Tənqidçinin şəxsiyyəti, elmin fəziləti…

Tənqidçinin şəxsiyyəti, elmin fəziləti…

...yoxsa alimin qəbahəti?!

Polemik söhbət

Sənə demədim, barıtını az eylə!

M.F.Axundovun bir pyesindən

İstərdim yazıma bir fabula olaraq yaradıcılığın təbiətindən başlayım; çün bu fenomenal məfhum daima sirrini qoruyan möcüzədir. Ona görə ki, proses Allah təala ilə yazarın (xüsusilə, şairin) arasında – bağlılığında baş verən bir mübhəm işdir. Əgər şairdən soruşsan belə qəribə (yaxşı mənada) şeiri necə yazdın, axı dünən bütün günü işdə, yaxud iclasda olmusan, başın qarışıq olub, indi şeiri oxuyarsan heyrətlənməyə bilmirəm.

Cavab alınmayacaq, izahında yəni yaranma psixologiyasının gedişində susmağa üstünlük verəcəkdir. Əgər şair bu prosesin şərhindən kənarda qalırsa, alim necə dəqiq deyər, yalnız proqnoz irəli sürər. İlahi vergi, istedad, zəhmət və sairi dilinə gətirər. Necə ki, hər dəfə yaradıçılıq haqqında danışarkən onun təzahürü olan istedadın fərdi olduğunu təsdiq etmək məcburiyyətində qalırıq və təsdiqləyirik ki, yaradıcılıq həm də şəxsiyyətin xüsusi psixi fəaliyyətinin məhsuludur, Qeyd edək ki, insan fəaliyyəti hansı sahədə olursa-olsun, əgər cəmiyyət üçün gərəklidirsə, deməli , bu fəaliyyətin daşıyıcısı hec də hamıya nəsib olmayan intellektual səviyyəli və emosional ovqatlıdır, onun təxəyyülü bədii-estetik zövq aşılayan fərdi yaradıcılıq fikrinin aktıdır.

Yaradıcılıq olmayan fəaliyyət prosesi eninə və dərininə qanun və qanunauyğunluğun mahiyyətinə nufuz edə bilməz. Şübhəsiz, bu təfəkkürün tarixi inkişaf mərhələsinə xas olub, onun tükənməz qüvvəsinin yeni əsaslarla daha da cilalayan yaradıcılıq qabiliyyəti şüurunda cəsarətli fikri əməliyyatlar yaranmasına imkan verir. Müasir insanın yaradıcı təxəyyülü gerçəklikdən ayrılmadan səmərəli produktiv fəaliyyətə daha çox meyillidir.

Yaradıcılıq bioloji təkamül, ictimai inkişaf yolunda formalaşan ideal obrazların və onların vasitəsilə yararlanan inikanın xüsusi formasıdır: alimlərin dili ilə desək «Mənimsəmənin yeni forması, yəni idrakın bədii yaradıcıfıq forması bizim təcrübələrimizdən, ictimai və fiziki sərbəstliyimizdən, dünyanın adamlar və interyerlər ilə yüklənməsindən, elm və texnikanın daxil etdiyi yeni amillərdən irəli gəlir».

Yaradıcılığın inkişafında ilk faza müşahidədir. Bütün düşünçə aktı buradan başlayır və obyektin birbaşa psixikasına təsirini reallaşdırır. Yəni, müşahidəçinin yanaşana və zövqünə uyğun şəkildə onun fantaziyasını «oyadır», müəyyən obrazlar, detallar, situasiyalar və s. yaradır. Müşahidəsiz obyekt qeyri-real atributlarla, rəmzlərlə müşahidə olunur. Xüsusilə, əgər təxəyyüldə müəyyən yaradıcı hazırlıq, bədii informasiyalar varsa, müşahidə yaradıcılığı çağırır, bir növ stimul yaradır. Sənət adamlarının həyatında istənilən belə hadisələr çox baş verir. Məsələn, Lev Tolstoy «Anna Kapenina» romanında Anna obrazını müxtəlif psixoloji-fiziki situasiyalarda vermişdir: Bir vəziyyətdə Anna özünün qadınlıq sevinclərini büruzə verməlidir - yaşamalıdır.Lakin necə? Yaşaya bilərmi?

L.Tolstoy arvadı Sofiya Andreyevnanın kabinetində oturub, xalatın qolundakı çox qəşəng ağ ipək tikməsinə baxması nəticəsində bütov bir fəsil yaratmışdır. Yazıçının gündəliyindən: «Bu haqda düşünürəm ki, bəzəkləri tikmələri icad etmək insanların ağılına necə gəlir, qadın işlərinin müşahidələrinin, düşüncələrinin bütöv bir aləmi burada mövcuddur ki, qadınlar da bunlarla yaşayırlar. Bu çox şən iş olmalıdır, mən də başa düşürəm ki, qadınlar onu sevib məşğul ola bilirlər».

Yaradıcılığın təbiətinləki fərdilik, təkrarsızlıq üç cəhətdən xarakterikdir:

Birinci yaradıcılığın kommunikativliydir, yəni bədii yaradıcılığı götürsək, onun çevrilmə, dəyişmə və dərketmə xüsusiyyətiylə bağlıdır. Filosof E.Lunyenin fikirincə, bədii yaradıcılıq şəxsiyyətin öz ifadəsi kimidir, sənətkarın insanlarla ünsiyyətə girmə vasitəsidir.

İkincisi bədii yaradıcılıq halında deyil, ayrı-ayrı cəhətləriylə yanaşmaqdır. Bu sahədə maraqlı tədqiqatlar aparmış Dyufreta bu prosesdə əsas aparıcı olan ideyanı, dünyagörüşünü, ilhami, xəyali və s. götürmüşdür.

Üçüncusü beyin informasiyanın qəbuletmə fəaliyyətidir. Bu mərhələdə də informasiya xüsuşi rol oynayır.

Yaradıcılıq geniş və dərin şüur aktıdır, konkret istiqamətə də çox bel bağlamır; çünki bu onun təbiətindən irəli gəlir. Deməli, insanın, xüsusilə yaradıcı şəxsin davranışı qəbul olunmalıdır.

Yaradıcılıq psixologiyası çox maraqlı məsələdir bir neçə rakursdan, deyək ki, bədii söz ustaları günün hansı saatlarında işləyir və neçə saat məhsuldar fəaliyyət göstərirlər. Tişə sənətkarları daş-qaya ilə nə qədər əlləşib bir hala gətirirlər. Bəstəkarlar yol gedəndə, musiqiyə qulaq asanda, təbiətin seyrinə dalanda dodaqaltı mızıldayırlarmı, not üçün darıxırlarmı. Və digər sənət-peşə adamları da buna bənzər yaradıcılıq işilə məşğul olurlar. Bəs alimlər necə? Sual həmişə məni düşündürmüşdür. Və uzun illərdir bu mövzu məni yazar laboratoriyasına aparmışdır, maraqlı detallarla, nüanslarla qarşılaşdırmışdır, həm canlı ünsiyyətilə, həm də xatirələrin işığı ilə.

V.Hüqo fikri səpələnməsin deyə başını, saqqalını qırxır, sonra qayçını pəncərədən bayıra atır ki, iki həftəliyə özünü «həbsə» məhkum eləsin.

Romen Rollan yazdığı müddətdə arabir royalda çalırmış. O.Balzak gecələr işləyir, yaxın adamların rahatlığını pozurdu.

A.Düma (ata) üçün yazmaq dostlarını şama dəvət etməkdən başlarmış.

Yenə o sual yarandı: Bəs alimlər necə? Və daha bir sual da səsləndi: Bədii söz sahibi, deyək ki, şair necə, hansı ovqatda və şəraitdə yazırlar elm adamlarından fərqli şəkildə? Şair ilhamsız, poetik fantaziya olmadan yazmaq istəmir (özünə hörmət edənlərdən danışırıq), mövzu təxəyyülündə dolaşırsa – şəraitdən, gecədən, gündüzdən asılı olmadan – yazır, sinəsini boşaldır. Şair qafiyə barədə düşünmür, ritm də həmçinin, başqa poetik atributlar da eləcə. Alimin işi «fəna» olmasa da ağırdır, ləngərlidir, fiziki dözümlülükdür və sairə. Amma bu, ona haqq qazandırmır, ona ilham, ovqat, məqam lazım deyil. Belə sadəlövh düşünməzdim. Alim özünü elmə bağlayırsa hisslərdən, ürək çırpıntısından, məişət qayğılarından uzaqda dayanır – xeyr! Alim yaradıcılığında da mövzu axtarışı, obrazlı düşünmə tərzi, fikrin çevikliyi, söz rabitəsinin bağlılığı, ideyanın sonluğu və s. mütləq vacib faktordur. Bunların bir alim varlığında birləşməsi hələ elmi əsərin hasilə gəlməsi kimi səciyyələndirilə bilməz. Onun üçün həmin alimə fəlsəfi məntiqdən, bədii-estetik zövqdən, daxili-təbii dəyərdən ibarət «üçlük»dən qaynaqlanan fərdi üslub lazımdır. Bu gün ən üzdə olan (!) titullu alimlərimiz sanki Dostoyevski demişkən: «Qoqolun «Şinel»indən çıxmışlar. Həqiqətə dodaq büzməzlər: Alimin öz üslubu ona görə yaranmır ki, savadı, dünyagörüşü məhduddur, təsirədüşmə vərdişi yaradıcılığından kənarda qalmır, nədirsə, mövzu qane edirsə…masa arxasına keçməsi qalır. Daha doğrusu, peşəkar alimlərimiz mövzu axtarışı üçün nədənsə darıxmırlar, bu, mümkün həqiqət o vaxt özünü doğruldar - «köhnə» mövzunu yeni biçimdə, yeni çalarda və fərdi üslubda yazmağa dəyər. Amma görünən nədir: tənqidin elmsizliyi, qeyri-dəqiqliyi və peşəkarlıqdan uzaqlığı. Yazan yoldaş xatırlamalıdır ki, tənqidçinin (ədəbiyyatşünasın) mühüm vəzifəsi bütövün hissələrdən formalaşması prosesini izləmək, ədəbi məhsulların müəlliflərinin bədii üslubunu mənimsəmək haqqında yazdığı əsərin strukturunu ortaya qoymaqdır. Həmin ədəbi simanın müxtəlif mövzulu əsərlərini müqayisə etməkdən çəkinməməlidir. Klassik tənqidçilərimiz (M.Arif, M.Cəfər, Əhəd Hüseynov, B.Nəbiyev, Qulu Xəlilov, Ş.Salmanov, Y.Qarayev) iki müxtəlif müəllif romanlarını müqayisə etmiş və konkret qərarlarını vermişlər. Deyək ki, Q.Floberin «Madam Bovari» romanında təhkiyənin və mövzunun vəhdəti təmin olunduğu təqdirdə L.Tolstoyun «Hərb və sülh» əsərində vəhdət pərakəndəliyinin pozulması məsələsini qeyd etmişlər. Deyək ki, eyni mövzudan götürülmüş S.Rəhimovun «Şamo» əsərilə Əyyub Abbasovun “Zəngəzur” romanındakı vəhdət məsələsi. Yaxud, hər iki romanda təhkiyə strukturuna müəllif yanaşması.

Tənqidçi nəsr təhkiyəsindən yazırsa təhkiyə məsafəsinin tipləri və növləri konsepsiyasından xəbərdar olmalıdır. Axı, bir «nəsr anlamı» anlayışı mövcuddur və bu ədəbiyyatşünaslıqda belə təsnif edilmişdir:

1. Sənət əsəri informatik mənbə deyil, obyektdir.

2. Obyekt qismində sənət əsəri müəllifdən ayrı mövcuddur.

3. Sənətkardan asılı olmayan obyekt qismində olan əsər üzvi və bütöv struktura malikdir.

Tənqidçi yeni yaranan romanlarda, povestlərdə adi görünənləri yox, həyatın mürəkkəbliyini və ziddiyyətlərini hamarlamayan, insanları cəmiyyətin işıqlı və qaranlıq cəhətlərini özündə ehtiva edən şəxsiyyət tiplərini aşkara çıxarmalıdır. Bu gün əsərlərə şəxsiyyət konsepsiyasının cəsarəti, birbaşa sözünü deməsi, gənc nəslin mövcud gedişlə haraya, hansı «uçuruma» getməsi problemi hopmalıdır. Yeniyetmələrin və gənclərin özünəqəsdi, intihara cəhdi, valideynlərinə qarşı sözlə və əməli işilə təcavüzü adiləşməkdədir. Bunlar maraqlıdır ki, titullu və nüfuzlu yazıçıların gözü qabağında baş verən proseslərdir. Axı bədii ədəbiyyat dünyanın taleyi üçün məsuliyyət daşıyan bir vasitədir. Axı bu gün dünyada ikitərəfli konsepsiya mövcuddur: həyat insanı yaradır, insan həyatı yaradır, müəyyən mənada şəxsiyyət konsepsiyası həyat konsepsiyasının bədii inikası, açılması sahəsidir. Nəsrimizdə belə yanaşma mövcuddur, amma bir çox tənqidçilər xarici ədəbi-nəzəri problemlərin düsturlarını improvizə etməklə, məqaləsinə qəribə, əyləndirici ad qoymaqla məşğuldur. Və bəzi qəzetlər də belə təlqin pafoslu yazıları məmnunluqla çap edir! Yeni tənqidçi psixologiyası yaranmaqdadır: müxtəlif xarici mənbələrdən keçmiş ədəbi simaların intim, qaranlıq həyatlarını təbliğ etməklə məşğuldurlar. Və başdan, yəni məqalələrinin baş qəhrəmanları L.Tolstoy, F.Dostoyevski, C.Bayron, G.Mapassan, Stendal, E.Zolya, C.London, S.Yesenin, A.Çexov və başqalarıdır. Həmin cızma-qaraların müəlliflərindən soruşmaq gərəkdir: Həmin ədəbi simaların millətinə məxsus tənqidçiləri, araşdırıcıları «qaranlıq» həyatdan belə bu dərəcədə həvəslə yazırlarmı? Bəs sizə, əzizlərim, nə olmuş ki, cani-dildən Bakıda oturub Amerika, rus, fransız, ingilis, ispan və s. ölkələrin yazıçılarından, şairlərindən yeni nəsil oxucularına nəyi aşılayırsız? Mən onları qınamıram, onları çap edən mətbuat orqanlarından gileylənirəm. Beləyə qalsa özümüzün klassiklərimizin «pərdəarxası» həyatından maraqlı hadisələri axtarıb tapın, arxivlərə üz tutun. Məgər bizim klassiklərin ömür yollarında «qalmaqallar» olmamışmı?

Tənqidçilər yaradıcılıq psixologiyası kontekstindən çıxış edib yazırlarsa, mövqelərində «Ən yaxşıları»nı fərqləndirməklə məşğul olurlarsa, tərəfkeşlik parametrlərinə güvənirlər: bu filənkəsdir, vəzifə sahibidir, titullara malikdir, çoxcildli seçilmiş (yaxud seçilməmiş) əsərləri nəşr edilmişdir və s. Tənqidçi (ədəbiyyatşünas) bir araşdırıcı şəxsiyyət olaraq yalnız sosial yox, eyni zamanda əxlaqi, psixoloji bir fenomenin daşıyıcısıdır. Belə bitərəf münasibətlərin ucbatından gənc, nisbətən yaşlı yazıçılarımız yeni romanlar, povestlər yazmışlar – bəs onlar nə üçün ədəbi gündəliyə düşmürlər? Nədir günahları? Birmənalı, ştatdankənar tənqidçilərinin yoxluğu, vəzifələrinin olmaması, təvazökarlıqları!

Obrazların daxili aləminin tədqiqi mexanizminin elmi əsasları var, bunun isə sosial-əxlaqi mövzuların açılmasında rolu böyükdür, eyni zamanda tənqidçinin mənəvi potensialını üzə çıxarır. Bütövlükdə ədəbi tənqid üçün səciyyəvi olan şəxsiyyət konsepsiyası sənətkarların yaradıcılığında onun yanaşma mövqeyi arasındakı həm erudik, həm də etik fərqləri nəzərə almaq lazımdır. Belə bir formulada bəllidir ki, tənqidçi şəxsiyyətin ədəbi konsepsiyasında daha çox ayrı-ayrı yazıçıların, şairlərin yaradıcılığında onun fərdi ifadəsi maraqlıdır. Məşhur psixoloq P.Anoxinin fikrincə: «Tənqid ədəbiyyatın məhz ümumi koordinatlarını deyil, onları həmahəng olması gözəllik rayihəsini müəyyən etməlidir». Yəni: insanda sosial-mənəvi mahiyyətli motivasiya (təhriketmə) onun (insanın) emosional strukturu ilə elə birləşməlidir – cəmiyyətdə baş verən amillər motivasiyanı müəyyən etsin. Deməli, belə bir mövqe ilə ədəbi materiallara, ədəbi simalara, yanaşan tənqidçi polemikaya girməkdən çəkinməməlidir. Eyni zamanda «ümumi koordinatlar» hesabına gözəllik «rayihəsi»nə meyillilik təəccüb doğurmamalıdır.

Tənqid (araşdırma nəzərdə tutulur) hərəkətdə olan estetikadır. Bu fikir V.Q.Belinskiyə məxsusdur və o, yüksək tənqiddə özünə yer tapmış fəlsəfi məzmuna işarə edir. Bu gün istedadlı, tənqidi fikir söyləməyə gücü çatan filoloqlar az deyil və yaşlılarla məmnunluqla rəqabətə girə bilər. Lakin 10-15 il arasında həyatı boyu ədəbiyyatı seyr edənlər, bir-iki məqalə yazanlar o dərəcədə doktorlaşmışlar, müxbir üzvü, akademik olmuşlar – təəccüblənməyə bilmirsən. Ədəbi-tənqidi istedad məgər bir gecədə, bir həftədə, bir ildə göndərilir? Axı dünənki həmin yüksək elmi titullara, elmi vəzifələrə sahib çıxanların potensial imkanlarına bələdik. Niyə susmalıyıq? Bu gün qalın-qalın nəzəri kitablar nəşr etdirirlər, silsilə məqalələr yazırlar. Bu bir yana. Bu titullu alimlər böyük ictimai-rəsmi vəzifələr daşıyırlar. Təbii ki, hər həftə səviyyəli iclaslarda, tədbirlərdə, ezamiyyətlərdə vaxt itirirlər, şəkillərinə baxıb, onların öz vəzifələrinə məsuliyyətinin şahidi oluruq. Elə isə bu «görkəmli» alimlər haradan əlavə vaxt və enerji aldılar, haradan 24 saata «əlavə» saatlar bağışladılar? Elmi yaradıcılıq psixologiyasının işləmə prinsipləri göstərir ki, bir sutka ərzində həftədə intensiv elmi tədqiqatla (bir resenziyada belə, bu element mövcuddur) məşğul olsan 10-15 səhifədən artıq yazması qeyri-mümkündür! Elm adamının da qəlbi, ürəyi, kövrək hissləri var, ağıl (təfəkkür) insan, kainat və bunlardakı həqiqətlərə sığınır, sanki torpaqdan çıxarılan xam mənbəyə istinad edir. Tənqidçi-elm adamı hissiyyatın, duyğunun mərkəzidir. Fikrini, nəzəri proqnozunu ifadə edən bir funksiyanın daşıyıcısıdır ki, təfəkkür «təqdim» edir. Fikirlər yazı gedişində parçalanır, sanki kiminsə əlindən gül vazası düşüb çilik-çilik olur, bu parçaları quraşdırmaq, əvvəlki görüşünə salmaq kimi həqiqətin kamil mənada idrakını təmin etmək əzabı ortaya çıxır. Söhbət o professor-ədəbiyyatşünaslardan gedir: həm yaş, həm əzəli istedad, həm də vaxtilə (15-20-25 il əvvəl) «quru» bir neçə məqalənin, kitabçanın üstündə oturan bu simalar dalbadal hər gündə 10-15 səhifə məqalə (kitabları da istisna olunmur), məruzə, çıxış, rəy və s. yazırlar, yaxşı ki, çap olunur və əyani görünür! İnsaf da, elmə hörmət də, mətbuatı saymaq da yaxşı şeydir. Alim birinci növbədə öz şəxsiyyətinə hörmətlə yanaşmalıdır, ikincisi, elmə qiymət verməlidir, üçüncüsü, peşəkar, aşağı titul, vəzifə adamlarına. Düzünə qalsa, nə şairlər, nə də yazıçılar ilhamın, bədii təxəyyülün, kökdən düşməyən ovqatların müqabilində belə «məhsuldar» yazmırlar! Qələmlərini nüfuzdan salmırlar! Məntiqi nəticə çıxarmaq istəsək, belə məhsuldarlığın mənbələri yox deyil. İfadəm üçün üzr istəyirəm: ehtiyacı olan əsl alimlərimiz var, maddi sıxıntı ucbatından dissertasiyalar, kitablar, məqalələr yazırlar; bəs nə etməlidilər? Onlar təmin olunsalar bu yolu tutmazlar, onların əvəzinə and içərəm!

Maraqlı nüansı da müşahidə etmək olar: xüsusilə son on illiklərdə ailəli qadınlar (imkanlılar) yaşı heç də az olmayanlar surətli şəkildə alimləşirlər! Namizədlik (köhnə adla) dissertasiyası ilə ktfayətlənmirlər, elmlər doktoru olub, vəzifəyə sahib kəsilirlər. Bəs əsil alimlər, elminə dərin yanaşanlar, lap gənclik illərindən tanınanlar?

Elmi mühiti başına götürmüş süni alimləşmələrin qarşısı alına bilərmi? – Sual düşündürücüdür, lakin müəyyən ölçudə qarşısı alınar. Vaxtilə, mərhum akademik, böyük alim Azad Mirzəcanzadə AAK-ın sədri işlərkən qismən də olsa bu obyektiv addımı atmışdı (hərçənd, bəzi elmsizlər onu tənqidə tuş etmişdilər). Şəxsən özü o adamı «dişinə» vururdu, keçmişindən xəbərdar olurdu ki, onun ortada nəyi var, haçandan çap olunur, dünyagörüşünün səviyyəsi nə haldadır? Əlbəttə, tam rəsmi qadağalar qoymaq çətindir, elmlə məşğulluq azaddır, lakin bu, layiq olmayan elmi titullara sahib kəsilmək özü də surətlə – birincisi, vicdan söhbətidir. İkincisi, o alimi çap edən qəzetin, jurnalın səlahiyyətli əməkdaşı bir ekspert kimi təqdim olunan məqalənin mahiyyətindən hali etsin müəllifi. Deyək ki, sən hüquqşünassan, filoloji elmlərdən, estetikadan, fəlsəfədən elmi məqalə təqdim etmisən. Hansı mənbələrdən istifadə etmisən? Axı, öz ixtisasından o qədər zəruri mövzular var, yazılmasına ehtiyac duyulur. Sən rektorsan, nazirsən, icra başçısısan..., ixtisasın tamam başqa sahədir, böyük bir dövlət xadimindən iri həcmli məqalə ilə redaksiyaya üz tutmusan, müəyyən məlumat vermək biz jurnalistlər üçün də maraqlıdır. Buyur. Bu dialoq heç də o şəxsi imtahana çəkmək deyil, elmi həqiqətə hörmətlə yanaşmaqdır! Amma etik mədəniyyət buna yol vermir. Əgər o vəzifəli, yaxud yüksək titullu şəxsin beyin və ürək məhsulu deyilsə, lap «zilə»də çıxmaq olar! Bir dəfə, iki dəfə, üç dəfə və nəhayət, ənənə öz müsbət təsirini göstərəcəkdir!

Mən 70-ci illəri xatırlayıram. Ulu öndərimiz Heydər Əliyev respublikamıza rəhbərlik edərkən bu problemə aydınlıq gətirmişdi: Necə olur raykom katibi, nazir, digər vəzifə adamları dissertasiya yazır, tədqiqat aparır, alim olurlar. Bəs onun məsul işi-gücü yoxdur? – Çox haqlı və ədalətli tələb idi. Və öz bəhrəsini verdi. O vaxt elmlər namizədi, elmlər doktoru olan «alimlər» güman ki, bu gün akademik olub «fəxri xiyaban»ların birində dəfn olunardılar! Fəxrə layiqlərin yerini tutacaqdılar!

Elmin nüfuzunu aşağı tutan bir əksi ənənəni xatırlatmaq istərdim: Vaxtilə, 30-cu illərdə, təbii ki, elmin yeni ideologiya əsasları üzərində inkişafı musiqi, idman, sənət sahələrində özünü göstərməsi vacib idi və buna ehtiyac vardı. Yeni nəsil auditoriyada «professor» zabitəsini, peşəkarlığını görməli idi. Və görkəmli sənətkarlarımızdan başda Üzeyir bəy, Bülbül, Qliyer olmaqla xanəndələrə, bəstəkarlara, pianoçulara bu yüksək elmi vəzifəsini verdilər. Bu simalar həqiqətən musiqinin həm nəzəriyyəçisi, həm də praktik icraçısı idilər. İllər – on illər keçdi, musiqiçilər tədqiqatlar apardılar, dissertasiyalar yazdılar, özlərini ittifaq miqyasında sübut edilər. Gəlib çatdıq ötən əsrin sonuna qədər və XXI əsrin iki on illiyinə. O ənənə təəssüf ki, hələ də yaşamaqdadır. Bülbül, Üzeyir bəy, Şövkət Məmmədova, Qara Qarayev, Arif Məlikov… səviyyəsindən danışmağa haqqımız çatmır – onlar «professor» adına tamamilə layiqdilər – eyni zamanda nəzəri mülahizələri, estetik fikirləri, araşdırmaları vardı, yalnız oxumaqla, çalmaqla kifayətlənmirdilər. Bəs bu gün – təxminən 30-40 ildir orta səviyyəli xanəndələr, sənətşünaslar, alətlərdə çalanlar… kafedralarda «professor» və «dosent» elmi vəzifələrində təmsil olunurlar. 40-50 ildir sənətdədilər, bir elmi məqalə, kitab belə yazmamışlar, heç biri söz peşələrinə aid yenilik belə irəli sürməmişlər, nəzəri mülahizələri yoxdur, ancaq elan olunur. “Professor falənkəs!” Titrələrdə də yazılar: “Professor filənkəs!” Mən elmə qarşı bundan böyük paradokst təsəvvür etmirəm. Ömrünü elmə həsr edən, onlarla dərslik, monoqrafiya, kitab, jurnal və qəzet məqalələri, əsərləri çap olunan elm fədailərinə nə üçün Ali Attestasiya Komissiyası «professor» elmi vəzifəni vermək üçün süni rəsmi əngəllər, qaydalar qoymuşdur. Professor o şəxsə verilməlidir ki, konkret araşdırma apardığı sahədə tədqiqatları var, xatırlatdığım kimi, əsərləri göz qabağındadır, yüksək məvacibi də elmi vəzifə ilə ödənmir. Oxuyursan – lap yaxşı! Kafedrada uzağı «baş müəllim»sən! Məgər «müəllim» bu qədər bəyənilmir? Bu sətirləri oxuyanlar məndən inciməsinlər, onların sənətinə və şəxsiyyətinə dərin hörmətim vardır, bizə lazımdılar, amma bu dərəcədə yox! Uzağa getməyək. Hazırda sənət sahiblərimiz var – gərgin tədqiqat aparmış, dissertasiyalar müdafiə etmişlər, elmi əsərlər qələmə almışlar, bəs nə səbəbdən onlara elmi vəzifə (professor) verilməsin? Məsələn: A.Nəcəfov, Z.Mirzəyev çaldıqları alətlərin elmi prinsipləri üzrə dissertasiya müdafiə etmişlər. Məgər onlar və digərləri alim deyillər?

Xatırlatmaq istərdim ki, vaxtı çatmış bu problem haqqında dəfələrlə mətbuatda məqalələr yazmışam, amma AAK əhəmiyyət belə verməmişdir. Elmi yaradıcılıq bədii mədəniyyətin bir mühüm qoludur, cəmiyyətin tərəqqisilə harmoniya yaradır, ona görə ki, aparıcısı xüsusi səriştəli, istedadlı, ədəbi ovqatlı şəxsiyyətdir: tənqidçi-ədəbiyyatşünasdır. O, bu mədəniyyətdə öz yeri olan fəlsəfəni, estetikanı, sosial elmləri, sənət nəzəriyyələrini mənimsəyən bir insandır. Mənəvi və maddi həyatın rəvanlığına və ziddiyyətlərinə biganə qalmır, öz reaksiyasını ifadə edir. O, hissləri və intellektuallığı ilə bədii materiallara, onun obrazlarına, tiplərinə analitik qiymət verir və öncə «tənqidçi şəxsiyyəti»ni qorumağa çalışır. Təəssüf ki, bəzən bəzi tənqidi fikir söyləyən (xarici mənbələrdən ifrat qidalananlar) ədəbiyyatşünaslar tədqiqatlara öz məxsusi savadı və zövqü ilə, qəlb və ürəyilə yox, dəbdəbəli «gəlişilə» mətbuata yol tapır, az keçmir süni yollarla şöhrətin, titulun zirvəsinə qaldırılır, hər yerdə «Mən», «Mənim fikrimcə», «Mən belə düşünürəm» kimi eqoist psixologiyalarla çıxış edir. Statiskaya alınası olsa, ən azı 3-5 ildə hər gündə orta hesabla yatmadan, məişət zövqlərilə məşğul olmadan, iclaslarda, «dvayniki» danışmaqla 10-15 səhifəlik yeni fikir söyləyirlər! Nə gözəl ilham, nə qəşəng ovqat, nə fövqəl istedad! Və Allah sənə rəhmət eləsin, dahi Mirzə Fətəli…

Allahverdi Eminov

Loading...

QALEREYA