Stalinlə Bağırovun Naxçıvan MÜZAKİRƏLƏRİ

  • 2018-05-15 16:42:45
  • |
  • Tarix /

Stalinlə Bağırovun Naxçıvan MÜZAKİRƏLƏRİ

Və yaxud “Naxçıvanın Ermənistan üçün əhəmiyyəti” məqaləsi ilə əlaqədar İosif Stalin Mir Cəfər Bağırovu qəbul etməsinin səbəbləri

Ölkə rəhbəri respublika rəhbərinin bütün müraciətlərinə müsbət cavab versə də, əlbəəl göndərdiyi məktubla əlaqədar onu şəxsi görüşə dəvət etmişdir. Bu dəvəti mart ayının 15-də Stalinin köməkçisi Poskrebışev Bakıya-M.C.Bağırova çatdırmışdır.

Azərbaycan rəhbərinin məktubunda qaldırdığı məsələlər arasında Naxçıvan mövzusu başlıca yer tutmuşdur. M.C.Bağırov “Naxçıvanın Ermənistan üçün əhəmiyyəti” məqaləsindən söhbət salaraq, Naxçıvanın SSRİ üçün əhəmiyyətini təsdiq etmək məq­sədi ilə Stalinin gözləmədiyi bir təklif irəli sürmüşdür: Naxçıvan Muxtar respublikasının yaradılmasının 25 illiyi ilə əlaqədar ən- yüksək səviyyədə qərar hazırlansın. Beləliklə, Stalinin imzala­dığı və 1949-cu il mart ayımn 19-da ÜİK/B/P Mərkəzi Komitəsi tərəfindən qəbul edilmiş tarixi sənəd mərkəzi mətbuatda dərc olunmuşdur: “1949-cu il may ayının 28-də Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının yaradılmasının 25 illiyi qeyd edilsin”.

Stalinin qəbulundan çox məmnun çıxan M.C.Bağırov Anastas Mikoyanla görüşmüş, Mikoyan ona XVIII qurultaydakı yekun çıxışım maraqla oxuduğunu bildirmişdir. M.C.Bağırov Bakıya qayıtdıqdan sonra 1949-cu il mart ayının 7-də Stalinin göndərdiyi məktuba dəyişikliklər edərək mart ayının 25-də Mikoyana göndərmişdir. Arxivdə saxlanılan bu sənəddə deyilir:

Azərbaycan K/B/P-nin sonuncu XVIII qurultayında mənim hesabat məruzəmi və yekun sözümü oxuduğuna görə çox məm­nunam.

Göründüyü kimi, müharibədən sonra biz bir çox xarici ölkələrin kəşfiyyat agentlərini ifşa etmişik. Bununla belə, Vətə­nimizdən xaricdə son vaxtlar fəaliyyətini canlandıran ünsürlərlə bilavasitə mübarizə apara bilmədiyimizdən, mən bu barədə qu­rultayda danışmalı oldum, həm də köməklik üçün Stalin yoldaşa müraciət etdim. Daşnaqların xaricdə apardıqları antisovet təbli­ğatında başlıca yeri Sovet Azərbaycanı və Sovet Gürcüstanı əra­zisi hesabına Sovet Ermənistanı ərazisini genişləndirmək “tələb­ləri” durur. Bu “tələbləri” təsdiq edən bir neçə sənədi sənə gön­dərirəm: “Daşnaqların 14-cü Konqresinin “Daşnaksutyun” parti­yasının siyasi platforması haqqında 1947-ci il iyun tarixli direktivi”. “Bizim siyasi vəziyyətimiz və növbəti fəaliyyətimiz” (Teh­ran şəhərində ermənicə çıxan “Alik” qəzetinin 1948-ci il 18-19 fevral tarixli nömrəsindəki məqalənin tərcüməsi): “Mühacirət və biz” (həmin qəzetin 1948-ci il 14 aprel tarixli nömrəsindəki mə­qalənin tərcüməsi): “Naxçıvanın Ermənistan üçün əhəmiyyəti” (Həmin qəzetin 1948-ci il 25-26 yanvar tarixli nömrəsindəki mürtəce məzmunlu məqalənin tərcüməsi: həmin qəzetin 1949-cu il 25-27 yanvar tarixli nömrəsində əksinqilabi daşnaq partiyası­nın lideri Vatsyanın məqaləsinə dair arayış).

Aydındır ki, daşnaqların “tələbləri” yalnız onların “tələblə­ri” deyildir, bunların arxasında amerkalılar durur. Bu gündə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmiş Suvaryan dediklərimizə sübutdur. Amerikadan gəlmiş bu casus həm də Avetik İsakyanın ən yaxın dostu və tanışıdır.

Xaricdə amerikalıların və onların yaltaq əlaltıları olan daşnaqların bədnam əməlləri qəribə görünmür. Qəribəsi budur ki, son illər bizdə elə roman, oçerk və məqalələr dərc olunub ki, bunların müəllifləri əslində daşnaqlarla səs-səsə versək Sovet Azərbaycanına və Azərbaycan xalqına böhtanlar atırlar. Belə faktlar çoxdur. Mən sənə bunlardan ikisini-M.Şaginyanın “Sovet Zaqafqaziyası” kitabı və G.Xolopyanın “Buxtanın işıqları” ro­manı haqqında arayışları göndərirəm.

Bütün sadaladığım yaramaz hallar müqabilində Stepan Şaumyanın oğullarının davranışı tamamilə yolverilməzdir. Levon Şaumyan “Literatumaya qazeta”da və “Oqonyok” jurnalında müəmmalı məqalələr dərc etdirmiş, üstəlik Məşədi Əzizbəyovun ünvanına əsassız fikirlər söyləmişdir. Sergey Şaumyan isə Bakı­da olan vaxt Azərbaycan K/B/P MK-dan xəbərsiz DTK orqan­ları tərəfindən ifşa olunmuş Avakyanla əlaqəyə girmişdir. Avakyanın kim olduğunu təsəvvür etmək üçün onun barəsindəki arayışı sənə göndərirəm.

Bilirəm ki, çox məşğulsan. Ancaq mənim göndərdiyim sənədlərlə vaxt tapıb tanış olacağına şübhə etmirəm.

M.C.Bağırov. 25 mart 1949-cu il Bakı şəhəri,

***

1949-cu ildə Azərbaycan rəhbəri 28 Aprel və 1 May bay­ramları ərəfəsində daha çox 28 May barədə düşünmüşdür. M.C.Bağırovun həmin il aprel ayının 25-də Stalinə yazdığı mək­tubu:

“Moskva Kreml İ.V.Stalin yoldaşa”

ÜİK/B/P Mərkəzi Komitəsinin 1949-cu il 19 mart tarixli qərarı ilə bu il may ayının 28-də Naxçıvan Muxtar Sovet Sosi­alist Respublikasının yaradılmasının 25 illiyi qeyd ediləcəkdir.

Sovet hakimiyyəti illərində, partiya və hökumətin qayğısı ilə Naxçıvan MSSR zəhmətkeşləri sənaye və kənd təsərrüfatının tərəqqisində və mədəni quruculuqda böyük nailiyyətlər əldə et­mişlər. Respublikada bir sıra yeni sənaye sahələri yaradılmışdır, pambıqçılıq, bağçılıq, üzümçülük, tütünçülük və heyvandarlıq ildən-ilə inkişaf edir.

Muxtar Respublikada geniş ibtidai və orta məktəb şəbəkəsi, texnikumlar, institut, mədəni-maarif müəssisələri fəaliyyət gös­tərir. Burada Azərbaycan SSR Elmlər Akademiyasının bazası təşkil olunmuşdur.

Böyük Vətən müharibəsi illərində Naxçıvan MSSR fəhlələ­ri, kolxozçuları, ziyalıları fədakarcasına çalışmış və cəbhəni kənd təsərrüfatı məhsulu ilə təmin etmək işində vətənpərvərlik nümunəsi göstərmişlər. Müharibədən sonrakı dövrdə Muxtar respublika zəhmətkeşləri 5 illik planların öhdəsindən müvəffə­qiyyətlə gəlmiş. 1948-ci ildə kənd təsərrüfatı və dövlət tədarükü üzrə bütün plan tapşırıqları artıqlaması ilə yerinə yetirmişlər.

25 il ərzində Naxçıvan MSSR-də partiya, sovet, təsərrüfat sahəsində və mədəni quruculuqda üzərlərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn çoxlu kadrlar yetişmişdir.

Naxçıvan MSSR-nın qabaqcıl adamlarının siyahısını Sizə göndərməklə xahiş edirik ki, onların SSRİ orden və medalları ilə təltif olunması barədə göstəriş verəsiniz.

“Azərbaycan K/B/P MK katibi M.C.Bağırov”.

Stalinin göstərişindən sonra SSRİ Ali Soveti Rəyasət heyə­tinin Fərmanı ilə M.C.Bağırovun imzaladığı siyahıdakıların ha­mısı orden və medallara layiq görülmüşlər. 36 nəfər Lenin orde­ni, 42 nəfər “Şərəf nişanı” ordeni, 72 nəfər medallarla təltif olunmuşdur. Lenin ordeni ilə təltif olunanlar arasında Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi Yusifov Yusif Niftəli oğlu, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin sədri Məm­mədov Cəbrayıl İbrahim oğlu, Naxçıvan Rayon Partiya Komitə­sinin katibi Hacıyev Qafar Qəmbər oğlu, səhiyyə naziri İsma­yılov Ələkbər Əhəd oğlu, Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan bazasının direktoru Cəfər Hüseynov Məmməd oğlu, Naxçıvan dəmir Yolu Stansiyasının rəisi Həsənov Heydər Qa­sım oğlu və başqaları vardır.

Naxçıvan MSSR-in 25 illiyinin Stalinin imzaladığı qərarla may ayının 28-də bayram edilməsi bütün daşnaqları məyus et­mişdir. Axı 28 may Naxçıvanın yox, Azərbaycan Xalq Cümhu­riyyətinin yaradılması günüdür. Naxçıvan MSSR isə 1924-cü il fevral ayının 9-da təşkil edilmişdir. M.C.Bağırov üçün Azərbay­can Xalq Cümhuriyyətinin bərqərar olduğu Azərbaycan ərazisi mövcud idi, bu ərazinin bir qarışını da o, siyasi fəaliyyət döv­ründə yadlara “hədiyyə” verməmişdir.

Azərbaycana rəhbərlik edən Bağırov həyatın bütün sahələrində millətinə və xalqına xidmət etmişdir.

Məmməd Tağı

Loading...

QALEREYA