“Türkiyə regionda həlledici gücə çevriləcək” - POLİTOLOQ

“Türkiyə regionda həlledici gücə çevriləcək” - POLİTOLOQ

Natiq Miri: “Türkiyə artıq xarici siyasətində daha müstəqil addımlar atacaq”

“Türkiyənin Azərbaycanın həyati problemi olan Dağlıq Qarabağ problemində də həlledici rol alacağını demək olar”

İyunun 24-də yenidən Türkiyə prezidenti seçilən Rəcəb Təyyub Ərdoğanın dünən andiçmə mərasimi keçirilib. Mərasimdə 22 ölkənin prezidenti, 28 dövlətin baş naziri və parlament sədri, 6 beynəlxalq təşkilatın baş katibi iştirak edib. Təccüblüdür ki, qardaş ölkənin prezidentinin andiçmə mərasimində Azərbaycanı dövlət başçısı İlham Əliyev deyil, baş nazir Novruz Məmmədov təmsil edib. Mərasimdə Rusiyanı da baş nazir Dmitri Medvedev təmsil edib. Ümumilikdə, tədbirə 10 min insan qatılıb. Təbdirin sonunda 101 top atışı həyata keçirilib, gələn qonaqlara xüsusi hazırlanmış 1 lirəlik əskinaslar təqdim olunub və qonaqların şərəfinə ziyafət verilib. Andiçmə mərasimindən sonra Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün məzarı ziyarət edilib.

Həmçinin dünən kabinetin üzvlərinin adları açıqlanıb. İyulun 13-də isə Nazirlər Kabinetinin yeni hökumətdə ilk iclası keçiriləcək.

Xatırladaq ki, Ərdoğan iyunun 24-dı keçirilən növbədənkənar prezident seçkilərində 52.5 faiz səs toplayaraq ilk turda qalib gəlib.

Bildirilir ki, Rəcəb Təyyub Ərdoğan andiçmə mərasimindən sonra yeni sistemə keçid üçün üçmərhələli plan başladacaq. Məlumata görə, prezident yeni dövrə çox zaman xüsusilə vurğuladığı 2002-ci ildəki iqtidara gəlişi prosesinə bənzər bir proses həyata keçirərək başlayacaq. 2002-ci ildə ilk 100 gün üçün “Təcili Hərəkət Planı” açıqlayan Ərdoğan bu həftədən etibarən üçmərhələli plana start verəcək. İlk mərhələdə “100 gün”, ardınca “İkinci 100 gün” və “6 aylıq” layihə, plan və atılacaq addımlar ictimaiyyətlə paylaşılacaq. Bütün bu proseslərdən sonra “2023 hədəfləri” çərçivəsində görüləcək işlərə diqqət yetiriləcək.

O da qeyd olunur ki, Türkiyənin rəsmi qəzetində “Prezidentin 1 nömrəli fərmanı” yayımlanacaq. Nazirliklərlə bağlı dəyişikliklər və prezident idarəetmə sistemi bu fərmanla elan ediləcək.

“Türkiyə bütün təhlükələri sovuşduracaq”

“ABŞ BU MƏSƏLƏDƏ İTİRMƏYƏ MƏHKUMDUR”

Prezidentlik üsül-idarəsinə keçən qardaş Türkiyədə prezident Ərdoğanın andiçmə mərasimi ilə bağlı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri “Hürriyyət”ə dedi ki, prezidentlik üsül-idarəsinin tətbiq olunması yaxın on illikdə Türkiyənin mövqelərini dünya capında gücləndirəcək: “Son illər olan terror təhdidi və digər təhdidlərlə bağlı düşünürəm ki, Türkiyə daha qətiyyətli addımlar ataraq bütün bu təhlükələri sovuşduracaq. Türkiyə regionda həlledici gücə cevrilələcək ki, bu da Türkiyənin bölgədə qlobal səviyyədə xarici siyasətində daha aktiv rol alacağını göstərir. Türkiyənin xarici siyasətində daha müstəqil addımlar atacağını düşünmək olar. Bu baxımdan, Türkiyənin Azərbaycanın həyati problemi olan Dağlıq Qarabağ problemində də həlledici rol alacağını demək olar. Bu baxımdan, birmənalı anlamaq lazımdır ki, güclü Türkiyə güclü idarəetməni gərəkdirir. Düşünürəm ki, prezident üsul-idarəsinin tətbiqi də çevik qərarlarla bu yöndə qardaş Türkiyənin önünü açacaq”.

“Bu, son günlər Azərbaycanda baş verən xoşagəlməz hadisələrlə bağlıdır”

“Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğanın andiçmə mərasimində Azərbaycan prezidentinin iştirak etməməsi nə ilə bağlı ola bilər” sualını isə N. Miri belə cavablandırdı: “Düşünürəm ki, bu, son günlər Azərbaycanda baş verən xoşagəlməz hadisələrlə bağlıdır. Çünki rəsmi qaydada bu hadisələrin, xüsusilə də Mingəçevir Su Elektrik Stansiyasında baş verən təxribat hadisəsinin və ardınca Gəncənin İcra hakimiyyətinin başçısının vurulması kimi xoşagəlməz hadisələrin səbəbləri hələlik bəlli deyil. Görünür, bu yöndə hakimiyyətin çox ciddi əndişələri var. Belə bir vəziyyətdə Azərbaycan prezidenti ölkədən ayrılmaq istəmədiyi üçün Türkiyə dövlət başçısının andiçmə mərasiminə məhz onu təmsil edəcək baş naziri göndərib. Əks təqdirdə düşünürəm ki, Azərbaycan prezidenti şəxsən bu andiçmə mərasimində iştirak etməklə Rəcəb Təyyub Ərdoğana dəstək verərdi. Əgər bu gün Azərbaycan prezidenti Türkiyədə iştirak edə bilmirsə, onun Türkiyədən və Ərdoğandan qaynaqlanmadığını, əksinə, bilavasitə Azərbaycanda baş verən xoşagəlməz hadisə və proseslərlə əlaqəli olduğunu iddia etmək olar”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA