Tənqidçinin şəxsiyyəti, elmin fəziləti… - II HİSSƏ

Tənqidçinin şəxsiyyəti, elmin fəziləti… - II HİSSƏ

...yoxsa alimin qəbahəti?!

Polemik söhbət

Sənə demədim, barıtını az eylə!

M.F.Axundovun bir pyesindən

(Əvvəlli bu linkdə: http://hurriyyet.org/xeber/tenqidcinin_sexsiyyeti_elmin_feziletihellip)

Tənqidçilər yaradıcılıq psixologiyası kontekstindən çıxış edib yazırlarsa, mövqelərində «Ən yaxşıları»nı fərqləndirməklə məşğul olurlarsa, tərəfkeşlik parametrlərinə güvənirlər: bu filənkəsdir, vəzifə sahibidir, titullara malikdir, çoxcildli seçilmiş (yaxud seçilməmiş) əsərləri nəşr edilmişdir və s. Tənqidçi (ədəbiyyatşünas) bir araşdırıcı şəxsiyyət olaraq yalnız sosial yox, eyni zamanda əxlaqi, psixoloji bir fenomenin daşıyıcısıdır. Belə bitərəf münasibətlərin ucbatından gənc, nisbətən yaşlı yazıçılarımız yeni romanlar, povestlər yazmışlar – bəs onlar nə üçün ədəbi gündəliyə düşmürlər? Nədir günahları? Birmənalı, ştatdankənar tənqidçilərinin yoxluğu, vəzifələrinin olmaması, təvazökarlıqları!

Obrazların daxili aləminin tədqiqi mexanizminin elmi əsasları var, bunun isə sosial-əxlaqi mövzuların açılmasında rolu böyükdür, eyni zamanda tənqidçinin mənəvi potensialını üzə çıxarır. Bütövlükdə ədəbi tənqid üçün səciyyəvi olan şəxsiyyət konsepsiyası sənətkarların yaradıcılığında onun yanaşma mövqeyi arasındakı həm erudik, həm də etik fərqləri nəzərə almaq lazımdır. Belə bir formulada bəllidir ki, tənqidçi şəxsiyyətin ədəbi konsepsiyasında daha çox ayrı-ayrı yazıçıların, şairlərin yaradıcılığında onun fərdi ifadəsi maraqlıdır. Məşhur psixoloq P.Anoxinin fikrincə: «Tənqid ədəbiyyatın məhz ümumi koordinatlarını deyil, onları həmahəng olması gözəllik rayihəsini müəyyən etməlidir». Yəni: insanda sosial-mənəvi mahiyyətli motivasiya (təhriketmə) onun (insanın) emosional strukturu ilə elə birləşməlidir – cəmiyyətdə baş verən amillər motivasiyanı müəyyən etsin. Deməli, belə bir mövqe ilə ədəbi materiallara, ədəbi simalara, yanaşan tənqidçi polemikaya girməkdən çəkinməməlidir. Eyni zamanda «ümumi koordinatlar» hesabına gözəllik «rayihəsi»nə meyillilik təəccüb doğurmamalıdır.

Tənqid (araşdırma nəzərdə tutulur) hərəkətdə olan estetikadır. Bu fikir V.Q.Belinskiyə məxsusdur və o, yüksək tənqiddə özünə yer tapmış fəlsəfi məzmuna işarə edir. Bu gün istedadlı, tənqidi fikir söyləməyə gücü çatan filoloqlar az deyil və yaşlılarla məmnunluqla rəqabətə girə bilər. Lakin 10-15 il arasında həyatı boyu ədəbiyyatı seyr edənlər, bir-iki məqalə yazanlar o dərəcədə doktorlaşmışlar, müxbir üzvü, akademik olmuşlar – təəccüblənməyə bilmirsən. Ədəbi-tənqidi istedad məgər bir gecədə, bir həftədə, bir ildə göndərilir? Axı dünənki həmin yüksək elmi titullara, elmi vəzifələrə sahib çıxanların potensial imkanlarına bələdik. Niyə susmalıyıq? Bu gün qalın-qalın nəzəri kitablar nəşr etdirirlər, silsilə məqalələr yazırlar. Bu bir yana. Bu titullu alimlər böyük ictimai-rəsmi vəzifələr daşıyırlar. Təbii ki, hər həftə səviyyəli iclaslarda, tədbirlərdə, ezamiyyətlərdə vaxt itirirlər, şəkillərinə baxıb, onların öz vəzifələrinə məsuliyyətinin şahidi oluruq. Elə isə bu «görkəmli» alimlər haradan əlavə vaxt və enerji aldılar, haradan 24 saata «əlavə» saatlar bağışladılar? Elmi yaradıcılıq psixologiyasının işləmə prinsipləri göstərir ki, bir sutka ərzində həftədə intensiv elmi tədqiqatla (bir resenziyada belə, bu element mövcuddur) məşğul olsan 10-15 səhifədən artıq yazması qeyri-mümkündür! Elm adamının da qəlbi, ürəyi, kövrək hissləri var, ağıl (təfəkkür) insan, kainat və bunlardakı həqiqətlərə sığınır, sanki torpaqdan çıxarılan xam mənbəyə istinad edir. Tənqidçi-elm adamı hissiyyatın, duyğunun mərkəzidir. Fikrini, nəzəri proqnozunu ifadə edən bir funksiyanın daşıyıcısıdır ki, təfəkkür «təqdim» edir. Fikirlər yazı gedişində parçalanır, sanki kiminsə əlindən gül vazası düşüb çilik-çilik olur, bu parçaları quraşdırmaq, əvvəlki görüşünə salmaq kimi həqiqətin kamil mənada idrakını təmin etmək əzabı ortaya çıxır. Söhbət o professor-ədəbiyyatşünaslardan gedir: həm yaş, həm əzəli istedad, həm də vaxtilə (15-20-25 il əvvəl) «quru» bir neçə məqalənin, kitabçanın üstündə oturan bu simalar dalbadal hər gündə 10-15 səhifə məqalə (kitabları da istisna olunmur), məruzə, çıxış, rəy və s. yazırlar, yaxşı ki, çap olunur və əyani görünür! İnsaf da, elmə hörmət də, mətbuatı saymaq da yaxşı şeydir. Alim birinci növbədə öz şəxsiyyətinə hörmətlə yanaşmalıdır, ikincisi, elmə qiymət verməlidir, üçüncüsü, peşəkar, aşağı titul, vəzifə adamlarına. Düzünə qalsa, nə şairlər, nə də yazıçılar ilhamın, bədii təxəyyülün, kökdən düşməyən ovqatların müqabilində belə «məhsuldar» yazmırlar! Qələmlərini nüfuzdan salmırlar! Məntiqi nəticə çıxarmaq istəsək, belə məhsuldarlığın mənbələri yox deyil. İfadəm üçün üzr istəyirəm: ehtiyacı olan əsl alimlərimiz var, maddi sıxıntı ucbatından dissertasiyalar, kitablar, məqalələr yazırlar; bəs nə etməlidilər? Onlar təmin olunsalar bu yolu tutmazlar, onların əvəzinə and içərəm!

Maraqlı nüansı da müşahidə etmək olar: xüsusilə son on illiklərdə ailəli qadınlar (imkanlılar) yaşı heç də az olmayanlar surətli şəkildə alimləşirlər! Namizədlik (köhnə adla) dissertasiyası ilə ktfayətlənmirlər, elmlər doktoru olub, vəzifəyə sahib kəsilirlər. Bəs əsil alimlər, elminə dərin yanaşanlar, lap gənclik illərindən tanınanlar?

Elmi mühiti başına götürmüş süni alimləşmələrin qarşısı alına bilərmi? – Sual düşündürücüdür, lakin müəyyən ölçudə qarşısı alınar. Vaxtilə, mərhum akademik, böyük alim Azad Mirzəcanzadə AAK-ın sədri işlərkən qismən də olsa bu obyektiv addımı atmışdı (hərçənd, bəzi elmsizlər onu tənqidə tuş etmişdilər). Şəxsən özü o adamı «dişinə» vururdu, keçmişindən xəbərdar olurdu ki, onun ortada nəyi var, haçandan çap olunur, dünyagörüşünün səviyyəsi nə haldadır? Əlbəttə, tam rəsmi qadağalar qoymaq çətindir, elmlə məşğulluq azaddır, lakin bu, layiq olmayan elmi titullara sahib kəsilmək özü də surətlə – birincisi, vicdan söhbətidir. İkincisi, o alimi çap edən qəzetin, jurnalın səlahiyyətli əməkdaşı bir ekspert kimi təqdim olunan məqalənin mahiyyətindən hali etsin müəllifi. Deyək ki, sən hüquqşünassan, filoloji elmlərdən, estetikadan, fəlsəfədən elmi məqalə təqdim etmisən. Hansı mənbələrdən istifadə etmisən? Axı, öz ixtisasından o qədər zəruri mövzular var, yazılmasına ehtiyac duyulur. Sən rektorsan, nazirsən, icra başçısısan..., ixtisasın tamam başqa sahədir, böyük bir dövlət xadimindən iri həcmli məqalə ilə redaksiyaya üz tutmusan, müəyyən məlumat vermək biz jurnalistlər üçün də maraqlıdır. Buyur. Bu dialoq heç də o şəxsi imtahana çəkmək deyil, elmi həqiqətə hörmətlə yanaşmaqdır! Amma etik mədəniyyət buna yol vermir. Əgər o vəzifəli, yaxud yüksək titullu şəxsin beyin və ürək məhsulu deyilsə, lap «zilə»də çıxmaq olar! Bir dəfə, iki dəfə, üç dəfə və nəhayət, ənənə öz müsbət təsirini göstərəcəkdir!

Mən 70-ci illəri xatırlayıram. Ulu öndərimiz Heydər Əliyev respublikamıza rəhbərlik edərkən bu problemə aydınlıq gətirmişdi: Necə olur raykom katibi, nazir, digər vəzifə adamları dissertasiya yazır, tədqiqat aparır, alim olurlar. Bəs onun məsul işi-gücü yoxdur? – Çox haqlı və ədalətli tələb idi. Və öz bəhrəsini verdi. O vaxt elmlər namizədi, elmlər doktoru olan «alimlər» güman ki, bu gün akademik olub «fəxri xiyaban»ların birində dəfn olunardılar! Fəxrə layiqlərin yerini tutacaqdılar!

Elmin nüfuzunu aşağı tutan bir əksi ənənəni xatırlatmaq istərdim: Vaxtilə, 30-cu illərdə, təbii ki, elmin yeni ideologiya əsasları üzərində inkişafı musiqi, idman, sənət sahələrində özünü göstərməsi vacib idi və buna ehtiyac vardı. Yeni nəsil auditoriyada «professor» zabitəsini, peşəkarlığını görməli idi. Və görkəmli sənətkarlarımızdan başda Üzeyir bəy, Bülbül, Qliyer olmaqla xanəndələrə, bəstəkarlara, pianoçulara bu yüksək elmi vəzifəsini verdilər. Bu simalar həqiqətən musiqinin həm nəzəriyyəçisi, həm də praktik icraçısı idilər. İllər – on illər keçdi, musiqiçilər tədqiqatlar apardılar, dissertasiyalar yazdılar, özlərini ittifaq miqyasında sübut edilər. Gəlib çatdıq ötən əsrin sonuna qədər və XXI əsrin iki on illiyinə. O ənənə təəssüf ki, hələ də yaşamaqdadır. Bülbül, Üzeyir bəy, Şövkət Məmmədova, Qara Qarayev, Arif Məlikov… səviyyəsindən danışmağa haqqımız çatmır – onlar «professor» adına tamamilə layiqdilər – eyni zamanda nəzəri mülahizələri, estetik fikirləri, araşdırmaları vardı, yalnız oxumaqla, çalmaqla kifayətlənmirdilər. Bəs bu gün – təxminən 30-40 ildir orta səviyyəli xanəndələr, sənətşünaslar, alətlərdə çalanlar… kafedralarda «professor» və «dosent» elmi vəzifələrində təmsil olunurlar. 40-50 ildir sənətdədilər, bir elmi məqalə, kitab belə yazmamışlar, heç biri söz peşələrinə aid yenilik belə irəli sürməmişlər, nəzəri mülahizələri yoxdur, ancaq elan olunur. “Professor falənkəs!” Titrələrdə də yazılar: “Professor filənkəs!” Mən elmə qarşı bundan böyük paradokst təsəvvür etmirəm. Ömrünü elmə həsr edən, onlarla dərslik, monoqrafiya, kitab, jurnal və qəzet məqalələri, əsərləri çap olunan elm fədailərinə nə üçün Ali Attestasiya Komissiyası «professor» elmi vəzifəni vermək üçün süni rəsmi əngəllər, qaydalar qoymuşdur. Professor o şəxsə verilməlidir ki, konkret araşdırma apardığı sahədə tədqiqatları var, xatırlatdığım kimi, əsərləri göz qabağındadır, yüksək məvacibi də elmi vəzifə ilə ödənmir. Oxuyursan – lap yaxşı! Kafedrada uzağı «baş müəllim»sən! Məgər «müəllim» bu qədər bəyənilmir? Bu sətirləri oxuyanlar məndən inciməsinlər, onların sənətinə və şəxsiyyətinə dərin hörmətim vardır, bizə lazımdılar, amma bu dərəcədə yox! Uzağa getməyək. Hazırda sənət sahiblərimiz var – gərgin tədqiqat aparmış, dissertasiyalar müdafiə etmişlər, elmi əsərlər qələmə almışlar, bəs nə səbəbdən onlara elmi vəzifə (professor) verilməsin? Məsələn: A.Nəcəfov, Z.Mirzəyev çaldıqları alətlərin elmi prinsipləri üzrə dissertasiya müdafiə etmişlər. Məgər onlar və digərləri alim deyillər?

Xatırlatmaq istərdim ki, vaxtı çatmış bu problem haqqında dəfələrlə mətbuatda məqalələr yazmışam, amma AAK əhəmiyyət belə verməmişdir. Elmi yaradıcılıq bədii mədəniyyətin bir mühüm qoludur, cəmiyyətin tərəqqisilə harmoniya yaradır, ona görə ki, aparıcısı xüsusi səriştəli, istedadlı, ədəbi ovqatlı şəxsiyyətdir: tənqidçi-ədəbiyyatşünasdır. O, bu mədəniyyətdə öz yeri olan fəlsəfəni, estetikanı, sosial elmləri, sənət nəzəriyyələrini mənimsəyən bir insandır. Mənəvi və maddi həyatın rəvanlığına və ziddiyyətlərinə biganə qalmır, öz reaksiyasını ifadə edir. O, hissləri və intellektuallığı ilə bədii materiallara, onun obrazlarına, tiplərinə analitik qiymət verir və öncə «tənqidçi şəxsiyyəti»ni qorumağa çalışır. Təəssüf ki, bəzən bəzi tənqidi fikir söyləyən (xarici mənbələrdən ifrat qidalananlar) ədəbiyyatşünaslar tədqiqatlara öz məxsusi savadı və zövqü ilə, qəlb və ürəyilə yox, dəbdəbəli «gəlişilə» mətbuata yol tapır, az keçmir süni yollarla şöhrətin, titulun zirvəsinə qaldırılır, hər yerdə «Mən», «Mənim fikrimcə», «Mən belə düşünürəm» kimi eqoist psixologiyalarla çıxış edir. Statiskaya alınası olsa, ən azı 3-5 ildə hər gündə orta hesabla yatmadan, məişət zövqlərilə məşğul olmadan, iclaslarda, «dvayniki» danışmaqla 10-15 səhifəlik yeni fikir söyləyirlər! Nə gözəl ilham, nə qəşəng ovqat, nə fövqəl istedad! Və Allah sənə rəhmət eləsin, dahi Mirzə Fətəli…

Allahverdi Eminov

Loading...

QALEREYA