SSRİ-YƏ NUR SAÇAN KƏNDİN İDMAN DASTANI

  • 2018-05-15 14:04:47
  • |
  • İdman /

SSRİ-YƏ NUR SAÇAN KƏNDİN İDMAN DASTANI

Beş min illik tarixə malik qədim Mingəçevirin müasir varisi sayılan şəhər Mingəçevir 1948–ci ildə salınmazdan əvvəl Kür çayının Bozdağdan aşağıdakı sol sahilində Mingəçevir kəndi adlı yaşayış məskəni var idi. Şəhər Mingəçevir yarandıqdan sonra kənd Mingəçevir onun inzibati ərazi vahidinə çevrilmişdi. Bu gün də Mingəçevir şəhərində 7 küçəni əhatə edən həmin qədim yaşayış məskəni, bu ərazi el arasında köhnə adı ilə - Mingəçevir kəndi adlandırılır.

Həmin Mingəçevir kəndinin indiki “Sülh” adlı 18 saylı uşaq baxçasının həyətində əvvəllər – düz yarım əsr əvvəl 8 saylı 8 illik natamam orta məktəb yerləşirdi. Bu məktəbin tədris binası köhnə tipli, yer səviyyəsində inşa edilmiş, bircə korpusdan ibarət sadə bir tikili idi. Məktəbin heç idman zalı da yox idi. 1965-ci ildə həmin məktəbin bədən tərbiyəsi müəllimi Qədir Həsənovun rəhbərliyi ilə 5–ci sinif şagirdləri daxili imkanları hesabına həyətdə adi bir voleybol meydançası quraşdırırlar.

Elə o vaxtdan 5–ci sinif şagirdləri bu meydançada voleybol oynamağa başlayırlar. Onlarda bu idman növünə böyük həvəs yaranır. Beşincilər olduqca böyük coşqu ilə yorulmaq bilmədən oynayıb məşq edirlər. İki ildən sonra - 1967–ci ildə komanda Mingəçevirdə keçirilən yarışlarda bütün məktəbləri məğlub edərək, şəhər çempionu adını qazanır. Uşaqların sevincinin həddi–hüdudu yox idi. Çünki idman zalı, hər cür başqa şəraiti olan məktəblərə qalib gəlmək - şəraitsiz vəziyyətdə məşq edən komanda üçün ikiqat çətin və əlamətdar idi.

Həmin il Mixail Qarustoviçin rəhbərlik etdiyi 1 saylı məktəbin qızlardan ibarət voleybolçuları da Mingəçevir birincisi adını qazanırlar. Ümumiyyətlə, ötən əsrin 60–cı illərində, xüsusilə 60–cı illərinin 2–ci yarısında Mingəçevirdə tikinti, sənaye, nəqliyyat, rabitə, səhiyyə, təhsil, mədəniyyət, idman, ictimai iaşə, ticarət çox inkişaf etmişdi. Su Elektrik Stansiyası, Toxuculuq Kombinatı, İzolit, Şüşə Mahlıc, Yol Maşınları, Kənd Təsərrüfatı maşınları, Kabel, Rezin zavodları, tikinti təşkilatları tam gücü ilə işləyirdi. Azərbaycanın yaxın rayon və kəndlərindən, habelə Rusiya, Ukrayna və Belarusdan minlərlə gənc oğlan və qızlar çox böyük sürətlə tikilən, böyüyən və inkişaf edən Mingəçevirə axışırdı. Şəhərdə gənclərin əksəriyyəti idmanın bir və ya bir neçə idman növü ilə məşğul olurdu. Həftənin müxtəlif günlərində axşam şəhərin iki-üç yerində - Qış klubunda, Yay klubunda və Toxucular məhəlləsində konsertlər, rəqslər təşkil olunardı. Gənclik sanki qaynayırdı, çalxalanırdı, eyni zamanda cilvələnirdi, gözəllənirdi, qüvvətlənirdi, Mingəçevirdə o vaxt böyük bir qələbəlik, əsl həyat yaşanırdı. İnsanların böyük əksəriyyətində bir–birinə təmiz münasibət, xoş ünsiyyət, dostluq–sədaqət, ülviyyət var idi. Sanki hər yerin ən yaxşı insanlarını yığıb gətirmişdilər Mingəçevirə. Belə bir zəngin atmosferdə gənclikdə idmana həvəs yaranmaya bilməzdi.

“Ulduz” futbol komandası bu yaşam tərzinin məntiqi nəticəsi, bəhrəsi idi. O dövrdə Mingəçevir idmanı hətta paytaxt Bakı ilə rəqabətə girə bilirdi. O həmin şanlı 1967-ci il idi ki, “Azərbaycan pioneri” qəzetinin “Sevinc kuboku” uğrunda yarışda “Ulduz” Azərbaycan çempionu adını qazanır. O həmin şanlı 1967–ci il idi ki, 19 yaşlı gənc Mingəçevirin futbolçuları “Pionerskaya pravda”nın “Dəri top” mükafatı uğrunda Rusiyanın Qorki şəhərində keçirilən yarışların yalnız finalında, özü də 11 metrlik cərimə zərbələrində uduzaraq 2–ci yerə çıxmışdı. 1967-ci ildə Qorkidə Mingəçevirin idman tarixini yaradanlarımız bunlardı: Yuri Romenski, Firudin Allahverdiyev, Əli Məmmədov, Akif Məmmədov, Sergey Velikiy, Ələddin Ələkbərov, Nazim Rüstəmov, Elsevər Əhmədli, Tofiq Hacıyev, Cavanşir Yusifov, Qürbət Məmmədov və Nizami Tağıyev. Təsəvvür edirsizmi, “ən yaxşı yarımmüdafiəçi” adına layiq görüldüyünə görə Elsəvər Əhmədliyə İqor Netto fotoaparat bağışlamışdı. Cavanşir Yusifov, Qürbət Məmmədov, Elsevər Əhmədli və Yuri Romenski SSRİ-nin gənclərdən ibarət yığmasına dəvət olunmuşdu. “Ulduz” 1967-70 aralığında 4 il dalbadal Azərbaycan çempionu adı qazanaraq “Sevinc” kubokunu əbədi şəhərimizə gətirmişdi. O zaman kiçik bir əyalət şəhəri Mingəçevir bütün SSRİ-yə uşaq futbolu sahəsində meydan oxuyurdu. Bu əfsanədi, möcüzədi, sehrdi, xarüqədi, sözlə ifadə oluna bilinməyən fövqəladi, riqqətəlayiq haldı! Bu, əfsanəvi əməkdar məşqçi Baba Mustafayevin əfsanəvi yetirmələrinin əfsanəvi nəticəsidi. Həmin əfsanəvi tarixi yaradanları lazımınca tanıtmalıyıq ki, yeni əfsanələr yaransın.

1968-ci ildə “Azərbaycan pioneri” qəzetinin “Sevinc kuboku” uğrunda oğlan və qızlar arasında ümumrespublika voleybol yarışları Mingəçevirdə - “Spartak” İdman Cəmiyyətinin meydançasında keçirilirdi. Mingəçeviri yarışda bir il əvvəl şəhər çempionu olduğuna görə Mingəçevir kəndinin 8 saylı məktəbinin oğlanları və 1 saylı məktəbinin qızları təmsil edirdi. Maraqlıdı ki, həm oğlanların, həm də qızların yarışında qələbəni Mingəçevir voleybolçuları bayram edir.

Respublika çempionluğundan bir ay sonra 1968–ci ilin iyulunda Mingəçevir kəndinin voleybol komandası Moskvayf göndərilir. Bu dəfə komanda Azərbaycanı dünyanın ən böyük ölkəsinin çempionatında təmsil edirdi. Yarışda müttəfiq respublikalarla yanaşı, Moskva və Leninqrad kimi çoxmilyonlu nəhəng şəhərlərin yığmaları iştirak edirdi. Təsəvvür edin, 500 nəfərlik Mingəçevir kəndi 5 milyon nəfərlik Moskvaya, yaxud 50 milyon nəfərlik Rusiyaya qarşı oynayır! Bu, hər kəndə nəsib olmayan çox böyük xoşbəxtlik və şərəfdi. İndi Siz deyin, möhtərəm oxucular, 2-ci belə kənd tanıyırsızmı?!

1968-ci il iyulun 17-də yarış başlayır, uşaqlar 1–ci oyunda Qırğızıstan yığmasını məğlub edir. Sonra digər Mərkəzi Asiya respublikalarını üstələyirlər. Bütün tamaşaçılar arıq, balacaboy, qara azərbaycanlı voleybolçuların çevik, əzmkar və usta oyununa azarkeşlik edib alqışlayırdılar. Voleybolda boy amilinin necə həlledici əhəmiyyətə malik olduğunu bu idman növündən azca anlayışı olan hər kəs bilir. Tallin, Vilnus, Riqa, Minsk, Kiyev, Leninqrad və Moskva voleybolçularının bu üstünlüyü gec–tez sözünü deməliydi. Komandamızın oyunçuları indiyədək heç Mingəçevirdən kənarı belə görməmişdilər. Həyəcan, psixoloji gərginlik də digər tərəfdən sözünü deyirdi. Bu amillər komandanın sonrakı irəliləməsini əngəllədi və uşaqlar 8–ci yerlə kifayətləndilər. Düzdür, bizimkilər həmin turnirdə mükafatçı yer tuta bilmədilər. Amma belə yüksək səviyyəli, mötəbər yarışda iştirak - kiçik, ucqar Mingəçevir kəndindən Moskvaya qədər müzəffər, parlaq idman yürüşünün özü böyük qələbəyə bərabər əlamətdar idman hadisəsidi. 8 saylı məktəbin idman zalı yox idi, uşaqların normal idman paltarları çatışmırdı. Onlar çox vaxt mülki şalvar, köynək və ayaqqabıda məşq edərdilər Adi bir kəndin adidən də aşağı səviyyəli məktəbinin idman zalı olmayan, primitiv şəraitdə, yazda yağışda, yayda toz–torpaqda, mərkəzi aran günəşinin qızmar istisində, payızda küləkdə, qışda soyuqda məşq edə-edə Moskvaya qədər uğurlu zəfər yolu keçmək - nəinki Azərbaycanın, hətta SSRİ kəndlərinin heç birinin qazana bilmədiyi nadir bir fəthdi, qüvvət, zəhmət və qismət payıdır.

O vaxtlar Azərbaycanda təxminən 5 min, SSRİ-də isə 100 min kənd mövcud idi. Onlar arasında elə bir kənd varmı ki, onun yığması hansısa idman növü üzrə öz respublikasının çempionu ola bilsin? Görəsən, əhalisi təxminən 100 milyon nəfərə çatan SSRİ-nin elə bir kəndi olubmu ki, onun hansısa idman növü üzrə yığması İttifaq yarışlarında iştirak edə bilsin? Çətin tapılar, bəlkə də tapılmaz, yaxud heç yoxdu.

Hamısı Mingəçevir kəndindən olan oğlanların voleybolda respublika çempionu səviyyəsinə ucalması, Moskvaya qədər gedib çıxa bilməsi asanlqla başa gəlməmişdi. Bu qələbələrin arxasında son dərəcə böyük əmək, gərgin zəhmət, voleybola sonsuz məhəbbət dururdu. Həmin yeniyetmələrdə voleybola tükənməyən bu məhəbbəti Qədir müəllim yaratmışdı. O, kobud, təcrübəsiz, dəcəl kənd uşaqlarını cilalayıb, püxtələşdirib, emal edib usta voleybolçulara çevirə bilmişdi. Komanda o qədər peşəkarlaşmış, ustalaşmışdı ki, şəhərin digər məktəblərini yalnız 15:0 hesabı ilə udardı. Rəqib bircə xal əldə edən kimi Qədir müəllim komandasına hakimdən məğlubiyyət tələb edərək oyundan çıxarardı. Qədir müəllim Yevlax rayonunun qonşu Havarlı kəndindən idi və orda da yaşayırdı. O, dərsdən sonra istirahət, bayram və tətil günlərində atına minib Mingəçevir kəndinə - 8 saylı məktəbə məşqə gələrdi. O, gələnə kimi uşaqlar çöldə yerləşən voleybol meydançasını süpürüb hazır vəziyyətdə gözləyirdilər. Qədir müəllim gecələr yer belləyər, tərəvəz əkər, meyvə becərər, ailəsini dolandırar, səhərlər isə dərsə tələsərdi.

Bir məqamı xüsusi vurğulamaq lazımdı ki, Qədir müəllim Ağdaş Pedoqoji Məktəbinin ibtidai sinif müəllimi kursunu bitirmişdi, onun idman təhsili yox idi. İdman təhsili olmayan bir adam voleybol komandasını Mingəçevir kəndindən Moskvaya qədər daşımaqla ali təhsilli, idmançı bədən tərbiyəsi müəllimlərinə dərs keçmiş oldu. O, ömrünün axırına qədər həm bədən tərbiyəsindən, həm də rus dilindən müəllimlik edib. Çox təəssüf ki, bu qədər zəhmət bahasına qurulan komanda 9-cu sinifdən sonra Qədir müəllimdən ayrılmalı oldu və bütün o əmək hədər getdi. Hazır usta voleybolçuların yiyəsi olmadığından, onların hamısı voleybolu tərgitdi.

50 ildi Mingəçevir şəhəri, xüsusilə Mingəçevir kəndi Qədir Həsənovun yetişdirdiyi şah əsəri olan voleybol komandasının nəhəng şəhərlərə verdiyi “ustad dərsindən”, eşidənləri vəcdə gətirən azman qələbəsindən danışıb usanmır!

50 ildi Mingəçevir şəhəri əfsanəvi əməkdar məşqçi Baba Mustafayevin təkrarsız, əvəzsiz, analoqsuz “Ulduz” futbol komandasını fantastik nəticələrindən, mümkünsüzü mümkünləşdirən müqtədir qələbələrindən danışıb yorulmur.

Etibar Əhmədov, Mingəçevir kəndinin sakini

Loading...

QALEREYA