“Türkiyədəki son seçkilərin Türk Dünyasına böyük təsiri olacaq” - BƏDRƏDDİN QULİYEV

“Türkiyədəki son seçkilərin Türk Dünyasına böyük təsiri olacaq” - BƏDRƏDDİN QULİYEV

“CHP-nin seçkilər zamanı əldə etdiyi uğurlara təsadüfi hadisə kimi yanaşmaq olmaz”

“69 ildir ki, Türkiyədə sağ qüvvələrə dəstək verən beynəlxalq imperialist güclər dolayı yolla Mustafa Kamal Atatürkün CHP-nin simasında ideyaları sapındırmaq siyasətini yürüdüblər”


Türkiyədə Mustafa Kamal Atatürkün qurduğu Cümhuriyyət Halk Partiyasının (CHP) ölkədə keçirilən son bələdiyyə seçkilərində səsçoxluğu ilə rekordlar qazanması münasibəti ilə Azərbaycandan onları ilk təbrik edən CXP (Cümhuriyyət Xalq Partiyası) sədri Bədrəddin Quliyev oldu. O, qardaş Türkiyədə səfərdə olub və CHP-nin bir sıra liderləri ilə görüşlər keçirib. Siyasi müşahidəçilərin və analitiklərin də etiraf etdiyinə görə, artıq Türkiyədə yeni dönəm başlayır. AKP iqtidarının 17 illik hakimiyyətinin iflasa uğradığı barəsində çoxsaylı təhlillər ortaya çıxmaqdadır. Bədrəddin bəylə görüşüb, bu barədə onun fikirlərini öyrənməyə çalışdıq.

– Bədrəddin bəy, qardaş Türkiyədə və Makedoniyada hakimiyyətə gələn sol partiyalarla bir sıra görüşlər keçirdiniz. Eyni zamanda sədri olduğunuz partiyanın adından bir sıra əməkdaşlıq məsələləri barəsində ümumi razılıqlar əldə etmisiniz. Azərbaycandan olan bir partiyaya bu qədər ilgi göstərilməsinin sirri nədir?

– Əvvəla onu qeyd edim ki, uzun müddət Türkiyədə və Azərbaycanda yanlış olaraq sol görüşlərə məntiqə sığmayan mənasız damğalar vurulub. Sol düşüncənin əsas fəlsəfəsi XX əsrdən etibarən bütün mədəni xalqların həyat tərzində və onlara məxsus dövlətlərdə bir daha gerizəkalı feodal düşüncənin olmaması, cəmiyyətin sosial ədalət prinsipləri ilə idarəçiliyi bəşəri sivilizasiyanın ali dəyəri hesab olunur. Harada krallıq, diktatrorluq və ya avtoritarizm hökm sürürsə, həmin ölkələrdə bəşəri inkişaf geridə qalır. Həmin dövlətlərin xalqları müti və kölə həyat tərzini yaşamağa məhkum olurlar. Müasir dünyanın mədəni xalqlarının inkişafının təməl prinsipi sosial ədalət meyarına bağlıdır.

Sualınızla bağlı onu deməyi özümə borc bilirəm ki, sədri olduğumuz CXP uzun müddətdir Türkiyədəki CHP ilə strateji əməkdaşlıq edirik. Bizim indiki səfərimiz CHP-nin bələdiyyə seçkiləri zamanı ölkənin 60 faizdən çoxunda qələbə çalması münasibətilə onları tərbrik etmək oldu. Həm də bir sıra müzakirələr apardıq. Çünki Avropanın əksər dövlətləri CHP-nin gözlənilməz qələbəsindən hələ də şok içindədirlər. Qardaş ölkədə son illərdə sosial-iqtisadi sahədə dərin böhranlar yaşanılır. Bundan əlavə, Qərblə münasibətlərdə gərək olmayan çatlar yaranıb. Münasibətlərin gərgin olması səbəbindən demokratik proseslər də ağır zərbə altında idi. CHP və İYİ parti “Millət İttifaqı”nı quraraq bələdiyyə seçkilərində möhtəşəm uğurlara imza atdılar. Neçə ay öncə proqnoz vermişdim ki, “AKP-MHP” kolasiyası bu seçkiləri uduzacaqlar. Onlar ölkədə əhalinin ağır sosial-iqtisadi həyat tərzinin dözülməz həddə çatmasında günahkardırlar. Çünki bu dövlətin milli hədəfləri son 17 ildə addım-addım deqradasiyaya uğradılmışdı. Digər yandan isə, hakimiyyət ölkədə siyasi, iqtisadi və sosial sahələrdə reformlar aparmaq əvəzinə, onun doğru olmayan addımlarını tənqid edənləri “FETÖ” terror örgütünün üzvü olmaq, PKK ilə əməkdaşlıq və sair suçmalarla qaralamaq, günahsız yerə şərləyərək həbsə atmaq siyasətləri yürüdürlüdü. Bu mənada alimlər, aydınlar, jurnalistlər və cəmiyyətin intellektual təbəqəsi yarıtmaz siyasət yürüdən AKP iqtidarını tənqid etməkdən heç zaman çəkinmədilər. Axı kinlə və öfkə ilə məmləkət idarə olunmaz. “Millət İttifaqı” rəqibləri AKP-MHP işbirliyinin siyasi qanadı olan “Cümhur İttifaqı”na qarşı məntiqli və milyonlarla insanların inandıqları konsepsiyanı vaxtında irəli sürə bildilər. Beləliklə ölkəni fikir özgürlüyü, dini, təriqət və etnik bölücülüyə sürükləyən proseslərdən “Millət İttifaqı” qurtara bildi.

– İndi Türkiyədə sanki yeni bir dönəm başlayır. Bu, ölkəyə hansı vədləri verəcək?

– AKP-nin təkbaşına iqtidarda olması ölkədə korrupsiyanın baş alıb getməsi, əhalinin tələbata uyğun olmayan və həddən aşağı dərəcədə maaş alması, süni bahaçılıq, siyasi görüşünə görə işlə təmin olunmaq, partiyaçılıq, mövcud sosial problemlərin vaxtında həll edilməməsi, kasıbçılığın dözülməz həddə çatması, yoxsulluq, tələb olunan islahatın aparılmaması, şəffəaflığın olmaması və sosial ədalətin yoxluğuna xalq təpkilərini məhz seçki prosesində iqtidara isbat edə bildi. CHP isə bütün bunları nəzərə alaraq, sosial problemlərin həlli istiqamətində güclü təbliğat aparmağı bacardı. Bu, əslində Avropanın apardığı sosial siyasət meyarı ilə üst-üstə düşür.

– Sədri olduğunuz CXP-nin adından qardaş CHP-ni bu dəfə ilk təbrik edənlərdən biri siz oldunuz. Bu, Azərbaycan siyasətində bir ilk idi.

– CHP və onun rəhbərliyi ilə 2010-cu ildən indiyə kimi mütəmadi olaraq əlaqələrimizi inkişaf etdiririk. Faktiki olaraq, CHP-nin bütün rəhbərliyi ilə, bu qocaman partiyanın ən nüfuzlu funksionerləri ilə şəxsi münasibətlərimiz var. Biz CHP ilə birlikdə Mustafa Kamal Atatürkün qurduğu partiyanın sosial ədalət strategiyasına bağlı olan hədəflərinin bütün Türk Dünyasında tətbiq olunması barəsində ciddi müzakirələr aparmışıq. Demək olar ki, demokratik ənənələrin yayılması istiqamətində addımlar atırıq. CHP-nin varlığı, onun şanlı tarixi və keçdiyi yol Türk Dünyası üçün bir örnəkdir. CHP ilə Azərbaycan arasında demokratik proseslərin inkişafı həm də Avropa ilə inteqrasiyanın təməl prinsiplərindən biri sayılmalıdır. Bu mənada CHP bizlərə ciddi dəstək verə bilər.

– Türkiyədəki bələdiyyə seçkiləri zamanı CHP-nin sərgilədiyi taktikada bir nəfər liderin deyil, vahid komanda şəklində təbliğatını apardı...

– Əlbəttə, hər hansı bir təşkilat, ictimai qurum bu gün XXI yüzilin standartlarının fəlsəfi və sinergetik baxımdan hədəflərini ortaya qoymalıdır. Hər hansı bir şəxsiyyətin və ya liderin üzərində deyil, vahid komanda şəklində fəaliyyət göstərilməlidir. Türkiyə tarixində “proje” partiyaları çox olublar. Onlar bir liderin ətrafında birləşərək hakimiyyətə gəlib və sonra da tarixin ironiyası ilə yox olublar. CHP 1923-cü ildə Cümhuriyyətlə birlikdə doğulub və bu gün də yaşayır. 2019-cu il seçkilərinə klassik CHP müasir standartlara cavab verən, yeni siyasi şəraiti peşəkarcasına bilən kadrlarla qatılmışdı. Cəmiyyətin bütün təbəqələri bu prosesdə iştirak etdilər. Demokratiyanın hər kəsə aid olması, təşkilatın rəhbərliyinin avtoritarizm çərçivəsində deyil, demokratik qaydalar ətrafında birləşdilər və bunu xalqın birgə iştirakı ilə seçkidə təmin etdi.

– O da bəllidir ki, bu seçkiləri ironik şəkildə olsa da, demokratiya və feodalizm arasında gedən mübarizə kimi də qələmə verənlər oldu.

– Hər hansı bir ölkədə avtoritarizmə bağlı tək adamın siyasi kursu ilə dövlət idarə etmək anlayışı varsa, orada XXI əsrin deyil, XV-XVI əsrin şərtləri hökm sürür. Bu anlayışa qarşı Türkiyədə başda CHP olmaqla son qoyulmasına çalışıldı. 1 may mitinqi bu il dünyada ən böyük coşqularla təkcə Türkiyədə baş tutdu. Beləliklə xalq kütləvi işsizlik və kasıbçılığa qarşı iradəsini göstərdi. Bu ağır şərtlər altında bir daha yaşamaq istəmədiyini dilə gətirdi. AKP- MHP və onlara dəstək verən digər sağçı gücləri təmsil edən toplumun yarıdan çoxu ilk dəfə olaraq, CHP-nin irəli sürdüyü konsepsiyaları seçkilər zamanı kütləvi şəkildə müdafiə etdilər. Bizlər bundan örnək götürməliyik. Türkiyənin üst qurumu ilə yanaşı, vətəndaş cəmiyyəti institutları ilə birgə çalışmalıyıq. Həmkarlar ittifaqları və digər peşə profilli qurumları ilə iç-içə fəaliyyət göstərməliyik. CHP bu sahədə şüarla deyil, strateji proqramla çıxış edir. Kimsə zəmanət verə bilməz ki, bu günün müxalifəti sabah iqtidar ola bilməz. Bizlər üfüqi və şaquli istiqamətdə çox işlər görməliyik. Biz Türkiyə ilə birlikdə İraq və Suiriya türkmanlarının, Güney Azərbaycanın ana dilində təhsil almaq, mədəni təsisatlarının inkişaf etməsinə dəstək olmalıyıq.

– Bu məsələnin iki dövlət arasındakı münasibətlərinə nə aidiyyatı var?

– Unutmaq olmaz ki, Yaxın Şərq siyasəti dünyada son 60-70 illik tarixin aparıcı ünsürü sayılır. Bu gerçəkliyi görməzlikdən gəlmək tamamilə yalnışdır. Yaxın Şərq dedikdə, ərəb, kürd, erməni, assur, kopt və digər xalqların varlığı, onların hüquqlarının dünya səviyyəsində müdafiəsi təşkil olunur. Halbuki, 350 milyonluq əhaliyə malik Yaxın Şərqdə toplam 60 milyondan çox türk yaşayır. Onlar bizim milli varlığımızın və tarixi köklərimizin bir parçasıdır. Liviya, İraq, Suriya, İran, Livan, Misir, Pakistan, Əfqanıstan, Yəmən, Sudan, Küveyt və digər Yaxın Şərq ölkələrində tək hüquqları pozulan türklərdir. Bizlər onların hüquqlarını beynəlxalq səviyyədə müdafiə edə bilsək, Yaxın Şərq böhranlarını yaradan və bölgəni qan çanağına döndərən güclər geri çəkilmək zorunda qalacaqlar. Prosesə belə bir baxışla yanaşmaq, Qarabağ probleminin əbədiyyən həlli deməkdir. Biz CXP olaraq CHP ilə birlikdə bu barədə beynəlxalq konfrans keçirməyi planlaşdırırıq.

– Balkan səfərinizlə bağlı nə deyə bilərsiniz?

– Bolqarıstan, Rumıniya, Makedoniya, Albaniya, Yunanıstan və digər Balkan ölkələrində tarixi zərurətdən doğaraq milyonlarla türk kökənli toplumlar yaşayırlar. Balkan dövlətləri parlamentlərində və hökumətlərində türklər öz demokratik haqları çərçivəsində təmsil olunurlar. Onların çox dəyərli deputatları və hökumət yetkililəri ilə biz CXP olaraq daim əlaqələr saxlayırıq. Beynəlxalq və ya regional müstəvidə keçirdikləri tədbirlərə qatılırıq. “Makedoniya Türk Demokratik Partiyası” ilə uzun illərdir isti münasibətlərimiz var. Onlar həm hökumətdə, həm də parlamentdə təmsil olunurlar. Enes İbrahim ve Elvin Həsən kimi yurdsevər insanların sayəsində bu ölkədə qondarma “erməni soyqırımı” və “Dağlıq Qarabağ”ın müstəqilliyinin tanınmasının qarşısı alınıbdır. Balkan dövlətlərinin hökumət və parlamentində təmsil olunan türklərin sayəsində Avropa Şurası və Avropa Birliyində Azərbaycanın haqq səsinə səs verənlərin sayı da arta bilər.

– Bəs bu istiqamətdə bizlər nə kimi işlər görə bilərik?

– Azərbaycanın Balkan bölgəsi üzrə xüsusi səfirliyi olmalıdır. Universitetlərin arasında təhsil sahəsində əlaqələr gücləndirilməlidir. Biz CXP olaraq Azərbaycanın Balkanlarda strateji baxımdan daim mənafeyini müdafiə etmişik. Unutmaq olmaz ki, 2020-ci ildə Azərbaycanın qaz boru xəttinin Avropaya birbaşa çıxışı Balkanlardan keçəcək. Bununla da ölkəmizə milyardlarla dollar gəlir daxil olacaq. Dövlətlərarası münasibətlər həm də xalqlararası dostluğa çevriləndə daha böyük uğurlar əldə olunur.

– Siz Makedoniyada həm də Mustafa Kamal Atatürkün muzeyini ziyarət etdiniz.

– Özünü türk millətinin bir fərdi kimi görənlərin mənəvi borcudur ki, Makedoniyaya gələn kimi Monstr şəhərində Mustafa Kamal Atatürkün erkən yaşında təhsil aldğı hərbi litseyi ziyarət etsin. İndi bu litsey onun xatirəsini əbədiləşdirən muzeyə çevrilib. Bu muzeyi Azərbaycan adına ziyarət edən ilk partiya sədri xoşbəxtliyi mənə nəsib olub. Muzeyin xatirə dəftərinə ürək sözlərimi də yazmışam. Bir daha təkrar edirəm ki, CHP-nin seçkilər zamanı əldə etdiyi uğurlara təsadüfi hadisə kimi yanaşmaq olmaz. 69 ildir ki, Türkiyədə sağ qüvvələrə dəstək verən beynəlxalq imperialist güclər dolayı yolla Mustafa Kamal Atatürkün CHP-nin simasında ideyaları sapındırmaq siyasətini yürüdüblər. “Soyuq Savaş”ın iflasa uğramasının ardından yenidən CHP-nin Türkiyə və Türk Dünyasının siyasi arenasına geri dönməsi bir zərurətdir. Biz bu həqiqətləri görərək irəliyə məntiqli addımlar atmalıyıq. İfrat mühafizəkar düşüncə ilə keçmişin bəlağətli düşüncə tərzinin içində gömülüb qalmaq heç bir xalqa fayda verə bilməz.

Söhbətləşdi: Ənvər Yusifoğlu, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA