Tofiq Yaqublu: “Mən Müsavatı daha yaxşı idarə edərəm” - MÜSAHİBƏ

Tofiq Yaqublu: “Mən Müsavatı daha yaxşı idarə edərəm” - MÜSAHİBƏ

“Müsavat Partiyasının cəmiyyətdə tutduğu mövqe potensialına uyğun deyil”

“İndiki idarəetmə ilə razı olsaydıq, namizədliyimizi niyə irəli sürürdük?!”

Bildiyiniz kimi, Müsavat Divanı partiyanın növbəti qurultayının oktyabrın 12-də keçirilməsi barədə qərar verib. Qurultayda partiyanın yeni başqanı seçiləcək. Namizədlər arasında Divan üzvü Tofiq Yaqublu da var. Maraqlıdır ki, o, başqan seçiləcəyi təqdirdə müsavatçılara nə vəd edir və platforması nədən ibarətdir? “Hürriyyət”in bu və digər suallarına cavab almaq üçün Tofiq Yaqublu ilə söhbətləşdik.

-Mən platformamı qurultay zamanı nümayəndələrinə tam formada açıqlayacam. Onun konturları təxmini bəllidir. Öndə olan demokratik qüvvələrlə daha sıx əməkdaşlıq, daha ciddi fəaliyyət, ölkədə azad seçki mühitinin yaradılması uğrunda daha ciddi, effektiv, praktiki mübarizə yönündədir. Əlbəttə, bu, qurultay üzvlərinə deyəcəyim sözlərin hamısı deyil. Amma qurultay zamanı çıxışımda seçicilərimə üz tutaraq deyəcəm.

- Rəqiblərinizdən biri Arif Hacılı, ikincisi Yadigar Sadıqlıdır. Başqa nazmizəd də ola bilərmi və seçkidə qalib gələcəyinizi düşünürsünüzmü?

- Əlbəttə, çox çətin olacaq. Qalib gəlmək bir şərəf olar. İstisna etsəydim, namizədliyimi verməzdim. Düşünürəm ki, belə bir şans var. Amma, əlbəttə, 100% əminliklə deyə bilmək mümkün deyil. Sadəcə olaraq mübarizə aparacağam. Mən bu şansları dəyərləndirib, namizədliyimi irəli sürmüşəm.

Divan üzvü Başxanım müəllimə Abbasova da namizədliyini verib. Bu, arta da bilər. Hələ bəlli olan dörd namizəddir.

-Qurultay öncəsi Müsavatdaxili proseslər kimin daha çox başqan olmasına imkan verir?

- Dəyərləndirməkdə çətinlik çəkirəm. Təbii ki, hörmətli Arif bəyin şansı daha yüksəkdir. Yəni həm fəaliyyəti var, həm də partiyanın başqanıdır. Amma hər halda o biri namizədlərin də az çəkisi yoxdur. Digər tərəfdən də, hələ bundan sonra aparılacaq təbliğatın, qurultaydakı çıxışı təqdim etmənin də xeyli dərəcədə rolu olacağını düşünürəm.

- Ədalətli seçim olacağını düşünürsünüzmü? Çünki belə fikirlər var ki, İsa Qəmbərin seçimi Müsavatda həlledicidir.

- Seçimin ədalətli olması nə deməkdir? Yəni hər bir seçici, qurultay özü öz subyektiv mövqeyinə və ya dəyərləndirməsinə görə səs verir. Bu, onların hüquqdur. Mən bilirəm ki, ədalətli seçkilər olacaq, səslər ədalətli sayılacaq. Buna şübhə etmirəm. Amma hər bir seçici öz mövqeyində, özünün lazım bildiyi namizədə səs verməyində haqlıdır.

- Partiyanın son 5 ildə idarə olunmasını qənaətbəxş hesab edirsinizmi?

- Mən yenə deyirəm, mükəmməliyin hüdudu yoxdur. Yəni istənilən vəziyyətdə fərqli düşüncələr var, heç nə yekdil ola bilməz. Xüsusən düşünən insanların bu və digər məsələlərdə, praktiki addımlarında fərqli baxışı ola bilər. Elə ona görə də mən namizədliyimi irəli sürürəm. Arif bəy öz dəsti xətti ilə özünə trend hesab elədiyi istiqamətlər üzrə bacardıqca idarə edib. Mənim isə bəzi-bəzi məsələlərdə fərqli düşüncələrim var. O da tamamilə normal şeydir. Yəni başqanların özünün mövqeyi ola bilər, səlahiyyəti çərçivəsində o mövqeyinə uyğun hərəkət edə bilər.

- Hansı məsələdə sizin fərqli düşüncəniz var?

- Mən dedim ki, bunu mən qurultayda elan edəcəm. Yenə deyirəm, demokratik qüvvələrlə əməkdaşlıq, rejimə qarşı daha ciddi, daha praktik mübarizə, seçki mühitinn yaxşıladırılması uğrunda daha praktik mübarizə. O detalları mən qurultayda seçicilərə çatdıracam.

- Müsavatın Divan üzvü Yadigar Sadıqlı mətbuata müsahibəsində deyib ki, idarəçilik yaxşı olmadığına görə partiyada həm daxildə, həm də ictimai nüfuz baxımından zəifləmə baş verib, bu gün də həmin zəifləmə davam edir. Onun sözlərinə görə, əgər dəyişiklik olmasa, zəifləmə bundan sonra da davam edəcək, Müsavat çox zəifləyəcək. Siz də Müsavat Partiyasının zəiflədiyini və başqan dəyişməsə, zəifləmə davam edəcəyini düşünürsünüzmü?

-Burada elementar məntiq var. Əgər bir şəxs namizədləyini irəli sürüsə, deməli, o nədənsə narazı deyil, o, fərqli bir idarəetməni nəzərdə tutur. Əgər biz indiki idarəetmə ilə yüzə-yüz razı olsaydıq, namizədliyimizi niyə irəli sürürdük?! Bu, elementar məntiqdir. Artıq alternativ olaraq namizədləyini irəli sürürsənsə, deməli, nələrisə dəyişmək istəyirsən, nələrləsə razı deyilsən. Mən də düşünürəm ki, Müsavat Partiyasının cəmiyyətdə tutduğu rol, mövqe onun potensialına uyğun deyil. Biz daha yuxarılarda, önlərdə olmalıyıq. O da baxışdır. Digərləri hesab edir ki, ən yaxşı yerdə bizik, yaxşı mübarizə aparırıq, irəliləyirik. Bu, bir yanaşmadır. Yenə deyirəm, dəyərləndirmə subyektivdir, axı. Ona görə, birimiz belə görürük, digərimiz elə görürük. Amma namizədliyin irəli sürülməsi fakt özü artıq onu təsdiqləyir ki, o məsələdə mənim digərlərindən fərqli mövqeyim var.

- Siz özünüz başqan seçiləcəyiniz təqdirdə Müsavatın öndə olma şansı çoxdurmu?

- Mən iddianı elə ona görə qoymuşam. İstənilən başqanlığa namizəd o iddianı ona görə irəli qoyub. Bu, “mən daha yaxşı idarə edərəm” deməkdir. İndi idda edirik, hədəf götürürük. Mən və ya digəri seçilə bilsə, o, vədlərə nə dərəcədə əməl edə biləcək, Müsavatı durduğu yerdən irəlimi aparacaq, yoxsa o da gerimi gedəcək, onu zaman göstərəcək.

Şamo EMİN, Hurriyyet.org