TÜRKİYƏ VAŞİNQTONU YENİDƏN QƏZƏBLƏNDİRİR: Ankara kimlərlə müttəfiq olacaq?- Təhlil

TÜRKİYƏ VAŞİNQTONU YENİDƏN QƏZƏBLƏNDİRİR: Ankara kimlərlə müttəfiq olacaq?- Təhlil

Türkiyə inadla Rusiyanın zenit-raket kompleksinin alınmasına çalışır ki, bu da Vaşinqtonun qəzəbini özünə doğru çəkir. ABŞ təhlükəsizlik baxımından bu sövdələşməni dayandırmağa cəhd edir.

“The Financial Times”-ın məlumatına görə, ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bu yaxınlarda deyib ki, Türkiyə hələ də Rusiyanın “S-400” sistemini almaq niyyəti barəsində siqnal göndərir. Vaşinqton hesab edir ki, bu, NATO üzrə müttəfiqlərin təhlükəsizliyini zərbə altına qoyur.

“S-400” zenit-raket komplekslərinin NATO ərazisində peyda olmasının qarşısını almaq arzusuyla, ABŞ Türkiyəyə özünün “Patriot” hava hücumundan müdafiə sistemini satmaq istəyir. Vaşinqton, həmçinin Ankaranı sanksiyalarla hədələyərək bildirib ki, onlar radarlara yaxalanmayan “görünməz” “F-35” qırıcılarının çatdırılmasını dayandıracaq və Türkiyəni təchizat sistemindən kənarlaşdıracaqlar.

Amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya sistemlərinin alınmasından imtina barədə söhbət belə gedə bilməz.

Vaşinqton rəsmilərinin məlumatına görə, ABŞ Türkiyəni “F-35” təyyarəsinin alıcıları sırasından “minimal itkilərsiz” çıxarmaq planı üzərində işləyir. Onların sözlərinə görə, ”F-35” qırıcılarının və “S-400” raket komlekslərinin birlikdə yerləşdirilməsi məsələsi təhlükəsizlik baxımından uyğun sayılmır.

Yüksək vəzifəli Amerikan məmurlarından biri məsələ ilə əlaqədar deyib: “Biz görürük ki, Rusiya nəinki Türkiyəyə, həm də başqa yerlərə də hər cür “kökə” təklif etməklə bütün kommersiya məsələlərindən necə yapışır. Elə ABŞ da Rusiya hərbi texnikasının alınmasından vaz keçməsi üçün şirnikləndirici təklifə qaçaraq Ankaraya alternativ variantlar söyləyir”.

Moskva ilə Ankara arasındakı müqavilə 2017-ci ildə bağlanıb. Prezident Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putinin tez-tez keçirdiyi görüşlər NATO-da narahatlıq oyadır. Türkiyə bildirir ki, regionun əsas dövlətləri ilə onun əməkdaşlıq etməsi vacibdir. ABŞ-ı xüsusilə narahat edən məsələ “S-400” raketlərinin yerləşdirilməsinə yardım edəcək Rusiya hərbçilərinin Türkiyəyə yollanılması perspektividir.

Moskva və Ankara arasındakı razılaşmanın təfərrüatından xəbərdar olan Rusiya hökumətinin yüksək vəzifəli məmuru Rusiyanın Türkiyəyə öz kadrlarını yollamaq niyyətində olduğu faktını təsdiq edib. O, deyib: “Sadəcə olaraq yükləyib çıxıb getmək olmaz. Hansı mənadasa metal parçası öz-özlüyündə heç bir məna kəsb etmir. İstismar üçün proqram təminatı, təlim kursu lazımdır”. Əlbəttə ki, burada “S-400” raketləri nəzərdə tutulur.

ABŞ rəsmiləri bildirirlər ki, NATO müttəfiqləri də onların narahatlığını bölüşürlər, vəziyyət beynəlxalq səviyyəyə qalxıb.

Ərdoğan Türkiyənin “Habertürk” kanalına və digər iki radiostansiyaya verdiyi müsahibəsində söyləyib ki, o, ABŞ prezidenti Donald Trampa Moskva ilə müqaviləyə yenidən baxılmasının artıq gec olduğunu söyləyib. Onun sözlərinə görə, Tramp cavab verib ki, “bəli, siz haqlısınız”.

Bununla yanaşı Türkiyə prezidenti Trampa Ankaranın hələ də “Patriot” sistemlərinin alınmasında maraqlı olduğunu da söyləyib. Ərdoğan bu barədə deyib: “Mən ona dedim: biz həmçinin buna da gedə bilərik”.

Bəzi analitiklər guman edirlər ki, Türkiyə həm “S-400” və həm də ”Patriot” ala bilər, lakin belə halda “S-400” döyüş hazırlığına gətirilməyərək, həmin kompleksləri “konservləşdirilmiş” vəziyyətdə saxlayar. Amerikan məmurları bəyan ediblər ki, bu variantlar hələ ki, müzakirə olunmayıb. Ona görə ki, danışıqlar bu qədər uzağa getməmişdi.

Vaşinqton və Ankara arasında meydana gələn çatlar investorları əsəbləşdirir. Son həftələr türk lirəsi dollara münasibətdə öz mövqeyini az da olsa itirir.

Keçən ilin avqust ayında Amerikalı keşişin həbsi ilə bağlı qalmaqala görə Türkiyə geniş miqyaslı valyuta böhranı yaşadı. Hərçənd ki, keçən ilin rekord aşağı göstəricisi ilə müqayisədə türk lirəsi xeyil möhkəmlənib, amma analitiklər bildirirlər ki, Türkiyə hələ də xarici maliyyələşmədən güclü asılıdır və buna görə də onun geosiyasi şok üçün zəif tərəfləri var.

Amerikada düşünürlər ki, Türkiyənin Rusiya silahı “S-400” raket kompleksləri alması, sadəcə bu istiqamətdə ilk mərhələdir. Ona görə ki, Türkiyənin Rusiyadan digər silahlar almaq istəməsi zaman məsələsi ola bilər.

Maraqlısı odur ki, bir neçə il öncə NATO Türkiyə ilə Suriya sərhəddində “Patriot” kompeksləri yerləşdirmişdi və sözsüz ki, bu silahlara tam şəkildə özü nəzarət edirdi. Amma Ankaranın istəyinin əksinə olaraq, Amerika bu silahları götürüb apardı. Həm də Suriyadan Türkiyənin Hatay vilayətinin Reyhanlı ilçəsinə atılan raketə “Patriot” sistemləri cavab verməmişdi.

Prezident Ərdoğan isə deyir ki, əgər biz strateji müttəfiq sayılırıqsa, bəs onda bu komplekslərin Türkiyədə yerləşdirilməsinin əleyhinə olmaq hansı anlama gəlir. İndi Türkiyə istəyir ki, sərhədlərinin mühafizəsini tam formada özü təmin etsin və buna görə də “S-400” əldə etmək niyyətindədir.

Ancaq əslində əsas problem daha dərindir. Belə ki, Türkiyə-Rusiya yaxınlaşması NATO-nun bu bölgədəki aktuallığına ciddi zərbə deməkdir. Əlbəttə ki, Türkiyədə Rusiyaya nə dərəcədə etibar etmək olar mövzusu barəsində də düşünürlər. Hazırda çoxgedişli strateji siyasi perspektiv planın həyata keçirilməsi üzərində mürəkkəb iş gedir. Çünki gələcək beynəlxalq münasibətlərdə Türkiyənin kimlərlə vahid koalisiyada olması məsələsi öz həllini tapmalıdır. (Azpolitika.info)

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA