Tikinti bazarında qiymətlər sürətlə bahalaşır - ETSN-nin daş, qum və çınqıl karxanalarında apardığı yoxlamalar bazarı iflic edib

Tikinti bazarında qiymətlər sürətlə bahalaşır - ETSN-nin daş, qum və çınqıl karxanalarında apardığı yoxlamalar bazarı iflic edib

Sahibkarlar isə deyir ki, karxanaların fəaliyyətinin dayandırılması ETSN-nin səlahiyyətlərinə aid deyil...

Son vaxtlar Azərbaycanda tikinti bazarında qiymətlər sürətlə bahalaşır. Xüsusən də daş, qum və çınqılın qiymətində çox ciddi artım qeydə alınıb. Bu bahalaşmanın başlıca səbəbi isə artıq bir neçə həftədir ki, bazarda məhsul qıtlığının yaranmasıdır.

Sahibkarların “Hürriyyət”ə verdiyi məlumata əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəhbərliyində baş verən dəyişikliklərdən sonra Azərbaycanda onlarla daş karxanasının fəaliyyəti dayandırılıb. Üstəlik, ETSN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları respublikanın əksər karxanalarında ciddi yoxlama apardığından, onlar fəaliyyət göstərə bilmirlər.

Əmlak Məsələləri Dövlət Komitəsi araşdırdı, indi isə...

Mənbə deyir ki, hələ may ayında Əmlak Məsələləri Dövlət Komitəsi ölkədə fəaliyyət göstərən daş və qum çınqıl karxanalarının monitorinqini aparıb. Araşdırma zamanı ölkədə 585 daş və qum-çınqıl karxanalarının fəaliyyət göstərdiyi müəyyənləşib. Onların elektron məlumat bazası yaradılıb. Eyni zamanda, bəlli olub ki, 250 karxana torpaq qanunvericiliyinin tələblərini pozaraq fəaliyyət göstərir. Nəticədə qanunsuz fəaliyyət göstərən bu karxanaların fəaliyyəti dayandırılıb.

Məlumata görə, hazırda 238 daş və qum-çınqıl karxanası fəaliyyət göstərir. Rəsmi bilgilərə əsasən, bunlardan da 23-ü qanuni sənədləşmə aparılmaqla işləyir. Bununla belə, sahibkarlar deyir ki, əslində həmin karxanaların sahibləri yüksək rütbəli məmurlar olduğundan, istər Əmlak Məsələləri Dövlət Komitəsi, istər də Ekologiya və Təbii Sərvətlər Nazirliyi onların fəaliyyətini qadağan etmək gücündə deyil. Bu səbəbdən də həmin karxanaların guya, qanuni sənədlər əsasında fəaliyyəti göstərdiyi iddia olunur. Halbuki, hazırda yoxlama aparılan bəzi karxanalar tam qanuni əsaslarla fəaliyyət göstərsələr də, süni maneələrlə onların bazara məhzul çıxarmasına əngəl olurlar.

O da bildirlir ki, ETSN-nin yoxlamalarından öncə, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan monitorinqlər nəticəsində 127 karxanada baş verən qanun pozuntusu hallarına görə inzibati protokollar yazılıb, 46 karxananın fəaliyyətində torpaq sahəsinin özbaşına zəbt olunması halları olduğundan tərtib olunmuş sənədlər tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.

Komitədən bildirilib ki, 42 karxanada araşdırmalar davam etdirilir. Ən çox belə hallar paytaxtın Xəzər, Qaradağ, eləcə də, Abşeron, İmişli, Quba, Şəki, Qazax rayonlarında müşahidə edilib.

ETSN: “Bütün karxanalarda araşdırma aparılır”

Картинки по запросу ETSN

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi isə iddia edir ki, daş, qum və çınqıl karxanalarında qanunvericiliyə uygun qaydada yoxlamalar aparılır. Bildirilir ki, ümumilikdə, bütün karxanalarda araşdırma aparılır və bunun nəticəsinə uyğun olaraq qanunamüvafiq tədbirlər görüləcək.

Sahibkarlar isə qeyd edir ki, əslində, karxanaların fəaliyyətinin dayandırılması ETSN-nin səlahiyyətlərinə aid deyil. Karxanalar üçün torpaq sahələri yerli icra hakimiyyətlərinin sərəncamları əsasında ayrılır. Nazirlik isə yalnız müəyyən ekoloji şərtlər daxilində rəy verir. Bu baxımdan, nazirlik ən yaxşı halda verilmiş rəylərə yenidə baxa və hər hansı çatışmazlıqlar ortaya çıxarsa, həmin rəyləri ləğv edə bilər. Lakin bu da karxanaların fəaliyyətinin dayandırılması üçün əsas deyil. Çünki ancaq məhkəmənin müvafiq qərarından sonra karxanların fəaliyyəti dayandırıla bilər.

Təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramı...

Xatırladaq ki, Azərbaycanda daş karxanalarından səmərəli istifadəyə dair ilk və sonuncu tədbirlər planı 2003-cü ilə təsadüf edir. Belə ki, həmin il iyunun 13-də “Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramı (2003-2006-cı illər)” təsdiq edilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqtisadi İnkişaf Nazirliyi ilə birgə icra etməli olduğu proqramda göstərilirdi ki, tikinti materialları yataqlarının istismarı sahəsində bir sıra nöqsanlara yol verilib: “Belə ki, Abşeronda fəaliyyət göstərən mexanikləşdirilmiş iri daş karxanalarının parçalanması nəticəsində pərakəndəlik yaranmış, texniki, texnoloji, təhlükəsizlik, əməyin mühafizəsi, ekologiya və ətraf mühitin mühafizəsi tələblərinə məhəl qoyulmadan aparılan istismar işləri nəticəsində qiymətli əhəng daşı yataqları son dərəcə səmərəsiz istifadə olunub. Məlum olub ki, müvafiq tullantıların sement və əhəng istehsalında, yol tikintisində yararlı xammal kimi istifadəsi mümkün olduğu halda Abşeron daş karxanalarında kəsilən dağ kütləsinin təxminən 50 faizə qədəri yararsız material kimi atılıb”.

Ölkədə 450-yə yaxın mişar daşı karxanası fəaliyyət göstərir...

Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin Mühafizəsi Departamentinin Ətrafa Nəzarət sektorundan verilən məlumata görə, ölkədə ümumilikdə 450-yə yaxın mişar daşı karxanası fəaliyyət göstərir. Bunlardan təxminən 250-yə qədəri Abşeron və Qaradağda, 2-si Hacıqabul, 3-ü Şəmkir, 1-i isə Əli Bayramlıda yerləşir.

Departamentin Geoloji Kəşfiyyat İdarəsi tərəfindən aparılan tədqiqatlar nəticəsində Qusar, Qobustan, Hacıqabul, Xaçmaz, Qaradağ və digər rayonlardakı qum, qum-çınqıl, gil və mişar daşı yataqlarının ehtiyatları hesablanaraq dövlət balansında qeydiyyata alınıb. Lakin onların bir çoxu hələlik istismara verilməyib.

Ölkədə daşa tələbat artdığından istismarın səviyyəsi qanunsuz şəkildə artırılır. Məlum səbəbdən Ağsuçay, Vəlvələçay, Tərtərçay, Lənkərançay və digər çaylardakı ehtiyatlardan kortəbii istifadə və həddən artıq istismar halları da tez-tez müşahidə olunur. Rəsmi qurumlar iddia edir ki, bütün sənədləri qaydasında olan bəzi karxanalar ətraf mühitdən istifadəyə görə ödəmələri ödəmirlər. Üstəlik, yaz-payız aylarında küləkli havalarda bütün karxanalarda ərazilərin suvarılma işləri aparılmalıdır ki, tozlar ətrafa yayılmasın. Amma buna əməl etməyənlər var. Bu, ictimai narazılıq yaradır və problemləri artırır.

“İstismara verilməmiş yataqlara gəlincə, lazımi sənədləri qaydasına salan fiziki və ya hüquqi şəxslər onlardan bəhrələnə bilərlər“ – deyə, ETSN-dən bildirilib.

ETSN icra hakimiyyətlətini ittiham edir

Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi daş, qum və çınqıl karxanaları ilə bağlı son vaxtlar yaranmış problemə görə yerli icra hakimiyyəti orqanlarını ittiham edir. Nazirlikdə hesab edirlər ki, icra orqanları daş karxanaları üçün torpaq sahəsi ayırarkən bir çox hallarda mövcud qanunvericiliyin tələblərinə zidd hərəkətlərə yol verirlər. Məsələn, bunun üçün ETSN-dən razılıq rəyi alınmır. Hətta əksər hallarda yerli icra hakimiyyəti orqanları daş karxanalarının ayrılması haqda sərəncamları nazirliyin razılığı və məlumatı olmadan verirlər. Bütün bunlar da ETSN-in yerin təkindən səmərəli, kompleks və təhlükəsiz istifadəyə nəzarəti təmin etməsində müəyyən problemlər yaradır: “Ayrılmış torpaq sahələrində fəaliyyət göstərən müəssisələr qanunla nazirliyimizdən alınmalı olan dağ-mədənayırma aktı, dağ-mədən işlərinin inkişaf planı, ekspertiza rəyi, ekoloji pasport və digər ekoloji normativ sənədlər olmadan istismar işləri apararaq təbiətə xeyli ziyan vururlar“.

“Hürriyyət”ə müraciət edən sahibkarlar isə, son vaxtlar yaranmış problemə görə ilk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyini günahlandırır. Onların sözlərinə görə, nazirlik problemə hüquq müstəvisindən yanaşmır. Hətta karxanaların fəaliyyətində qüsurlar aşkarlansa belə, onların dərhal bağlanması mövcud qanunvericiliklə ETSN-in səlahiyyətinə aid deyil. “Nazirliyin hüquqi və fiziki şəxslərin qanunsuz əməllərinə son qoymaq üçün səlahiyyəti yoxdur. Bu qurum yalnız vəsatət qaldıra bilər. Fəaliyyətə son qoymaq məhkəmənin qərarından sonra mümkündür”.

(Ardı var)

RƏŞAD, Hurriyyet.org

P.S. Növbəti yazımızda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin daş karxanalarında apardığı yoxlamaların tikinti bazarındakı qiymətlərə təsiri ilə bağlı konkret faktları ortaya qoyacağıq. O cümlədən, heç bir rəsmi sənədi olmadan fəaliyyət göstərən karxanaların hansı məmurlara aid olduğunu da biləcəksini. Üstəlik, o haqda da məlıumatınız olacaq ki, nazirliyin bu fəaliyyəti nə üçün Araz çayını daşma təhlükəsi ilə üz-üzə qoyub...

Loading...

QALEREYA