Timsah göz yaşlarında gizlənmiş Aslan pəncəsi: Vəkil üsyanının iç üzü

  • 2019-02-22 20:01:34
  • |

Timsah göz yaşlarında gizlənmiş Aslan pəncəsi: Vəkil üsyanının iç üzü

Aslan İsmayılovun dünənki çıxışında növbəti hədəfi Vəkillər Kollegiyasının sədri Anar Bağırov oldu. Kollegiya üzvü Adil İsmayılovla qurumun sədri Anar Bağırov arasında yaranmış işgüzar konfliktdən istifadə edən keçmiş vəkil öz ənənəvi xarakterinə uyğun olaraq, rəqibinə təkcə çamur atmaqla qalmadı, həm də bütün vəkilləri üsyana çağırdı. Sabiq həmkarları arasında ən çox üzərində dayandığı iki şəxs vardı: biri Adil İsmayılov, digəri isə Fuad Ağayev... Onun iddiasına görə, adını çəkdiyi bu adamlar Vəkillər Kollegiyasının mənfi imicini yüksəldir və dərhal istefa verməlidirlər.

Sözsüz ki, şəxsi ambisiyalarına milli maraq donu geyindirməyə öyrəşmiş Aslan İsmayılovun bu niyyətində də “cəhənnəmə gedənin özünə yoldaş axtarması” məqsədi dayanır və bu yolla o, öz aləmində Vəkillər Kollegiyasının sədrini şantaj etməyə çalışırdı. Halbuki, elə həmin çıxışında bir zamanlar özüylə bərabər prokurorluq orqanlarında işləmiş, qarşılaşdığı problemlərə etiraz əlaməti olaraq bu dövlət qurumunu tərk etmiş Adil İsmayılovu haqlı gördüyü halda, tək buraxdığını boynuna alır və guya, bunun peşmançılığını dilə gətirirdi. Məhz bu məqamda bütün məsələlərə yalnız fərdi konteksindən yanaşdığını, zamanla bütün dostlarına arxa çevirdiyini özü də bilmədən etiraf edirdi. Əlbəttə, Adil İsmayılov və Fuad Ağayevin bu cür ipinin üstünə odun yığılması mümkün olmayan, hər şeydə yalnız şəxsi mənfəətlərini axtaran adamın fitvasına getməyəcəyi bəllidir.
Aslan İsmayılovun Vəkillər Kollgiyasının sədri barədə dediyi cəfəngiyyatlar isə ümumiyyətlə qərəzlə dolu idi. Anar Bağırovun mənim müdafiəmə ehtiyacı olmasa belə, bu böhtan makinasının şər-şamatasına məruz qalan biri kimi mən də onun məntiqsiz iddiaları barədə fikir bildirməyi özümə borc bilirəm.

Aslan İsmayılov dünənki çıxışında Anar Bağırovun hüquqi bilgisini şübhə altına alaraq bildirirdi ki, guya, hədəfə aldığı şəxs indiyədək qazandığı məhkəmə proseslərini vəkillik qabiliyyətinə görə deyil, hansısa müəmmalı əlaqələrinin sayəsində əldə edib. Bu qədər ciddi bir iddia ilə çıxış etməsinə baxmayaraq, sabiq vəkilin söykəndiyi yalnız bir arqument vardı və o da mənasız mülahizələrdən ibarət idi. Dediyinə görə, Anar Bağırov Vəkillər Kollegiyasına sədr təyin olunmamışdan əvvəl icraçı direktoru olduğu Bakı Hüquq Mərkəzinin əsl sahiblərinin himayəsilə öz uğurlarına imza atıb. Belə ki, Bakı Hüquq Mərkəzi Ədliyyə naziri Fikrət Məmmədovun oğlu Fariz Məmmədova aid olduğundan məhkəmələri uda bilir, müvəkkillərinin haqlarını qeyri-hüquqi yollarla müdafiə edirmiş.

Açığını desəm, Bakı Hüquq Mərkəzinin kimə aid olduğunu təsdiqləyəcək və ya inkar edəcək məlumata malik olmadığımdan, bu iddia üzərində çox dayanmaq istəmirəm. Əslində Aslan İsmayılovun həqiqətləri ört-basdır etdiyini sübuta yetirmək üçün bu araşdırmaya da ehtiyac duymuram. Nədən ki, istənilən birinin yalançı olduğu onun müxtəlif zamanlarda dilə gətirdiyi fikirlərin bir-birini təkib etməsi də sübuta yetirir və hər hansı yalançının evi yananda belə ona inanmamaq atalardan miras qalmış öyüdlərdəndir.

Aslan İsmayılovun yalançı olduğunu isə onun mövcud olmayan yaddaşı sübut edir və dilə gətirdiyi bir-birinə zidd fikirlər bu insanın əsl kimliyini ortaya qoyur. Belə ki, eyni hadisə barədə bir müddət əvvəl dilə gətirdiyi fikirləriylə bu gün dediklərini qarşılaşdırıb bu adamın yalançı olduğuna şəhadət gətirmək mümkündür.

Elədirsə, gəlin, Aslan İsmayılovun bir neçə il əvvəl Bakı Hüquq Mərkəzi və onun sədri Anar Bağırov barədə dediklərinə nəzər salaq: “...Ədliyyə naziri Fikrət Məmmədovun oğlunun belə bir hüquq şirkəti var. Mənim Fikrət Məmmədova mənfi münasibətimin olduğu hamıya bəllidir. Yəni məndən şikayət edən hakim də inanmıram ki, ədliyyə naziri ilə razılaşdırılmamış o müraciəti etsin. Amma bütün bunlara baxmayaraq, onun oğlu bacarıqlı şəxsdir, həqiqətən də başqalarından fərqli olaraq monopoliya əsasında iş görən deyil. Sadəcə, imkanlarından istifadə edib, savadlı cavanları ora yığıb, işini görür”.

"Yeni Musavat" qəzetinin 21.05.2013-cü il buraxılışında dərc olunan “Bunlar hamısı uydurmadır, yalandır” sərlövhəli müsahibəsindən gətirdiyimiz bu sitatda da gördüyümüz kimi, Aslan İsmayılov Bakı Hüquq Mərkəzinin heç bir monopoliya qurmadığını, sadəcə, ətrafına gənc və savadlı hüquqşünasları yığıb müvəkkillərinin hüququnu daha keyfiyyətlə qoruduğunu rəsmən bəyan edir. Üzərindən 5-6 il keçəndən sonra yenə həmin hüquq firması və onun keçmiş rəhbəri haqqında ağlına nə gəldi danışır. Gah Bakı Hüquq Mərkəzini vəkillik monopoliyası qurmaqda, gah da Anar Bağırovu təcrübəsizlikdə və savadsızlıqda günahlandırır.

Anar Bağırovun hüquqi savadını və təcrübəsini isə yenə özünün məkrli niyyətindən doğan sözlərində gizləyə bilmir, əksinə bir növ etiraf edir. Zira onun öz etirafına görə, Anar Bağırovun uzun müddət ən sanbalı vəkillər bürosuna rəhbərlik etməsi, öhdəsinə götürdüyü əksər məhkəmə işlərini qazanması da buna sübutdur. Savadı və təcrübəsi olmayan bir adam bu qədər məsuliyyətli bir işin altına necə girə, Aslan İsmayılovun təbirilə desək, savadlı gənc vəkilləri necə idarə edə bilər? Sözsüz ki, Aslan İsmayılovun dilə gətirdiyi bu faktın özü uğurlu bir təcrübə, ciddi savad tələb edən xüsusiyyət deməkdir.

Onu da qeyd edim ki, Anar Bağırov dünya üzrə hüquqşünasların reytingini müəyyən edən mötəbər qurumların (Legal 500, İLFR 1000) pulla alınması mümkün olmayan rəyinə görə, ölkədə ən çox etibar qazanan 3 vəkildən biridir. Aslan İsmayılovu isə Biləcəridən bu yana tanıyan yoxdur. Üstəlik, o, vəkillik sahəsində son bir il ərzində gördüyü işləri ilə isə vəkillərin və cəmiyyətin haqlı olaraq rəqbətini qazanmışdır. Heç kimim tanımadığı, saymadığı, tövlədə yerləşən bir qurumum müasir və nüfuzlu bir instituta çevrilməsi həyatlarında belə bir elmi məqalə yazmamış, yalnız intriqa və populizmlə məşğul olan şəxslərdə paxıllıq hissini oyatması təbii haldır.

Ən əsası, Aslan İsmayılovun kiminsə biliyinə qiymət verməsi şəxsən mənim üçün anlaşılmazdır. Müxtəlif zamanlarda girdiyimiz polemikalarda hüquq təhsilimin olmamasına baxmayraq, bu adama hüququn incəliklərini başa salmış, əsl dərs keçmişəm. Görünür, mənim bu dərslərimdən hansısa nəticə əxz etməyən keçmiş vəkil özündənrazı ədayla həmkarlarını aşağılamağa çalışır.

Əslində Aslan İsmayılovun bu tövrünü anlamaq da çətin deyil. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Elçin Qəmbərovun bu yaxınlarda çapdan çıxmış “Aslan İsmayılov: Yalan anatomiyası” adlı kitabında bildirilir ki, bir zamanların tanınmış vəkili olan bu adam açıq şəkildə Kollegiyanın sədri iddiasında bulunur və öz niyyətini xarici qonaqların qarşısında utanmadan dilə gətirirdi. Hətta Aslanın bu cığallığı qonaqlarda belə, təəccüb yaradır və onlar öz təəccüblərini dodaqlarındakı təbəssümlə açıq şəkildə ortaya qoyurdular. Ölkəmizin hətta Vəkillər Kollegiyasının sədri olmaq kimi daxili məsələlərini xaricilərin himayədarlığı ilə həyata keçirmək istəyən və əcnəbilərdən mədəd uman bir adamın indi qalxıb, kimlərisə milli maraqlar naminə istefaya çağırması, yumşaq desək, çox qəribə görünür.

Aslan İsmayılovun Azərbaycanın seçilmiş vəkillərinin, demək olar, hamısını dələduzluqda günahlandırması, onlardan yalnız Adil İsmayılov və Fuad Ağayevi fərqləndirməsi də bu peşə sahiblərinə edilmiş ən böyük təhqirdir. Ümumiyyətlə, bu adamın leksionunda “dələduz” kəlməsinin bitməsini, şəxsən mən təsadüfi saymıram. Adamın kimə gəldi “dələduz” deməsi, böyük ehtimalla özünün xarakterindən qaynaqlanır.

Şair demişkən:

“Adətən, kimdə nə yoxdursa, hey ondan danışar,
Qısaboy, bəstəboyun sərvi boyundan danışar”.

Hər kəsi dələduzluqda ittiham edən Aslan İsmayılovun bir neçə il əvvəl gürcüstanlı həmkarlarıyla əlbir olub Türkiyəli iş adamı Hızır Ekşini aldadaraq 40 min ABŞ dollarını mənimsəməsi faktının ortaya çıxması şairin nə qədər haqlı olduğunu göstərir. Xatırladaq ki, Hızır Eksinin mətbu orqanlara verdiyi məlumata görə, təxminən 2 il (artıq 4 il) əvvəl onun qardaşının Gürcüstanda problemi olur, işi məhkəməyə düşür: “A.İsmayılov bu problemi həll edə biləcəyini vəd edərək, türk iş adamı ilə anlaşır. Hızır Ekşi 40 min dolları öz adamı vasitəsilə Gürcüstanda Aslan İsmayılovun oğluna verir. Lakin A.İsmayılov nə işi həll edib, nə də pulu geri qaytarır. Türk iş adamının dediklərindən: “Təxminən 2 il öncə qardaşımın Gürcüstanda bir məhkəməsi var idi. Bu məhkəmə işlərini həll etmək üçün pulu aldı. Amma həll edə bilmədi. Bundan sonra vaxt istədi, sonra yenə vaxt istədi. Sonda pulu geri verəcəyəm, işi düzəldə bilmirəm dedi. Amma pulu geri vermədi. Tam bir saxtakar!”

Saxtakarlıq sorağı hətta Türkiyəyə qədər gedib çıxan bu adam indi Ədliyyə nazirinin oğlunu vəkillik monopoliyası kimi yaradılması imkansız olan bir işdə günahlandırır. Halbuki, Hızır Eşkinin dediyinə görə, 40 min dollarlıq dələduzluqda Aslan İsmayılovun oğlunun da rolu vardı və türk iş adamı həmin pulu Gürcüstanda onun oğluna vermişdi. Bu yerdə də şairin yuxarıdakı sözünə haqq verməmək olmur.

Aslan İsmayılovun Ədliyyə nazirinin oğlunu vəkillik monopoliyası yaratmaqda günahlandırmasının ən gülünc tərəfi ondan ibarətdir ki, özü dəfələrlə etdiyi çıxışlarında Azərbaycanda bütün hüquqi prosedurların hakimlər tərəfindən yerinə yetirildiyini, vəkillik sisteminin heç bir işə yaramadığını deməsidir. Əgər bu iddia doğrudursa, Fikrət Məmmədov niyə öz oğlunun hakim yox, vəkil olmasını istəyib? Yox, əgər vəkillik hakimlikdən daha geniş imkan və səlahiyyətlərə sahibdirsə, bir zamanlar öz peşəsindən sui-istifadə etməsəydi, yenə də Kollegiyada qalacaq olan Aslan İsmayılov nədən narazıdır? Axı, hər halda Azərbaycan hüquq sistemində Aslan İsmayılovun dediyi kimi qohumbazlıqlar hökm sürsəydi, məntiqlə, onun yox, Fikrət Məmmədovun övladı hansısa ən ali məhkəmə sisteminin mərkəzi aparatında yer alardı. Hüquq sisteminə və şəxsən Ədliyyə nazirinə qarşı bütün bu qərəzli mövqeyinə baxmayaraq, Aslan İsmayılovun qızının hələ də Konstitusiya Məhkəməsində işləməsi keçmiş hüquqşünasa verilmiş ən gözəl əyani cavabdır.

Post-sovet məkanında rəngli inqilablar törətməklə ad çıxarmış Soros bulağından su içən Aslan İsmayılov dünənki çıxışında köhnə şakərini də unutmadı və faktiki olaraq, hakimiyyəti minlərlə hüquqşünasın inqilabi hərəkata qoşulması ehtimalı ilə təhdid etdi. O, hətta 10 min vəkili etiraz aksiyalarına şəxsən çağıra biləcəyini belə, gizlətmədi.

Məncə, onun bu təhdidi hakimiyyət orqanları tərəfindən ciddi qəbul olunmalı və müvafiq tədbirlər görülməlidir. Çünki Aslan İsmayılov bu kimi təxribat əməlləri törətməkdə məharətini 2013-cü ildə Həmkarlaq İttifaqının qarşısında özünü yandıran II qrup Qarabağ əlili Zaur Həsənov faciəsi ilə sübuta yetirdi. Faktiki olaraq Qarabağ əlilini intihara göndərərək, qanunsuz zəbt edilmiş torpağı öz adına rəsmiləşdirdi. İndi Şıxovda şəhid qanı hesabına ərsəyə gələn, dəniz qırağındakı cah-cəlallı villasında canlı yayımlara çıxaraq, hakimiyyəti növbəti dəfə təhdid edir...

Mürvət Həsənli,
ADAM sədri

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA