UCAR SAKİNLƏRİ "AZƏRİŞIQ"DAN ŞİKAYƏTÇİDİR - Dəyəri 230 manat olan elektrik avadanlıqları üçün hər ailədən 2800 manat tələb olunur

UCAR SAKİNLƏRİ "AZƏRİŞIQ"DAN ŞİKAYƏTÇİDİR - Dəyəri 230 manat olan elektrik avadanlıqları üçün hər ailədən 2800 manat tələb olunur

Ucar rayon sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Rayonun Boyat kənd sakini Qəhrəmanov Alqayıt Alqayıt oğlu, Boyat kənd sakini Məhərrəmov Mehman Qurban oğlu və Qaracallı kənd sakini Lətifov Nazir Lətif oğlu üzləşdikləri qanunsuzluqlarla bağlı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanlayıblar. Şikayətçilər tərəfindən göndərilən məktubda qeyd olunur:

“"Azərişıq" ASC-nin və Ucar Elektirik Şəbəkəsinin qanunsuzluğu nəticəsində elektirik enerjisindən istifadə edə bilmirik. Nəticədə də himayəmizdə olan azyaşlı uşaqlarımızla birlikdə qaranlıqda yaşayırıq. Bizim yaşayışımızı gəlib gözləri ilə görən olsa, dəhşətə gələr.

Səbəbi isə yeni inşa etdiyimiz evimizə elektirik xəttinin çəklib, elektirik enerjisi ilə təchiz olunmasına görə “Azərişıq” ASC bizdən 10 dəfə artıq pul tələb edir. Hansı ki, mövcud elektirik xəttindən evimizə qədər olan məsafə üçün lazım olan elektirik dirəyi və elektirik kabelini almaq üçün üçün “Azərişıq” ASC-nin tələb etdiyi pul 10 dəfə şişirdilib. Misal üçün dəyəri 150 manata başa gələn elektirik avadanlıqlarını 10 dəfə şişirdib, smeta sənədi tərtib edirlər. Bu minvalla onlar kasıb vətəndaşları soyurlar. Nəticədə də narazılıq yaranır, azyaşlı uşaqlarmızla qaranlıqda yaşamağa məhkum olmşuq. Bu isə saxtakarlıq, özbaşınalıq və talançılıqdır ki, “Azərişıq” ASC yaradır.

Mən - Ucar rayonu Boyat kənd sakini Qəhrəmanov Alqayıt Alqayıt oğlu - iki azyaşlı uşağımla yeni inşa etdirdiyim mənzildə qaranlıqda yaşayıram. Səbəbkarı isə “Azərişıq” ASC-dir. Çünki əsas elektirik xətti ilə mənzilimin arasında 10 metr məsafə var ki, elektirik kabelini də almışam. Qalır həmin elektirik xəttini çəkmək. Buna görə məndən 180 manat pul tələb edilir. Bu isə soyğunçuluqdur, saxtakarlıqdır ki, “Azərişıq” ASC və yerdə nümayəndəliyi olan Ucar Elektirik Şəbəkəsi edir.

Heç bir yerdə işləmirəm yoxsulluq həddində yaşayıram. Valideyinlərimin və qohumlarımın maddi köməkliyi ilə 8 il müddətinə bir mərtəbəli iki otaqlı kiçik bir mənzil inşa etdirmişik. Ucar rayon Məşğulluq Mərkəzində “iş axtaran” kimi qeydiyyatdayam. İndi azyaşlı körpə uşaqlarım qaranlıqda yaşayırıq. Çox əziyyət çəkirik, bilmirik nə edək.

Mən - Məhərrəmov Mehman Qurban oğlu - Ucar rayonu Boyat kəndində ailəmlə iki azyaşlı uşağımla yeni inşa etdirdiyim mənzildə qaranlıqda yaşamağa məhkum olmuşam. Həmin mənzili fəhləçiliklə 6 ilə inşa etdirmişəm. Hələ də borc ödəyirəm. Bir qarnı ac, bir qarnı tox yaşayırıq. “Azərişıq” ASC evimdən elektirik dirəyinə qədər məsafəni saxtakarlıq edib 800 metr qeyd edib, elektirik xəttinin çəkilməsi üçün məndən 2800 manat pul tələb edir. Hansı ki, özümüz lazım olan elektirik avadanlıqlarının bazarda qiymətini soruşduq cəmi 230 manat pul təşkil etdi. Ancaq “Azərişıq” ASC-nin saxtakarlıqla qiyməti şişirtməsi qanunsuzluqdur. İmkan versinlər həmin elektirik avadanlıqlarını özüm bazar qiymətinə alıb verim onlara, zəhmət haqqlarını da verim ki, müasir dövrdə qaranlıqda yaşamayaq.

Mən - Ucar rayonu Qaracallı kənd sakini Lətifov Nazir Lətif oğlu - yeni inşa etdirdiyim mənzilimə köçüb yaşaya bilmirəm ki, nəticədə də 13 nəfərik ailə üzvlərimizlə birlikdə atama məxsus darısqal, acınacaqlı vəziyyətdə olan evdə yaşamağa məcbur olmuşam. Buna görə himayəmdə olan 3 azyaşlı uşaqlarımın rahatlığı pozulub, dərslərini normal hazırlaya bilmirlər, çox-çox əziyyət çəkirik. Yeni inşa edilmiş mənzilimizə köçüb yaşaya bilməməyimizin səbəbi isə elektirik xəttinin çəkilməsi üçün bizdən maya dəyərindən 10 dəfə çox pulun istənilməsidir. Belə ki, Bakı şəhərində bazarda araba sürüb qəpik-qəpik zəhmətlə yığıb topaladığım pulla kasıb formada bir mənzil inşa etdirdim ki, atama məxsus 13 nəfərin yaşadığı darısqal evdən çıxıb həmin yeni mənzildə yaşayım, uşaqlarım rahat böyüsün, dərslərini rahat hazırlaya bilsinlər. Evə elektirik xəttinin çəkilməsi üçün məndən 1873 manat 43 qəpik pul tələb olundu. Mövcud elektirik xəttindən evimə qədər olan məsafə 130 metr təşkil edir ki, buna görə 2 elektirk dirəyi və 130 metr elektirik kabeli lazım olacaq. Bunların isə bazar qiyməti ümumilikdə 150 manat təşkil edir. Texniki işləri görən ustaların zəhmət haqqı da 50 manat təşkil edəndə 200 manat cəmi smeta dəyəri olur. Belə olan halda 130 mert məsasfədən evimə elektirik xətinin çəkilməsinə görə məndən 1873 manat 43 qəpiyin istənilməsi açıq-aşkar korrupsiya faktıdır, ciddi qanunsuzluqdur. Mən bilirəm ki, bu smeta sənədi qanunsuz tərtib edilib.

Hansı ki, dövlət rüsumu və qiyməti cüzi edən adi bir elektriik xəttinin yeni inşa edilmiş mənzilə çəkilməsi bazar qiymətləri ilə 200 manat etsə də, “Azərişıq” ASC və Ucar Elektirik Şəbəkəsi saxtakarlıq edib qiymətləri 10 dəfə şişirtmişdir. Diqqət edin ki, “Azərişıq” ASC öz əməllərini sığortapamaq üçün bu sənədin ASAN xidməti tərəfindən tərtib edildiyini bildirir. Hansı ki, həmin smeta sənədini onlar özləri tərtib edərək ASAN xidmətə təqdim edib, bu yolla kasıb, zəhmətkeş insanların pulunu əlindən alıb talan edirlər. Bəli, bunun adı talançılıq cinayəti hesab edilir.

Himayəmdə böyüyünün 9, ortancılın 8, kiçiyinin isə 1 yaşı olmaqla 3 uşağım var. Hazırda isə üç azyaşlı uşaqla məmur özbaşınalığına görə 13 nəfərin yaşadığı atama məxsus darısqal evdə yaşamağa məcbur olmuşam.

Biz mətbuat vasitəsi ilə prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya müraciət edib, xahiş edirik ki, evimizə elektirik xəttinin çəkilərək elektirik enerjisi ilə təchiz edilməsinə tələb olan qiyməti 10 dəfə şişirdib əngəl yaratmış “Azərişıq” ASC-nin saxtakarlığını araşdırıb qanunu tədbir görəsiniz, bazar qiymətinə evimizə elektirik xəttinin çəkilərək elektirik enerjisi ilə təchiz edilməsinə kömək edəsiniz”.

Hazırladı: KƏNAN, Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA