Tehran rejimi “erməni soyqırımı”nı tanıyacaqmı? - İranda qondarma “soyqırımı”la bağlı anım törənlərinə hazırlıq görülür

Tehran rejimi “erməni soyqırımı”nı tanıyacaqmı? - İranda qondarma “soyqırımı”la bağlı anım törənlərinə hazırlıq görülür

İran molla rejimi tərəfindən genişmiyaslı qondarma “erməni soyqırımı”nin adına anım törənlərinə hazırlıq görülür. Bu məqsədlə Tehran, İsfəhan, Şiraz, Yəzd, Kirman, Rəşt və Mazəndaran şəhərlərində bir sıra tədbirlər keçiriləcək. Törənlərə Ermənistan, Yunan Kipri, Yunanıstan, Livan, Fələstin, Rusiya, Ukrayna, Avstraliya, Fransa, Gürcüstan, Suriya, İraq, Misir, Argentina və digər ölkələrdən erməni din, siyasət və mədəniyyət xadimləri də qatılacaqlar. İranda fəaliyyət göstərən 40 erməni kilsəsində bu məqsədlə tədbirlər keçiriləcək.

Tehran-İrəvan informasiya birliyi

Ermənistanda ötən bir il ərzində Serj Sərkisyan hərbi xunta rejimi devrildikdən sonra, iqtidara gələn Qərb yönümlü güclər mümkün qədər ultraradikal milliyyətçi çevrələri küncə sıxmağa başlayıblar. Ona görə də, başda “Daşnaksütyun Partiyası” olmaqla bir sıra radikal erməni təşkilatları İran, Fələstin və Livana köçmək məcburiyyətində qalıblar. İlk dəfə olaraq, daşnakların mərkəzi qərargahı Tehranda məskunlaşmağa başlayıb. Bu barədə Tehranda fəaliyyət göstərən və ermənilərə məxsus araxmag.blogspot.com (İran ermənilərinin informasiya mərkəzi) və gündəlik erməni dilində dərc olunan “Alik” qəzeti (alikonline.com) açıqlamalar veriblər. Beləliklə Ermənistan və İran vahid informasiya məkanı yaratmağa başlayıblar. Bu prosesdə xüsusilə newshay.com, arir.org, ca-c.org, anchamber.com, iranahayer.com, “Tasnim İnformasiya Agentliyi”, parstoday.com, payvand.com, armeniasputnik.am, elam.com, noravank.am, patmaban.com, tert.am, armenianreport.com, news.am, newsarmenia.am, armenia.im və digər KİV-lər artıq ortaq projelər sərgiləyirlər. Son təbliğatlardan biri də 24 aprel günü münasibətilə bütün İran KİV-lərində qondarma “erməni soyqırımı”nın işıqlandırılması yer alır. Hətta bu məqsədlə İrəvanda xüsusi olaraq fars dilində hazırlanmış ədəbiyyatlar artıq Tehrana gətirilib.

Fereydan ermənilər və İran siyasəti

Bu ölkədə yaşayan ermənilər dini və sosial həyat tərzi baxımından iki qrupa bölünürlər. Bu xristian və islam inanclı qruplardır. Erməni əhalisinin İranda sayı 150 min nəfər olsa da, onların tən yarısı iqtisadi böhranlar ucbatından Avstraliyaya və oradan isə ABŞ-a mühacirət edirlər. Faktiki olaraq bu gün İranda 70-80 min nəfər arasında erməni yaşayır. Kompakt yaşadıqları məkan isə, İsfəhanın Boloqran, Çarghan, Xoygan, Zarne kəndləri,
Tehran, Şiraz və Rəşt şəhərləridir. Ermənilər faktiki olaraq, Tehranda fəaliyyət göstərən “Ararat Cəmiyyəti” tərəfindən idarə olunurlar. Bu təşkilatın nəzarətində isə 40 kilsə var. Həmin kilsələrdən 8-i Tehranda fəaliyyət göstərir. Özəlliklə 1963-cü ildən Harkan rayonu ermənilərin sıx şəkildə yaşadığı məkana çevrilib. İsfəhandakı “Novo Culfa Erməni Kilsəsi Yeparxiyası” isə İran və Hindistan erməni kilsələri mərkəzi statusu ilə fəaliyyət göstərir. Bu yeparxiya 1945-ci ildə xüsusilə maraq dairəsinə çevrildi. Çünki, Hindistan, Livan, Suriya, Fəlsətin, Misir, İordaniya, Küveyt, Bəhreyn, Somali, Yəmən və digər ölkələrdə yüzillərdir “qaraçı statusu” ilə köçəri kimi yaşayan erməniləri İsfəhan və Tehrana toplamaqla onlar Ermənistan və Dağlıq Qarabağda məskunlaşdırılacaqdılar. “Eçmiədzin Kilsəsi” isə vasitəçi statusu ilə çıxış edirdi. Elə bu dönəmdən indiyə kimi, İrandakı erməni yeparxiyası İrəvanın nəzarətindədir. Halbuki, XIX yüzilin sonlarından XX yüzilin ortalarına kimi İran erməniləri “protestant kilsəsi” statusu ilə fəaliyyət göstəriblər. Elə buna görə İngiltərə, Fransa və ABŞ daim ermənilərin yanında olublar. II Dünya Savaşı sonucunda keçmiş Sovetlər Birliyinin supergücə çevrilməsini görən İran erməniləri dərhal “ortdoks kilsəsi”nə üz tutdular. Bu, ermənilərin Rusiyaya könüllü şəkildə tabe olmaları demək idi. Pəhləvilər ailəsi və bu günkü molla rejiminin də Rusiya ilə dolayı yolla müttəfiq olmalarının səbəblərindən biri də bu amillə bağlıdır.

Protestant kilsəsi və “erməni soyqırımı”

Hal-hazırda İranda onların sayı 9 min nəfərə yaxındır. Bununla yanaşı, protestant kilsəsi ikiyə parçalanıb. Erməni və aysorlara məxsus kilsələrin bir araya gəlməsi artıq mümkün deyil. Tehran rejimi bu kilsənin İngiltərə və ABŞ-a bağlı olması və onların əli ilə Təbriz, Həmədan, Tehran, Aral və digər bölgələrdə missionerlik fəaliyyətlərinin qarşısını almaq taktikası ilə hərəkət etmək məcburiyyətində qaldığı üçün, bu addımları atır. Tehranda ermənilərə məxsus “Yevangel Kilsəsi” birbaşa ABŞ tərəfindən idarə olunduğu üçün, İran molla rejimi bəzi hallarda Vaşinqtonla olan əlaqələrini bu kilsənin vasitəsilə həyata keçirir. ABŞ-ın dəstəyi ilə ermənilər “Qoar Mesropyan adına Yevangel Məktəbi”, “Yevangel düşərgəsi”, rüblük “Surandak” dərgisinə malikdirlər. Erməni protestant kilsəsi İran, Livan, Suriya strategiyasında xristian əhalisi adına ön sırada yer tutur. XIX yüzilin başlanğıcında “International Antioch Ministries” missioner təşkilatının xətti ilə İranda 500 mindən 1 milyona kimi insanının xristianlaşdırılması layihəsi həyata keçirilib. Belə bir siyasətin sayəsində xristianlaşdırılmış kürdlər erməni və aysorlarla birlikdə Güney Azərbaycanın Salmas, Urmu, Xoy, Culfa, Mərənd, Tikantəpə, Makı, Qoşaçay, Sulduz və digər şəhərlərində 1917-1920-ci illərdə dəhşətli soyqırımlar həyata keçirilib. Onu da qeyd edək ki, bölgə protoxristian mədəniyyətinin beşiyi sayılır. Buranın önəmi ondadır ki, Güney Azərbaycan, Azərbaycan dövləti və Türkiyənin uzlaşdığı strateji nöqtə sayılır. Protestant kilsəsinin hədəfi Güney Azərbaycanın Qərb bölgələrini xristianlaşdırmaq, ya da orada dəhşətsaçan soyqırımlar törətməklə yerli türk əhalisindən təmizləmək idi. 1950-ci illərdə Tehranda Set Yeqnazarın rəhbərliyi ilə yenidən bu bölgələrdə missioner fəaliyyətlər proqramı irəli sürüldü. Bu, həm də “pəhləvi istibdadı”nın siyasəti ilə üst-üstə düşürdü. 1978-1985-ci illərdə “Hezbe Mücahidane Xəlq” (Xalqın Mücahidləri Partiyası) təşkilatı adı altında xristian ermənilər və kürdlər “Xomeynizmə qarşı silahlı mücadilə” adı altında Güney Azərbaycanın Urmu vilayətində 1917-1920-ci illərdəki kimi dəhşətsaçan soyqırım siyasətini dərinləşdirilməyə çalışıldı. Güney Azərbaycan aydınlar hərəkatının sayəsində bu hədəflərin heç biri baş tutmadı. Beləliklə də 1994-cü ildə isə, protestant kilsəsinə tamamilə son qoyuldu.

Tehran molla rejimi və ermənilər

Keçmiş Sovetlər Birliyi dağıldıqdan sonra, İsfəhandakı “Erməni Apostol Kilsəsi”nin mövqeləri molla rejiminin dəstəyi ilə gücləndirildi. Beləliklə yeparxiyanın nəzdində 3 yöndə kilsə siyasəti formalaşdırıldı. “Atrpatakan” (Güney Azərbaycan), “İsfəhan” və “Tehran” mərkəzli üçlü proseslərə təkan verildi. Quzey Azərbaycanın bağımsızlığına qovuşması İran molla rejimini əməlli başlı əndişəyə salmışdı. Qarabağ məsələsində Ermənistana dəstək məqsədilə 29 erməni məktəbi açıldı və dərsliklər, müəllimlərin maaşları dövlət büdcəsinə daxil edildi. Bundan əlavə, “dünyəvi dövlət” projesi əsasında Güney Azərbaycanda “Alban Kilsələri” və “Protoxristian kilsələri” qədim erməni-xristian abidələri adı altında əsaslı təmir edildi. Ermənistanın təhsil nazirliyi həmin məktəblərə müəllimlər göndərməyə başladı. Ermənistanla təmasları daha da inkişaf etdirmək üçün, molla rejimi Tehran, İsfəhan və Rəşt şəhərlərində qondarma “erməni soyqırımı” anıt abidələrini dövlət büdcəsi hesabına ucaltdı. Bununla yanaşı, Gilan vilayətinin Həştpər rayonunda qondarma “Dağlıq Qarabağ” rejiminin nümayəndəliyi açılıdı. Hətta burada Xankəndində Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərən “Ozodə Tolişstani Sədo” (Azad Talışstanın səsi) radiosunun xüsusi müxbir postu yaradılıb. “Atrpatakan Kilsəsi” projesi əsasında Güney Azərbaycanın Xoy, Sulduz, Urmu, Bostandərə, Makı, Mahabad, Marağa, Culfa, Tikab, Sayınqala, Qoşaçay, Nazlı, Tərkəvər, Sumay, Üşnü, Rövzə, Tərkəvər, Qarabağ və Bəzirqan bölgələrinə XIX yüzilin başlanğıcında olduğu kimi, köçəri kürdlərin yerləşdirilməsi və onlara maliyyə dəstəyinin verilməsi, sonucda xristianlaşdırılması taktiki – strateji hədəflər gündəmə gətirilib. Bu gün molla rejiminin Urmu vilayətinə mənşəcə kürd olan vali statusu ilə Qurbanəli Səadətin təyin edilməsi həmin siyasətin parçasıdır. Ona görə ki, valinin səlahiyyətləri yerli inzibati orqanların rəhbərlərindən daha çoxdur. Vilayətdə imkanlı kürdlərin vasitəsilə iri torpaq ərazilərinin, sənaye müəssisələri və ticarətin ələ keçirilməsi, yerli idarəetmə strukturlarında kürd məmurlarının sayının artırılması Tehran rejiminin ermənilərlə birgə uzaq hədəflərə hesabladığı məqsədlərə hesablanıb.


 

“Erməni soyqırımı” abidələrini mollalar da ziyarət edirlər

Rəşt, İsfəhan və Tehranda ucaldılan qondarma “erməni soyqırımı” abidələrini son illərdə ermənilərdən daha çox mollaların ziyarət etməsi düşünrücü proseslərdən biridir. Belə ki, Gilan vilayətində və onun mərkəzi Rəşt şəhərində bircə nəfər də olsun erməni yaşamır. Ancaq, ermənilər üçün abidə qoyulub. Hər il Azərbaycan Respublikasına qarşı olan və etnik separatizmi təbliğ edən qondarma “TMR” fəalları və Ermənistandan gəlmiş missionerlər birlikdə bu abidənin qarşısında baş əyir və əklil qoyurlar. Tehran rejiminin xüsusi göstərişi ilə yerli mollalar da məcburi şəkildə protokol qaydası ilə anım törənində iştirak edirlər. Məsələnin maraqlı tərəfi odur ki, İrandakı “erməni soyqırımı” abidələri dövlət büdcəsi hesabına qoyulsa da, onlara nəzarət Ermənistandakı “Erməni Soyqırımı Muzey İnstitutu” tərəfindən həyata keçirilir. Abidənin maketinin hazırlanması, memarlıq baxımından hansı məkanda yerləşdirilməsinin proyekti və tələb olunan məsrəflər buraya daxildir. Məsələnin maraqlı cəhəti odur ki, qondarma “erməni soyqırımı” abidələri İranda 2015-ci ildə, yəni bu uydurma tarixin 100 illiyi münasibətilə qoyulubdur.
Sırada ermənilərin Tehran rejiminin dəstəyi ilə Güney Azərbaycanda, özəlliklə də Urmu vilayətində son illərdə yüksək səviyyədə təmir olunan kilsələrin həyətində qondarma “erməni soyqırımı” abidələrinin açılması proyekti var. Urmu vilayətində son illərdə gizli şəkildə xristianlığın yayılması və bu dini qəbul edənlərin həmin kilsələrdə ibadət etməsi kimi hallar da müşahidə olunur. Bu kilsələrin dünyada tanıdılması məqsədilə ermənilərin və eləcə də protestant inanclıların bölgəyə turist statusu ilə axınlarının təşkil edilməsi Tehran rejimi tərəfindən idarə olunur. Beləliklə İran molla rejimi dünyaya mesaj vermək istəyir ki: “Urmu vilayəti tarixdə qədim erməni torpaqlarıdır. Buranın əsil sakinləri kürdlər, aysorlar və ermənilərdir. Türklər bir toplum olaraq, bölgənin hakim xalqı ola bilməz”.
Məqsəd Güney Azərbaycan aydınlar hərəkatının başlıca mərkəzi Urmu şəhərinin olması ideyasını pərdəarxasında saxlamaqdır. Urmu vilayətində yaşayan soydaşlarımız “Urmu gölü”nün ekoloji problemi, dəhşət saçan yoxsulluq, milli kimliyin inkarı, ana dilində təhsil və çəkinmədən digər problemlərin qabardılması, bu yöndə ardıcıl şəkildə apardığı mücadiləsi ilə Güney Azərbaycanın düşüncə mərkəzi roluna malikdir. Çünki, XX yüzilin başlanğıcında Güney Azərbaycanda modern düşüncə sistemi elə Urmudan başlamışdı. Tağı Rüfət kimi ünlü simalar Güney Azərbaycanda milli kimlik adına ilk orta məktəb, qəzet və kitab işini buradan başlamışdılar. XXI yüzilin başlanğıcında Urmu yenidən bu tarixi missiyanı öz üzərinə götürüb. Bu missiya kimsəyə qarşı olmadan toplumun barış və hüzur içində yaşaması konsepti deməkdir. Tehran rejimi XIX-XX yüzilliklərdə olduğu kimi Azərbaycan Türkünün kimliyinə qarşı ən ağır zərbəni elə Urmuda vurmağa çalışır. Ermənilərin və kürdlərin də bu prosesdə iştirakını təmin etməyin mahiyyəti budur.

Ənvər BÖRÜSOY, Hurriyyet.org

 

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA