Suriyada Tehran-Moskva rəqabəti kəskinləşir: Əsəd Latakiya limanını iranlılara verdi – ARAŞDIRMA

Suriyada Tehran-Moskva rəqabəti kəskinləşir: Əsəd Latakiya limanını iranlılara verdi – ARAŞDIRMA

İran Suriyada uzunmüddətli iştirak cəhdiylə yeni addım atıb. Liman şəhəri Latakiyanın administrasiya sənədlərinə inansaq, (bu məlumatları sonradan müstəqil “Suriya məruzəsi” təşkilatı təsdiqləyib) İslam Respublikası Dəməşqlə danışıqlardan bir ay sonra bölgənin ən böyük şəhərində – ələvilərin və Əsəd qəbiləsinin beşiyində liman hüququ əldə edib.

Bu, təkcə Suriyada deyil, həm də özəlliklə “şiə oxu”nun (İrandan Aralıq dənizinə gedir) gücləndirilməsi yoluyla bütün bölgədə öz nüfuzunu möhkəmlətmək üçün limanı çox gözəl vasitə sayan Tehran üçün çox gözəl xəbər olub.

Fransa eksperti Fabris Balanşın (Fabrice Balanche) sözlərinə görə, ““Suriya holdinq” və CMA-CGM arasında limanı idarəetmə müqaviləsi 2019-cu il oktaybrın 1-də bitir, iranlılar bundan sonra idarəetməni rəsmən öz üzərlərinə götürə bilərlər”.

İslam Respublikası bu andan sonra 23 anbarı olan bu limana nə istəsə, daşıya bilər. Fabris Balanş qeyd edir: “Qabaqlar güman edilirdi ki, iranlılar xüsusən də sənaye kompleksinin inşası üçün Tartusda möhkəmlənərlər, amma onların Rusiya hərbi limanının yanında iştirakı Moskvanın ürəyincə deyildi. Buna görə də Latakiyanın xeyrinə olaraq Tartusdan imtina ediblər”.

Qərar Tehran və Dəməşq münasibətlərinin istiləşmə məntiqini ifadə edir – bunun zirvəsi Suriya prezidenti Bəşər Əsədin o cümlədən iranlı həmkarı Həsən Ruhani və ali lider Əli Xamnəi ilə görüşdüyü İrana səfəri olub. Bu, Əsədin bu yaxınlarda səkkiz ili keçən münaqişənin başlanğıcından bəri ən yaxın müttəfiqlərə ilk səfəri oldu. Bundan başqa, Tehran və Dəməşq tam bir sıra sazişlər bağlayıb – özəlliklə sənaye, hərbi və energetik sahələrdə. Müqavilələrdən biri Latakiyada elektrik stansiyasının inşasına aiddir. Öz növbəsində limanı idarə etmək İranın Suriyada uzunmüddətli iştirakının saxlanması planında daha bir kərpic olub.

Necə olsa da, söhbət İsrail (orada şübhəli yüklər görünəcəyi halda onda limana zərbə endirmək fikri yarana bilər) və Tartus və Xmeymim bazalarına xeyli yatırım nəzərə alınmaqla Latakiya bölgəsini öz xarici siyasəti üçün strateji sayan Rusiya üçün özəlliklə pis xəbərlərdən gedir.

 

Rəqabət

 

Fabris Balanş qeyd edir: “Rusiyanın Tartus və Xmeymim bazaları Aralıq dənizinin darvazasında yerləşir və sovetsonrası məkandan uzaqlarda Moskva üçün hərbi iştirakı təmin edir. Bu bazalar onun üçün öz nüfuzunu Aralıq dənizinə və Yaxın Şərqə yaymaqda rol oynayır”.

Amerika Yeni Təhlükəsizlik Mərkəzinin əməkdaşı Nikolas Heras deyir: “Latakiya bölgəsi Suriya rejiminə tabe ərazilərin içində Rusiyanın nüfuz zonası olmalıdır”.

Fabris Balanş davam edir: “Rusiyalıların Latakiya bölgəsində iştirakının üstünlüyü bundadır ki, ələvi əhali onlara müsbət yanaşır və bu, terakt təhlükəsi yaratmır. Ələvilər 2015-ci il müdaxiləsinə görə Rusiyaya minnətdardırlar və onun iştirakı onlara əminlik verir”.

Eyni zamanda ələvilər şiəlik qanadını təmsil etsələr də, on iki imamlı şiələrdən çox uzaqdırlar. Onlar spirtli içki içir və hicab saxlamırlar, həyat tərzləri isə Rusiyanınkına bənzəyir. Bundan başqa, Rusiya münaqişədə iştiraka görə “təşəkkür” kimi bölgənin böyük qismi üzərində nəzarət əldə etməyə ümid edirdi.

Limanın Tehranın nəzarətinə keçməsi Kremllə qarşıdurma törədə bilərmi? ​Güman olunmur, amma son aylarda Rusiya və İran arasında piroqun böyük tikəsi uğrunda artan rəqabət görürük. “Bu, hələlik böhran deyil, amma İran Rusiyaya eyham vurmaq istəyir ki, Suriyada Əsədə, rejiminə və hərbi qənimətə daha yaxındır, – Nikolas Heras izah edir. – Moskva və Tehran Dəməşqə xeyli borc pul verib. Rusiyalılar ölkənin karbohidrogen resurslarını özlərinə sarı çəkiblər. Buna görə də Latakiya limanının iranlılara verilməsi İslam Respublikasının yatırımları üzrə özünəməxsus ödənişə çevrilir”.

Bundan başqa, rusiyalılar və iranlılar Bəşər Əsədi dəstəkləyərək bölgədə Amerikanın nüfuzunu məhdudlaşdırmağa can atmaqla rəsmən müttəfiq olsalar da, onların maraqları ciddi şəkildə ayrılır. Rusiya diqqətini Suriya dövlətinin institutlarını bərpa etməyə cəmləyib, İran isə ona tabe siyasi qurumlar yaratmaq yolu ilə ölkədə öz nüfuzunu genişləndirməyə çalışır. Londonun “əl-Ərəbi əl-Cədid”qəzeti də Bəşər Əsədin Tehrana səfərindən sonra Suriya rejimi və Rusiyanın münasibətlərindəki inam böhranını ötən həftə qeyd edib. Hərbi sahədə də rəqabət müşahidə olunur. Suriya, İran və İraq qərargah rəsilərinin bazar ertəsi keçirilən toplantısının ardınca Rusiya müdafiə naziri Sergey Şoyqunun Suriya lideri ilə görüşü olub. Hər iki halda söhbət terrorizmlə mübarizənin birinci dərəcəli önəminin təsdiq edilməsindən gedib.

Əli Saykali

L’Orient-Le Jour (Livan), 22.03.2019

Tərcümə Strateq.az-ındır.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA