TÜRK ÖLKƏLƏRİNİN HƏRBİ BİRLİYİ NƏ VƏD EDİR?

TÜRK ÖLKƏLƏRİNİN HƏRBİ BİRLİYİ NƏ VƏD EDİR?

Zərdüşt Əlizadə: “Azərbaycan üçün bu birliyə üzv olmağın əhəmiyyəti o qədər də böyük deyil”

“Monqolustan, Qırğızıstan və Türkiyə ilə bağladığımız hərbi müqavilə bizə nə verəcək? Heç nə verməyəcək. Özümüzü aldatmayaq”

Türkiyə, Azərbaycan, Qırğızıstan və Monqolustanın iştirakı ilə ortaq hərbi birlik yaradılır.

Türkiyə mətbuatı xəbər verir ki, hərbi birlik Avrasiya Hərbi Statuslu Ordu Qüvvələri adlanacaq. Hərbi birliyin simvolu at və dörd ulduz olacaq.

Bildirilir ki, hər ölkəni bu birlikdə müəyyən edilən sayda kontingent təmsil edəcək. Türkiyəni birlikdə Jandarma Ümumi Komandanlığı təmsil edəcək və o digər ölkələrin ordu qüvvələrinə təlim keçəcək.

Məlumatda qurumun BMT Sülhməramlı Qüvvələri kimi çalışacağı və 2018-ci ildə rəsmən fəaliyyətə başlayacağı da qeyd olunur.

“Ermənistana qarşı müharibə aparmaq mümkün deyil”

Ortaq hərbi birliyin perspektivini şərh edən politoloq Zərdüşt Əlizadə Hurriyyet.org-a bildirdi ki, hərbi birlik o demək deyil ki, ölkələr birləşir: “Hərbi birliyin mənası odur ki, orada İslam əməkdaşlığı başlanılır. Birgə təlimlər keçirilir. Məlumat mübadiləsi gedir. Hərbi sahədə kimlərsə ordan bura, burdan ora oxumağa gedirlər. Müəyyən bir standartlar əsasında hərbi mübadilə gedir. Bu birliyin coğrafiyasına fikir versəniz, görərsiniz ki, Naxçıvandakı 15 km sərhəddi nəzərə almasaq, Türkiyə ilə Azərbaycan arasında, ümumi sərhəd demək olar ki, yoxdur. Biz ümumi düşmənə qarşı mübarizə aparmaq niyyətində deyilik. Çünki Ermənistana qarşı müharibə aparmaq mümkün deyil. Onun müttəfiqi Rusiyadır. Rusiyanın da hərbi gücü hamıya bəllidir. Monqolustan Azərbaycana nə cür kömək edə bilər? O hardadır, biz hardayıq?! Və yaxud Qırğızıstan bizə nə cür kömək edə bilər? Həm də Qırğızıstan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Bu, hərbi birlik yalnız hərbi sahədə müəyyən əmkdaşlıqdır. Ola bilsin ki, xarici siyasət məsələlərində ortaq məxrəc, hansısa bir ümumiləşdirmə, birgə təşəbbüslərin irəli sürülməsi mümkün olsun. Yalnız budur. Mən burada hansısa hərbi amil görmürəm. Bundan əvvəl, Azərbaycan-Türkiyə arasında ikitərəfli hərbi əməkdaşlıq sazişi var. Bu, daha mühüm sənəd idi, nəinki bu yeni sənəd”.

“Burada aparıcı qüvvə Türkiyə olacaq”

Z.Əlizadə xatırlatdı ki, bu ölkələr həm də BMT-nin sülhməramlı əməliyyatlarında vahid qüvvə kimi iştirak edəcəklər: “Təbii ki, burada aparıcı qüvvə Türkiyə olacaq. Azərbaycandan, Monqolustandan, Qırğızıstandan türk hərbi hissəsində bəlkə də bir batalyon gedəcək. Sonra da hər ölkədən bir “vzvod” ola bilər. Bu, normal bir şeydir. Burada qeyri-adi bir şey yoxdur. Beynləxalq hərbi əməkdaşlıq sahəsində bu növ əməkdaşlıqların nümunələri məlumdur”.

“Burada türk amilinin əhəmiyyəti o qədər böyük deyil”

“Türk dövlətləri deyəndə siyasətdə bu mühüm amil deyil. Siyasətdə nəinki dil birliyi, coğrafiya, iqtisadiyyat, hərbi və siyasi təhlükəsizlik daha mühüm amillərdir. Bizim arxaik, ibtidai, vəhşi, geridə qalmış siyasi təvəkkürümzüdə türk dövlətiyiksə, bu gərək, dildə olsun. Türk dövləti uzaqdır, heç onu Azərbaycan maraqlandırmır. Belə izah edirlər ki, guya, əcdadlarımız yaxın olub, sonradan tarixi inkişaf dövründə bir-birindən uzaqlaşa-uzaqlaşa gediblər. Sən qırğızların, qazaxların, özbəklərin dilini bilirsən? Bilmirsən. Az-çox türkmənlərin, türklərin dilini başa düşürük. Yəni burada türk amilinin əhəmiyyəti o qədər böyük deyil. Amma hansısa bir ortaq iqtisadi, siyasi, hərbi mənafe varsa, bu türk ortaqlığı üçün yardımçı amil ola bilər. Sözdə biri-birini həvəsləndirə bilər ki, sən demə, biz qohumuq. Bir qohum varlananda birdən-birə bütün qohumların yadına düşür ki, bəlkə onlara da nəsə çatdı. Yəni mən beynəlxalq siyasətdə münasibətləri belə anlayıram. Düşünürəm ki, o biri türk dövlətlərinin başqa vacib maraqları var. Azərbaycanın, Monqolustanın, Türkiyənin Qırğızıstanın başqa maraqları var. Türkiyə isə iqtisadi cəhətdən böyük dövlətdir, özü silah istehsal edir. Ola bilsin ki, yeni bazarlar əldə etmək üçün bu birlik yaradılır”, - deyə politoloq düşünür.

“Türkiyə çalışır ki, öz təsir gücünü genişləndirsin”

Z. Əlizadə vurğuladı ki, Monqolustan Rusiya ilə Çinin arasında sıxılıb qalmış, azad sulara çıxışı olmayan bir ölkədir: “Ancaq çox zəngin ölkədir. Orada qızıl, uran, bütün minerallar var. Əhalisi azdır, aqrar ölkədir. Amma indi beynəlxalq əlaqələrini xeyli zənginləşdirib. Qərblə, Çinlə və Orta Asiya ölkələri ilə də əlaqələr qurub. Hər hansı bir yeni beynəlxalq quruma daxil olmaq Monqolustanın təzyiqdən çıxmasına kömək edən bir işdir. Qırğızıstan isə Kollektiv Təhlükəsizlik Müqaviləsinin Təşkilatını üzvüdür. Rusiya ilə çox sıx əlaqəlidir. Qazaxstanla çox yaxındır, ondan asılıdır. Bu birliyə üz olmaq onun üçün beynəlxalq aləmdə əlaqələrinin rəngarəngliyini artırır. Müəyyən bir anda səsləyə bilər ki, siz mənim hərbi müttəfiqlərimsiniz, siz də beynəlxalq təşkilatlarda səsinizi qaldırın. Türkiyə isə böyük dövlətdir, çalışır ki, öz təsir gücünü genişləndirsin. Mümkün qədər çox ölkəyə təsir etsin. Həm də sənayesi üçün yeni imkanlar yaradır”.

“Hakim elita Azərbaycana biganə adamlardır”

Z.Əlizadə hesab edir ki, Azərbaycan üçün bu birliyə üzv olmağın əhəmiyyəti o qədər də böyük deyil: “Çünki təhlükəsizlik baxımından bizim əlavə köməyə ehtiyacımız var. Qırğızıstan, Monqolustan beynəlxalq siyasətdə o qədər vəznin sahibi deyillər ki, biz fəxr edək, deyək, Azərbaycanın xarici siyasəti uğur qazanıb. Monqolustan və Qırğızıstanla hərbi əməkdaşılq barədə müqavilə bağlanıb”.

“Rusiya, Türkiyə, İran və Avropanın arasında qalmışıq”

“Niyə Azərbaycan üçün bu birliyə üzv olmaq əhəmiyyətli deyil” sualına Əlizadə belə cavab verdi: “Azərbaycan haqqında təsəvvürünüzü canlandırın ki, biz kimik, nəyik, hardayıq? Hesab edin ki, bizim sənayemiz sıfırdır. Son 25 ildə olan-qalan sənayemizi “uğurla” məhv etdik. Sənayemiz yoxdur. Maşınqayırmamız, elmi potensialımız, texnoloji bazamız, layihələşdirmə sahəsində qurumlarımız var idi, hamsını məhv etdik. Ortada “şanlı tarix” qaldı, o da yalançı tarixdir. Hərbi sahədə də potensialımız sıfra bərabərdir. Hərbi sahədə olan görüntülər hamısı boş şeydir. Guya ki, hərbi baxımdan inkişaf etmişik. Bunlar hamısı pul yumaq üçün olan şeylərdir. Xarici siyasətdə zəif Ermənistanın öhdəsindən gələ bilmirik, Rusiya, Türkiyə, İran və Avropanın arasında qalmışıq. Ölkənin siyasi quruluşu arxaikdir, səmərəsizdir. Xalqın potensialını üzə çxarmağa imkan vermir. Hakim elita kəmsavad, Azərbaycana biganə adamlardır. Monqolustan, Qırğızıstan və Türkiyə ilə bağladığımız hərbi müqavilə bizə nə verəcək? Heç nə verməyəcək. Özümüzü aldatmayaq. Bu, növbəti siyasi “pripiska”dır”.

“Azərbaycan ordusu dövlətin qarşısında duran vəzifələri yerinə yetirməyə qadırdir”

Z. Əlizadənin fikrincə, yeni yaradılacaq ərbi birlik formal olduğundan özünü təsdiq edə bilməyəcək: “Monqolustan gəlib Qarabağı alacaq, yoxsa monqol atları çapa-çapa gəlib Qarabağa gedəcək və yaxud Monqolustanın aviasiyasi Ermənistana gəlib hava zərbələri vuracaq? Bunu təsəvvürə gətirə bilmirəm. Bu, gülünc şeylərdir. Qırğızıstanın isə heç əməlli-başlı orudusu, iqtisadi potensialı da yoxdur. Bizdə də neft pulları imkan verib ki, orduya müəyyən vəsait xərclənsin, amma onun potensialı güclü deyil. Aprel döyüşləri göstərdi ki, “fındıq”dır. “Youtube”də gecə döyüşlərinə baxın, bizimkiləri necə qırırlar. Hakimiyyətin “hop-gopuna” baxmayın. Mən müharbə görmüş adamam, müharibə nə olduğunu bilirəm. Azərbaycan ordusu millətin, dövətin qarşısında duran vəzifələri yerinə yetirməyə qadır deyil”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA