Təvazökar alim Benyaməddin Davudov - 80

  • 2019-02-13 14:05:11
  • |

Təvazökar alim Benyaməddin Davudov - 80

1939-cu il bahar fəslinin ilk ayının son günü, 31 mart Azərbaycanın dilbər guşələrindən biri olan Qusar rayonunun Hil kəndi. Kənd sakini olan Bəyağa kişi üçün də bu unudulmaz gün uğurlu olmuşdur. Dünyaya oğlan uşağı göz açmışdı. Uşağa bir neçə ad təklif olunmuşdursa da, Bəyağa kişi Benyaməddin adı ilə razılaşmışdı. Yəni, “haqq, ədalət yolçusu”. İlk bahar carçısı olan qaranquş gəlmiş, təbiət isə gül-çiçəyə bürünmüşdü. Heç kəsin ağlına gəlməzdi ki, qabaqda insanları səfalətə, aclığa sürükləyən ikinci cahan müharibəsi olacaqdı. Benyaməddin də bütün uşaqlar kimi “qarğı at” minmiş, güllü-çiçəkli çəmənlərdə gəzərək öz ömrünün cəhlimlərini açmışdı. Kənd orta məktəbini bitirdikdən sonra 1962-ci ildə Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Fizika fakültəsini bitirmiş, 1962-1965-ci illərdə Umumittifaq Elektromexanika İnstitutunun filialında aparıcı muhəndis (İstra şəhəri, Moskva vilayəti) işləmişdir. 1965-1969-cu illərdə Belarus Elmlər Akademiyasının Fizika İnstitutunun aspiranturasında təhsilini davam etmiş, 1969-cu ildə orada namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsini almışdır.

1970–ci ildən bu günə kimi Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin Fizika fakültəsi Fiziki elektronika kafedrasında dosent vəzifəsində işləyir. Radiofizika, Radioelektronika, Fiziki elektronika və Elektromaqnitizmdən mühazirə və laboratoriya dərsləri aparır. O, eyni zamanda 2017-ci ilə kimi universitetin elmi laboratoriyalarında aparıcı elmi işçi kimi də çalışmışdır.

Davudov Benyaməddin müəllimin elmi tədqiqatları plazma, ozon texnologiyalarına və ekologiya problemlərinə həsr olunmuşdur. O, 150-dən artıq elmi məqalənin, 6 kitabın və 4 patentin müəllifidir, onlarla elmlər namizədinin, magistrin dissertasiya və çoxlu bakalavrların buraxılış işlərinin rəhbəri olmuşdur. Onun ixtiraları fizikanın, texnikanın və ekologiyanın müxtəlif sahələrinə aiddir: 1964-cu ildə aldığı ixtirada plazma muhərriki təklif olunmuşdu. 2000-ci ildə aldığı patentlər içməli suları zərərsizləşdirmək üçün, 2008-ci ildəki patent isə çirkab suların təmizlənməsinə həsr olunub. Bu qurğular MEA-nın Təcrübə Sənaye Zavodunda sınaqdan çıxarılıb və ixtisasçılar tərəfindən yüksək qiymətləndirilib. Bu haqda uyğun aktlar var.

Benyaməddin müəllim çoxlu beynəlxalq və respublika elmi konfranslarında çıxış etmişdir.

Onun müəllifliyi ilə buraxılan “Radioelektronikanın əsasları”, “Radioelektronikadan laboratoriya işləri”, “Radiofizika praktikumu”, “Radiofizika” kimi dərs vəsaitləri bakalavr və magistraturada təhsil alan tələbələrin stolüstü kitablarına çevrilmişdir. O, həmçinin cəmiyyətimizdə rəğbətlə qarşılanan “Qusarın şanlı övladları” kitabının həmmüəllifidir.

Qeyd etmək yerinə düşər ki, Benyaməddin müəllim fərqli düşüncə tərzinə malik olan alimlərimizdəndir. O, cəmiyyətimizdəki bəzi qüsurlara özünəməxsus yumşaq və orijinal yumorla yanaşır. Onun bu xüsusiyyəti son vaxtlar dərc etdirdiyi “Düşüncələr, təzadlar, aforizmlər” kitabında aydın gorünür. Bunlardan bəzilərini Siz oxucuların diqqətinə çatdırırıq:

* Pul “əl çirki” sayılsa da, onu əldə etmək üçün bəzi insanlar istənilən cür çirkli əməllərə getməyə hazırdırlar...

* Həqiqət və yalan biri-birinin əksi olsa da, oxşar cəhəti də var; nə vaxt isə onların üstü açılacaq. Bunlardan hansısı qabaq açılacaq, onu deyə bilmərəm; o asılıdır cəmiyyətin yetkinliyindən və saflığından.

* İnsanlar biri-birindən düşünmə qabiliyyətinə görə fərqlənirlər. Qalan əlamətlər, demək olar ki, eynidir.

* Çox yaşamaq istəyirsənsə, vərdiş olduğun həyat tərzini qəfildən dəyişmə, xüsusilə ahıl yaşlarında... Orqanizm bu cür dəyişməyə dözə bilmir və vaxtsız sıradan çıxır.

* İnsanlarda nastalgiya hissləri o qədər güclüdür ki, keçmişin pisini də indi yaxşı kimi görür.

*Yaşlı nəsil gələn gənc nəsl üçün çoxlu həll olunmamış problemlər qoyub gedir. Çox təəssüf...

* İnsan ölüm haqqında çox düşündükcə, ölüm ona bir addım da yaxınlaşır.

*Valideynlər xərc çəkib övladlarını müxtəlif universitetlərdə oxutdururlar, uiversitetlər də öz növbəsində onları kursdan kursa keçirir, sonda da bir yekə diplom verərək yola salır. Diplomlu gənc böyük arzularla həyata atılır, lakin heç yerdə diplomuna uyğun iş tapa bilmir...Çünki diplomlu, lakin savadsız kadr indiki zamanda heç kəsə lazım deyil. Bəzilər ruhdan düşüb özünə qapanır, bəzilər də özündə mənəvi güc tapıb xırda-mırda biznesə başlayır. Kimdir müqqəssir? Burada kim qazanır, kim itirir?..

* Bir alimin başında ki, həmişə pul problemi fırlanır, gününü onun-bunun pulunu hesablamaqla keçirir, ondan heç vaxt dəyərli elmi iş gözləmə!..

* Çox istərdim ki, yalnız müəllimlərə, MÜƏLLİM adla müracət edilsin... Qalan vətandaşlara bəy, ağa, atam, anam, qardaş, bacı, ağsaqqal, gənc oğlan, cavan qız və s. və i. a. kimi müraciət etsək, onlar inciməzlər...

* İndiki zamanda baş yalnız futbolda lazım gəlir, o da, topu qapıya vurmaq üçün...

* Görəsən, indiki müdirlər, rəislər bu dünyadan o biri haqq dünyaya köçəndə də öz statuslarını saxlaya biləcəklər?..

* Hazırda adamlar bir-birinə pul mənbəyi kimi baxırlar; hamı hamını aldadıb nəsə çırpışdırmaq həvəsindədir...

* Həyatda ən ağır yük ürəkdə kin-küdarət daşımaqdır.

* Dəyərlər dəyərsizləşir, mənəviyyat azalır, dindarlar dinsizləşir, böyüklər kiçilir, rəhbərlər adiləşir, heyvanlar ağıllanır, insanlar keyləşir, əxlaqsızlıq baş alıb gedir, planetimiz çirklənir, iqlim pisliyə doğru dəyişir, cəmiyyətimizdə tarazlıq pozulur... Sən bizi hara aparırsan a dünya?..

* Pul çox etibarsız bir şeydir. İstənilən gözlənilməz bir anda Sizi tərk edə bilər.

* Xoşbəxtliyi xoşbəxtlik olmayan yerdə axtarmaq, qaranlıq otaqda qara pişik axtarmağa bənzəyir.

* İnsanın düşüncələri savadından başqa, yediyi ərzağın keyfiyyətindən də asılıdır.

* Başı boş insan içi boş torbaya bənzəyir. Fərqi ondan ibarətdir ki, boş torbanın içini doldurmaq olur, insanın boş başını isə yox.

* Hər yerdən vaxtında getmək vacibdir; toydan, qonaqlıqdan, hüzrdən, hətta bu dünyadan da...

* Qan tökməkdən uzaq ol, çörək verən ol. Çörək iyi insanda müsbət emosiyalar, qan iyi isə mənfi emosiyalar yaradır.

*Çox vaxt insanın xasiyyəti onun taleyini həll edir.

* Hazırda ən qiymətli diplom insanlıq diplomudur, saxta alimlik diplomu yox.

* Bəzi alimlər, şairlər, yazıçılar gecə-gündüz zəhmət çəkib ərsəyə gətirdikləri əsərlərini dost-tanışlarına hədiyyə etməkdən çox məmnun olmaqda yanılırlar. Çünki indiki zamanda vətəndaşlarımız oxumaqla məşğul olmaq vərdişini tamamilə itiriblər...

* İndiki tələbələr keçilən dərslərin məzmununu yox, müəllimin səhvlərini və geyimini yadda saxlayırlar.

* Çox danışmaq xəstəlikdir. Heç danışmamaq nöqsandır. Çox bilib az danışmaq isə insana şərəf gətirir.

* Musiqi var adamı müalicə edən, musiqi də var adamı öldürən. Toylarda musiqiçilər yediyimizi burnumuzdan tökdürürlər. Məlumdur ki, 120 desibeldən böyük çalğı səsi artıq xəstəlikdir. Nağaranın səsi isə bu həddi çox aşır.

* Onun sadəlövhliyindən hamı faydalanır, özündən başqa...

*Borc alıb qaytarmamaq oğruluğun mədəni formasıdır.

* Hələ ki, problemsiz insan doğulmayıb. İnsan problemlərilə birlikdə doğulur.

* Həyatda boşuna vaxt öldürmək, öz ölümünü tezləşdirmək deməkdir.

*Ha yana baxırsan hər şey bahadır, görülən işin dəyərindən başqa...

* Çox qəribə bir zəmanədə yaşayırıq: kim müəllim olmaq istəyirsə olur, kim həkim olmaq istəyirsə olur, kim mühəndis olmaq istəyirsə olur, kim ALİM olmaq istəyirsə o da olur. Amma savadlı müəllim, peşəkar həkim, işini bilən mühəndis və istedadlı alim axtaranda ortada vur-tut beş-altı nəfər qalır...

Ömrünün 80-cı baharında biz də Benyaməddin Davudovu ürəkdən təbrik edirik, ona həyatda ən şirin nemət olan can sağlığı, uzun ömür və yeni-yeni yaradıcılıq müvəffəqiyyətləri arzulayırıq.

Bəybala Ələsgərov,

Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmləri doktoru

Elnarə Mehbalıyeva,

Azərbaycan Nobel İnformasiya Mərkəzinin eksperti, dosent

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA