“Türk Dünyası artıq beynəlxalq miqyasda siyasi dəngələri dəyişmək imkanındadır” - BƏDRƏDDİN QULİYEV

“Türk Dünyası artıq beynəlxalq miqyasda siyasi dəngələri dəyişmək imkanındadır” - BƏDRƏDDİN QULİYEV

“Tarixən türklərlə iç-içə yaşayan digər xalqlar da bu gün Türk Dünyası ilə inteqrasiya proseslərinə can atırlar”

“Türk dili BMT səviyyəsində dünyanın işlək dillərindən biri olmalıdır”

Son illərdə Avropada yaşayan Türklər sadəcə icmalar şəklində deyil, artıq yaşadıqları ölkələrin idman, siyasət, mədəniyyət və iqtisadi həyatında çox güclü mövqelərə çıxmağa başlayıblar. Hətta Avropa dövlətlərinin iriçəkili siyasi partiyalarının təmsilçisi kimi yerli parlamentlərdə və hökumət vəzifələrində təmsil olunurlar. Demək olar ki, Avropa türkləri adlı anlayış özünü daha geniş miqyasda doğrultmaqdadır. Avropa Türklərinin siyasi və ictimai təşkilatları ilə uzun illərdir ciddi əlaqələrə malik Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin bu barədə fikir və görüşlərini öyrənməyə çalışdıq.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/azerbaycan_turkleri_milli_seferberlik_meselesinde_problemler_yasayir_-_bdrddin_quliyev)

– Bədərddin bəy, Türk Dünyasının inteqrasiyası beynəlxalq birlik üçün təhlükə törətmir ki?

– Əsla. Qərb dünyası XVIII əsrdən başlayaraq Balkanlarda, Avropanın mərkəzi və şərqində, özəlliklə Krım, Quzey və Güney Qafqazda türk toplumlarına və dövlətlərinə qarşı çox sərt siyasət yürüdüblər. Qərb dövlətləri bunu ilkin kapitalizmin və manufaktura bazarının yaradılması ilə izah ediblər. Bizim fikrimizcə, bütün hədəflər kapitulyasiya ilə sonuclanan vəhşi sömürgəçilik siyasəti ilə tamamlanıb. Faktiki olaraq, Avropada və xüsusilə də Balkanlarda türklərin etnik kimliyi, mədəni və dini dəyərləri tamamilə yasaq edilmişdi. Bolqarıstan, Rumıniya, Yunanıstan və keçmiş Yuqoslaviyada türk dilində söz demək pulla cərimə olunmağa bərabər idi. Todor Jivkov, Nikolay Çauşesku və Broz Tito kimi ifrat diktatorlar hətta bu dövlətlərdə yaşayan türklərin zorla assimliasiyaya uğraması siyasətini yürüdürdülər. Türkiyə, İran, Suriya, İraq, Əfqanıstan, Liviya, Misir və digər ölkələrdən Qərbdə işləmək üçün gələn türklər dünyanın ən ucuz işçi qüvvəsi kimi hər addımda aşağılanırdılar. Harada bir kirli iş var idisə, ancaq türkləri orada işlədirdilər. Bütün bunlar son 60 ilin acı həqiqətləridir. Almaniya, Fransa, İngiltərə, İtaliya, Avstriya və digər Avropa dövlətlərinin yaratdıqları “türkoloji mərkəzlər” dünyanın hər yerində biz türkləri inkar siyasətinin elmi bazasını genişləndirmək strategiyasını həyata keçirirdilər.

– Bəs necə oldu ki, bütün bu ağırlıqlar geridə qaldı?

– Unutmaq olmaz ki, XX yüzillikdə yaşanılan, bəşəriyyətin ən dəhşətli cinayətlərinin baş alıb getdiyi I və II Dünya Savaşlarından təkcə qalib çıxan Türkiyə Cümhuriyyəti olub. Bu dərin siyasətin memarı isə, böyük öndər Qazi Mustafa Kamal Atatürkdür. Onun irəli sürdüyü “Cahanda Barış, Dünyada Barış!!!” doktrinası Türkiyə və Türk Dünyası üçün bir hədəfdir. İnsanlıq və bəşəriyyət naminə dərin elmi, fəlsəfi və dünyəviliyin təminatıdır. Sədri olduğum Cümhuriyyət Xalq Partiyası da bu yüksək amalı özünə hədəf seçib.
Faktiki olaraq Türkiyənin dışında bütün Türk Dünyası XX yüzillikdə iri dövlətlərin işğalı altında olub. Ona görə də Türkiyə Cümhuriyyəti hər zaman Türk Dünyasının bir qürur mənbəyi olub. Azad, demokratik və layiq dövlət örnəyi və Mustafa Kamal Atatürkün miras qoyub getdiyi qardaş Türkiyə belə bir ölkədir. Qərb dövlətləri Türkiyədə süni şəkildə sağçı, solçu, təriqətçi, məzhəbçi və digər yüzlərlə adlar altında sosial bazalar yaradaraq, bu ölkəni daxilindən param-parça etmək üçün minbir fitnələr hazırladılar. Ancaq dövlət və millət dəyərlərini heç bir zaman bir-birindən ayır bilmədilər. Ona görə də “Soyuq Savaş” dönəmi başa çatan kimi, Türkiyənin timsalında Türk Dünyası adlı bir dəyər yenidən öz tarixi missiyasını yenidən gündəmə gətirdi.

– İndiki məqamda Türk Dünyası ilə Qərb dövlətləri arasında hər hansı bir qarşıdurma varmı?

– Keçmiş Sovetlər Birliyinin dağılmasından sonra Azərbaycan, Qazaxstan, Qırğızstan, Özbəkistan və Türkmənistan tam müstəqil dövlət statusunu qazandılar. Bundan əlavə, Rusiyanın federal dövlət statusunu əldə etməsi də türk xalqlarının sayəsində baş verdi. Başkortstan, Tatarstan, Dağlıq Altay, Saxa (Yakutiya), Tuva, Xakasiya, Çuvaşstan, Kabarda-Balkar, Qaraçay-Çərkəz respublikaları Rusiya Federasiyasının hüquqi subyekti statusu ilə mövcuddurlar. Bundan əlavə, onu da qeyd edim ki, possovet məkanında türk xalqlarının tarixi, mədəniyyəti, coğrafiyası, dili və əski inancları 400-500 il ərzində yasaq edilmişdi. Məhz Sovetlər Birliyinin çöküşündən sonra, bütün türk toplumları özlərinə aid olan həqiqətləri ortaya çıxardılar. Beləliklə də bütün türk xalqlarında bir milli oyanış çağı yaşanıldı. İndi kimsə bu oyanışın qarşısını ala bilmək gücündə deyil. Bütün bunlar Asiya və Avropa qitələrində yaşayan türk toplumlarının yenidən özünə dönüşü ilə müşahidə olunur.

– Sizcə, Avropada yaşayan türk toplumlarının müasir dünyanın dəyərlərini bir yandan qəbul etməklə, digər yandan isə, bütün bunları Türk Dünyasının bir parçasına çevrilməsində rolu varmı?

– Biz bir partiya olaraq üzərimizə düşən vəzifəni həyata keçiririk. Ona görə də Avropa türkləri ilə sıx təmaslar qurmuşuq. İnsan haqları, demokratiya, texnoloji inkişaf və digər bəşəri dəyərlər Avropada çox güclüdür. Həm də Qərb dövlətlərinin ali dəyəri hesab olunur. İndi Avropadakı sterotiplər də məhv olmaqdadır. Qərb dövlətlərində yaşayan türklər tamhüquqlu vətəndaş kimi öz hüquqlarından istədikləri qədər yararlanırlar. Bu da öz növbəsində onların yerli bələdiyyə, parlament və hökumət strukturlarında yaxından iştirak etmələrinə səbəb olubdur. Hunqariyanın (Macarstan) artıq özünü bir türk dövləti kimi görməsi isə, xüsusilə qürurverici bir addımdır. Rumıniya, Bolqarıstan, Yunanıstan, Makedoniya, Hunqariya, Qaradağ (Çernoqoriya), Bosniya-Hersoqovina, Xorvatiya və digər ölkələrdə artıq türklər üçün heç bir yasaq qalmamışdır. Onlar bir yandan milli-mədəni təsisatlarını qururlar, digər yandan yaşadıqları dövlətin siyasi-ictimai həyatında yaxından iştirak edirlər. Hətta bir çox Avropa dövlətləri Türk Dünyası ilə inteqrasiya və digər məsələlərdə həmin dövlətlərdə yaşayan türk kökənli kadrlardan yararlanmağa çalışırlar. Artıq türkləri inkar kimi siyasətlər, keçmişin acıları arxivlərdə gömülməkdədir.

– Belə bir faktor da var ki, Qərb Orta Doğu, Qafqazlar və Mərkəzi Asiya siyasətində Türkiyə və digər Türk dövlətləri ilə uzlaşmağa məcburdur.

– Tamamilə doğru yanaşmadır. 28 milyon əhalisi olan Suriyada 3 milyon, 36 milyonluq toplumu olan İraqda 3.5 milyon, İran adlı ölkənin 75 milyonluq nüfuzunun 40 milyonu Azərbaycan türkləridir. Ərəblər İraq və Suriyadakı soydaşlarımızı türkman adlandırırlar. 1923-cü ildə Osmanlı imperiyası və 1925-ci ildə Qacarlar imperiyası çökdürüləndən bu yana istər İngiltərənin, Fransanın, istərsə də Rusiyanın təsiri altında bu üç ölkədə ancaq biz türklərə qarşı dərin soyqırım siyasətləri yürüdülüb. 1930-cu illərdən sonra bölgədə qurulan diktator rejimləri həmin siyasəti bu günə qədər davam etdirmişlər. İndi həmin toplumların arxasında Türk Dünyasının varlığının dayanması bölgədə fərqli siyasətlərin gündəmə gəlməsinə səbəb olubdur. Biz Qərb dövlətlərinin ənənəvi sömürgəçi siyasətini demokratiya və insan haqları çərçivəsində durdurmağa məcbur edirik. Azərbaycana və Türkiyəyə qarşı hansısa azsaylı qrupları, terrorçu örgütləri silahlandırmaqla başımızı qatmaq üçün göstərdikləri çabaların bir sonu olmayacaq. Güney Azərbaycan, Suriya və İraqda artıq hamı dərk edir ki, onların arxasında Türk Dünyası var. Ötən 90 illik yalqızlıq dönəmi artıq öz dövrünü başa vurub.

– Sizin fikrinizcə, bütün bunların uğurlu bir sonluğu olacaqmı?

– Bir həqiqət artıq dünyanın diqqət mərkəzindədir. Bu, Türk Dünyasının görməzlikdən gəlinən və itirilmiş mövqelərinin yenidən bəşəri mahiyyətinə dönüşü deməkdir. Bizim fikrimizcə, BMT səviyyəsində 380 milyonluq dünya türklərini nəzərə alaraq, türk dilinin dünyanın işlək dillərindən birinə çevrilməsi barəsində qərar verilməlidir. Zorakı qaydalar əsasında və özlərini “böyük dövlətlər” adlandıran kibirli baxışlara son qoyulmalıdırlar. Biz türk xalqları və dövlətləri olaraq, heç bir dövlətin ərazisinə iddia irəli sürmürük. Heç bir ideoloji konspesiyanı ixrac etmirik. Heç bir xalqı zorakı yollarla assimliasiyaya məruz qoymuruq. Neoimperializm siyasətini əsla qəbul etmirik. Biz dünyanın bütün dövlətləri və xalqları ilə birlik içində yaşamağı tərcih edirik. Ona görə də, Türk Dünyasının inkişafı elə bəşəriyyətin qurtuluşu inancına sahibik. Türk faktoru XXI yüzilin dəyəri deməkdir. Bir maraqlı faktı deyim. Türkiyəyə və Türk Dünyasına qarşı düşmənçilik siyasəti yürüdən Rusiya və İran artıq bizlərə möhtac qalıblar. NATO Türkiyəni terror siyasəti ilə yalnız qoymağa çox çalışdı. İndi bütün əməllərindən peşmançılıq nümayiş etdirirlər. Bu bir daha göstərir ki, artıq Türk Dünyası beynəlxalq miqyasda siyasi dəngələri dəyişmək imkanındadır. Ərəb dövlətləri isə Orta Doğuda birlik və bərabərliklərini milli iradəyə çevirə bilmirlər. Ona görə də, bütün ümidlər Orta Doğu siyasətində Türk Dünyasına tuşlanıb. Bu prosesin çox yaxın zamanda Qafqazlarda və Mərkəzi Asiyada öz təsirini görəcəyik. Tarixən türklərlə iç-içə yaşayan digər xalqlar da bu gün Türk Dünyası ilə inteqrasiya proseslərinə can atırlar. Çox sevindirici haldır ki, həmin xalqlar özlərini böyük dövlətlər adlandıran güclərin maşasına çevrilməyəcəklər. Bütün bunları Balkanlarda baş verən yeni siyasi proseslərin canlı şahidi olaraq xüsusi olaraq qeyd edirəm.

– Son olaraq, bir məsələni də bilmək istərdik. Biz Avropa institutları ilə ciddi əlaqələri olan həmin dövlətlərin vətəndaşı kimi türklərin gücündən niyə istifadə etmirik?

– Mən bir partiya sədri kimi öz təşkilatımızın adından danışa bilərəm. CXP olaraq biz Avropadakı türklərə məxsus bütün siyasi-ictimai hərəkatlarla yaxından əlaqələrə malikik. Onların bütün qurultaylarında, forum və konfranslarında yaxından iştirak edirik. Bu barədə yaxın zamanlarda Azərbaycan iqtidarına təklif paketimizi təqdim edəcəyik. Bizim müttəfiqimiz ola biləcək Avropa türk təşkilatları ilə birgə fəaliyyət proqramımız demək olar ki, hazırdır. Biz milli və dövlət maraqlarımızı nəzərə alaraq, bu addımı atmaq üçün qərar qəbul etmişik.

Söhbətləşdi: Ənvər Yusifoğlu, Hurriyyet.org