“Trampın məqsədi odur ki, İran təhlükəsini ortadan qaldırsın” - ELXAN ŞAHİNOĞLU

“Trampın məqsədi odur ki, İran təhlükəsini ortadan qaldırsın” - ELXAN ŞAHİNOĞLU

“İslam İnqilabı Keçikçiləri Korpusunun maliyyə mənbələrini axtarırlar ki, bu strukturu ləğv etsinlər”

Amerikanın Tehrana qarşı sanksiyalarından yan keçərək İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) və Müdafiə Nazirliyinə 1 milyard dollardan çox vəsait köçürmüş genişmiqyaslı qondarma şirkətlər şəbəkəsi aşkar olunub.

ABŞ Maliyyə Nazirliyi martın 26-da yaydığı bəyanatda bu şəbəkəyə bağlı – İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyədə yerləşən qondarma şirkətlər də daxil 25 fərdə və vahidə qarşı sanksiyalar irəli sürüldüyünü bildirir.

Bəyanatda qeyd olunur ki, bu aşkarlanma İran rejiminin sanksiyalardan yayınmaq üçün yaratdığı şəbəkənin genişliyini nümayiş etdirir. Bu da əlavə edilir ki, ABŞ sanksiyaları Tehran üzərinə təzyiqi artıraraq “rejimin gəlir mənbələrini sərt şəkildə məhdudlaşdırır”.

ABŞ bildirir ki, İrana bağlı bu şəbəkəyə İİKK-in nəzarətində olan Ansar Bank və bu bankın nəzarətində olan firmalarla birlikdə banklar və başqa maliyyə təsisatları daxildir. Bu firmaların siyahısında “Ansar Exchange”, “Atlas Company”, “Atlas Exchange”, “Ansar Bank Brokerage Company” və “Ansar Information Technology” şirkətləri var.

Sanksiya siyahısına daxil edilmiş daha bir qurum “Zagros Pardis Kish” şirkətidir. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə bu şirkət Birləşmiş Ərəb Əmirliklərindən yüzlərlə avtomobilin İran Müdafiə Nazirliyinə çatdırılmasında iştirak edib. Bəyanata görə BƏƏ-də mənzillənmiş çoxsaylı balıqqulağı şirkətləri bu maşınların alınması və göndərilməsini həyata keçirib.

ABŞ-ın yeni sanskiyaları həm də ayətüllah İbrahimiyə tətbiq ediləcək. ABŞ Maliyyə Nazirliyi bildirir ki, İbrahimi hələ 14 yaşından İİKK-ə cəlb edilib və 2005-ci ildən bəri “Ansar Bank”ın direktoru olub. Sanksiya siyahısına “Ansar Exchange” firmasının direktoru Alirez Atabaki də daxil edilib.

Sanksiya hesabatında deyilir ki, Atabaki İİKK-in xarici əməliyyatlar qolu – Qüds Qüvvələri ilə işləyib və lap elə bu yaxınlarda, 2019-cu ilin əvvəllərində IRGC-QF adlı qondarma şirkət vasitəsilə maliyyə tranşlarını koordinasiya edib.

Maliyyə naziri Steven Mnuçin deyib ki, İİKK və İran Müdafiə Nazirliyi sanksiyalardan yan keçmək məqsədilə beynəlxalq maliyyə təsisatlarından istifadəni davam etdirir. ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Sigal Mandelker deyib ki, İİKK-nin nəzarətində olan “Ansar Bank” və onun valyuta mübadiləsi qolu “Ansar Exchange” beynəlxalq araçılar vasitəsilə dəyərdən düşmüş rialı dollara dəyişir.

“Amerika bütün yollarla İranı elə bir vəziyyətə gətirir ki, cəmiyyət özü İranda hakimiyyəti dəyişsin”

ABŞ-ın İrana qarşı sanksiyalarını genişləndirməsi ilə bağlı “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Hürriyyət”ə dedi ki, Amerikanın məqsədi məlumudır, İranı çökdürmək istəyir: “Hələ Barak Obamanın dövründə nüvə anlaşması imzalanmışdı. Amma gördüyünüz kimi Donald Tramp prezident seçilən kimi vədini yerinə yetirərək bu anlaşmadan çıxdı. Ona görə, yox ki, İran nüvə silahı istehsal edir və Tramp onlara inanmır. Aydındır ki, İran nüvə silahı istehsal etmir, imtina etmişdi. Buna baxmayaraq, Trampın və İsrailin məqsədi odur ki, İran təhlükəsini ortadan qaldırsın. Çünki İranın qonşu dövlətlərə müəyyən təsir imkanları var, müəyyən silahlı qruplara dəstək verir. Əsas da bu işlə İslam İnqilabı Keşikçiləri Korpusu məşğul olur. Ona görə, Amerika bütün yollarla İranı elə bir vəziyyətə gətirir ki, cəmiyyət özü İranda hakimiyyəti dəyişsin. Amma bunun risklərini bilmirəm Amerikada hesablayıblar ya, yox, çünki bilmək olmaz İrandakı mümkün təlatümlər nəyə gətirib çıxara bilər. Ona görə, gördük ki, Suriyada rejim dəyişikliyi böyük terrorçu qrupların yaranmasına və bölgənin xaosa yuvarlanmasına gətirib çıxartdı. Bu baxımdan, Amerika İran iqtisadiyyatını zəiflətmə siyasətini davam etdirir. İran artıq bir çox ölkələrə neft sata bilmir, yeni texnologiyalar ala bilmir. İranın gəlirləri azalıb, ölkədə işsizlik artıb. Bu, o deməkdir ki, sankiyalar müəyyən qədər öz təsirini göstərib. Son günlər təbii fəlakətlər baş verib, buna da maliyyə ayrılmalıdır. Yəni İranın çətinlikləri getidikcə artır. Bu da Amerikanın maraqlarına xidmət edir. İndi də İslam İnqilabı Keçikçiləri Korpusunun maliyyə mənbələrini axtarırlar ki, İranın bu əsas strukturunu ortadan qaldırsınlar”.

“Bu sanksiyalar keçmiş sanksiyalara oxşamır”

“ABŞ-ın İranı çökdürəcəyini söyləmək çətindir. Çünki İran İslam İnqilabından, 1979-cu ildən bəri bu və ya digər şəkildə İran Amerikanın sanksiyaları altındadır və müəyyən qədər də dözür. Hətta 1990-ci illərdə iqtisadiyyatını inkişaf etdirməyə çalışdı. Baxmayaraq ki, 1980-88 illər arasında İraqla müharibəsi oldu. Amma bu sanksiyalar keçmiş sanksiyalara oxşamır, bunlar daha geniş miqyaslıdır”,-deyə politoloq qeyd etdi.

“Amerika ilə İran arasındakı ziddiyətli maraqların nəticəsində İranda çox gərgin vəziyyət yaranır”

“İran yenidən qondarma şirkətləri yaratmaqla, bu vəziyyətdən çıxa bilərmi” sualına E. Şahinoğlu belə cavab verdi: “Çətin. Görürsünüz ki, qondarma şirkətlər yaradanda üzə çıxır, yeni sanksiyalarla üzləşir. İran bu sanksiyalardan necə qurtula bilər? İran qonşu dövlətlərdə silahlı qruplara dəstəkdən əl çəksə, regiondakı proseslərə qarışmasa, bəlkə onda Amerika İrandakı hakimiyyətdən əl çəkə bilər. Amma bu da ona təminat vermir ki, tam qurtula bilər. Həm də İran rejimi və İslam İnqilabı Keşikçiləri Korpusu nəyə görə ətrafdakı silahlı qruplaşmalara dəstək verirlər? Təhlükəni İrandan uzaq tutmaq üçün bunu edirlər. Onlar da başa düşür ki, bir gün təhlükə İran sərhəddinə də gəlib dirənə bilər. Bu baxımdan, Amerika ilə İran arasındakı bu ziddiyətli maraqların nəticəsində İranda çox gərgin vəziyyət yaranır. Axı, İranda da iki hakimiyyətlilikdir, hansı ki, heç bir dövlətdə belə bir şey yoxdur. Bir tərəfdə prezident ölkəni idarə edir, digər tərəfdən ali dini lider hər bir şeyə müdaxilə edə bilər. Burada faktiki iki hakimiyyətlilik yaranır. Prezident bir qərar verir, ali dini lder məsələrə fərqli baxır və fərqli qərar verir. Bunun özü də İrandakı prosesləri gərginləşdirir”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA