Stalini mavzoleydən, Xruşovu postundan götürənlərdən biri – O, Molotovun partbiletini əlindən şəxsən alıb

  • 2019-01-28 14:01:26
  • |
  • Tarix /

Stalini mavzoleydən, Xruşovu postundan götürənlərdən biri – O, Molotovun partbiletini əlindən şəxsən alıb

Yekaterina Furtsevanın müəmmalı ölümündən sonra SSRİ mədəniyyət naziri vəzifəsinə təyinat məsələsi müzakirə olunanda Siyasi Büro üzvləri bir neçə iclasda bu məsələni həll etməkdə çətinlik çəkiblər. Mövcud dövrün siyasətçilərinin qənaətinə görə, nazir postuna real namizədlər xanım nazirdən sonra bu vəzifəni eyni templə icra edə biləcəklərinə özlərində inam tapmayıblar.

Uzun-uzadı müzakirələrdən sonra Leonid İliç Brejnev Mərkəzi Komitənin katibi Pyotr Demiçevə üz tutub:

- Pyotr Niloviç, siz özünüzü bu vəzifədə sınayın, inanıram ki, bu sizdə alınacaq...

Baş katibin bu təkidli təklifindən sonra Demiçev Mərkəzi Komitə katibliyindən nazir kürsüsünə keçib.

Bu təyinat Kreml məmurları üçün gözlənilməz və qeyri-adi sayılıb. Kimyaçının mədəniyyət sahəsinə rəhbərliyi siyasi elitanın təəccübünə səbəb olub. Və bu təyinatdan sonra Kreml dəhlizlərində Demiçevi “mədəni kimyaçı” da adlandırıblar.

Pyotr Demiçev 1917-ci ildə Kaluqada anadan olub. Orta təhsilini başa vurduqdan sonra Mendeleyev adına Moskva Kimya Texnologiyaları İnstitutunda ali təhsil alıb. 1937-1944-cü illərdə ordu sıralarında xidmət edib. Hərbi xidmətdən qayıtdıqdan sonra kimya elmi və kimya sənayesi sahəsində çalışıb.

1945-ci ildən siyasi fəaliyyətə başlayan Pyotr Demiçev vəzifə pillələrini sürətlə qalxıb. Moskva Vilayət Partiya Komitəsində şöbə müdiri işləyən Demiçev qısa müddətdən sonra komitənin birinci katibi, daha sonra isə Mockva şəhər Partiya Komitəsinin birinci katibi vəzifəsində işləyib. Siyasi fəaliyyətində yüksək göstəricilər əldə edən Demiçev 1961-ci ildə Mərkəzi Komitəyə katib təyin edilib.

Demiçev öz siyasi fəaliyyəti dövründə yadda qalan hadisələrin mərkəzində olsa da, adı heç vaxt ictimaiyyət arasında geniş hallanmayıb. Məsələn, bir müddət Nikita Xruşovun köməkçisi olan Demiçev Xruşovun devrilməsində ən fəal simalardan biri olub. Amma sonralar bu haqda geniş müzakirələr açılanda, mətbuatda yazılar gedəndə onun adına çox nadir hallarda rast gəlinib.

Digər bir fakt, Stalinin nəşinin Mavzoleydən çıxarılmasının əsas təşəbbüskarlarından biri Demiçev olsa da, bununla bağlı “mədəni kimyaçı”nın adı çox da hallanmayıb. Mərkəzi Komitənin plenumunda səsləndirilən məşhur “Stalinin nəşinin Mavzoleydə saxlanılması küfrdür (kafirlikdir)” ifadəsi də məhz Pyotr Demiçevə məxsusdur.

Demiçevin siyasi fəaliyyəti dövründə ən yadda qalan hadisələrdən biri də Moskvanın birinci katibi olduğu vaxta təsadüf edib. Adı SSRİ tarixinə ən nüfuzlu siyasi fiqurlardan biri kimi düşmüş, Stalinin ən yaxın silahdaşlarından olan, uzun illər SSRİ-nin xarici işlər naziri olmuş Vyaçeslav Molotovu partiya sıralarından Demiçev xaric edib və onun 5 nömrəli biletini şəxsən Molotovun əlindən özü alıb.

Demiçev siyasi fəaliyyəti dövründə “təmiz əllər”i ilə də fərqlənib. Hansı vəzifədə işləməsinə baxmayaraq, onun adı heç bir korrupsiyada, rüşvətxorluqda, vəzifədən sui-istifadə də hallanmayıb. Siyasi Büro üzvləri arasında Demiçevdən söhbət düşəndə onun haqqında ilk söylənilən fikir belə olub: “Kimyaçının təmiz əlləri...” Elə bəlkə də buna görə vəzifə qapıları onun üzünə həmişə açıq olub. Hətta 1967-ci ildə marşal Malinovskinin vəfatından sonra Kremldə Demiçevin müdafiə naziri olması məsələsi də gündəmə gəlib.

Qeyd etdiyimiz Pyotr Demiçev mədəniyyət naziri təyin olunarkən bu təyinatı çoxları, xüsusilə də siyasətçilər uğursuz təyinat kimi qiymətləndiriblər. Demiçev bu cür düşünənlərin fikrini çox qısa bir müddətdə alt-üst etməyi bacarıb. Məhz onun nazir olduğu dövrdə ölkənin mədəniyyət və incəsənət nümayəndələrinin sosial və maddi rifahı nəzərəçarpacaq dərəcədə dəyişib.
1985-ci ildə baş katib vəzifəsinə seçim edilərkən Demiçev Qromıkonun irəli sürdüyü namizədi, Qorbaçovu müdafiə edib. Sözsüz ki, Qorbaçov da bu “yaxşılığı” cavabsız qoymayıb. 12 il nazir kürsüsündə əyləşən Demiçev 1986-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Pyotr Demiçevin adı Azərbaycana da yaxşı tanışdır. 1988-ci ildə Dağlıq Qarabağda məlum hadisələr başlayarkən hadisələrin nizamlanması məqsədi ilə Demiçev Moskvadan Xankəndinə gələn Kremlin ilk nümayəndəsi olub. Məlum olduğu kimi, Demiçevin Xankəndinə ezamiyyəti heç bir nəticə verməyib. O, Kremlə “boş və mənasız” bir arayış təqdim etməklə öz işini bitmiş hesab edib.

Demiçev 1988-ci ildə təqaüdə göndərilib. Maddi vəziyyətinin çətin olmasına görə sabiq nazir şəhərdəki evini kirayə verib, qızının bağında yaşayıb.

Pyotr Demiçev 2010-cu ildə 92 yaşında vəfat edib. Onu Moskva vilayətinin Odintsovo rayonundakı Znamenskoe kənd qəbirstanlığında dəfn ediblər./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA