Trampın qərarı Türkiyə iqtisadiyyatına NECƏ TƏSİR EDƏCƏK?

Trampın qərarı Türkiyə iqtisadiyyatına NECƏ TƏSİR EDƏCƏK?

Razi Abasbəyli: "Bu qərar Türkiyə üçün hər hansı tragik iqtisadi vəziyyət yaratmayacaq"

"Güzəştli ticarət rejiminin ləğvi sadəcə olaraq, müəyyən siyasi və psixoloji basqı anlamını ifadə edə bilər"

"Son bir ildə Türkiyənin Avropa Birliyi ilə münasibətləri kifayət qədər yaxşıdır, ticarət dövriyyəsində 32 faizə qədər böyümə var"

ABŞ-ın prezidenti Donald Tramp Türkiyəni inkişaf etməkdə olan ölkələr siyahısından çıxartmaqla, onunla güzəştli ticarət rejimini ləğv edib. Bununla bağlı Ağ Evin mətbuat xidmətinin yaydığı informasiyada deyilir ki, sözügedən qərara uyğun olaraq Vaşinqton həmçinin, Ankara ilə xüsusi güzəştli ticarət rejimini dayandırır: "Mən qərara gəldim ki, onun (Türkiyənin – red.) iqtisadi inkişaf səviyyəsini nəzərə alaraq, 17 may 2019-cu il tarixindən etibarən Türkiyənin inkişaf etməkdə olan ölkə-benefisiar kimi təyinatını ləğv etmək məqsədəuyğun olardı".

Qeyd edək ki, ekspertlər bu qənaətdədir ki, Trampın sözügedən qərarı Türkiyə mallarının ABŞ-a ixracına mənfi təsir göstərəcək. Bu isə qardaş ölkə üçün ildə 63,7 milyon dollar ziyan deməkdir. Təxminən, bir ay öncə keçirdiyi mətbuat konfransında məhz bu mövzuya toxunan politoloq Mübariz Əhmədoğlunun sözlərinə görə, rəqəm elə də qorxulu olmasa da, siyasi yük ağırdır. Onun fikrincə, ABŞ-ın təzyiqlərinin əsas səbəbi Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərini almaqdan imtina etməməsidir.

"Ankara ilə xüsusi güzəştli ticarət rejiminin dayandırılması müəyyən mənada ABŞ-Türkiyə ticarət münasibətlərinə öz təsirini göstərəcək"

Картинки по запросу iqtisadçı ekspert Razi Abasbəyli

Məsələ ilə əlaqədar "Hürriyyət"ə açıqlama verən müstəqil iqtisadçı ekspert Razi Abasbəyli isə bildirdi ki, son illər Türkiyə iqtisadiyyatının böyüməsi həm dünyanın maliyyə mərkəzləri tərəfindən etiraf olunur, həm də Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun hesabatlarında öz əksini tapır: "Belə ki, ötən il Türkiyə iqtisadiyyatında 2 faizlik böyümə müşahidə edilib. Ümumi daxili məhsulun həcmində kifayət artım vardı. Bundan başqa, Türkiyənin ixracat potensialı son 2-3 il ərzində 8-10 faiz arasında dəyişərək böyüməkdədir. Bütün bunlar "Böyük İyirmilik" ("G-20”) ölkələri liderlərinin sammitində də müzakirə edilib. Əslində, ABŞ-ın bu gün qüvvədə olan qərarı Türkiyə üçün təzyiq xarakteri daşımır. Odur ki, bu, sadəcə olaraq, müəyyən siyasi və psixoloji basqı anlamını ifadə edə bilər. Buna baxmayaraq, əlbəttə ki, Ankara ilə xüsusi güzəştli ticarət rejiminin dayandırılması müəyyən mənada ABŞ-Türkiyə ticarət münasibətlərinə öz təsirini göstərəcək".

"Əsasən Rusiya və İrana qarşı aparılan iqtisadi sanksiyalar, embarqolar neftin qiymətinin ucuzlaşdırılması üzərində qurulmuş bir strategiyadır"

Lakin bunun Türkiyə üçün hər hansı tragik iqtisadi vəziyyətin yaratmayacağını vurğulayan iqtisadçı ekspert hesab edir ki, dolların bahalaşması nəticə etibarı ilə ABŞ məhsullarının ixracatını kəskin şəkildə azaldıb: "Bildiyiniz kimi, ABŞ eyni vaxtda Çin, İran, Meksika, Venesuela və Rusiya ilə ticarət münasibətlərində embarqo, basqı üsulundan istifadə etməyə çalışır. ABŞ-ın maliyyə mərkəzlərinin etiraf etdiyi kimi, bu, həm də Amerikanın özünə ciddi şəkildə təsir edir. Avropa Birliyi dövlətləri ilə ABŞ arasındakı iqtisadi münasibətlərdə ticarət tərəfdaşlığının gərgin müstəvidə olması avronun bahalaşmasına, nəticə etibarı ilə dolların müəyyən qədər ucuzlaşmasına səbəb oldu. Eyni zamanda, bu münasibətlər dünya bazarında neftin gözlənilən ucuzlaşmasına gətirib çıxarmadı. Tramp administrasiyası ötən aydan etibarən aylıq neft hasilatını 8 milyondan 12 milyon barrelə qədər artırmaqla neft bazarına basqı tətbiq etməyə çalışdı ki, neftin qiyməti ucuzlaşsın. Məlumdur ki, əsasən Rusiya və İrana qarşı aparılan iqtisadi sanksiyalar, embarqolar neftin qiymətinin ucuzlaşdırılması üzərində qurulmuş bir strategiyadır. Lakin hələlik ABŞ buna nail ola bilməyib. O cümlədən, Amerikanın idxalı artıb, ixracatında isə ciddi problemlər var. Çünki dolların bahalaşması nəticə etibarı ilə ABŞ məhsullarının ixracatını kəskin şəkildə azaltmağa başlayıb".

Hazırda Tramp administrasiyasının daxildə çevik kreditləşmə siyasəti həyata keçirməklə ölkədə sabitliyi, sosial bərabərliyi qorumağa çalışdığını deyən Razi Abasbəylinin sözlərinə görə, bütün bu proseslər Türkiyə kimi inkişaf etmiş ölkələr üçün hər hansı bir iqtisadi təhdid yaratmır: "Çünki son bir ildə Türkiyənin Avropa Birliyi ilə münasibətləri kifayət qədər yaxşıdır, ticarət dövriyyəsində 32 faizə qədər böyümə var. Odur ki, bütün bu göstəriciləri nəzərə aldıqda, demək olar ki, Türkiyə-ABŞ iqtisadi münasibətlərində tətbiq edilən hər hansı tədbirlərin təsiri olmayacaq".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA