TELEVİZİYA VƏ RADİOLARDA DİLETANTLAR "AT OYNADIR"

TELEVİZİYA VƏ RADİOLARDA DİLETANTLAR "AT OYNADIR"

MTRŞ radio və telekanallara nəzarəti gücləndirməli, konkret cəza üsullarına baş vurmalıdır

Aparıcıların bir çoxu dilin normalarını kodub şəkildə pozur, efirdə milli-mənəvi dəyərlərə zidd vulqar ifadələr işlədirlər

Bu gün yerli telekanalların, o cümlədən radioların hamısında olmasa da, əksəriyyətində Azərbaycan dilinin normaları kodub şəkildə pozulur, aparıcıların bir qismi jurnalist adına, peşəsinə yaraşmayan savadsız, məntiqsiz, mənasız cümlələrlə tamaşaçının, eyni zamanda dinləyicinin qarşısına çıxırlar. Məhz elə buna görə də ayrı-ayrı vaxtlarda millət vəkilləri, ziyalılar, həmçinin peşəkar televiziya mütəxəssisləri bu barədə öz tənqidi fikirlərini səsləndirib və aidiyyəti qurumlar tərəfindən məsələnin ciddi şəkildə nəzarətə götürülməsinin vacibliyini vurğulayıblar.

Onu da qeyd edək ki, Milli Televiziya və Şurasının (MTRŞ) yetkili şəxsləri bir neçə dəfə televiziya və radio aparıcılarının çoxunun Azərbaycan dilini səlis bilmədiklərini bəyan etsələr də, görünən odur ki, bunun heç bir faydası yoxdur. Məsələn, adıçəkilən qurumun monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov mövzu ilə bağlı bu günlərdə verdiyi açıqlamasında təxminən, eyni mövqedən çıxış edərək, aparılan monitorinqlər zamanı özəl radioların efirində maarifləndirici layihələrin azlığının diqqəti cəlb etdiyini, "Televiziya və radio yayımı haqqında", eyni zamanda "Reklam haqqında" qanunların reklam və sponsorluqla bağlı tələblərinin pozulması hallarının aşkarlandığını bildirib. Bununla yanaşı, o, monitorinqlər zamanı radioların efirində milli-mənəvi dəyərlərə zidd mövzuların müzakirəyə çıxarılması ilə bağlı da bir sıra faktların müşahidə edildiyini vurğulayıb: "Xüsusilə "Media FM"-in efirində "Manpası" verilişində bu cür hallara tez-tez rast gəlinir. Bundan başqa, monitorinqlərdə bir sıra aparıcıların efir mədəniyyətinə, mənəvi dəyərlərə zidd açıq və sətiraltı ifadələrdən istifadə etməsi, verilişlərdə milli-mənəvi dəyərlərə zidd mövzularda müzakirələr təşkil olunması, verilişə zəng edən dinləyicilərin ələ salınması kimi hallar da aşkar edilib. Bütün qeyd olunan məsələlərlə bağlı konkret faktların əksini tapdığı geniş arayış hazırlanaraq Şura rəhbərliyinə təqdim edilib".

Gördüyünüz kimi, ölkədə fəaliyyət göstərən radio və televiziyaların işinə nəzarət edən qurum - MTRŞ da artıq bəzi aparıcıların efirdə milli-mənəvi dəyərlərə zidd mövzuları müzakirəyə çıxardıqlarını bəyan edib. Əslində, sözügedən qurum bir neçə dəfə istər radio, istərsə də telekanallarla əlaqədar buna bənzər tənqidi fikirlər səsləndirib. Lakin hələ də ortada konkret nəticə, yəni hər hansı aparıcının və ya radio, telekanalın ciddi şəkildə cəzalandırılmasına dair bir məlumat yoxdur. Buradan da belə çıxır ki, MTRŞ efir mədəniyyətinə zidd hərəkətlər edən və ya ifadələr işlədənləri tənqid etməklə işini bitmiş hesab edir.

Картинки по запросу MTRŞ

Halbuki qəzet, jurnal və elektron media ilə bağlı vəziyyət tamam fərqlidir. Belə ki, adıçəkilən sahədə çalışan sıravi jurnalistdən tutmuş baş redaktoradək "Kütləvi informasiya vasitələri haqqında" Qanunun və ya "Jurnalistlərin peşə davranışı qaydaları"nın tələblərini pozanlar Mətbuat Şurası tərəfindən öncə tənbel olunur, eyni hal təkrarlandıqda isə haqlı olaraq müvafiq formada cəzalandırılır, "qara siyahı"ya salınır. Odur ki, eyni və ya bir qədər fəqrli üsullarla, efirdə milli-mənəvi dəyərlərə zidd fikirlər səsləndirən, tamaşaçını ələ salan radio və telekanal aparıcılarına, hətta onların rəhbərlərinə də cəza vermək olar. Ümumiyyətlə, kütləvi informasiya vasitələrinin hansı sahəsində çalışmasından asılı olmayaraq, dövlət dili olan Azərbaycan dilkində səlis danışa, fikirlərini oxucu, dinləyici və ya tamaşaçıya aydın şəkildə çatdıra, cümlədə mübtəda, xəbər və ikinci dərəcəli üzvlərin yerini bilməyən, mürəkkəb cümlə qurmağa çalışarkən dilin normalarını kodub şəkildə pozanların mediadan kənarlaşdırılması daha məqsədəuyğundur. Çünki bu gün bəzi televiziya və radio aparıcılarının hıqqana-hıqqana danışmaqları bir yana, efir zamanı vulqar ifadələr işlətməkdən belə, çəkinmirlər. Və özlərini elə aparırlar ki, sanki məhz bu cür də olmalıdır.

Hələ bu, harasıdır. Əgər diqqət yetirsəniz görərsiniz kimi, yerli aparıcıların bir hissəsinin ya efirə uyğun səsi yoxdur, ya da görünüşü. Ümumiyyətlə, Azərbaycan dilini bilməyənlər aparıcıların sayı o qədər çoxdur ki, adam lap çaş-baş qalır. Bir də görürsən ki, efirə yenicə çıxmış birisi verilişin əvvəlindən axırınadək ədəbi dildə yox, məhz öz ləhcəsində danışır. Tamaşaçılar da əfsus ki, bunun fərqinə varmadan başlayırlar onu alqış atəşinə tutmağa. Bilirsinizmi niyə? Çünki bu gün əhalinin bir hissəsi savadsızlıq burulğanında olduğundan ədəbi dildə danışa bilmir və ona görə bu cür aparıcılar onlara daha yaxın gəlir. Məsələn, biri çıxır və «gedəcəm» əvəzinə «gedəjəm» deyərək, ləhcəsiylə sanki fəxr edir. Maraqlıdır, görəsən sözləri heç bir fonetik, qrammatik və s. qaydalara uyğun olmayan, Azərbaycan ədəbi dilində yox, məhz ləhcə, şivə və bəzən də vulqar ifadələrlə veriliş aparan bu aparıcılar hansı kriteriyalara görə efirə buraxılır? Ümid edirik ki, Milli Televiziya və Radio Şurası bu sual ətrafında düşünərək, mövzu ilə bağlı qeyd olunan, həmçinin qurumun özünün aşkar etdiyi nöqsanların tezliklə aradan qaldırılması istiqamətində əlindən gələni edəcək, radio və telekanallara nəzarəti gücləndirəcək, konkret cəza üsullarına baş vuracaq.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...

QALEREYA