Stalinin bunkeri - o, Çörçillin, Ruzveltin və Hitlerin analoji sığınacaqlarını qat-qat üstələyib

  • 2019-02-27 13:57:01
  • |
  • Tarix /

Stalinin bunkeri - o, Çörçillin, Ruzveltin və Hitlerin analoji sığınacaqlarını qat-qat üstələyib

Stalinin xidməti avtomobili Kalançevka dəmiryolu stansiyasında xüsusi hazırlanmış dayanacağa yaxınlaşanda rəhbər sürücüyə maşını saxlamağı əmr edir. Ağır hərəkətlərlə maşından düşən Stalin farağat komandasında düzülmüş yüksəkçinli hərbçilərə nəzər yetirir, sonra onun üçün ayrılmış xüsusi vaqonun qarşısında dayanır. Bir neçə dəqiqə davam edən ölü sükutdan sonra Stalin yenidən diqqətlə hərbçilərə baxır və iti addımlarla avtomobilinə yaxınlaşıb sürücüsünə əmr edir:

- Mən Moskvanı tərk etməyəcəm, Kremlə sür!

Böyük Vətən Müharibəsi illərində bir çox hökumət nümayəndələri, o cümlədən iyirmidən artıq diplomatik nümayəndəliklər öz fəaliyyətlərini ehtiyat paytaxt şəhəri kimi nəzərdə tutulmuş Kuybışevdə (indiki Samara) davam etdiriblər. Müharibənin gedişindən asılı olaraq zərurət olduğu halda Dövlət Müdafiə Komitəsinin sədri İosif Stalinin də ölkəni və müharibəni Kuybışevdən idarə edəcəyini nəzərə alaraq şəhərdə onun üçün də kiçik bir şəhərciyi xatırladan sığınacaq tikiblər.

Stalinin Kuybışevdəki bunkeri doqquz ayda tikilib. Bu məqsədlə Moskvadan Kuybışevə 600 nəfər mütəxəssis ezam olunub, onların tabeliyində isə minlərlə fəhlə çılışıb. Tikinti sutkada 24 saat ərzində, iki növbədə aparılıb. Bunkerin tikintisi zamanı yerin altından 25 min kubmetr torpaq çıxarılıb, 5 min kubmetrdən artıq isə beton tökülüb.

Bu sığınacaq həmin dövr üçün dünyada ən təhlükəsiz bunker sayılıb. Bunkerin dərinliyi 37 metrə çatıb. Sığınacağın son aşağı həddindən hesablandıqda ümumi hündürlüyü 12 mərtəbəli binaya bərabər olub. Bunker iki tonluq aviasiya bombasına davamlı tikilib.

Müqayisəli şəkildə nəzər yetirsək, həmin dövrdə tikilmiş Uinston Çörçillin (İngiltərənin baş naziri) yeraltı bunkeri iki mərtəbə hündürlüyündə, Amerika Birləşmiş Ştatlarının prezidenti Franklin Ruzveltin sığınacağı da eyni dərinlikdə olub. Daha təhlükəsizlik sığınacaq sayılan Hitlerin bunkerinin dərinliyi isə 16 metrə çatıb.

Bunkerdə İosif Stalinin iş otağı 37 metr dərinlikdə, yerin altına doğru 12-ci mərtəbədə yerləşib.

Sığınacaqda bütün lazımi avadanlıqlar, təbii havanın təmin olunması, enerji, istilik, su təminatını həyata keçirəcək qurğular quraşdırılıb və xüsusi mühafizə sistemi yaradılıb.

Bunkerin sonuncu mərtəbəsində Kremldə olduğu kimi 15 nəfərlik, yaşıl örtüklü stol qoyulmuş müşavirə zalı hazırlanıb. Bundan başqa, sığınacaqda Stalinin istifadəsi üçün istirahət, yataq, yemək otaqları, kiçik ziyafətlər üçün zal, hamam və tualet də tikilib.

Rəsmi məlumatlara görə, İosif Stalin bir gün də olsun Kuybışevdəki sığınacağında gecələməyib.

Moskva ətrafında döyüşlərin getdiyi ərəfədə Dövlət Müdafiə Komitəsi Stalinin Kuybışevə getməsi ilə bağlı qərar çıxarıb. Onun üçün xüsisi qatar hazırlanıb. Yuxarıda qeyd etdiyimiz kimi, rəhbər dəmiryolu stansiyasına gəlsə də, son anda qərarını dəyişib.

Beləliklə, o Kuybışevə getməkdən imtina edərək cəbhəyanı paytaxtda qalmağa üstünlük verib. Bununla da ən sıravi sovet əsgərindən tutmuş yüksəkçinli məmurlara qədər çatdırıb ki, öz yerindədir, Moskvanı tərk etməyib.

Digər araşdırmaçıların qənaətinə görə, Stalin gizli şəkildə bir necə dəfə Kuybışevə səfər edib. Bu səfərlərin məqsədi Kuybışevdəki bunkerdə sığınmaq yox, müvəqqəti olaraq həmin şəhərdə yaşayan sevimli qızı Svetlanaya baş çəkmək olub.
Hazırda bu əzəmətli yeraltı saray muzey kimi saxlanılır. Elə adı da “Stalinin bunkeri” adlanır. Sığınacaqda heç nə dəyişdirilməyib. Müharibə dövründə necə olubsa, elə də saxlanılır./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA