TRAMPIN ARXASINDAKI ƏL… - ABŞ Suriyadan çıxma qərarını niyə dəyişir? - TƏHLİL

TRAMPIN ARXASINDAKI ƏL… - ABŞ Suriyadan çıxma qərarını niyə dəyişir? - TƏHLİL

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 28 mart 2019-cu il

Prezident Tramp hər hansı bir fikir söylədikdən az sonra qəti tonda dediyinin əksini edə bildiyinə, “Onu çox sevirəm, çox yaxşı dostumdur” deyərək, danışdığı şəxsə bir az sonra ən böyük pislikləri edə bildiyinə, hakimiyyət qurumları ilə heç məsləhətləşmədən özbaşına aldığı qərarların heç birinin müvafiq qurumlar tərəfindən ciddiyə alınmadığını bildiyimə, nəinki gün ərzində, hətta dəqiqədə bir fikrini 180 dərəcə dəyişdirdiyinə görə onun “Hərbçilərimizi Suriyadan tamamən çəkirik” açıqlaması məndə heç sevinc duyğusu yaratmamışdı.

Həqiqətlər belədir

Həqiqətən, “Hərbçilərimizi həmən çəkirik” açıqlamasının üstündən qısa zaman keçmədən “400 hərbçinin saxlanacağı” açıqlaması gəldi. Ayrıca, bu da yetmədi, indi Suriyada 1000 hərbçinin qala biləcəyilə bağlı hazırlıq görülür.

Burada qonaq olmasaydım, bütün bunları bir prezidentin ruh halındakı çatışmazlıqlara bağlayaraq, məsələni unuda bilərdim.

Belə edən amerikan dostlarım var, elə də haqsız sayılmazlar.

Ancaq bu durumda işin içində, pərdə arxasında baş verən başqa şeylər də olur. Trampın ruhi dayanıqsızlıq durumunu unutmadan onu da anlamalıyıq ki, ABŞ-a yönəlik mövqeyimizi müəyyən edərkən əlimizdəki məlumatlar doğru olmalıdır.

Con Boltonun manevrləri

Bu məsələ ilə əlaqədar keçirdiyim bütün görüş və təmaslardan sonra anladım ki, Suriya ilə bağlı baş verən bütün mövqe dəyişikliklərinin və atılan addımların təməlində pərdə arxasında Con Bolton dayanır.

Milli təhlükəsizlik müşaviri Bolton, Trampın ruh halını ən yaxşı bilən şəxsdir və bu durumun ona bürokratik manipulyasiyalar etmək üçün böyük fürsətlər verdiyini təsbit etmişdir.

Çünki Tramp heç bir qurumla məsləhətləşmədən “Hərbçilərimizi çəkirik” deyərək, bir açıqlama verdikdən sonra bu məsələni sanki olmamış kimi unudaraq yaşaya bilir. Məsələni dəqiqələr ərzində unudunca da, bu geriçəkilmə işini koordinasiya etməli olan Con Bolton dövrəyə girir.

Bolton Vaşinqtonda bürokratiyanı ən yaxşı tanımasına və onu öz siyasəti yönündə bacarıqla istifadəetmə qabiliyyətinə görə məşhurdur.

Bolton ABŞ hərbçilərinin Suriyadan geri çəkilməsinə qarşıdır və Türkiyəyə qarşı da çox yaxşı duyğular bəsləmir. Doğrusu, ABŞ-da hərbçilərin geri çəkilməsinə dəstək verən tək bir qurum da yoxdur. Bu durum Con Boltona böyük manevr sahəsi və imkanı verib.

Bolton İrana qarşı sərt mövqedə olan kəsimin də başında durur. O, İran təhdidindən istifadə edərək, Suriyadan hərbçilərin geri çəkilməməsini hər bir quruma asanlıqla qəbul etdirə bilir. Həmin qurumlar PYD/YPG-nin dəstəklənməsindən yana olduqlarına görə Bolton Suriyada daha çox hərbçı saxlanması fikrini, – onları da qoruma düşüncəsini öz arqumentlərinə əlavə edərək, – gücləndirə bilib.

Və nəticədə, Tramp hələ geriçəkilmə fikrinin keçərli olduğunu düşünərkən, dövlət qurumları prezidentin arxasından tam əks nəticələr verəcək addımlar atıblar. Dövlət qurumlarında nələrin baş verdiyini ona çatdıran şəxsin də Con Bolton olduğu nəzərə alınarsa, onun həqiqətləri öz prizmasından keçirərək prezidentə anlatdığına heç kimin şübhəsi olmamalıdır.

Ayrıca, Trampın ona anladılanlara qulaq asması da şübhəlidir. Yazılı hesabatları da oxumur. Belə bir dedi-qodu da var ki, Tramp hesabatları yalnız cizgi filmi formatında gördüyü halda qavraya bilir.

Vaşinqtonun “yeni normalı” budur

Təəssüf ki, durum belədir. “Dünyanın ən güclü ölkəsində güclü bir prezident necə belə ola bilər? deyərək, sual verdiyinizi eşidə bilirəm. Ancaq nə edək, həqiqət budur. Vaşinqtonun “yeni normalı” bu durumdadır.

Yekun olaraq, Boltonun istədiyi olur. ABŞ hərbçiləri Suriyadan çəkilmir. Həm İrana qarşı durmaq, həm də PYD/YPG-ni qorumaq üçün hərbçilər orada qalacaqlar.

Vaşinqtonda gözləndiyinə görə, bu güc simvolik deyil, bölgədə son dərəcə aktiv bir güc olacaq. ABŞ-ın paytaxtı hazırda bu məsələ ilə bağlı Trampın deyil, Con Boltonun Vaşinqtonu durumundadır.

Tərcümə Strateq.az-ındır

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA