üçün səy göstərən Trampın kürəkəni və Ağ Evin müşaviri Cerad Kuşnerin açıqlamalarına və məsələ ilə bağlı məlumatı olan amerikalı və ərəb mənbələrə istinad elədiyi xəbərə görə, planda keçmişdəki sülh danışıqlarının mövzusu olan ikidövlətli həll yolu təklif olunmayıb.

Fələstinə dövlət statusu verməyən plan daha çox fələstinlilərin həyatlarının iqtisadi şərtlərinin yaxşılaşdırılmasını və din, ibadət azadlığı, hüquq bərabərliyi kimi ilkin hüquq və azadlıqlar məsələsində bəzi təminatlar verilməsini nəzərdə tutur.

Qəzetə müsahibə verən ərəb mənbələr Kuşner və komandasının regiondakı təmaslarında planın detallarına dair məlumat verilmədiyini, lakin gündəmdəki təkliflərdə daha çox fələstinlilərə iqtisadi şərait yaratmağa və bunun qarşılığında İsrailin işğalı altındakı torpaqlar üzərində hakimiyyətinin qanuniləşdirilməsinin nəzərdə tutulduğunu bildirib.

“Müstəqillik yerinə muxtariyyət”

Ərəb mənbələr Kuşner və digər amerikalı məmurlarla danışıqlarında ABŞ tərəfinin sülh və iqtisadi inkişaf üçün ərəblərin İsraili tanımasını və Fələstinin “müstəqilliyi əvəzinə muxtariyyətini” nəzərdə tutan bir statusun qəbul edilməsinin şərt kimi irəli sürüldüyünü bildiriblər.

Ağ Ev məmurlarından biri planla bağlı verdiyi açıqlamada deyib: “Planın ədalətli, real və tətbiq olnması mümkün olduğuna və insanların həyatını müsbət yöndə dəyişdirəcəyinə inanırıq. Keçmişdəki həll yolu səylərinə baxdıq, hər iki tərəfin və bölgədəki digər ortaqların fikirlərini öyrəndik. Keçmişdəki həll yollarının işə yaramadığını görərək, reallıqdan qaçmaq əvəzinə, onu əks etdirən yeni bir yaxınlaşmanı həyata keçirməyi qərara aldıq”.

Digər tərəfdən ərəb məmurlar Tramp hakimiyyətinin İsrailin tərəfdarı olaraq siyasət yürütdüyü bir dövrdə sülh planının nə qədər ədalətli ola biləcəyindən şübhələndiklərini bildiriblər.

Fələstin iqtidarı Trampın Qüdsü İsrail dövlətinin paytaxtı olaraq tanımasından sonra 2017-ci ilin dekabrında Vaşinqton ilə bütün əlaqələri kəsmişdi.

“Əsrin müqaviləsi”

ABŞ prezidenti Donald Trampın İsrail-Fələstin məsələsinin həlli üçün təklif elədiyi, Səudiyyə Ərəbistanı, BƏƏ və Misirin də dəstək verdiyi “Əsrin müqaviləsi” planının Fələstin dövlətini qurmaq üçün Sina torpaqlarının bir qisminin alınmasını nəzərdə tutduğu irəli sürülür.

Plana, Qüdsün tamamilə İsrailə verilməsi və İordan çayının Qərb sahilindəki qanunsuz yaşayış məntəqələrinin böyük qisminin olduğu kimi qalması kimi fələstinlilərin əleyhinə maddələr daxil edildiyi də bildirilir.

Planda İsrailin didərgin saldığı 6 milyona qədər fələstinli qaçqının geri dönüş hüququ məsələsinə yer verilmədiyi bildirilir. Fələstin tərəfinə bəzi maddi yardımlar ilə Qüdsün kənar məhəllələrindən birinin paytaxt kimi təklif edildiyi bildirilir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA