“Türkiyə dərsliklərində Azərbaycan ədibləri tədris olunmalıdır” - ELÇİN QAFARLI

“Türkiyə dərsliklərində Azərbaycan ədibləri tədris olunmalıdır” - ELÇİN QAFARLI

Beynəlxlaq Türk Mədəniyyəti Təşkilatının Azərbaycan təmsilçisi Elçin Qafarlı: “Türkiyə türkcəsinin Azərbaycan məktəblərində seçməli xarici dil kimi tədris olunması önəmlidir”

“Türkiyənin orta məktəb ədəbiyyat dərsliklərində Azərbaycan ədiblərinin tədris olunması məsələsi çox vacibdir. Bu olmadıqca, Türkiyə məktəblisi Azərbaycanın dahi şəxsiyyətlərini tanımayacaq. Azərbaycanlı şagirdlərimiz Yunis Əmrə, Nazim Hikmət, Əziz Nesin haqqında məlumatlıdır. Orta məktəblərimizdə Məhmət Akif Ərsoyun “İstiqlal” marşı öyrədilir. Amma Türkiyə məktəblisi “Azərbaycan” himnini yazan Əhməd Cavad haqqında məlumatsızdır. Baxmayaraq ki, Türkiyədə “Çırpınrdı qara dəniz” məşhurdur. Türkiyənin orta məktəb dərsliklərində bizim ədiblərimiz, şair, yazarlarımız tədris olunmur”.

Bu fikirləri “Hurriyyət”in Türkiyə bürosuna Beynəlxlaq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Azərbaycan təmsilçisi Elçin Qafarlı söyləyib.

Bu il Azərbaycanda olduğu kimi TÜRKSOY-da da “Nəsmi ili”nin qeyd edildiyini vurğulayan Elçin Qafarlı bu məqsədlə Türkiyədə və digər qardaş türk dövlətlərində müvafiq tədbirlərin keçirildiyini, amma İmamməddin Nəsimiylə bağlı, eləcə də digər tanınmış yazarlarımız haqqında Orta Asiya Türk dövlətlərində məlumatların az olduğunu təəssüflə bildirib: “Hörmətli prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda Nəsimi ili elan olundu. TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasi tərəfindən də bu il turk dünyasında Nəsimi ili elan edilib.

Martda Ankarada, İstanbulda simpozium, apreldə Simali Kiprdə və may ayında Bişkekdə 2 böyük tədirlər təşkil etdik. Bu il TÜRKSOY tərəfindən Qırğıstanın Oş şəhəri turk dünyasının mədəniyyət paytaxtı elan olunub. Yeri gəlmişkən, 2016-ci ildə də Turk dunyasının mədəniyyət paytaxtı Şəki olub. May ayında Oş şəhərində turk dünyası şairlərinin görüşu də Nəsimiyə həsr olundu. Özbəkistanda da tədbir keçirməyi planlaşdırırıq. İlboyu TÜRKSOY-a üzv digər ölkələrdə də belə tədbirlər nəzərdə tutulub. Nəsiminin əsərlərini tərcümə etdirirk. İlin sonuna bir kitab nəşr eləməyi də planlaşdırırıq.

Onu da deyim ki, Molla Pənah Vaqifin 300 illiyi, Bəxtiyar Vahabzadənin 90 illiyilə bağlı çox gözəl tərtibatlı kitablar çap etdirmişik. Dahi şəxsiyyətlərimizi, ədiblərimizi, şairlərimizi, yazarlarımızı bacardıqca çox təbliğ etməyə çalışırıq. Amma nə qədər təbliğatlar aparsaq da bizim ünlü şairlərimiz və yazıcılarımız qardaş türk xalqları arasında çox tanınmır.

Məsələn, Nəsimi haqqında Özbəkistanda məlumat var, Türkmənistanda da nisbətən tanınır, amma Qazağıstanda, Qırğızstanda Nəsimi haqqında bilgi çox azdır. Ona görə də görkəmli şəxsiyyətlərimizin tanıdılması istiqamətində çox işlər görməliyik.

“Azərbaycanın Yazıçılar Birliyi, Rəssamlar, Bəstkarlar İttifaqları digər türk dövlətlərinin müvafiq birlikləriylə əlaqələri gücləndirməlidir”

 “Türkiyə dərsliklərində Azərbaycan ədibləri tədris olunmalıdır” - ELÇİN QAFARLI

Yaxşı olardı ki, Azərbaycan Yazıçılar Birliyi qardaş ölkələrin Yazıçılar Birlikləri ilə bu mövzuda sıx ünsiyyət yaratsın. Deyək ki, Sovetlər dönəmində məhdudiyyət vardı, amma indi müstəqil türk dövlətlərinin yazarları bir araya gəlməlidir. Eləcə də uzv olkələrimizin Bəstəkarlar İttifaqları, Rəssamlar İttifaqları arasında zəifləmiş qarşıqlı əlaqələr güclənməlidir. Münasibətləri daha da çox doğmalaşdırmaq üçün kimi gözləməliyik? Qazağıstanda, Qırğızstanda da bu iradımı bildirdim.

Nəsimi kimi dahi bir şəxsiyyəti bütün türk xalqları tanımalıdır. Eləcə də Nizami, Füzuli, Xəqani, Şirvani və digər 10-larla mütəfəkkirlərimizi... Hansı Avropa ölkəsinin bu qədər şəxsiyyətləri var. Coğrafiyamız kiçik ola bilər, amma ədəbi, mədəni baxımdan Azərbaycan çox zəngindir”.

“Azərbaycanla bağlı gözəl təşəbbüsləri gerçəkləşdirməyə istək də olmalıdır”

Elçin Qafarlı hesab edir ki, Azərbaycanın Türkiyədə yetərincə təbliği üçün maddi dəstəyin olmasıyla yanaşı, şəxsi təşəbbüskarlıq da lazımdır: “Azərbaycan TÜRKSOY-da hər bir işdə ilkdir. TÜRKSOY-un qurulmasında Azərbaycan da əsas təşəbbüskarlardan olub. O səbəbdən də 1993-cü ildən 2006-cı ilə qədər TÜRKSOY-a Polad Bülbüloğlu rəhbərlik edib. Ondan sonra Qazağıstanın keçmiş mədəniyyət naziri Düsen Kaseinov secildi və bu günə qədər də təşkilata o başçılıq edir. Amma Azərbaycanın TÜRKSOY-da mövqeyi möhkəmdi.Bəzən mənə deyirlər TÜRKSOY-da hər il Azərbaycanın şəxsiyyətləri cox anılır. Mən də cavab verirəm ki, bu məndən asılı olan məsələ deyil. Azərbaycanın tanınmış şəxsiyyətlərinin coxlugu bunu labüd eləyir.

Amma həm də bu işlərdə bir az Azərbaycan təəssübkeşi olmaq da önəmlidir. Məsələn, 2012-ci ildə Mirzə Fətəli Axundzadə iliylə bağlı “Müsyo Jordan Dərviş Məstəli şah” əsəri Adanada səhnəyə qoyuldu. Bu tamaşanı səhnələşdirmək üçün səhnə tərtibatı, aktyorların geyimi üçün vəsait yox idi. Türkiyədəki Azərbaycan səfiriylə görüşdüm, o da SOCAR-a müraciət etdi və ortaq isbirliyi nəticəsində çox da gözəl bir iş gerçəkləşdi.

Yaxud teatr qrupları var Azərbaycandan festivallarda, qastrollarda istirak etmək istəyir, amma buna imkanları olmur. Bunun üçün aidiyyəti qurumlarla onları əlaqələndiririk.

2014-cu ildə türk respublikalarından eşitmə və danışma qüsuru olan uşaqlardan ibarət heyətlərin Ankarada festivalını keçirdik. Əl işarətləri ilə mahnı ifa etdilər, rəqs nümayiş etdirdilər, çox gözəl əl işləri də vardı. Qardaş türk xalqlarının uşaqları bir-birlərinə o qədər doğmalaşmışdı, heç ayrılmaq istəmirdilər, çox duyğusal bir mənzərəydi. Yəni demək istəyirəm ki, gözəl təşəbbüsləri gerçəkləşdirməyə istək də olmalıdır.

Amma mən burda təkəm və bacardığım işləri görməyə calışıram. Türkiyənin mədəniyyətə dair mətbu orqanlarında məlumatlar yayıram. Ancaq tək əldən səs çıxmaz”.

“Orta Asiya türkləri Türkiyə türkcəsini öyrəndikdən sonra öz türkcələrini də öyrənməyə başlayıblar”

Ortaq türk dəyərlərinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan TÜRKSOY-un Azərbaycan təmsilçisinin fikrincə, Türkiyə türkcəsinin Orta Asiya Türk dövlətlərininin, eləcə də Azərbaycanın təhsilində seçməli xarici dil kimi tədris olunması məsələsi önəmlidir: “Məsələn, Türkiyə türkcəsi 5-ci sinifdən, 8-ci sinfə kimi həftədə bir - iki saat tədris oluna bilər. 10 il belə təhsil olsa, hər ölkədə türkcəni bilən nəsil yetişsə, öztürkcəyə də bağlılıq artar. Qazağıstanda, Qırğızstanda türkcə təhsil alan yeniyetmələrlə söhbətim olub. Bu gənclər deyir türkcəni öyrəndikdən sonra öz dilimizi öyrənməyə başlamışıq. Çünki sovetlər dönəmində rusca təhsil alıblar deyə, beyinləri rusca işləyir. Amma türkcə danışdıqdan sonra bunlar nənə-babalarının danışdığı dili öyrənəyə başlayıblar. Bu yolla türkün özünə dönüşü və ortaq türkcə formalaşa bilər. 10 iləmi, 20 iləmi, 50 iləmi olacaq bilmirəm, amma gec-tez bu belə olmalıdır və proses nə qədər tez başlasa, bir o qədər yaxşıdır. Ondan sonra biz öz aramızda Türkiyə türkcəsində danışdıqca, ora öz kəlimlərimizi əlavə etməklə, ortaq türkcəmiz formalaşar və zənginləşər.

Bir önəmli məsələ də Türkiyənin paytaxtında Azərbaycan və digər türk dövlətlərinin Mədəniyyət Mərkəzlərinin fəaliyyətinə ehtiyacdır. Xüsusilə Azərbaycanın Ankarada belə bir mərkəzi yaratması çox yaxşı olardı”.

Hazırda türk xalqlarının birliyi üçün müxtəlif təkliflərin səslənməsi məsələsinə də toxunan Elçin Qafarlının fikrincə, bununla əlaqədar müxtəlif sahələr üzrə çox qurumların fəaliyyət göstərməsi işin xeyrinədir: “Məncə qurumların çox olması yaxşıdır, nə qədər varlığımızı duyurmaq üçün səsimizi çox çıxarsaq o qədər türklük üçün faydalı olar. Məsələn, Türk Akademiyası naşirliklə məşğuldur, türk xalqlarının ədəbiyyatını tanıdır, lüğətlər çap edir, akademik səviyyədə işlər görür. Türk Əməkdaşlıq Şurası rəhbərlik səviyyəsində, TÜRKPA parlamentlər səviyyəsində öz sözünü deyir. Turk Mədəniyyəti və İrsi Fondu Bakıda qurulub, onlar da turk dunyasının zəngin mədənii irsinin qorunması və təbligi sahəsində fəaliyyətdə olacaqlar. TÜRKSOY isə türk dünyasının mədəniyyətini dünyanın hər yerində tanıdır. Həm də sadaladığımız digər qurumlardan fərqli olaraq bizim üzvümüz çoxdur. Rusiyadakı Türk xalqlarını təmsil edən respublikaların altısı bizim təşkilatın üzvləridir. Bizim işimiz mədəni əlaqələri inkişaf etdirməkdir. Mən elə düşünürəm ki, TÜRKSOY daha geniş şəkildə fəaliyyət göstərməlidir. Təşkilata uzv ölkələrimizin maddi dəstəyi artırılarsa daha çox işlər görülə bilər”.

Sevil Ünal Hilalqızı, Ankara, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA