Türk Şurası türk iş adamları üçün Daşkənddə forum keçirəcək

Türk Şurası türk iş adamları üçün Daşkənddə forum keçirəcək

Oktyabrın 5-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Biznes və İnvestisiya Forumu keçiriləcək.

Bu barədə Hurriyyet.org-a Türk Şurasının İstanbuldakı baş ofisindən məlumat verilib.

Məlumatda bildirilib ki, Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi, Özbəkistan Ticarət və Sənaye Palatası ilə birlikdə təşkil edilən forum türk dünyasındakı iş adamları arasında ticarət əlaqələrinin möhkəmləndirilməsi, Özbəkistan və türkdilli ölkələr arasında ticarət, investisiya, turizm sahəsində mövcud və mümkün əməkdaşlıq imkanlarının araşdırılması, eləcə də yeni imkanların üzə çıxarılması məqsədinə xidmət edir.

Forumda Türk Şurasına üzv ölkələrin Ticarət və Sənaye Palataları rəhbərləri, regionun yüksək vəzifəli hökumət rəsmiləri, sahibkarlar və biznesmenləri iştirak edəcəklər. Tədbirdə iştirak üçün bu günədək türkdilli ölkələrin 300-dən çox iş adamı qeydiyyatdan keçib.

Forum münasibətilə, həmçinin ortaq türk ticarət-sənaye palatalarının məşvərət toplantısı da olacaq.

Sevil Ünal Hilalqızı, Hurriyyet.org