Tarix İnstitutu Cümhuriyyətin 100 illiyi ilə bağlı beynəlxalq konfranslar keçirəcək

Tarix İnstitutu Cümhuriyyətin 100 illiyi ilə bağlı beynəlxalq konfranslar keçirəcək

“Prezident İlham Əliyevin bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi Tarix İnstitutunu tarixi “siyasiləşdirməkdə”, hətta ermənifobiyada “qınayanlara” tutarlı dövlət cavabıdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutundan Hurriyyet.org-a verilən məlumata görə, bunu institut direktoru, akademik Yaqub Mahmudov Elmi Şuranın iclasında deyib.

Y.Mahmudov qeyd edib ki, “Cümhuriyyət İli” elan edilməsi haqqında sərəncam Tarix İnstitutu tərəfindən böyük razılıqla qarşılanıb.

“Ulu öndər Heydər Əliyevin vəsiyyətinə uyğun olaraq Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı sayəsində Tarix İnstitutu ikicildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı çap etdirib. İnstitutda ayrıca "Azərbaycan Xalq Cümhuriyyətinin tarixi" elmi tədqiqat şöbəsi fəaliyyət göstərir. Cümhuriyyət tarixinə həsr olunmuş namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi olub və davam etdirilir”, - deyə akademik bildirib.

Elmi Şuranın qərarına əsasən, “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət xadimləri”, “Azərbaycan Xalq Cümhuriyyəti və 1918-1920-ci illərdə Şimali Qafqaz dövlətləri” (rusca), “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hindistan Milli Arxivinin sənədlərində” (rusca), “Şəki bölgəsi (1917-1920-ci illər)”, “Azərbaycanın Zəngəzur bölgəsi 1917-1920-ci illərdə” və “Azərbaycanın Naxçıvan bölgəsi regional hərbi-siyasi proseslərdə (1917-1920)” adlı kitablar çap olunacaq.

Bildirilib ki, Tarix İnstitutu 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Türkmənçay müqaviləsi (1828) və tarixi şəhərimiz olan İrəvanın Ermənistana verilməsi (1918) ilə bağlı tədbirlər və 2 beynəlxalq konfrans - XX əsrdə türk-müsəlman xalqlarına qarşı V Beynəlxalq soyqırımları konfransı və “Azərbaycan Xalq Cümhuriyyəti – 100” mövzusunda tədbir keçirəcək.

Sonda akademik bildirib: “Məni narahat edən bir sıra məsələlərdən biri də budur ki, Cümhuriyyətin bolşevik Rusiyası ilə münasibətləri lazımınca və olduğu kimi öyrənilməyib. Bolşevik Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımadı və nəticədə ölkəmizi işğal etdi. Bu istiqamət, eləcə də Cümhuriyyətin diplomatik əlaqələri, daxildəki islahatlar lazımınca tədqiq olunmalıdır”.

Loading...

QALEREYA