TAP layihəsi və Azərbaycanın beynəlxalq mövqeyi

TAP layihəsi və Azərbaycanın beynəlxalq mövqeyi

Trans-Adriatik Boru Kəməri Layihəsi (TAP), Yunanıstan ərazisində Yunan-Türkiyə sərhədindən başlayaraq, Trans-Anadolu Boru Kəmərinə (TANAP) birləşən, Yunanıstandan, Albaniya və Adriatik Dənizindən keçərək İtaliyada başa çatan və “Snam Rete Gas” (SRG) şəbəkəsinə birləşən təbii qaz boru kəmərinin layihələndirilməsindən, tikintisindən və istismarından ibarətdir. TAP layihəsi Avropa Birliyinin strateji məqsədlərinin birində “enerjinin təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyası” - adı altında aparıcı rol oynayır. TAP layihəsi təbii qazın Azərbaycandan Avropa bazarlarına ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçilmişdir. TAP layihəsi üzrə Albaniya, İtaliya və Yunanıstan arasında Dövlətlərarası Saziş 2013-cü ilin fevral ayında imzalanmışdır.TAP boru kəmərinin Yunanıstanda yerləşən hissəsi Türkiyə-Yunanıstan sərhədinin yaxınlığında Kipoi məntəqəsindən başlayaraq Leropigidən cənub-qərbdə Yunanıstanın Albaniya ilə sərhədində başa çatır və uzunluğu təxminən 550 km təşkil edir.

Uzlaşdırıcı strateji hədəflər

TAP boru kəmərinin Albaniyada yerləşən hissəsi Korça bölgəsində Yunanıstanla sərhəddə Bilisht Qender-dən başlayaraq, təxminən 215 km uzunluğa malikdir. TAP boru kəməri Albaniyada Fier-dən 17 km şimal-qərbdə, sahil xəttindən 400 metrə qədər quruya doğru çıxır. Albaniyanın ərazi sularında dənizdə yerləşən seksiyanın uzunluğu təxminən 60 km -dir.TAP boru kəmərinin Adriatik Dənizində yerləşən hissəsi Albaniya sahilindən İtaliya sahilinə doğru dəniz dibi ilə təxminən 105 km uzanır.TAP boru kəməri İtaliyanın cənubunda, San Foca yaxınlığında yerləşən Melendugno bələdiyyə ərazisinin Lecce məntəqəsindən sahilə çıxır. İtaliya ərazi sularında boru kəmərinin dənizdə yerləşən hissəsi təxminən 45 km, qurudakı hissəsi isə təxminən 8 km təşkil edir. Bu yer isə öz növbəsində 11 alternativ kəmər marşrutu qiymətləndirildikdən sonra ekoloji, təhlükəsizlik və sosial nöqteyi-nəzərdən ən məqsədəuyğun yer kimi seçilmişdir. TAP boru kəmərinin 2020-ci ildə istismara verilməsi planlaşdırılır.

Texniki parametrlər

878 km uzunluğu olan boru kəmərinin 550 km-i Yunanıstan, 215 km-i Albaniya, 105 km-i Adriatik Dənizi, 8 km-i İtaliya ərazilərindən keçir;

Boru kəmərinin diametri 48 düym, dənizdə isə (Adriatik Dənizi boyunca) diametr 36 düym təşkil edir;

Boru kəmərinin dəniz səviyyəsindən olan maksimum hündürlüyü 1900 m yüksəklikdə yerləşir;

TAP boru kəmərinin Yunanıstandan keçən hissəsindən iki qol, Yunanıstan Albaniya sərhədində isə bir qol ayrılmışdır;

TAP boru kəmərinin illik maximum ötürücülük qabiliyyəti 20 milyard kubmetrə hesablanmış və layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 10 milyard kubmetr qaz təşkil edəcək.

TAP boru kəmərinin obyektlərinə aşağıdakılar daxildir:

Dörd Kompressor Stansiyası (KS) ( Yunanıstanda 2, Albaniyada 2);

5 Təmizləyici Tərtibatın Buraxılma Kamerası (TTBK) ( Yunanıstanda 2, Albaniyada 2, İtaliyada 1);

5 Təmizləyici Tərtibatın Qəbulu Kamerası (TTQK) ( Yunanıstanda 2, Albaniyada 2, İtaliyada 1);

33 Bağlayıcı Armatur Stansiyası (BAS) ( Yunanıstanda 23, Albaniyada 9, İtaliyada 1);

Dörd Qaz Sərfini Ölçmə Stansiyası (QSÖS) (Türkiyə/Yunanıstan sərhəddi 1, Yunanıstan/Albaniya sərhəddi 1, Adriatik dənizinin sahili Fier Kompressor Stansiyası 1, İtaliya Boru Qəbul Terminalı 1).

“Trans-Adriatik” qaz boru kəməri Azərbaycanın beynəlxalq nüfuzu deməkdir

Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik”,- TAP qaz boru kəmərinin keçdiyi 3 ölkədə - Yunanıstan, Albaniya və İtaliyada işçilər təxminən 35 milyon kilometr yol qət edib və 14,5 milyon nəfər-saat iş görülüb. Eləcədə, qaz boru kəməri, ərazisindən keçidiyi ölkələrin vətəndaşlarının işlə təminatında və layihədə iştirak eləyən şirkətlərin inkişafında mühüm rola malik layihə kimi qiymətləndirilir. Bu barədə TAP layihəsində 19 faizlik payla iştirakçı olan Belçikanın “Fluxys” şirkətinin baş icraçı direktoru Paskal de Bak deyib. O, qeyd edib ki, boru kəmərinin istismara verilməsi 2020-ci ilə planlaşdırılır və təmsil etdiyi şirkət layihədə iştirak etməklə öz inkiaşfını təmin edir.

Ümumiyyətlə isə hələ 1999-cu ildə Şahdəniz yatağında zəngin qaz yataqlarının aşkar olunması bir çox ölkələri, xüsusən də Qərb dövlətlərini ölkəmizlə bu sahədə əməkdaşlığa cəlb edib. Azərbaycanın 2 trilyon kubmetrdən artıq təsdiqlənmiş həcmində dəyərləndirilən qaz ehtiyatları Avropa məkanının enerji təhlükəsizliyində mühüm rol oynayır. Nəzərə alsaq ki, Avropanın böyük bir hissəsi qaz təchizatına görə məhdud sayda mənbədən asılı vəziyyətdədir. Dövlətin enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyət daşıyan enerji təchizatının əsasən məhdud çərçivədə cəmləşməsi Avropa ölkələrini istər-istəməz alternativ mənbələrin axtarışına sövq edir. Bu baxımdan, etibarlı tərəfdaş imicinə sahib olan Azərbaycanla əməkdaşlıq region dövlətlərinin maraqlarına uyğundur. Məhz bu əməkdaşlığın nəticəsi olaraq 2006-cı ildə Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz qaz boru kəməri istifadəyə verilib və Azərbaycan qazı bu kəmərlə Gürcüstana və 2007-ci ildən Türkiyəyə nəql olunur. Bir çox Avropa ölkələrinin Türkiyə vasitəsilə Azərbaycan qazını almaqda maraqlı olması, eləcə də, Azərbaycanın iqtisadi maraqları başlanan işin davam etdirilməsini və daha da genişləndirilməsini zəruri edirdi. TAP layihəsi isə Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı “Cənub Qaz Dəhlizi”nin tərkib hissəsi olan TANAP-ın davamı olaraq, “Şahdəniz-2”dən hasil olunacaq qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulub.

TAP layihəsi: Azərbaycan dünya miqyaslı qaz ixracatçısına çevrilir

Məlum olduğu kimi, bu yaxınlarda "Şahdəniz" Konsorsiumu Azərbaycan qazını Avropaya nəql edəcək layihə kimi Trans-Adriatik Qaz Kəmərini (Trans-Adriatik Pipeline (TAP)) seçib. Qeyd edək ki, TAP layihəsi Cənubi Qafqaz Qaz Kəmərinin (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəmərinin (TANAP) davamı olub, "Şahdəniz-2" yatağındakı qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizi ilə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. Bu kəmərlə ilkin mərhələdə ildə 10 milyard, daha sonra isə 20 milyard kubmetrə yaxın qazın nəql edilməsi gözlənilir. Azərbaycan qazının bu kəmər vasitəsilə 2019-cu ildə Avropaya çatdırılması planlaşdırılır. Məlumatlara görə, Xəzər qazını Avropaya Adriatik dənizinin dibi ilə çatdırmaq ideyasını ilk dəfə 2003-cü ildə İsveçin "Axpo" şirkəti irəli sürüb. Beləliklə, 10 il ərzində aparılan araşdırmalar və danışıqlar nəticəsində ideya reallığa çevrilmək üzrədir.

Beynəlxalq ictimaiyyət layihəni dəstəkləyir

Qeyd edək ki, "Şahdəniz" Konsorsiumunun TAP layihəsini seçməsi beynəlxalq ictimaiyyətin böyük marağı və dəstəyi ilə qarşılanıb. Belə ki, Avropa İttifaqının (Aİ) Komissiyası Azərbaycan qazının Avropaya ötürülməsi üçün boru kəmərinin yekun seçiminə dair qərarı alqışlayıb. Aİ Komissiyasının prezidenti Xose Manuel Barrozu bu qərarı Avropanın birgə uğuru və İttifaqın enerji təhlükəsizliyinin gücləndirilməsində bir dönüş nöqtəsi kimi qiymətləndirib: "Əminəm ki, 2011-ci ilin yanvar ayında Azərbaycanın Prezidenti İlham Əliyev ilə imzaladığım və strateji xarakter daşıyan Birgə Bəyanata əsaslanan bu qərar Xəzər dənizindən Aİ-yə birbaşa xüsusi keçid olacaq və getdikcə genişlənəcək "Cənub" qaz dəhlizinin tam və çevik şəkildə reallaşmasına daha çox təkan verəcəkdir".

Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin müvəqqəti işlər müdiri Toralf Pilts "Şahdəniz" Konsorsiumunun keçirdiyi tədbirdə "Şahdəniz Mərhələ 2" çərçivəsində hasil olunacaq qazın Avropanın enerji təhlükəsizliyindəki rolundan danışaraq deyib ki, TAP çox önəmli layihədir və bu kəmər genişlənmə imkanlarına malikdir. Avropa Komissiyası "Cənub qaz dəhlizi" çərçivəsində seçilmiş və icra olunacaq bütün boru kəmərləri layihələrini dəstəkləyir. Böyük Britaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adrian Li də "Şahdəniz" Konsorsiumunun seçimini alqışladıqlarını bildirib, bu seçimi qaz təminatı və marşrut müxtəlifliyi baxımından Avropanın enerji təhlükəsizliyinin təminatında vacib mərhələ adlandırıb. Layihəyə digər nüfuzlu siyasi dairələrdən də müsbət münasibət göstərilir. Aİ-nin enerji məsələləri üzrə komissarı Günter H.Oettinger bildirib ki, "mavi yanacağın" yeni xüsusi qaz boru kəməri sistemi ilə birbaşa Avropaya çatdırılması sahəsində Azərbaycan öz üzərinə aydın öhdəlik götürüb: "Sistemin TANAP və TAP iki qaz boru kəmərindən və ya əvvəlki layihələrdə nəzərdə tutulduğu kimi, bir boru kəmərindən ibarət olmasının enerji təhlükəsizliyi baxımından heç bir fərqi yoxdur. Bizim artıq qazla bağlı yeni tərəfdaşımız vardır və gələcəkdə daha çox qaz qəbul edəcəyimizə əminəm".

Bildiyimiz kimi, Azərbaycan iqtisadiyatının artım tempinə görə 2006-cı ilən başlayaraq dünyada ilk yerlərdə dayanır. Son on ildə Azərbaycanın dövlət büdcəsi 1,5 milyard dollardan 25 milyard dollaradək artıb. Bu müddətdə 20 dəfəyə yaxın artan büdcə xərcləmələri iqtisadiyyatın şaxələndirilməsinə, işsizliyin və yoxsulluğun aradan qaldırılmasına, qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına, sahibkarlığın, özəl sektorun inkişafına, ölkənin iqtisadi müstəqilliyinin möhkəmləndirilməsinə yönəlib. Eyni zamanda, həyata keçirilən abadlıq və quruculuq işləri sayəsində Azərbaycanın sürətli inkişafını ölkənin hər bir yerində əyani şəkildə müşahidə etmək mükündür. Bütün bunlar onu təsdiq edir ki, Azərbaycan son 6-7 ildir ki, dünyanın ən sürətlə inkişaf edən iqtisadiyyatına malik ölkələrdəndir.

Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Danılmaz həqiqətdir ki, bu gün Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli aktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür. Bildiyimiz kimi, Azərbaycanın iştirakı və razılığı olmadan regionda qlobal əhəmiyyətli heç bir layihə gerçəkləşə bilməz. Milli maraqlar əsasında qurulan enerji strategiyamızın bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri üzərində həyata keçirilməsi ölkənin iqtisadi imkanlarını və beynəlxalq nüfuzunu yüksəldib. Həmçinin, dünyada gündən-günə artan tələbat fonunda xammal ehtiyatlarının azaldığı, enerji təhlükəsizliyinin qorunmasının hər bir dövlət üçün prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan uzaqgörən enerji siyasəti ilə beynəlxalq münasibətlərdəki mövqeyini möhkəmləndirir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA