Türkiyə Rusiyadan S-400 almaqdan İMTİNA EDƏCƏK?

Türkiyə Rusiyadan S-400 almaqdan İMTİNA EDƏCƏK?

Şahin Cəfərli: “Bu, prezident Ərdoğanın reputasiyasına ciddi zərbə olar”

“S-400 satışının gerçəkləşməsi isə ABŞ-la münasibətlərdə böhran yaradacaq”

2017-ci ilin son aylarından, yəni Rusiya-Türkiyə arasında S-400 zenit-raket kompleksinin satış müqaviləsi imzalanandan bəri bu mövzu ABŞ-la Türkiyə arasında müzakirə və mübahisə predmeti olub ki, hazırda da bu məsələ davam edir. Türkiyə müstəqil dövlət olsa da, ABŞ dəfərlərlə S-400 zenit-raket kompleksinə görə onu təhdid edib ki, bu da ABŞ-ın hegemonluğunun göstəricisidir. Dünən də ABŞ açıq-aşkar Türkiyəni təhdid edib. Yüksək çinli ABŞ rəsmisinə istinadən məlumat yayılıb ki, Ankara Rusiyanın S-400 zenit-raket komplekslərini almaqdan imtina etməsə, ABŞ Türkiyəyə “Patriot” zenit-raket komplekslərinin satışı ilə bağlı təklifini geri götürə bilər.

“Əgər S-400 komplekslərinin satışı prosesi davam etsə, biz Konqresdən icazə istəməyəcəyik və Türkiyəyə “Patriot” sistemlərini satmayacağıq. Türkiyənin S-400 komplekslərini alması bu ölkənin F-35 qırıcılarının proqramında iştirakını təhlükə altına qoyacaq və güman ki, CAATSA qanunumuza (İran, Şimali Koreya və Rusiyaya qarşı əlavə sanksiyaları nəzərdə tutan qanun - red.) uyğun olaraq sanksiyalara gətirib çıxaracaq. Bu bizi narahat edir”, - deyə vurğulanıb.

ABŞ rəsmisi “əgər Türkiyə S-400 alırsa, Patriot dəftəri bağlanacaq. F-35 mövzusu təhlükəyə girəcək və Türkiyə ABŞ sanksiyalarına məruz qala bilər", -deyə təhdid edib.

Bir müddət öncə isə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın bəyan edib ki, Ankara hətta ABŞ-dan “Patriot” sistemlərini alsa da, S-400 komplekslərinin tədarükündən imtina etməyəcək.

Maraqlıdır ki, bu məsələ həllini necə tapacaq və ABŞ-ın təzyiqləri qarşısında Türkiyə hansaı addımı atacaq?

Qeyd edək ki, Türkiyə-Rusiya arasında 28 aprel 2017-ci ildə S-400 zenit-raket kompleksləri ilə bağlı razılaşma olsa da, 12 sentyabr 2017-ci ildə komplekslərin Türkiyəyə çatdırılma müqaviləsinin imzalanması elan edilib. Məlumata görə, Türkiyə Rusiyadan 2.5 milyard ABŞ dolları qarşılığında 4 divizion S-400 “Triumf” kompleksi satın alacaq və bu zenit-raket komplekslərinin Türkiyəyə çatdırılması prosesi 2020-ci ilin mart ayından başlayacaq.

“Hər iki tərəf bir-birinə etimadı itirib, qarşılıqlı güvən problemi yaranıb”Картинки по запросу Şahin Cəfərli

ABŞ-ın Türkiyəni Rusiyadan aldığı S-400 zenit-raket komplekslərinə görə təhdid etməsi ilə bağlı politoloq Şahin Cəfərli “Hürriyyət”ə dedi ki, Türkiyə-ABŞ münasibətləri son illər qeyri-sabit, ziqzaqlı şəkildə inkişaf edir: “Münasibətlər bəzən soyuqlaşır, hətta qırılma nöqtəsinə çatır, amma son anda tərəflər bu qırılmanın baş verməsinə yol vermirlər və yenidən istiləşmə başlayır. Amma faktdır ki, qarşılıqlı narazılıqlar yığılıb qalıb. Türkiyənin əsas narazılığı ABŞ-ın Suriyada kürd qruplaşması PYD-YPG-yə açıq dəstək verərək, onu silahlandırmağa və qorumağa davam etməsi, 15 iyul hərbi çevriliş cəhdində və terror təşkilatı (FETÖ) qurmaqda ittiham olunan Fətullah Güləni himayə etməsi, “Halkbank”ın keçmiş müdir müavini Hakan Atillanın həbsi, Türkiyənin sabiq iqtisadiyyat naziri Zəfər Çağlayan haqqında çıxarılan həbs qərarı, Rza Zərrabla bağlı dosyeni hələ də bağlamaması və bu işlə əlaqədar “Halkbank”a cərimə kəsilməsinin gündəmdə qalması kimi məsələlərdən qaynaqlanır. ABŞ isə Türkiyənin Rusiya və İranla yaxınlaşmasından, Rusiyadan S-400 zenit-raket kompleksi satın almağa hazırlaşmasından, İrana qarşı təzyiq siyasətinə qoşulmamasından və son olaraq Venesuela böhranında Nikolas Maduronu dəstəkləməsindən narahatdır. Ən ciddi problem budur ki, hər iki tərəf bir-birinə etimadı itirib, qarşılıqlı güvən problemi yaranıb”.

“ABŞ hərbi rəhbərliyi ehtiyatlanır ki, Rusiya F-35 döyüş təyyarələrinin texnoloji sirlərini oğurlaya bilər”

“Konkret S-400 probleminə gəldikdə, Vaşinqton hesab edir ki, Türkiyənin Rusiyadan bu strateji silah sistemini alması onun NATO öhdəlikləri ilə ziddiyyət təşkil edir. Əvvəla, Vaşinqton istəyir ki, NATO ölkələri bu tip silah sistemlərini rəqib dövlətlərdən deyil, onun özündən, yəni ABŞ-dan alsınlar. İkincisi, ABŞ hərbi rəhbərliyi ehtiyatlanır ki, Rusiya Türkiyəyə verəcəyi S-400 vasitəsilə Ankaranın əldə edəcəyi yeni, müasir F-35 döyüş təyyarələrinin texnoloji sirlərini oğurlaya bilər. Türkiyə 2002-ci ildən bəri F-35 layihəsinin tərəfdaş ölkələrindən biridir və bu layihə çərçivəsində təxminən 12 milyard dollar dəyərində 120 ədəd F-35A təyyarəsi satın alacaq. Türkiyənin hərbi sənaye şirkətləri bu layihə çərçivəsində müxtəlif ehtiyat hissələrinin istehsalına, mühərriklərə texniki baxış işlərinə cəlb olunub. ABŞ senatorlarının hazırladığı qanun təklifinə əsasən əgər Ankara S-400 sevdasından vaz keçməsə, bu təyyarələrin Türkiyəyə tədarükünə, eləcə də təyyarələrin istismarı ilə bağlı vacib texniki informasiyaların Türkiyəyə verilməsinə qadağa qoyulacaq”,-deyə politoloq vurğuladı.

“Rusiya ilə alış-veriş həm də Türkiyənin Suriya siyasəti baxımından önəm daşıyır”

Şahin Cəfərli nəzərə çatdırdı ki, 2017-ci ilin iyulunda Konqresdə qəbul olunan və Rusiya, İran, Şimali Koreya kimi ölkələrə sanksiyaların tətbini nəzərdə tutan CAATSA qanununda isə Rusiyadan böyük miqdarda silah alan ölkələrə sanksiya tətbiq olunması əksini tapıb: “Ankara ilə Moskva arasındakı S-400 anlaşması da bu qanunun tələbləri altına düşür. Yəni S-400-lə bağlı Türkiyəyə sanksiya tətbiq olunması ABŞ hökuməti üçün qanundan irəli gələn tələbdir. Ona görə də, Tramp administrasiyası uzun müddətdir ki, Ankaranı bu niyyətdən vaz keçirməyə çalışır və əks halda münasibətlərdə gərginliyin yaranacağına dair xəbərdarlıq edir. Əgər Türkiyə öz qərarını dəyişməsə, hətta ABŞ hökuməti münasibətləri qorumağa çalışsa belə, Konqres öz təşəbbüsü ilə Türkiyəyə qarşı sanksiya xarakterli qərarlar qəbul edə bilər. Bu halda, “Patriot” satışna dair müqavilənin Konqresdən keçməsi də mümkün olmayacaq. Prezident Ərdoğan S-400 alqı-satqısına özünün müstəqil siyasətinin tərkib hissəsi kimi yanaşır. Söhbət təkcə Türkiyənin bu cür silaha ehtiyac duymasından getmir. Rusiya ilə alış-veriş həm də Türkiyənin Suriya siyasəti baxımından önəm daşıyır. Məlumdur ki, Rusiya Suriya məsələsində əsas söz sahibidir və Türkiyə Putinin razılığı olmadan “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarını gerçəkləşdirə bilməzdi. Heç bir alver birtərəfli olmur, Türkiyə bunun əvəzini hansısa şəkildə ödəməlidir. Bu “ödəniş”dən biri də məhz Rusiyadan S-400 kimi bahalı silahın satın alınmasıdır. Bu mərhələdən sonra Türkiyə S-400-dən imtina etsə, şəxsən prezident Ərdoğanın reputasiyası ciddi zərbə alacaq və onun “biz tam müstəqil siyasət yeridirik” deyə öyünməsi boşa çıxmış olacaq. Yəni bu, həm də bir prestij məsələsidir. Bunun əksi, yəni S-400 satışının gerçəkləşməsi isə ABŞ-la münasibətlərdə böhran yaradacaq”.

“Bransonun həbsi məsələsinin Türkiyə iqtisadiyyatına, maliyyə bazarına təsirləri unudulmasın”

Cəfərli hesab edir ki, Ərdoğan hazırda çox çətin seçim qarşısındadır: “S-400-ü almaq da, ondan imtina etmək də xarici siyasətdə problemlərə səbəb olacaq. Xarici siyasət problemlərinin Türkiyə iqtisadiyyatına, ölkədəki daxili siyasi proseslərə ehtimal olunan neqativ təsirləri isə Ərdoğan üçün əlavə baş ağrısıdır. Rahib Bransonun həbsi məsələsinin Türkiyə iqtisadiyyatına, maliyyə bazarına təsirləri unudulmasın. Türkiyə çalışırdı ki, ABŞ-dan “Patriot“ sistemlərini satın almaqla Vaşinqtonun narahatlığını aradan qaldırsın. Lakin göründüyü kimi, bu taktika uğurlu olmadı. Ona görə də, münasibətlərdə yeni bir böhranın yaranması riski qalır”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı