“Türk dövlətləri Avropa İttifaqına bənzər birlik yaratmalıdır” - Sabiq millət vəkili Nail Çələbi

“Türk dövlətləri Avropa İttifaqına bənzər birlik yaratmalıdır” - Sabiq millət vəkili Nail Çələbi

“Türk atalarımızın yüzillər öncəki miraslarını iqtisadi ittifaqımızla ən layiqli şəkildə, ən yüksək səviyyədə gerçəkləşdirə bilərik. Dünya güclərinin hədəfi olan “türk qardaşlığı”nı sarsıtmağa imkan verməməliyik. Türkiyə soydaşlarıyla birgə Avropa İttifaqı bənzəri iqtisadi, mədəni və hərbi birlikdəlik yarada bilsə, bu model bütün türk millətlərinin hərtərəfli xeyrinə olacaq”.

Türk Dünyası Parlamentlər Birliyinin rəhbəri, keçmiş millət vəkili Nail Çələbi bu sözləri “Hürriyyət”in Türkiyə bürosuna açıqlamasında bildirib.

Nail Çələbinin fikrincə, bu birlikdə Azərbaycan, Qazaxıstan və Türkiyənin əsas rol oynaması önəmlidir. Bu istiqamətdə ortaq layihələrin reallaşdırılması üçün təcili hərəkətə keçmək lazımdır.

Birlik sədri 2013-cü ildən fəaliyyətə başlayan rəhbərlik etdiyi qurumun məqsəd və faliyyətindən də danışıb: “Birliyimiz türk dünyası parlamentləri millət vəkillərinin bir-birilə daha yaxından tanış olması, ölkələrimiz arasındakı siyasi və iqtisadi əməkdaşlığın artırılması, ortaq tariximizdə dostluq, sevgi, sayğı, qardaşlıq bağlarını möhkəmləndirilməsi və mədəni sərvətlərimizin qarşılıqlı tanıdılması məqsədilə yola çıxmışıq.

İkiqütblü dünyanı birliyə gətirmək, sovetlər birliyinin dağılmasıyla türk dünyası qarşısında açılan bu fürsəti dəyərləndirərək, türk dövlətləri birliyinin təkcə Türkiyə tərəfindən deyil, bütün türk xalqları tərəfindən istəndiyini bilərək yola çıxmışıq və fəaliyyətdəyik. Türk dünyasının dəyərli aydını İsmayıl Qaspralının “Dildə, fikirdə və işdə birlik” ideyasını gerçəkləşdirmək cəhdlərindəyik. Hər zaman söylədiyim kimi türk dövlətləri birliyi qurmaq və Turanı inşa etmək mümkündür”.

“Türkiyə cəmiyyətində Azərbaycanla bağlı kifayət qədər məlumatlar yoxdur. Məsələn, Ankaranın Pursaklar rayonunda Qarabağ parkı salınıb. Amma parka gələnlərin hər 10-dan 7-si Qarabağın əzəli Azərbaycan torpağı olmasından məlumatsızdır. Sizcə Azərbaycanın türk toplumuna yetərincə tanıdılması üçün hansı işlər görülə bilər” sualını Nail Çələbi belə cavablandırıb:

“Türkiyə və Azərbaycan adət-ənənələri, dili, dini, mədəniyyəti eyni olan iki qardaş ölkədir. Biz də mərhum Heydər Əliyevin “iki dövlət bir millət” şüarına istinadla bunu yayğınlaşdırmağa çalışırıq. 1918-ci ildə Azərbaycanın elan edilən müstəqilliyini ilk tanıyan ölkə Türkiyədir. Azərbaycanın sevinci, kədəri bizim də sevincimiz, kədərimizdir. Dağlıq Qarabağ probleminin çözülməsi Türkiyənin gündəmində olan ən önəmli məsələlərdəndir. 26 fevral 1992-ci ildə hamımızın ürəyini dağlayan Xocalı qətliamı yaşandı, günahsız soydaşlarımız erməni işğalçılar tərəfindən vəhşiliklə qətlə yetirildi. Xocalı qətliamı tək Azərbaycanın deyil, bütün türk dünyasının ürəyində sağalmaz yaradır. Bu yaranın ən qısa zamanda sağalmasını, Azərbaycan türklərinin doğma Qarabağ torpaqlarının geri verilməsini biz də tələb edirik.

Azərbaycanın Türkiyədə kifayət qədər çox tanıdılmasına gəlincə, əlbəttə ki, Qarabağ mövzusunda təbliğat işləri daha da genişlənməlidir. Bu mövzuda jurnalistlərin də üzərinə yük düşür. Yeri gəlmişkən, Türk Dünyası Parlamentlər Birliyinin özəl nəşri var. Son dərgimiz də bütünlükdə Azərbaycana həsr edilib. Amma digər türk xalqlarının, eləcə də Azərbaycanın Türkiyədə yetərincə tanınması, bu təbliğat maşının intensiv çalışması üçün yuxarıda dediyim kimi türk dövlətləri birliyini bir an öncə gerçəkləşdirməliyik”.

Sevil Ünal, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA