Sürücü qəzaya uğrayan maşını yolun ortasında saxlamalıdırmı... - Tıxacın daha bir səbəbi

Sürücü qəzaya uğrayan maşını yolun ortasında saxlamalıdırmı... - Tıxacın daha bir səbəbi

Bakıda tıxacların daha bir səbəbi də avtoqəzalar zamanı sürücülərin davranışlarıdır - qanun nə deyir?

Bakı tıxacların hər gün cəngində olan bir şəhərdir. Paytaxtın elə bir günü və ya saatı yoxdur ki, hansısa prospektdə və ya magistral yolda nəqliyyatın sıxlığı, tıxaclar müşahidə olunmasın.

Ən azı günün səhər və axşam saatlarında, pik vaxtlarda Bakı tıxaclara təslim olur. Bəzən bu tıxaclar o qədər uzanır ki, insanlar mənzil başına bir rayona gedib çatmaqdan daha gec yetişirlər.

Və illah da tıxac vaxtı şəhərin hansısa yolunda bir avtomobil qəzası ola, o zaman bu məngənədən çıxmaq müşkülə çevrilir. Bir çox hallarda isə elə qəzaların özü tıxacların yaranmasına gətirib çıxarır.

Qəza törətmiş və zərər çəkmiş tərəflərin avtomobilləri yolun tən ortasında dayanır, yol polis əməkdaşlarını, yaxud sığorta şirkətinin nümayəndəsini gözləyirlər.

Bu da xeyli vaxt alır, tıxac yaranır, hətta DYP əməkdaşı və ya sığortanın işçisi hadisə yerinə gəlib çıxa bilmir. Məsələn, bu cür hallar Bakının Ziya Bünyadov prospektində tez-tez yaşanır.

Lakin problemin başqa rakursu da var: bəzən qəza törədən sürücü zərər çəkən tərəfə təklif edir ki, bütün xərcləri öhdəsinə götürməyə hazırdır, hətta maşının əzilən yerlərinin foto və videosunu çəkib sübut kimi özündə saxlaya bilər. Bu günlərdə belə hadisə olub.

Günahkar sürücü bütün ziyanı qarşılamağa söz verib ki, avtomobilləri ərazidən çəksinlər, uzun-uzadı tıxac yaranmasın. Amma zərər çəkən razılaşmayıb və uzun müddət nəqliyyatın hərəkəti iflic olub.

Bəs, bu məsələ necə tənzimlənməlidir? Sürücülər dövlət nümayəndəsi gələnə qədər video və foto çəkilişlə məsələni yoluna qoya bilərmi?

Nəqliyyat eksperti Azər Allahverənovun “Yeni Müsavat”a bildirdiyinə görə, bu məsələ bir neçə dəfə gündəmə gəlib, təkliflər irəli sürülüb: “Belə fikirlər səslənib ki, sığorta gəlmədən zərərçəkmiş foto və video faktı Dövlət Yol Polisinə təqdim eləsin. Müvafiq dairələrdə də müzakirələr aparılıb. Amma hələ ki heç bir dəyişiklik olmayıb. Hazırda kasko sığorta növü var, onlar fotonu sübut kimi qəbul edir. Ancaq bu, hamıya şamil edilmir. Kasko sığorta istisnalar nəzərdə tutur. Ona görə də tıxac olsa belə sığorta şirkətinin nümayəndəsi hadisə yerinə gəlməlidir”.

A.Allahverənov qeyd etdi ki, DYP əməkdaşı hadisə yerinə çata, çəkilişi aparıb sığortaya təqdim edə bilər: “Çünki fiziki şəxs deyil, dövlət rəsmisidir. Bəzi məqamlar olur ki, zərər vuran tərəf xərci boynuna götürür, ziyanı qarşılamağa söz verir. Amma bunun tərəfdarı deyiləm. Çünki təcrübə göstərir ki, centlemen razılaşması özünü doğrultmur. Ona görə də hadisə olubsa, dövləti təmsil edən nümayəndə gəlməlidir. Əslində, yaxşı olar ki, həm yol polisi, həm sığorta əməkdaşı olsun. Yəni məsələ hüquqi müstəvidə öz həllini tapmalıdır. Əks halda söz verən tərəf boyun qaçırır, iş məhkəməyə qədər gedib çıxa bilir”.

Ekspertin sözlərinə görə, Bakının əkəsr yollarında müşahidə kameraları var: “Yolların böyük hissəsi kameralar altındadır. İstənilən hadisə kameraya düşür. Hər yerdə kamera olmasa da, tıxacların baş verdiyi yolların hamısında kamera var. Hətta qəsəbə arasında hadisə varsa da, orada nəqliyyatın hərəkəti intensiv deyil, qəza tıxaca səbəb olmur. Ona görə əsas yollarda baş verən qəza ilə bağlı müşahidə kameralarına müraciət etmək olar. Üstəlik, internet, texnologiyaların inkişaf etdiyi şəraitdə şəxsi telefonla videonu çəkmək olar. Amma kim zəmanət verə bilər ki, elə bu texniki tərrəqidən istifadə edən şəxs həmin foto və videonu montaj etməyəcək? Bu da şübhələrin yaranmasına gətirib çıxara, faktların saxtalaşdırılmasına səbəb ola bilər. Ümumilikdə, bu nüanslar mübahisə yaradacaq. Çünki sürücü deyə bilər ki, itdən yayınmaq üçün məcburiyyət qarşısında hadisə törədib. Amma həmin iti kamerada göstərmək mümkün olmaya bilər və yaxud video çəkiliş keyfiyyətli olmaya bilər. Ona görə DYP və ya sığorta şirkətinin orada olması vacibdir”.

Avtostop.az saytında isə bu mövzuda çox maraqlı bir məqama toxunublar. Sayt yazır ki, əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almayıbsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün DYP-ə gəlməlidirlər.

Sığorta dili ilə desək, 1000 manat civarında baş verən hadisələr də, hətta Forma4-ə belə ehtiyac yoxdur. Sadəcə hadisə baş verəndə DYP-ə məlumat verib, sonra idarəyə gedin, saatlarla başqa hərəkət iştirakçılarına maneə yaratmayın. DYP-ə məlumat verdikdən sonra, heç kim sizi hadisə yerini tərk etməkdə ittiham edə bilməz.

Amma sığorta əməkdaşları daim bir söz deyir: Sən avtomobilin yerini dəyişdirdiyinə görə sənə sığorta ödənişi düşmür. Qanuna baxmaq lazımdır: “Yol hərəkəti haqqında” Qanun 37-ci maddə, IV bənd: başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır.

Əgər siz hadisə yerindəsinizsə və sizin smartfonunuz varsa, dərhal kameranı açıb hadisənin bütün rakurslardan şəklini çəkin və daha sonra yolu boşaldın.

Sayt qeyd edir ki, DYP inspektoru və sığortaçı bu şəkilləri qəbul etməyə borcludur. Lakin DYP ilə az halda, sığortaçı ilə isə çox böyük problem yaşaya bilərsiniz.

Deməli, hadisə zamanı siz hərəkətə mane olmamaq üçün şəkilləri çəkdikdən sonra avtomobili oradan kənarlaşdırırsınızsa və bu zaman hadisə baş verdiyi an dəymiş zərər eyni cür qalırsa, o zaman sığorta sizə heç nə deyə bilməz.

Üstəgəl hadisə zamanı DYP-nin çəkdiyi sxem, sizin lentə aldığınız foto və video avtomobili qiymətləndirməyə imkan verir.

Sayt sonda bəyan edir ki, qəza baş verəndə ağır fəsadlar yoxdursa, günahkar bəllidirsə, tıxac yaratmayın şəklinizi, videonuzu çəkib yolu boşaldın.

Ona görə, DYP-ə gedib ərizə yazdıqdan sonra günahkara yazılmış protokol, zərər çəkmiş şəxsə ödəniş üçün yetərli olacaq. Forma 4 lazım olmadığına görə, sığorta şirkəti 7 gün ərzində ödəniş etməlidir.

Bütün sənədlər təqdim edildikdən sonra, 7 gün ərzində ödəniş edilməzsə, hər günə görə 0.01 faiz dəbbə pulu hesablanır. Yolda ehtiyatlı olun və xırda qızalar zamanı yolu boş yerə iflic etməyin.