SURİYADA TAXT OYUNLARI: Əsəd ailəsinin daralmış "daxili çevrə"sindəki qaliblər və fərarilər - TƏHLİL

SURİYADA TAXT OYUNLARI: Əsəd ailəsinin daralmış "daxili çevrə"sindəki qaliblər və fərarilər - TƏHLİL

Kirill Semyonov

“Rossiyskiy Sovet po Mejdunarodnım Delam”

1971-ci ildə Hafiz Əsədin iqtidara gəlməsindən bəri Suriyada rejiminin üç sütunu hələ də dəyişməz qalıb: BƏƏS partiyası, ələvi azlıq və ordu. Hazırkı Suriya elitası bu üç sütun ətrafında formalaşıb. Piramidanın üst hissəsi "daxili dairə"dir – dövlət başçısına ən etibarlı insanlar qrupu. Qərarların qəbul edilməsində onların təsiri, tutduqları vəzifədən yox, Əsəd ailəsinə üzv olmaq və ya onunla digər xüsusi əlaqələrlə şərtlənir. Bu yaxın çevrədə bir-biri ilə rəqabət apara biləcək qruplar mövcuddur.

Suriyadakı hərbi münaqişə "daxili dairə”nin strukturunu dəyişdi. Xüsusilə qərar verənlər arasında vətəndaş müharibəsi dövründə yüksəlmiş fiqurlar böyük təsir göstərməyə başladılar. Öz növbəsində, Bəşər Əsədin ətrafındakı digər şəxslər ölkəni tərk etmək və həqiqətdə, müxalifət düşərgəsinə keçmək məcburiyyətində qaldılar.

Müxalifət düşərgəsinə keçid

Bu, nüfuzlu çərkəz ailəsi olan Talaslara xüsusilə aiddir. Həmin klana Hafiz Əsədin ən yaxın silahdaşlarından biri olan sabiq müdafiə naziri (1972-2004) Mustafa Talas (2017-ci ildə ölüb) başçılıq edib. Hafiz Əsədin ölümündən sonra Suriya elitasının bir hissəsi hakimiyyətin Bəşərin qardaşı Mahirə verilməsinə cəhd göstərdikdə, məhz Mustafa Talas Bəşər Əsədin iqtidara gəlişində həlledici rol oynayıb.

Əsəd ailəsinin üzvləri

Talas ailəsi Suriyada ikinci ən təsirli ailəsi sayılırdı. O hətta nüfuzda Bəşər Əsədin ana qohumları – Məxluf ailəsindən geri qalmırdı. Mustafa Talasın oğlu Firas, Suriya iqtisadiyyatının bir çox sahələrində maraqları olan ən böyük maqnatlardan biri idi. O, Suriyada ikinci ən zəngin adam hesab olunurdu. Firas Talası yalnız Bəşər Əsədin dayısı oğlu Rami Məxluf qabaqlayırdı.

(soldan sağa) Firas Talas, Mustafa Talas və Manaf Talas

Mustafa və Firas Talas 2011-ci ildə Suriyanı tərk edib və müxalifətə qatılıblar. Firas Talas sonradan Homsda, Talas ailəsi üçün doğma olan Əl-Rastan bölgəsində fəaliyyət göstərən “Faruq Briqadası”nın üsyançılarını maliyyələşdirib.

Firasdan sonra Respublika Qvardiyasının 105-ci briqadasının komandiri vəzifəsini icra edən kiçik qardaşı Manaf Talas da mühacirət edib. İordaniyaya köçən Manaf qürbətdə müxalif “Suriya milli ordusu”nu formalaşdırmağa çalışıb. Ancaq bu layihə uğursuz olub.

İnqilabi hadisələrin başlamasının ardından Suriyanı tərk edən Əsəd ailəsi "daxili çevrə"sinin digər üzvü, başqa bir sabiq müdafiə naziri (2009-2011) Əli Həbib Mahmud idi. Sünni Talas ailəsindən fərqli olaraq, Həbib Mahmud ələvidir. O, Suriya inqilabına dəstək vermiş ələvi azlığın ən yüksək səviyyəli nümayəndəsi hesab edilə bilər.

İlk mərhələdə o, qiyamın yatırılmasına rəhbərlik edib, amma məhdudiyyətlərlə qarşılaşıb. Amma Əli Həbib Mahmud vəzifəsindən kənarlaşdırıldıqdan sonra üsyançılarla əlaqələr qurub və ölkəni tərk edib.

Bəşər Əsəd və Əli Həbib Mahmud

Talas və Əli Həbib Mahmud ailələrinin ölkədən qaçışında onların müxalifətə dəstəyindən daha çox Suriya liderinin əhatəsində güc balansının dəyişməsinin səbəb olmasına dair dəlillər var. Bəşər Əsədin yaxın qohumları "daxili çevrə"dəki güclü rəqiblərdən qurtulmaq üçün səbəb tapmışdı. Onlar rəqiblərini üsyançılarla əlaqədə və üsyanı yatırtmaqda səriştəsizlikdə ittiham ediblər.

Belə bir vəziyyətdə Talas və Mahmudun rejim opponentlərinin düşərgəsinə keçməkdən başqa heç bir çıxış yolu qalmayıb.

Talas və Həbib Mahmud ailəsinin nümayəndələri, nəzəri olaraq, Suriyanın siyasi həyatında fəal iştirak etmək imkanını saxlayıb. Hər şey bu ölkədəki sülh prosesinin gedişatından və istiqamətindən asılı olacaq.

Bu şəxslər həm müxalifət, həm də BƏƏS aparatının bir hissəsi üçün məqbul hesab edilir. Əgər söhbət milli etuimad hökumətinin formalaşmasından gedərsə, Talaslar "portfellər" əldə və müəyyən şərtlərdə hətta hökuməti idarə edə bilər.

Partlayış faktoru – 18 iyul 2012

Rejimin "daxili çevrə"sində güc tarazlığını dəyişən digər mühüm hadisə Dəməşqdə, Milli Təhlükəsizlik Şurasının qərargahında 18 iyul 2012-ci ildə baş verən partlayış idi. Bu terror aktı üçün məsuliyyəti "Liva əl-İslam" qrupu öz üzərinə götürüb.

Həmin təxribatda Əsəd ailəsinin yaxın dairəsinin bir neçə nüfuzlu nümayəndəsi öldürülüb. O cümlədən Asif Şövkət – Buşra Əsədin əri – BƏƏ rəhbərliyində qərar qəbulunda böyük çəkisi olan Suriya prezidentinin yeznəsi.

Asif Şövkətin Əsəd ailəsinin bəzi üzvləri ilə münasibətləri olduqca mürəkkəb idi. Bir tərəfdən, o, qardaşı Bəsilin ölümündən sonra Londondan qayıdan Bəşər Əsədin yaxın dostu sayılıb. Digər tərəfdən, Şövkət, Bəşərin kiçik qardaşı Mahirlə münaqişədə olub. Bəzi məlumatlara görə, 1999-cu ildə Mahir Əsəd Asifə atəş açıb və onu qarnından yaralayıb.

Buna baxmayaraq, "daxili dairə” piramidasının üstü təbəqəsi – Asif Şövkət, Bəşər və Mahir Əsədlər üçlüyündən təşkil olunmuşdu.

Şövkət də ölkənin rəhbərliyində yüksək vəzifəli mövqelər tutub. O cümlədən 2005-10-cu illərdə hərbi kəşfiyyatın başçısı, Baş Qərargah rəisinin müavini (2010-11) və 2011-ci ilin aprel ayından ölümə qədər – Baş Qərargahın rəisi.

Mahir Əsəd və Rami Məxluf piramidanin zirvəsində

Talas və Mahmud ailələri ölkədən qaçdıqdan və Asif Şövkət öldürüldükdən sonra Bəşər Əsədin yaxın çevrəsində Mahir Əsəd və dayısı oğlu Rami Məxluf aparıcı rollara malikdir. Onlar Suriya hökumətində heç bir əsas mövqeyə malik olmasalar da, mühüm qərarlar qəbul edərkən, həlledici sözə sahibinə çevriliblər.

Mahir Əsəd hazırda ölkə prezidentindən sonra Suriyada ikinci ən mühüm şəxs hesab olunur. O, 4-cü tank diviziyasının (rəsmi olaraq 42-ci briqadanın komandiri, diviziya komandiri isə general Məhəmməd Dirhəmdir) de-fakto komandiridir, eləcə də Respublika Qvardiyasına nəzarət edir. Bu elit bölmələr dövlət qurumlarının qorunması və paytaxtın müdafiəsi üçün məsuliyyət daşıyır.

BƏƏS Partiyasının Mərkəzi Komitəsində və hərbi vəzifələri ilə yanaşı, Mahir Əsəd həm də maliyyə maqnatıdır. Bəzi mənbələrə görə, Mahir Əsəd İraqda Səddam Hüseyn rejiminə qida təchizatı hesabına bir milyard dollar qazanıb, sonra da Livandakı “Əl-Mədinə” bankının iflası ilə bağlı maliyyə fırıldaqları hesabına varidatını artırıb.

Bundan başqa, onun maliyyə maraqlarına Suriyada "Sheraton" otel zənciri, eləcə də bəzi KİV-lər, məsələn, “Cham Press” və s. daxildir. Beləliklə, özünəsadiq 4-cü diviziya və Respublika Qvardiyasından başqa, Mahir Əsəd, həmçinin iqtisadi güc və təsir sahibidir.

Mahir və Bəşər ana-Əsədin sağlığında sözəbaxan idilər

Mahir Əsəd Suriya prezidentinin hazırkı ətrafında ikinci nüfuzlu şəxslə, dayısı oğlu Rami Məxlufla olduqca ziddiyyətli əlaqələrə malikdir. Lakin onların münasibətləri müəyyən sahələrdə tərəfdaşlıq əsasında ola bilər. O cümlədən Livanda və BƏƏ-də, müharibədən əvvəlki şərikli biznes layihələrində. Ancaq digər sahələrdə rəqiblər kimi çıxış edirlər.

Kiçik Əsədin maraqlarını təmsil edən mühüm iş ortağı Məhəmməd Həmşodur. O, müxtəlif hökumətyönlü KİV-lərin, məsələn, “Addounia” holdinqinin maliyyələşdirilməsində iştirak edir, üstəlik, “Hamsho International Group“un sahibidir, “Middle East Marketing” və “Syria International for Artistic Production”, habelə “Al-Sham” holdinqlərində səhmdardır. Məhəmməd Həmşo, həmçinin Mahir Əsəd və Rami Məxlufun biznes strukturları arasında əlaqələndiricidir.

Ümumiyyətlə, Mahir Əsəd olduqca müstəqil fiqurdur. Bəşər Əsədin müəyyən qərarlarına şəxsi fikirlərini sərbəst şəkildə açıqlaya və öz xəttini yürüdə bilər. Mahir Əsəd Şamda əsas "müharibə tərəfdarı" hesab olunur.

O, Suriyanın rəhbərliyində İran maraqlarının əsas dirijoru kimi tanınır. Mahir Əsədin İran xüsusi xidmətləri ilə əlaqələri danılmazdır. Münaqişənin lap əvvəlində İran hərbi mütəxəssislərini cəlb etmək təşəbbüsü də ona məxsusdur. Bundan başqa, məhz kiçik Əsədin nəzarət etdiyi bölmələrdə şiə paramilitar strukturları yaradılıb. Məsələn, 4-cü diviziya çərçivəsində fəaliyyət gpöstərn "Seyfül-Mehdi" şiə batalyonu.

Rami Məxluf

İranla təmasları, həmçinin özü ilə Bəşər Əsəd arasında qarşıdurma haqqında müxalif mənbələrdən yayılmış söz-söhbətlərə əsas olub. Belə ki, 2016-cı ildə Mahir Əsədin 42-ci diviziyanın komandanlığından çıxarılması və general-mayor rütbəsinə yüksəldilməsi ilə Baş Qərargahdakı ikinci dərəcəli mövqelərə təyin olunması ilə bağlı məlumatlar ortaya çıxıb. Guya iranlıların dəstəyi ilə Bəşər Əsədə qarşı hərbi çevriliş cəhdində ittiham olunub. Üstəlik, bu, Suriya rəhbərliyinin sülh prosesinə və müxalifətlə danışıqlara qoşulmaq xətti ilə razılaşmadığı üçün baş verib.

Lakin 2017-ci ilin yayında Mahir Əsəd Suriyanın cənubundakı Dəraa əyalətindəki əməliyyatlar zamanı həmin 4-cü diviziyanın rəhbəri idi.

Bununla belə, qardaşlar arasında mümkün münaqişə haqqında şayiələrin artması bəzi narahatlıqları əks etdirir. O cümlədən sülh prosesi hakimiyyətin "milli etimad" hökumətinə verilməsi zərurəti nöqtəsinə çatdıqda, BƏƏS-in sərt siyasət tərəfdarları və İranla əlaqəli mühafizəkar qanad məhz Mahir Əsədə dəstək verə bilər.

Onun, həmçinin, güc strukturlarına zəruri təsiri və güclü maliyyə bazası var, ən əsası məqsədə çatmaq üçün hər cür fədakarlıq etməyə hazırdır. Artıq bir dəfə, inqilabının ilk mərhələsində dinc etirazları yatırtmaqla bunu sübut edib.

Suriyada Mahir Əsəddən sonra növbəti ən mühüm və nüfuzlu şəxs Rami Məxlufdur. O, Suriya prezidenti və qardaşı Mahir Əsədlə birlikdə söz sahibi və ölkənin ən zəngin maqnatıdır. Rami Məxluf Suriyanın ən böyük mobil operatoru “SyriaTel” və “Cham Holding” şirkətinin biznes ortağı, 6 milyard $-lıq sərvətin yiyəsidir.

“Cham Holding” Suriyadakı ən sərfəli xidmət sahələrinə, o cümlədən otel işlərinə, restoran zəncirlərinə, səyahət şirkətlərinə, eləcə də “Syria Pearl Airlines” aviaşirkətinə nəzarət edir. Əlavə olaraq, Rami Məxluf “International Islamic Bank of Syria”, “Al Baraka Bank”, “International Bank of Qatar”, “Cham Bank” və “Bank of Jordan in Syria” banklarında ən böyük səhmdardır.

Məlumdur ki, Məxluf ailəsinin Britaniya biznesi ilə sıx əlaqəsi mövcuddur. Britaniyanın neft şirkəti “Gulfsands Petroleum”-da ailənin kapitalı var.

Media da Rami Məxlufun maraqlarına daxildir: “Al-Watan”, “Ninar”, “Dünya TV” və “Promedia”. Ümumiyyətlə, bəzi mənbələrə görə, Rami Məhluf Suriya iqtisadiyyatının 60%-inə nəzarət edir.

Ona tətbiq olunan sanksiyalara baxmayaraq, Rami Məxluf əlaqələri, nüfuzu və imkanından istifadə edərək, “yeraltı yollar” tapmaqda Əsəd ailəsi və bu məhdudiyyətlərlə üzləşmiş hakim elitanın digər üzvləri üçün əhəmiyyətli bir missiyanı yerinə yetirir. Bu məqsədlə o, hökumətə yaxın üç Suriya şirkətindən istifadə edib: “Maxima Middle East Trading”, “Morgan Additives Manufacturing” və “Pangates International”, habelə Panama hüquq firması “Mossack Fonseca” vasitəsilə Seyşel adalarında kölgə şirkətləri yaradıb. Eyni vəzifələri həll etmək üçün Rami Məxluf nəzarətindəki “DOM Development Holding” (Polşa) və “Rok Holding” (Rumıniya) şirkətlərindən də istifadə edir.

"Əl-Bustan" Assosiasiyası

Məxluf imperiyasının mühüm elementi – Suriyadakı vətəndaş müharibəsi zamanı ortaya çıxan humanitar problemləri həll etməyi nəzərdə tutan və xeyriyyə fondu kimi yaradılmış “Əl-Bustan” Assosiasiyasıdır. Bu qurumun UNICEF-dən 267.933 $ məbləğində ödəniş aldığı məlumdur. Əslində, "Əl-Bustan" müxtəlif, hərbi birliklərlə rəsmən bağlılığı olmayan və “şəbihə” adlı milis dəstələrinin maliyyələşməsinin əsas mənbəyi olub. Yəni "Əl-Bustan" vasitəsilə Rami Məxluf öz şəxsi, xüsusi hərbi şirkətlərini idarə edir.

“Əl-Bustan”la əlaqəli ən məşhur qruplara "Diril-Vatan" ("Vətən qalxanları") və ya "Fuhud Hums" ("Homs bəbirləri") xüsusi təyinatlı qüvvələri daxildir. Suriya kəşfiyyatı ilə əlaqəli bu strukturların maliyyələşdirilməsi vasitəsilə Rami Məxluf, ehtimal ki, Suriya xüsusi xidmətində öz mövqelərini təmin edə bilib.

Beləliklə, Rami Məxluf, Suriyadakı vətəndaş müharibəsi şəraitində, öz təsiri, ilk növbədə, maliyyə gücü və hərbiləşdirilmiş birlikləri ilə bütün zəruri atributlara sahib olub.

Rami Məxluf daha çox sülh prosesinin tərəfdarlarına aid edilə bilər. Çünki öz xarici aktivləri və özü ilə bağlı sanksiyaların ləğv edilməsində maraqlıdır. Amma bu yalnız Məxlufun Suriya sülh prosesinə qatqısı ilə mümkün ola bilər.

O artıq İsveçrə məhkəmələrində bu məsələ ilə əlaqədar iddia qaldırıb. Digər tərəfdən, onun maddi rifahı tamamilə mövcud rejimin hakimiyyətdə saxlanılmasından asılı olacaq.

"Səhra şahinləri”nin xaç atası

Daxili münaqişələr zamanı öz mövqelərini gücləndirə bilən və Suriya rəhbərliyinin qərar qəbul etməsinə təsir göstərən şəxslər arasında Ayman Cabiri də qeyd etmək olar.

O, rejimin qüvvələri tərəfindən işğal olunmuş ərazilərin əksəriyyətində neft və qaz hasilatını idarə edən maqnatdır və əslində, tədarük üzrə inhisar sahibidir. Bundan əlavə, Ayman Cabir Suriya Metallurgiya Şurasına rəhbərlik edir; Rami Məxluf və digər suriyalı oliqarxlarla bir sıra strukturların səhmdarıdır.

Rus komandanı Aleksandr Dvornikov və Ayman Cabir

Neft-qaz yataqlarının qorunması üçün Ayman Cabir tərəfindən nəzarət edilən çoxsaylı xüsusi hərbi şirkətlərdən istifadə olunur. Onların bəziləri elit hücum vahidlərinə çevrilir. Məsələn, "Səhra şahinləri " ("Sukur əl-Sahra") və "Dəniz kommandosları” (“Sea Commandos"). Bu hərbi birliklərə Ayman Cabirin qardaşları – Rusiyada öz biznesi olan İbrahim və Məhəmməd rəhbərlik edirlər.

Müəyyən məqamda bu qruplar ifrat sərbəstliyə malik idi. O cümlədən 2017-ci ilin yayında "Səhra şahinləri" hökumət kortejinin onların nəzarət etdiyi zonaya keçməsinə imkan verməyib. Bu, İbrahim Cabirin həbsinə səbəb olub. Həmin hadisədən sonra "Səhra şahinləri" Ayman Cabir tərəfindən maliyyələşdirilən "Dəniz kommandosları"nın bir hissəsi olan 5-ci könüllü hücum korpusuna daxil edilib.

Hökumətə yaxın daha bir nüfuzlu şəxs “HESCO” şirkətinin sahibi, neft maqnatı Corc Hasvanidir. O, Suriya ordusunun 3-cü diviziyasının bir hissəsi olan “Dir əl-Qalamun” (“Qalamun qalxanları”) birliyini maliyyələşdirir. Hasvani, Türkiyə və Qərb ölkələri tərəfindən İŞİD-lə neft alış-verişində günahlandırılır.

O, həmçinin Rusiya biznesi ilə bağlıdır və "Stroytransgaz" ASC və "Qazprom"la işgüzar əlaqələrə malikdir. Bəzi məlumatlara görə, Hasvaninin hətta Rusiya vətəndaşlığı var.

"Köhnə qvardiya" və xüsusi xidmətlər

Suriyada siyasi qərarların qəbul edilməsinə Hafiz Əsəd, eləcə də xüsusi xidmətlərlə daha çox bağlı olan “köhnə qvardiya” nümayəndələrinin müəyyən təsiri hələ də davam edir. Məsələn, Suriya siyasi səhnəsinin nüfuzlu "patriarx"ı, Hafiz Əsədin dövründə Suriyanın ABŞ-dakı səfiri olmuş 77 yaşlı xarici işlər naziri Vəlid əl-Müəllim.

Əli Məmlüklə (sağda) hətta düşmən ölkələrin rəhbərləri əl uzadıb görüşürlər

Bir çox təhlükəsizlik struktur liderləri arasında Baş Təhlükəsizlik İdarəsinin (BTİ) sabiq rəhbəri Əli Məmlük seçilir. O, 2012-ci ildə Suriyada bütün kəşfiyyat orqanlarına nəzarət edən orqanın – "BƏƏS Regional Təhlükəsizlik Bürosunun " ("Suriya Milli Təhlükəsizlik Bürosunun") lideri olduqdan sonra da BTİ-dəki mövqeyini qoruyub. Bir neçə mənbəyə görə, Əli Mamlük Moskva və Tehrana gediş-gəliş edən, uğurlu şəkildə dəstək tapan təcrübəli siyasətçidir.

Bundan əlavə, Fars körfəzinin ərəb monarxiyaları, habelə Türkiyə onunla işləməyə hazırdır. Rejimin xarici opponentləri ilə qapalı danışıqlar aparmaq məhz Əli Məmlükə səlahiyyət verilir. Onlar Suriya xüsusi xidmət orqanının sünni rəhbərinə əl uzatmaqdan çəkinmirlər. Məsələn, 2015-ci ildə Əli Məmlük Səudiyyə Ərəbistanına səfər edib.

Matriarxat elementləri

Suriyada qərarların qəbul edilməsinə təsir göstərənlər haqqında danışarkən, qadın faktorunu qeyd etməmək mümkün deyil. Əlbəttə, Bəşər və Mahir qardaşları arasında münaqişədə Əsəd ailəsində balans saxlanılması və iti bucaqların hamarlanmasında mühüm rolu anası Ənisə Məxluf oynayıb. Bəzi müşahidəçilər qeyd edirlər ki, qardaşlar arasındakı əlaqələr 2016-cı ilin əvvəllərində ananın ölümündən sonra gərginləşməyə başlayıb.

Ölkənin prezidentinin xanımı Əsma Əsəd də müəyyən nüfuz sahibidir, lakin onun təsir dərəcəsi hələ də məlum deyil. Eyni zamanda, Əsma Əsədin təsisçisi olduğu çoxsaylı qeyri-hökumət təşkilatları və fondlarının mövcudluğu məlumdur. Bu strukturlar vasitəsilə, Əsma Əsəd əleyhinə tətbiq sanksiyalara baxmayaraq, Suriyada münaqişə qurbanlarının dəstək verən beynəlxalq təşkilatlardan vəsaitlər alınır.

Öz növbəsində, Əsəd ailəsinin başqa bir nüfuzlu qadını – Buşra, Asif Şövkətin dul arvadı da müəyyən təsir dərəcəsini saxlayır və Rami Məxlufla biznes xarakterli əlaqələri var.

Siyasi arxitekturanın çevrilməsi?

Hazırda bütün əsas təhlükələr Suriyadakı hakim rejimdən uzaqlaşdırılıb. Bununla belə, onun yalnız xarici müdaxiləyə görə əldə olunduğunu nəzərə almaq lazımdır. Rusiya və İran, Əsəd ailəsini və ən yaxın ətrafını qorumaqda əsas rol oynayıb. Onların münaqişədə iştirakı olmadan hərbi münaqişənin nəticəsi, ehtimal ki, rejimin lehinə bitməyəcəkdi.

Eyni zamanda, rejimin müharibəni udduğu təqdirdə, bu hələ də sülhün əldə edilməsi deyil. Ölkədə inqilabi vəziyyətə gətirib çıxaran bütün problemlər müharibə zamanı yalnız pisləşib. Məsələn, korrupsiya görünməmiş səviyyədədir və kapital dar şəxslər çevrəsində cəmləşib. Suriyada mövcud sisteminin əsasına təsir edəcək dərin islahatlar həyata keçirilməsə, ölkəni dağılma və gərginliyin yeni yüksəlişi gözləyir.

Hələlik Əsəd ailəsinin inzibati resursu var, ölkədə heç bir real islahat mümkün deyil. Yalnız bəzi yarımçıq tədbirlər və dəyişikliklərin imitasiyası haqqında danışmaq olar. Odur ki, icra hakimiyyətinin yenilənməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 2254 saylı qərarına güvənmək məsləhətdir.

Ən uyğun seçənək dövlət başçısının inzibati resurs səlahiyyətlərinin böyük bir hissəsinin ləğvi ilə, parlament respublikası yaradılmasıdır. Hər halda, dəyişiklik prosesinə o cümlədən Suriyanın silahlı müxalifətinin tam iştirakı olmadan müsbət dəyişikliklər əldə etmək çətin olacaq. Bu amillər Şamı real islahatların keçirilməsinə təşviq edə bilər.

Tərcümə: Strateq.az

Loading...

QALEREYA