“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

“Təhsildən yayınma sıradan olan bir məsələ deyil...”

Nadir İsrafilov

Son günlər tanış olduğum xəbərlər içərisində maraqli bir məlumat diqqətimi cəlb etdi. Azərbaycanda risk qrupuna daxil olan ailələrin yaşadıqları ərazidəki məktəblərdə aparılan monitorinqlər və araşdırmalar yuxarı sinif şagirdləri arasında dərsdən yayınma hallarının aşağı siniflərlə müqayisədə daha çox olduğunu göstərir.

Bunu trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib. O qeyd edib ki, əsas məqsəd uşaqları təhsildən yayındırmağa sövq edən halların aradan qaldırılması olmalıdır: “Komitə belə halların olmaması üçün risk qrupundan olan ailələrin yaşadığı ərazilərdə uşaqların təhsilə davamiyyətinin yüksəldlməsi üçün maarifləndirici tədbirlər keçirir. Biz həmin ərazilərdəki məktəblərdə uşaqların davamiyyəti ilə maraqlanaraq jurnallara baxırıq. Bu zaman hər hansı uşağın uzun müddət dərsə gəlmədiyini görürüksə, yerli icra qurumları ilə birlikdə həmin uşağın ailəsi ilə iş aparırıq. Eyni zamanda, həmin uşaqlarla da təhsildən yayınma, erkən nikah, əməyə cəlb olunma ilə bağlı söhbətlər aparılır. Bunlardan əlavə, məktəblərlə, müəllimlərlə, psixoloqlarla da iş aparılır ki, onlar bu prosesdən kənarda qalmasınlar".

Təhsildən yayınma faktları sıradan bir adi məsələ olmadığından belə araşdırmaların aparılması və bu istiqmətdə zəruri tədbirlərin həyata keçirilməsi yalnız təqdirə və alqışa layiqdir. Onu da nəzərə alsaq ki, DİM sədrinin təbirincə desək “icbari təhsil başa çatdıqdan sonra 9-cu sinfi bitirən məzunların 30-35 faizi təhsilini davam etdirmir, onlar kolleclərə qəbul üçün sənəd vermirlər, peşə məktəblərinə isə cəmi 1-2 faiz şagird gedir, ən yaxşı halda əmək fəaliyyətinə başlayır, ən pis halda isə işsiz olurlar, çünki peşələri də yoxdur”, onda problemin nə dərəcədə ciddi olduğunu, deyək ki, təkcə bir ildə təxminən 110 min 9-cuların 30-35 faizinin 10-cu sinfə keçməməsinin hansı rəqəm təşkil edə biləcəyini təsəvvür etmək o qədər də çətin deyil. Üstəlik məktəb yaşına çatmış uşaqların da məktəbə gec getməsi, rəsmi statistikaya görə, belə uşaqların məktəbə gələnlərin 10 faizini təşkil etməsi, bu uşaqlar arasında 8 – 10 yaşlıların olması problemin ciddiliyini bir qədər də artırır.

Rəsmi qurumlar tərəfindən ayrı-ayrı illərdə ölkədə nə qədər uşağın təhsildən yayınması ilə bağlı müxtəlif fərqli statistik rəqəmlər açıqlansa da, müşahidələr onu göstərir ki, bu say heç də az olmayıb, bu barədə ciddi düşünmək üçün kifayət qədər yetərlidir.

Bəs, görəsən, yuxarı sinif şagirdlərinin dərsdən yayınmasına səbəb nədir? Məktəbyaşlı uşaqların tədris prosesindən yayınmasına görə əsas məsuliyyəti kim daşıyır? Bu və bu kimi suallar uzun illərdən bəri gündəmdə olmaqla, daim düşündürücü xarakter daşıyıb, müxtəlif izahlarla, yanaşmalarla müşayət olunub. Bu kimi hallar dəfələrlə əsasən miqrasiya ilə, ailənin sosial vəziyyəti və ailə büdcəsinin aşağı səviyyədə olması, valideynlər tərəfindən uşaqların məcburi əmək fəaliyyətinə sövq olunması, erkən yaşda nikaha məcbur edilməsi, bəzi uşaqların sağlamlıq imkanlarınının itirilməsi, məktəb mühitinin deqradasiyası, repetitorluq institutunun intişar tapması və s. faktorlarla ilə izah olunub

Təhsillə az-çox maraqlananlar yəqin bilməmiş deyillər ki, bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə müxtəlif inzibati cəzalar nəzərdə tutulur. Bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə hətta cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir. Bizim Nazirliyin mövqeyi isə belədir ki, bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa "şüur"un üzərində çalışmaq lazımdır. Başqa sözlə, təhsilin dəyəri olmalı və ölkəmizin hər bir övladının, vətəndaşının təhsil hüququnun müqəddəs konstutision hüququnun olması, onun gələcəyi üçün təhsilin çox mühüm amil olmasını nəzərə almalıyıq. Bu işi istənilən bir məmurun, dövlət qurumunun işi kimi deyil, ümümmilli iş kimi qəbul etməyimiz daha düzgün olardı. Hər halda "şüurun üzərində çalışmaq” öz yerində qalsa belə bu müddət ərzində repetitorluğun meydanını daraldıb, məktəb rəhbərləri ilə bəzi valideynlərin alış-verişini məhdudlaşdırmaq yolu ilə şagirdlərin fərdi hazırlığa kütləvi cəlb olunmasının qarşısını almaq, məktəb mühitinin müəyyən qədər də olsa dirçəldilməsinə nail olmaq olar. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, geniş müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır. Ən başlıcası isə məktəblərdə tədrisin səviyyəsi qaldırılmalı, nizam-intizam möhkəmləndirilməlidir.

Əlbəttə, bu sahədə Nazirliyin mövqeyi başa düşüləndir. Bu təkcə sırf təhsil məsələsi olmayıb, bir sıra mədəni və mənəvi aspektlərə sıx bağlı bir məsələdir. İcbari təhsilə cəlb olunmanın Nümunəvi əsasnaməyə görə, yerli icra hakimiyyəti orqanlarının əsas vəzifələrindən biri, həmcinin bir neçə dövlət qurumunun funksional işi hesab etməklə, Nazirliyin bununla bağlı hər hansı təsir mexanizminə malik olmamasını, problemin çözülməsində ictimaiyyətin, medianın roluna ümid bəslənməsini də başa düşmək o qədər də çətin deyil. Çünki şagirdlərin məktəbdən yayınması bir çox sosial, regional, mental, səbəblərlə izah olunur ki, bu da ümumilikdə və bütövlükdə öz kompleks həllini tapmalıdır. Hər halda, bu kimi taleyüklü məsələnin çözülməsində kimlərin nə dərəcədə məsuliyyət daşımasından asılı olmayaraq, təhsildə dövlət siyasətinin həyata keçirilməsinə məsul olan ali icraedici dövlət qurumu kimi Təhsil Nazirliyi əsas yükü öz üzərinə götürməli, əlaqədar qurumlarla birlikdə rayonlar üzrə məktəblərdə mütəmadi olaraq monitorinqlər keçirməli, xüsusilə də, daha çox şagirdləri təhsildən yayınan rayonlara diqqət ayrılmalıdır. ilk növbədə icbari təhsildən yayınmanın metodologiyasını araşdırmalı, əlaqədar qürumların vəzifələri və məsuliyyəti barədə hökumət qarşısında konkret təkliflərlə çıxış etməlidir.

Bir halda ki, ali təhsilin hamı üçün əlçatan olmasını hədəfləmişik, deməli, hər bir yeniyetmə və gəncimizin tam orta təhsilini başa vurmasının, heç olmasa, ümumi icbari təhsildən kənar qalmamasının da qayğısına qalmalıyıq.

Loading...

QALEREYA