Tehrandan Bakıya pislik – Ermənistan “sülhün carçısı” adlandırıldı    

Tehrandan Bakıya pislik – Ermənistan “sülhün carçısı” adlandırıldı  

 

İran XİN başçısı İrəvanda işğalçı ölkəni mədh edib göylərə qaldırdı; bəs İran ali dini liderinin Qarabağ bəyanatı necə olsun? Azərbaycandan etiraz: “Bu, çox böyük siyasi səriştəsizlik və həyasızlıq həddinə çatan bir davranışdır...” 

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin iki günlük Ermənistan səfəri başa çatıb. Musavat.com-un erməni qaynaqlarına istinadən verdiyi məlumata görə, prezident Serj Sərkisyan tərəfindən qəbul edilən Zərif səfər çərçivəsində öz ölkəsi adından işğalçı ölkəyə bir sıra ilginc reveranslar etməsi ilə yadda qalıb, hətta bu xüsusda “barıtı” gözlədiyimizdən də artıq edib.  

Xatırladaq ki, İranın baş diplomatı səfərinin birinci günü İrəvanda erməni həmkarı Edvard Nalbəndyanla keçirdiyi mətbuat konfransında iki ölkə arasında əlaqələrin “çoxsaylı istiqamətlər üzrə fəal inkişafda olduğunu” bildirib. Onu sözlərinə görə, İran və Ermənistan yaxşı qonşulardır. İran XİN başçısı həmçinin son illər tərəflər arasında siyasi və iqtisadi sahələrində əlaqələrin daha da möhkəmləndiyini qeyd edib. O sırada Zərif energetika və nəqliyyat sferaları, ekologiya və elm sahələri üzrə əməkdaşlığa diqqət çəkib. Bundan əlavə, o, beynəlxalq meydançalarda Tehrana verdiyi dəstəyə görə erməni tərəfinə minnətdarlıq edib.

Səfərin ikinci günü isə iranlı diplomat daha absurd açıqlaması ilə yadda qalıb. Belə ki, İran XİN başçısı Ermənistanı bölgədə “sülhün və əmin-amanlığın carçısı və təminatçısı” adlandırmaqla faktiki şəkildə təcavüzkar ölkəni mədh edib. Paralel surətdə Azərbaycanın, onun xalqının, o sırada yurd yerləri etnik təmizləməyə məruz qalmış 1 milyon azərbaycanlı müsəlman köçkünün qüruruna toxunub, şəhidlərimizin ruhuna hörmətsizlik edib.

Sözsüz ki, bir müsəlman dövlətinin, həm də qonşu müsəlman dövlətinin xarici siyasətinə başçılıq edən şəxsin belə qərəzli mövqeyi müsəlman ümməti adına ikiqat utancvericidir, islam ölkəsinə yaraşmayan davranışdır. Bütün bunlardan sonra Zərifin Rusiyanın erməni kökənli XİN başçısı Sergey Lavrov təki İrəvanda erməni həmkarı Edvard Nalbəndyanla bircə qucaqlaşıb öpüşməsi çatmırdı.

İstənilən halda, İran XİN rəhbərinin dediklərini Tehranın rəsmi mövqeyi kimi qəbul eləmək lazım gəlir. Əfsus ki, Bakıya qarşı Zərifin kobud manevrləri İran-Azərbaycan əlaqələrinin hazırkı inkişaf dinamikası ilə ciddi təzad təşkil edir. Siyasi ekspertlər də eyni qənaəti bölüşürlər.      

*****

“Bu, çox böyük siyasi səriştəsizlik və siyasi həyasızlıq həddinə çatan bir davranışdır. Əlbəttə ki, bu cür sözlər İran-Azərbaycan münasibətlərinin inkişafına xidmət edə bilməz”. Bu sözləri axar.az-a sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli Məhəmməd Cavad Zərifin Ermənistanı bölgədə sülhün carçısı və təminatçısı adlandırmasına münasibət bildirərkən deyib.

Image result for Qabil Hüseynli

O, son faktı heyrətamiz adlandırıb: “Necə ola bilər ki, İranın xarici işlər naziri Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın 20 %-ini işğal etməsi, bu ərazilərdəki əhalinin öz yurd-yuvalarından didərgin salması ilə bağlı faktları bilmir və onların üzərindən keçərək, Ermənistanı bölgədəki sülhün əsas təminatçılarından biri hesab edir və hələ də bizim torpaqlarımızın erməni işğalı altında olmasından bəhs etmir”.

Politoloqa görə, təəccüb doğuran məqam isə İranın həmişə Qarabağla bağlı məsələlərin nizamlanmasında iştirak edə biləcəyini bəyan etməsinə baxmayaraq, Zərifin bu istiqamətdə bir kəlmə də olsun danışmamasıdır: “Zərif çıxışında tərəflərin sülhyaratma prosesinə hansı məsələlərin mane ola biləcəyini, üstüörtülü şəkildə də olsa səsləndirmir. O, sanki qardaş bir ölkənin dünya siyasətində oynadığı rolu şərh edirmiş kimi Ermənistanı tərifləyə-tərifləyə, az qala göylərə qaldırır. Doğrusu, bu sözləri eşidən adamın qanı dona bilər. Maraqlısı isə budur ki, bölgədə ən çox silah ehtiyatlarına malik, Azərbaycana qarşı hər zaman təhdid və hədə mövqeyində dayanan İranın xarici işlər naziri Ermənistanın bölgədə sülhün carçısı olmasına dair bir fakt belə irəli sürməyib. Ermənistan əslində bölgəni çalxalayan, qarşıdurmalar yaradan və Rusiyanın itaətkar qulu kimi böyük dövlətin maraqlarını qoruyan bir köpək rolundadır. İran xarici işlər nazirinin bunu görməzdən gəlməsi həqiqətən də biabırçılıq və siyasi riyakarlıqdır”.

Politoloq bildirib ki, M. Zərif faktiki olaraq İran-Azərbaycan münasibətlərinə qarşı təxribat xarakterli hərəkət edib. “Zərif tərəfsiz mövqe sərgiləməsinin lazım olduğu bir vaxtda İran-Ermənistan münasibətlərinin ”tarixi qatları"ndan danışıb. Güman edirəm ki, Zərifin Ermənistanla olan münasibətlərindən danışması mümkün idi, ancaq müsəlman ölkəsinə qarşı təcavüzkar hərəkətlər törədən xristian ölkəsinin belə təriflənməsi nə müsəlman dininin, nə də beynəlxalq hüququn qaydalarına uyğundur. Yalançı və saxta fikirlərlə Ermənistanı mədh edən insanın bu cür yüksək kürsüyə yiyələnməsi məndə təəccüb doğurur", - deyə politoloq əlavə edib.

*****

Göründüyü kimi, gerçəkdə İranın baş diplomatı adi Qarabağ həqiqətlərini danmaqla öz ölkəsi adından Azərbaycana böyük bir pislik edib. Halbuki İranın ali dini lideri, hörmətli ayətullah Əli Xomeneyinin mövqeyidir ki, işğal edilmiş Dağlıq Qarabağ Azərbaycan torpağıdır və oradakı rejimlə hər hansı əməkdaşlıq haramdır.

Demək, Qarabağdakı separatçı rejimin arxasında duran işğalçı Ermənistanla əməkdaşlıq da haramdır. Bəs, gördüklərimiz necə olsun? Görəsən, cənab Zərif heç olmasa, öz ali dini liderinin mövqeyinin fərqindədirmi? Onun da fərqindədirmi ki, belə mövqe öz adında “İslam Respublikası” ifadəsi daşıyan İranı Qarabağ məsələsində islam dünyasından qopararaq, “sülh carçısı” Ermənistan və Rusiya ilə eyni cərgədə qoyur?

Maraqlıdır ki, Zərif bu günlərdə Bakıya da səfər edəcəyini söyləyib. Görəsən, o, Ermənistanda dediyini burda danmayacaq ki? Ümumiyyətlə, Bakıya gəlməyə üzü olacaqmı? Onu burada sərt suallar gözləyir...    

  • Hamısı
  • Loading...