“TAXT OYUNLARI”NDA NÜVƏ SİLAHI: 1945-də əjdahalar Hirosimanı külə döndərə bilərdimi?

  • 2019-04-15 16:24:08
  • |

“TAXT OYUNLARI”NDA NÜVƏ SİLAHI: 1945-də əjdahalar Hirosimanı külə döndərə bilərdimi?

Maykl Horovitz, Metyu Furmann

Washington Post”, 12.04.2019

“Game of Thrones” (“Taxt oyunları”) son altı seriya ilə yenidən mavi ekranlara qayıdır. Politologiya bu serial barədə çox şey nəql edə bilər: müharibələrdə ittifaq siyasətindən tutmuş rejim növlərinə qədər. O, bizə həm də filmdəki əjdahaların – “Droqon”, “Reyqal” və “Vizerion”un rolunu anlamaqda kömək edə bilər.

Televiziya serialının ilham mənbəyi olan kitabların müəllifi Corc Martin bir dəfə əjdahaları Vesterosun “nüvə çəkindiricisi” adlandırıb.

Bu baxımdan, nüvə silahları kimi, əjdahalar da başqalarını hücumdan çəkindirir, çünki səmadan od yağdıraraq onlar kütləvi qırğına səbəb ola bilir.

Keçən mövsümdə gördüyümüz kimi, Deyeneris Tarqarienin əjdahalarla təchiz edilmiş qüvvələrinə qarşı döyüşmək üçün Ceymi Lannister ordularını səfərbər etməkdə tərəddüd etdi, çünki bu, böyük miqyaslı qırğınlara səbəb olardı.

Lakin əjdahaların gerçək istifadəsinə yaxından baxdığımız təqdirdə, onlar daha çox hərbi hava gücünə bənzəyir.

Əjdahalar döyüş meydanında təkcə hərbi güc kimi istifadə olunmur

Nüvə çəkindirməsinin arxasında duran ideya bundan ibarətdir ki, nüvə silahları son dərəcədə dağıdıcıdır, buna görə də, onların birbaşa və ya dolayı istifadə etmə təhdidi başqalarının sizə hücum etməsinə maneə törədir, odur ki, heç vaxt istifadə edilməməlidir.

Amma əjdahalarla bağlı durum başqa cürdür.

Biz “Game of Thrones” TV-serialında və kitablarda təxminən 100 döyüşdə əjdahaların siyasi-hərbi istifadəsi ilə bağlı məlumatları təhlil etdik. Bu döyüşlərin 26 faizində əjdahalardan birbaşa istifadə olunub.

“Uçan qalalar”dan üç əsas şəkildə faydalanılıb.

Birincisi, əjdahalar döyüşdə qoşunları dəstəkləmək üçün yerləşdirilib – “yaxın hava dəstəyi”, hərbi təbirlə, epizodların yarısında. Məsələn, “Goldroad” (Qızıl Yol) uğrunda döyüşdə (7-ci mövsüm, 4-cü seriya). Deyeneris “Droqon”la Hayqardeni talan etmiş Lannister qüvvələrini məhv etməyə yollanır.

Ancaq əjdahalar təklikdə istifadə edilmir; onlar Dotrakinin, Deyenerisin süvariləri üçün hava dəstəyidir.

İkincisi, əjdahalar epizodların təxminən 38 faizində siyasi məqsədinə nail olmaq üçün qalalar və şəhərlərə qarşı strateji bombardman kampaniyalarında istifadə olunur. Misal üçün, “Atəş və Buz Dünyası”nda göstərildiyi kimi, Fateh Eqon “Balerion”u Harrenhalı yandırıb külə döndərmək və fəth zamanı düşməni kral Harreni öldürmək üçün istifadə edir.

Üçüncüsü, epizodların təxminən 13 faizində əjdahalardan, əksinə, düşmən əjdahalarla mübarizə üçün yaralanılır. Əsasən, TV-serialda baş verən hadisələrdən 175 il əvvəl Vesterosdakı vətəndaş müharibəsi zamanı “Əjdaha Rəqsində”.

Nüvə silahları, əksinə, ilk növbədə, çəkindirici rol oynayır. 1945-ci ilin avqustunda ABŞ-ın Hirosima və Naqasaki bombardmanlarından sonra ondan döyüşlərdə istifadə edilməyib.

Əjdahalar nüvə silahından daha az dağıdıcı və daha həssasdır

Yalnız nüvə silahı kütləvi qırğına səbəb ola bilir. ABŞ-ın “Little Boy” adı ilə tanınan, Hiroşima şəhərinə atılan bombası təxminən 136 min insanı öldürüb yaraladı.

Konvensial bombalamalar da böyük qırğınlara səbəb ola bilər, lakin belə sürətlə deyil. ABŞ-ın 1945-ci ilin martında Tokionu bombalaması ən dağıdıcı ənənəvi bomba hücumlarından biri olub və əməliyyata 325 təyyarə qatılıb.

Əjdahalar adi hava qüvvələrinə oxşayır, onların “bomba atışları” üçün çoxsaylı uçular tələb olunur. Məsələn, Eqonun fəthlərini gücləndirən “Atəş müharibəsi”ndə Eqon azsaylı quru qüvvələrinin zəifliyini kompensasiya etmək üçün üç Tarqarien əjdahasından istifadə edir.

Əjdahalar nüvə silahından daha həssasdırlar. Nüvə silahına qarşı heç bir müdafiə yoxdur, yalnız onun daşıyıcıları olan ballistik raket, bombardmançı və sualtı gəmidən müdafiə üsulları var.

Lakin əjdahalar, bombardmançı təyyarələr kimi, məsələn, “Scorpion”un (“Əqrəb”in), arbaleti xatırladan hava hücumundan müdafiə qurğularının hədəfinə çevrilə bilir. Dornişin bir “əqrəb”i Birinci Dor müharibəsi zamanı Meraksın əjdahasını düşürə bilir. 7-ci mövsümün 6-cı seriyasında Gecə Kralı ən dəqiq nizə atışı ilə “Vizerion”u öldürməyə cəhd edir.

Əjdahalar qarşılıqlı məhv vəziyyəti yaratmırlar

Keçən mövsümün sonuna qədər Deyeneris qüvvələri bütün digər qoşunlara qarşı mütləq üstünlüyə malik idilər, çünki o, üç əjdahaya sahib idi. Amma Gecə Kralının öldürdüyü və sonrada diriltdiyi “Vizerion” var.

7-ci mövsüm başa çatdıqda, “Vizerion”un mavi alovları Divarın bir hissəsini məhv edərək güc balansını dəyişdirib.

Bu, Vesterosda sülh və sabitlik deməkdirmi?

Bir çoxlarının fikrincə, nüvə silahlarının qarşılıqlı təhlükəsiz şəkildə məhv etmə (MAD) sabitliyi təmin edir: iki nüvə silahlı düşmən arasında müharibədən sonra hər iki tərəfi məhv edilməsi ehtimalı onları çəkindirir.

Bu nöqteyi-nəzərdən MAD, Birləşmiş Ştatlarla Sovet İttifaqı arasındakı “Soyuq müharibə”nin nə üçün isti savaşa dönmədiyini izah edir.

Lakin MAD prinsipi Vesterosda işləməyəcək. Ordular “Scorpion”larla əjdahaların yaratdığı zərərləri qismən məhdudlaşdıra bilər, beləliklə, kütləvi qırğın qaçılmaz olmur. Gecə Kralı da, göründüyü qədər, ordusunun nə qədər zərər çəkəcəyinə baxmayaraq, döyüşə hazır görünür. Amma əgər bunu etməsə belə, Serseya Lannister muzdlu ordusuyla mübarizə etməyə hazır olduğunu açıqlayıb. Ən azı bir böyük müharibə baş verəcək.

Bu necə olacaq?

2-ci mövsümdə (Kitablarda “Padşahların döyüşü”) Deyeneris bəsirət görür: Polad Taxtın dağılmasını. Bir çox başqa bəsirətlər həyata keçib; deməli, bu da ola bilər. Ancaq baş verdiyi təqdirdə, Taxt Otağını yandıran nədir? Ehtimal ki, əjdaha.

8-ci mövsümdə nə olursa-olsun, yadda saxlayın, istənilən hava qüvvəsi kimi, əjdahalar təklikdə döyüşü uda bilməz. Yer üzündə ən dağıdıcı silah siyasi qələbəyə zəmanət vermir. Bunun üçün ərazini tuta bilən ordu gərəkdir. Odur ki, hər bir teletamaşaçı kimi, biz də soruşuruq: bu, kimin ordusu olacaq?

Tərcümə: Strateq.az

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA