TANAP layihəsi və beynəlxalq iqtisadi inkişaf yolu

TANAP layihəsi və beynəlxalq iqtisadi inkişaf yolu

Azərbaycanın bu kəmər vasitəsilə Avropa bazarına inteqrasiyası

Azərbaycan dövlət müstəqilliyini qorumaq və inkişaf etdirmək yolunu həm də bir çox beynəlxalq müstəvidə strateji iqtisadi layihələr sayəsində gücləndirməkdədir. Bununla bağlı bir sıra irimiyqaslı layihələri örnək göstərmək olar. Bu, Bakı-Tiflis-Ceyhan Neft Boru Xətti, Bakı-Tiflis-Ərzurum Qaz Boru Kəməri, Bakı-Tiflis-Qars Dəmir Yolu, TANAP və TAP layihələrindən ibarətdir. Beləliklə də postsovet məkanında Azərbaycan qədər beynəlxalq miyqaslı layihələri gündəmə gətirən ikinci bir dövlətin olmadığı qənaətini də yaradır. Beləliklə Azərbaycan Qafqaz, Orta Asiya və Yaxın Şərq siyasətində iqtisadi və strateji baxımdan önəmli mövqelər əldə etməyi baracan ölkəyə çevrilmişdir. İki yüz ildir ki, Azərbaycan neft və qaz sənayesi ilə məşğuldur və “qara qızılın” vətəni hesab olunur. 2016-cı ilin statistik göstəricilərinə əsasən Azərbaycan bir günə 800 000 barel, bir ilə təxminən otuz milyard kubmetr təbii qaz istehsal edir ki, bu da Cənubi Qafqazın cəmi 10 milyon əhalisi olan dövlət üçün kifayət qədər böyük göstəricidir. Habelə, XXI əsrin ikinci onilliyi irəlilədikcə Azərbaycan qlobal neft və qaz sənayesində özünün əsas statusunu geri qaytarmaq üçün əlindən gələni edir.

Trans Anadolu Təbii Qaz Boru Kəməri – TANAP

2011-ci ilin sonuncu ayında Azərbaycan və Türkiyə arasında ARDNŞ (SOCAR) ilə TANAP layihəsi çərçivəsində Anlaşma Memorandumu imzaladılar. Bundan sonra rəsmi olaraq layihənin icrasına başlanıldı və tikinti prosesinə icazə verildi. Bu boru xəttinin inşasında əsas hədəf Şahdəniz-2 qaz yatağından hasil olunan təbii qazın Turkiyə və əsasən də Avropa bazarlarına nəqlinin genişləndirilməsidir. Yuxarıda qeyd edilən qaz yatağının illik ixrac həcmi 16 milyard kubmetrdir ki, bunun da demək olar hamısı xarici bazarlar üçün nəzərdə tutulub. SOCAR-ın Türkiyədəki bənzəri BOTAŞ 6 milyard kubmetr qazın Türkiyəyə nəql olunmasını təmin etdi, qalan 10 milyard kubmetr qazın satışı ilə bağlı bir sıra Avropa şirkətləri ilə, əsasən də İtalyan şirkətləri ilə razılığa gəlindi.

Azərbaycanın Avropa bazarına inteqrasiyası

TANAP Azərbaycanın Avropanın Enerji bazarlarına inteqrasiyası, eləcə də təhlükəsiz tranzit dövlət kimi mövqeyini möhkəmləndirməsi üçün ən böyük imkandır. Uzunmüddətli perspektivdə layihə ölkənin təbii qaz ixracını ildə 8.1 milyard kubmetrdən təqribən 24 milyard kubmetrə kimi artıracaq. Ölkə səviyyəsində isə TANAP Azərbaycana öz enerji resursları sənayesini qlobal standartlar səviyyəsində inkişaf etdirmək imkanı bəxş edəcək. Heç şübhəsiz ki, son illərdə baş verən neft böhranı Azərbaycanın da neft hasilatına zərbə vurdu və bunun nəticəsində hasilat əhəmiyyətli dərəcədə azaldı. Bu baxımdan Azərbaycanın təbii qaz ixracatı büdcəyə əlavə gəlirlər gətirəcək ki, bu da hökumətə özünün mövcud aktivlərinin həcmini artırmağa və bebəliklə də ölkənin iqtisadi artımını təmin etməyə imkan verəcək. Boru kəməri inşa edildikdən sonra yerli bazardan Avropa bazarlarına kimi uzanan ixracatın uğurlu diversifikasiyası ölkə üçün əhəmiyyətli dərəcədə faydalı olacaq.

Azərbaycanın beynəlxalq arenadakı nüfuzuna TANAP-ın töhfəsi

TANAP Cənub Qaz Dəhlizinin reallaşmasında qabaqcıl bir layihədir. Bir çox mütəxəssis bu layihəni Azərbaycanın ən mühüm enerji layihəsi hesab edir. ABŞ və Birləşmiş Krallıq da daxil olmaqla, onlarla dövlətin imzaladığı Avropa Komissiyasının Bəyanatı gələcəkdə Qərb Yarımkürəsi ilə sıx ticarət əlaqələrinin qurulması baxımından ümidverici faktordur. Potensial olaraq boru xətti Avropa dövlətləri və beynəlxalq strukturlarda Azərbaycana qarşı artmaqda olan tənqidi tendensiyanı kökündən dəyişə bilər. Mümkün uzunmüddətli perspektivdə Avropa ilə enerji ticarəti Azərbaycana Rusiyanın himayəsindən azad olmaq və beləliklə də digər dövlətlərlə çoxdan gözlənilən iqtisadi və siyasi yaxınlığa nail olmaq imkanı yaradacaq.

Qonşu Türkiyə dövləti ilə əlaqələrin möhkəmlənməsi

Keçən onillikdə uğurla reallaşdırılan Bakı-Tiflis-Ceyhan Neft Boru Kəməri və Bakı-Tiflis-Ərzurum Qaz Boru Kəməri layihələrindən sonra Türkiyə və Azərbaycan enerji sektorunda birgə inkişafı gücləndirdilər. TANAP layihəsinin köməyi ilə Türkiyə illik 5% istehlak həcminə malik olan zəif qaz ehtiyatı problemini həll etməyə bir addım da yaxınlaşacaq, bu göstərici Avropa ölkələrində 20-30%-ə bərabərdir. Tədricən qaz təchizatçılarının diversifikasiyası və TANAP vasitəsilə təzhizatın təhlükəsizliyinin gücləndirilməsi Türkiyənin iqtisadi artımına müsbət təsir göstərəcək. Bundan əlavə, Avropa dövlətləri ilə yeni ticarət əlaqələri yaradacaq və heç şübhəsiz ki, hər iki regional gücün dünyanın enerji bazarlarındakı nüfuzunu gücləndirəcək. Son onillikdə qaz hasilatındakı zəifləmə səbəbindən Avropa İttifaqı (Aİ) ölkələrində təbii qazın idxalı Avropanın qaz təchizatının 2/3-ni təşkil edir və bu azalma hələ də davam etməkdədir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına əsasən, 2040-cı ilə kimi Avropanın illik qaz hasilatı 100 milyard kubmetrə kimi düşəcək və belə olduqda Aİ-də enerjiyə olan tələbatla, azalmaqda olan enerji təchizatı arasındakı fərqi azaltmaq üçün region böyük həcmli idxallardan asılı olacaq.

Şərqi və Qərbi Avropanın təbii qaza ehtiyacı

Avropada ümumi qaz təchizatı olduqca müxtəlifdir, lakin İtaliya da daxil olmaqla Şərqi və Cənub-şərqi Avropada əhəmiyyətli dərəcədə bir mənbədən asılılıq mövcuddur. Buna baxmayaraq, Cənub Qaz Dəhlizinin tikintisi enerji marşrutlarının diversifikasiyası və təhlükəsizliyi baxımından Avropa üçün böyük əhəmiyyət kəsb edir. Bu layihənin Türkiyə və Azərbaycan üçün daha faydalı olmasına baxmayaraq, ilkin təşəbbüskarlar TANAP layihəsindən mənfəət əldə edən yeganə dövlət deyillər. Əminliklə deyə bilərik ki, Avropanın enerji bazarı qaz nəqlində çoxdan gözlənilən diversifikasiya və təhlükəsizliyə nail olacaq. TANAP, Rusiyanın tranzit ölkə olan Ukrayna ilə siyasi böhrana başının qarışması səbəbindən kəskin qaz defisiti yaşayan Cənub və Cənub-şərqi Avropa üçün çıxış yolu olacaq. İtaliyanın qaz sərfiyyatının 5% artaraq 70.9 milyard kubmetrə çatması, eləcə də boru xətti ilə nəql olunacaq qazın Cənub-Şərqi Avropanın qaz idxalının təqribən 90%-ni təşkil etməsi faktını nəzərə alaraq, əminliklə deyə bilərik ki, TANAP-ın Avropaya gətirdiyi müxtəliflik həyati əhəmiyyət daşıyır. İlkin razılığa əsasən TANAP vasitəsilə Avropaya nəql olunacaq illik 10 milyard kubmetr həcmində qaz tədürükü Avropanın qaz idxalının 3-4%-ni, nəqlin gələcəkdə 20 milyard kubmetrə çatması ilə isə, bu göstəricinin təqribən ikiqatını təşkil edəcək. Avropa Komissiyasının sözlərinə görə, zərurət yaranarsa uzunmüddətli perspektivdə Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə həyata keçiriləcək qaz idxalının həcmini 80-100 milyard kubmetrə kimi artıra bilər. Şübhəsiz ki, bir neçə ildən sonra Azərbaycan TANAP vasitəsilə özünün styrateji əhəmiyyətini nümayiş etdirəcək və ola bilsin ki, bütün Cənub-şərqi Avropa üçün ən təhlükəsiz qaz təchizatçısı olduğunu sübut edəcək. TANAP Azərbaycanın ən böyük enerji layihəsi ola bilmək imkanına malikdir. Beynəlxalq arenada, təqribən 2000 km uzunluğa malik boru xətti Avropanın enerji siyasətinin gedişatını və dolayısı ilə regionda qərar qəbulu prosesini və regional münaqişələri dəyişdirəcək. Bu zaman bəzi ritorik suallar meydana çıxır: Azərbaycan regionda qərar qəbulu prosesinin bir hissəsi ola biləcəkmi? Layihə Dağlıq Qarabağ münaqişəsinin həllində əhəmiyyətli rol oynayacaq, eyni zamanda Cənub Qafqaz regionunda sülh və ədalətin bərpası və çoxdan gözlənilən rifahın təmin edilməsi istiqamətində mühüm addım olacaqmı? Və ən əsası, qərb özünün ikili standart siyasətini dəyişəcək və özünün yeni regional tərəfdaşını dəstəkləyəcəkmi? TANAP ilk günlərdən bir sıra müzakirə mövzularının yaranmasına səbəb olmuşdur və layihədən ən çox kimin mənfəət əldə edəcəyini yalnız zaman göstərəcək, bununla belə, əgər hadisələr bu istiqamətdə inkişaf etməkdə davam edərsə, Azərbaycan özünün regional səviyyədəki bütün məqsədlərinə nail ola biləcək.

TANAP - Azərbaycanın dünyada təhlükəsizlik və əməkdaşlığa daha bir töhfəsi

Azərbaycanın həmmüəlifi olduğu daha bir böyük layihənin iyunun 12-də açılışı oldu. Türkiyənin Əskişəhərində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) açılış mərasimi keçirildi. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Ukrayna Prezidenti Petro Poroşenko, Serbiya Prezidenti Aleksandr Vuçiç, Quzey Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı, rəsmi şəxslər, şirkətlərin rəhbərləri iştirak ediblər. Prezident İlham Əliyev açılış mərasimində layihənin reallaşması ideyasından, onun texniki göstəricilərindən və əhəmiyyətindən danışarkən, vurğulayıb ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir: "Enerji təhlükəsizliyi isə hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Cənub Qaz Dəhlizinin önəmi məhz bundadır – enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı yeni yollarla Türkiyəyə və Avropa bazarlarına çıxarılacaq. Cənub Qaz Dəhlizi həm yeni yollar, həm də yeni mənbə layihəsidir. Bu, sözün əsl mənasında, enerji şaxələndirilməsi məsələsinə xidmət göstərir".

Rəcəb Tayyib Ərdoğan layihənin əhəmiyyətini nəzərə alaraq deyib ki, "Enerji İpək Yolu" kimi tanınan layihənin açılışını edirik: “TANAP ortaq baxışımızın ən son nəticəsidir. Enerji bazarında dəyişikliklərə və ehtiyaclara cavab verən bu layihə eyni zamanda gələcəkdə həyata keçirəcəyimiz yeni layihələr üçün müjdədir".

Layihənin təməli 2015-ci il martın 17-də Türkiyənin Qars şəhərində Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə qoyulub. TANAP mərasimindən əvvəl bu il mayın 29-da Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi olub. Cənub Qaz Dəhlizi vasitəsilə “Şahdəniz Mərhələ-2” çərçivəsində hasil edilən qaz 3500 kilometr məsafə qət edərək, Xəzər dənizindən Avropaya ötürüləcək. Təsadüfi deyil ki, Cənub Qaz Dəhlizi dünyada neft-qaz sənayesində indiyədək mövcud olan ən mühüm və iddialı layihələrdən biridir. Cənub Qaz Dəhlizi Azərbaycan qazını Avropa bazarlarına çatdırmaqla bütün regionun enerji xəritəsini dəyişəcək.

Layihə 2020-ci ildə tam işə düşməlidir.

TANAP Azərbaycanın Xəzər dənizindəki "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunacaq qazın Türkiyəyə, buradan isə Avropaya nəqlini nəzərdə tutan boru kəməridir. Cənub Qaz Dəhlizi layihəsinin bir qolu olan TANAP Türkiyə ərazisindədir.Kəmər Türkiyə-Yunanıstan sərhədindən Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşəcək.

Boru kəmərinin ilkin buraxılış gücü ildə 16 mlrd. kubmetr olacaq. Bu həcmin 6 mlrd. kubmetri Türkiyəyə, qalan 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. TANAP kəmərinin Türkiyədə Əskişəhər və Trakyada iki çıxış nöqtəsi olacaq. Türkiyədə qazın satışını BOTAŞ şirkəti həyata keçirəcək. Boru kəmərinin ümumi uzunluğu 1 850 km-dir.

Boru kəmərinin “Faza-0” adlandırılan Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər hissəsinin diametri 56 düym, uzunluğu 1340 km təşkil edir. Türkiyəyə qaz ilk olaraq bu çıxış nöqtəsindən veriləcək.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA