“Təlimatları harada, necə aldıqlarına qədər bilirəm” - İSGƏNDƏR HƏMİDOV

“Təlimatları harada, necə aldıqlarına qədər bilirəm” - İSGƏNDƏR HƏMİDOV

“Qarabağ Komitəsinin 29 sentyabr mitinqinə icazə veriləndə mənə dedilər ki, mitinqdə çıxış eləmə”

Qarabağ Komitəsində ötən həftə baş verən istefalar qurumun daxilində gərginlik yaradıb. Qarşılıqlı ittihamlarla müşahidə olunan prosesə sabiq daxili işlər naziri İsgəndər Həmidovun təşəbbüsü ilə yaranan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsinin yaradılması əlavə gərginlik gətirib. Baş verənlərlə bağlı AXH-nin İdarə Heyətinin üzvü, sabiq daxili işlər naziri İsgəndər Həmidovla danışdıq.

- İsgəndər bəy, Qarabağ Komitəsində nələr baş verdi ki, istefa verdiniz?

- Qarabağ Komitəsindən hələ üç ay öncədən çıxmaq istəyirdim. Pənah Hüseynin xətrini çox istəyirəm, o xahiş etdi ki, getmə. Qarabağ Komitəsinin 29 sentyabr mitinqinə icazə veriləndə komitənin iclasında mənə dedilər ki, mitinqdə çıxış etmə. Başa düşdüm ki, mənim çıxışım bunlar bunlara sərf etmir. Mən isə bəyan etdim ki, mütləq çıxış edəcəyəm, özü də necə istəyirəm elə danışacağam. Sonra xahiş etdilər ki, heç olmasa çıxışında hakimiyyətin üzərinə sərt getmə. Dedim ki, kimsə mənə necə danışmağı diktə edə bilməz. Mitinq oldu və çıxış etdim. Mitinqdən sonra Qarabağ Komitəsində mənim çıxışımı müzakirəyə qoydular.

Nədən siyasi çıxış etdiyimi, sərt danışdığımı sorğulamağa başladılar. Çox baş qoşmadım, dedim qoy bir az danışıb ürəklərin boşaltsınlar. Növbəti mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə məktub hazırlananda dedilər ki, İsgəndər Həmidov, Mirmahmud Mirəlioğlu və Əvəz Zeynallı məktuba imza atmasınlar. Səbəbini soruşdum, dedilər hakimiyyətdə olanlar sizlərin mitinq məktubunda adınızın, imzanızın olmasından qıcıqlanır. Bu söhbət aramızda mübahisəyə səbəb oldu. Sonra Akif Nağı dedi ki, onu Bakı Şəhər Baş Polis İdarəsinə çağırıb mənim mitinqdə sərt çıxış etməsinin səbəbini soruşublar və ciddi irad bildiriblər. Mən də Akif Nağıya dedim ki, mənə görə sən niyə cavab verməlisən, çağırırdılarsa məni çağıraydılar. Axı mən Akif Nağını heç vaxt səlahiyyətli nümayəndəm və ya vəkilim təyin etməmişəm.

Qarabağ Komitəsinin ümumi işi xatirinə mitinq üçün müraciətə kimlərin imza atması məsələsində güzəştə getdim. Lakin mən güzəştə getdikcə, oradakı bəzi adamlar daha irəli getdilər, elə danışırdılar ki, sanki bütün uğursuzluqlarının, mitinqlərə icazə verilməməyinin səbəbkarı mənəm. Beləliklə, mən təxminən üç ay öncə Qarabağ Komitəsindən istefa vermək qərarımı açıqladım. Pənah Hüseyn xahiş etdi ki, istefa vermə qal. Mən də buna görə istefamı rəsmən bəyan etmədim, amma faktiki komitənin iclaslarına demək olar ki, qatılmırdım. Qarabağ Komitəsində xətrini istədiyim, səmimi adamlar da var. Amma elə adamlar da var ki, orada olmaları səmimi deyil, hakimiyyətdəki qruplara bağlıdırlar, onların təlimatları ilə hərəkət edirlər. Təlimatları harada, necə aldıqlarına qədər bilirəm. Hətta kimin bağına gedib görüş keçirdiklərini də... Həmin adamlar Qarabağ Komitəsini hakimiyyətin bir şöbəsinə çevirmək istəyirlər. Ona görə də keçən həftə istefamı rəsmən iclasda elan etdim və getdim. Oradaca bəyan etdim ki, Qarabağ kimi müqəddəs işimizdə alverə, möhtəkirliyə göz yuma, şərik ola bilmərəm.

- Kimlər alverə gedirlər, hakimiyyət düşərgəsindən təlimatlar alırlar?

- Konkret adlardan bəzilərini iclasda istefamı elan edəndə açıq bəyan etdim. Yəni mən arxada danışmamışam, üzlərinə demişəm. Canlı yayım gedən iclasda istefa verib çıxanda üzümü Akif Nağıya tutub dedim ki, siz-Qarabağ Azadlıq Təşkilatı hakimiyyətə işləyirsiniz.

- Akif Nağı isə sizi ittiham edib. Deyib ki, İsgəndər Həmidov çoxdan getmək istəyirdi ki, sadəcə bəhanə axtarırdı...

- Zəng edib Pənah Hüseyndən soruşun görün mən nə vaxt Qarabağ Komitəsindən getmək istəyirdim. Bəhanəyə isə ehtiyac yox idi. Çünki gedişim üçün yuxarıda sadaladığım səbəblər var idi. Məni 3 ay öncə Pənah Hüseyn “mən ölüm” deyib oradan rəsmi getməyimin qarşısını almışdı. Mənim hədəfim hakimiyyətdir, Akif Nağı deyil. Akif Nağı çox kiçikdir. Mənim o cür kiçik hədəfim ola bilməz.

- Qarabağ Komitəsi fəaliyyətdə ola-ola sizin təşəbbüsünüzlə yaranan Azərbaycan Xalq Hərəkatı daxilində Qarabağ Komitəsi hansı zərurətdən irəli gəldi? Buna ehtiyac var idimi?

- Qarabağ Komitəsi yaranmaq ideyası Azərbaycan Xalq Hərəkatının hələ təsis konfransından öncə var idi. Bunu bəyan da etmişdik ki, AXH-nin nəzdində mütləq Qarabağ məsələsi ilə məşğul olan komitə olmalıdır. Bütün partiyaların da daxilində Qarabağla bağlı komissiyalar, komitələr var. Bundan narahat olmaq və uzağa gedən nəticələr çıxarmaq yox, sevinmək lazımdır ki, Qarabağ məsələsi bütün qurumların diqqətindədir. Burada heç bir alternativ yaratmaqdan söhbət gedə bilməz. Qarabağ məsələsində alver edənlər əgər düşünürlərsə ki, İsgəndər Həmidov Qarabağ Komitəsinə alternativ yaradıb, böyük səhvə yol verirlər.

- AXH İdarə Heyətininn üzvü Elşad Musayev isə deyib ki, bəziləri Qarabağ məsələsini inhisara almaq istəyirlər və AXH-də Qarabağ Komitəsinin yaradılmasına narazılıq edilməsi həm də bununla bağlıdır.

- Qarabağ məsələsini heç kim monoplyaya ala bilməz. Elşad tamamilə düz deyib. Qarabağın azadlığı silahlı qüvvələrimizin əməliyyatlara başlamasından keçir. Biz hökuməti məcbur etməliyik ki, hərbi əməliyyatlara başlansın.

- İstefa verdiyiniz Qarabağ Komitəsinin sıralarında çox az sayda Qarabağ döyüşçülərinin olduğunu, döyüşçülərin AXH-dəki Qarabağ Komitəsində olduğunu deyirlər. Doğrudanmı belədir?

- Biz Qarabağ Komitəsini yaradarkən AXH-nin İdarə Heyətinin üzvlərindən iki nəfəri-Əhməd Orucu və keçmiş döyüşçü Həsən bəyi həmsədr seçdik. Mən gözlədiyimdən yüksək səviyyədə keçmiş döyüşçülər, polkovniklər, mayorlar, kapitanlar-döyüşdən keçmiş insanlar AXH-nin Qarabağ Komitəsinə gəldilər. Bu cür insanların olması Qarabağ Komitəsinə üstünlük verir. Mənim özüm də Qarabağ Komitəsinin sıravi üzvüyəm. Mən AXH-nin nəzdində yaranan komitənin tərkibindən çox razıyam.

- Akif Nağı isə musvat.com-un canlı yayınında sizi torpaq uğrunda döyüşən görmədiyini bildirdi. Mərhum qardaşınız Sərdar Həmidov barədə isə “Tərtərin icra başçısı idi, rayonu qorumaq onun vəzifəsiydi” fikirini işlətdi...

- Akif Nağı böyük səhv edir. Sərdar haqqında o cür danışmaq ən böyük allahsızlıqdır. Sərdar icra başçısı olmazdan öncə batalyon komandiri idi, döyüşürdü. Sərdar Həmidov icra başçısı olanda kabinet üzü görmürdü, səngərlərdə olurdu. İkincisi, Sərdarın və İsgəndər Həmidovun harada vuruşmağını, torpaq uğrunda döyüşdüyün Akif Nağı bilməz. Akif Nağı döyüşdə olmayıb, səngərdə olmayıb, erməni ilə döyüşdə üz-üzə gəlməyib. O, hardan bilə bilər ki, kim torpaq uğrunda döyüşüb. Bunu torpaq uğrunda döyüşənlər daha yaxşı bilir ki, kim döyüşüb. Akif özü bilməz, mənim döyüşüb-döyüşmədiyimi keçmiş döyüşçülərdən soruşsun, Bakatinin, keçmiş KQB sədri Vaqif Hüseynovun kitablarını oxusun, oradan da bir şeylər öyrənə bilər. Mən keçdiyim döyüş yolunun xəritəsini sinəmə yapışdırıb gəzməli deyiləm ki, Akif Nağı oxuyub öyrənsin. Sərdar haqqında allahsız danışmasınlar, getsinlər alverlərini eləsinlər. Ümumiyyətlə o, cür adamlar Sərdar kimi şəxsiyyətlərin adını çəkib kişi söhbətinə qarışmasınlar. Bəlkə, Akif Nağı Tərtərin işğalının qarşısını alıb biz bilmirik?! Bu gün sabah desə ki, Tərtəri mən qoruyub saxlamışam təəccüblənməyin.

-Pənah Hüseyn isə bizə müsahibəsində bildirib ki, son zamanlar Qarabağ Komitəsinin ətrafında hansısa əməliyyatlar qurulduğu sezilirdi. Sanki üstü örtülü də olsa sizin istefanızı da bu sıraya aid edirdi...

-Mən inanmıram ki, Pənah Hüseyn məni nəzərdə tutsun. Çünki Pənah Hüseyn dəqiq bilir ki, mən Qarabağ Komitəsindən üç ay öncə faktiki olaraq getmişəm, sadəcə adımı formal olaraq orada saxlayırdılar. Mənə “mən ölüm hələ istefanı elan etmə, getmə” deyib saxlayırdılar. İkincisi, Qarabağ Komitəsi nə iş görürdü ki, onun ətrafında əməliyyat qurulsun. İş görənlərin ətrafında əməliyyat qurular. Qarabağ Komitəsi mitinq üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edir, cavabları “yox” olur, bunlar da “baş üstə yox deyirsiniz yox olsun” deyib təzədən bir də müraciət edirlər və bunların işləri bundan ibarət olur.

-Deyilənlərə görə, narazılıqlardan biri icazəsiz mitinqlərə gedib-getməmək məsələsi ilə bağlı olub.

-Mən bu cür müzakirələrdə iştirak etməmişəm. Dediyim kimi, mən üç ay idi o qurumun formal üzvü idim, iclaslarında iştirak etmirdim. Amma bildiyim qədər mitinqə icazə verilmirsə icazəsiz mitinq etməyin tərəfdarları da var. Akif Nağı deyirsə ki, Qarabağ Komitəsində icazəsiz mitinqə getməkdə təkid edənlər var, həmin adamları hakimiyyətin hədəfinə gətirir. Bu təzə üsuldur, yəqin ki, ona təlimat bu cür gəlib ki, Akif Nağının yolu təmizlənsin.

-Bundan sonra Qarabağ Komitəsindən AXH-nin nəzdindəki Qarabağ Komitəsinə qoşulanların olması gözlənilir?

-Mən istefamı elan edəndə belə şayiə yayıldı ki, guya mən hamı ilə danışmışam ki, istefa verirəm ardımca sizlər də gəlin. And olsun Allaha sən məni yaxşı tanıyırsan, mən heç kimə belə bir şey deməmişəm. Sonradan istefalar oldu. Bundan sonra kim AXH-nin nəzdindəki Qarabağ Komitəsinə üzv olsa biz ona etiraz etməyəcəyik, qucaqlayıb qəbul edəcəyik. İnsanların seçiminə hörmət edilməlidir.

-Sizin barənizdə “İsgəndər Həmidov hansısa dairələrin sifarişini yerinə yetirir” fikirlərini ortaya atıblar. Sizcə burada məqsəd barənizdə şübhə toxumu səpmək ola bilərmi?

-Bu şübhə toxumunu səpənlər görən qanmırlar ki, mən 10 il türmədə yatmışam, həbsdə 7 il 3 ay tək qalmışam, qapalı türmədə olmuşam. Məni indi kimsə öz dairəsində saxlaya bilməz. İsgəndər Həmidovu hansısa dairələrin sifarişi ilə hərəkət etməkdə suçlamaq ağıldan kəmlikdir. Akif Nağı və ya digərləri məni özləri kimi bilməsinlər. Mənim barəmdə şübhə toxumu yayılması məhz AXH yaranandan sonra başlayıb. 26-27 il öncə olan videoaların belə təhrif edilmiş formada meydana çıxarılıb təqdim edilməsi də məhz AXH-nin yaranmasından sonra oldu. Bütün bunlar kimlərinsə narahatlıq keçirməsindəndir./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA