Ukraynada prezident seçkilərində KİM QALİB GƏLƏCƏK?

Ukraynada prezident seçkilərində KİM QALİB GƏLƏCƏK?

Nəzakət Məmmədova: "Hesab edirəm ki, Moskva daha çox Timoşenkonu dəstəkləyəcək, çünki Kreml Poroşenkoya nisbətən, onu daha loyal qəbul edir"

Elxan Şahinoğlu: "Nəzəri cəhətdən Petro Poroşenko ikinci dəfə prezident seçilmək şansını itirməyib, ancaq bu şans yüksək deyil"

Şahin Cəfərli: "Yuliya Timoşenko bu dəfə qələbəyə yaxın görünür"

"Qalib ölkənin siyasətinə, seçkilərə təsir etmək iqtidarında olan böyük güclər arasında gedən mübarizənin nəticəsində müəyyənləşdiriləcək"

Ukraynanın Ali Radasının ötən ilin noyabrın 26-da keçirilən növbədənkənar iclasında qəbul edilən qanun layihəsinə əsasən ölkədə növbəti prezident seçkiləri bu ilin mart ayının 31-də keçiriləcək. Qeyd edək ki, dekabrın 31-də start verilən seçki kampaniyası çərçivəsində Ukraynanın Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınan prezidentliyə namizədlərin sayı artıq 22-yə çatıb. Beləliklə, Mərkəzi Seçki Komissiyası "Batkivşina" Partiyasının lideri, deputat Yuliya Timoşenkonu, hazırkı prezident Petro Poroşenkonu, şoumen Vladimir Zelenskini, "Radikal" Partiyadan Oleq Lyaşkonu, "Sosialist" Partiyasından Aleksandr Morozu, "Sülh və İnkişaf" Partiyasından Aleksandr Vilkulu, "Xalq Nəzarəti" Partiyasından Dmitri Dobrodomovu, müstəqil namizəd, deputat Arkadi Kornatskini, sabiq ekologiya və təbii sərvətlər naziri İqor Şevçenkonu, Lvov şəhərinin meri, "Samopomoş" Partiyasının lideri Andrey Sadovoyu, "Ədalət Hərəkatı" Partiyasının lideri Valentin Nalivayçenkonu, "Sosial Demokrat" Partiyasının lideri Sergey Kaplini, müstəqil namizəd Vitali Skotsiki, sabiq müdafiə naziri, "Qrajdanskaya pozitsiya" Partiyasının rəhbəri, deputat Anatoliy Qriçenkonu, "Bizimkilər" Partiyasının lideri Yevgeni Murayevi, deputatlar Vitali Kupriyi, Olqa Boqomoletsi, Aleksandr Şevçenkonu, biznesmen Gennadi Balaşovu, iqtisadçı Roman Nəsirovu, deputat və "Müxalif Blok" Partiyasının üzvü Yuri Boykonu qeydiyyata alıb.

Onu da vurğulamaq lazımdır ki, prezident seçkiləri ilə bağlı aparılan sorğularda dörd potensial namizədin liderliyi davam edir. Belə ki, Kiyev Beynəlxalq Sosiologiya İnstitutu və "Reytinq" Sosioloji Qrupun apardığı birgə rəyə əsasən prezidentliyə namizədliyə iddialı olan Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko, şoumen Vladimir Zelenski, müstəqil namizəd kimi seçkilərə qatılan hazırkı prezident Petro Poroşenko, sabiq müdafiə naziri Anatoliy Qriçenko reytinqdə digər namizədlərdən xeyli irəlidədirlər.

"Böyük güclərin, xarici dairələrin hansının seçkilərə təsir etmək imkanı olacaqsa, həmin dairənin dəstəklədiyi namizəd də qalib gələcək"

"Putin Paşinyana öz şərtlərini diqtə edəcək" - NƏZAKƏT MƏMMƏDOVA

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən politoloq Nəzakət Məmmədova hesab edir ki, indidən seçkilərdə hansı namizədin qalib gələcəyini demək çətindir, çünki hazırda Ukrayna istər daxili, istərsə də xarici siyasət baxımından elə qarışıq ölkədir ki, hər cür ola manipulyasiya və spekulyasiyalar bilər: "Düşünürəm ki, seçkilərə təsir göstərmək üçün bu cür addımlar atılacaq. Çünki bu gün Ukrayna böyük güclərin, əsasən də ABŞ-la Rusiyanın dartışma mövzusuna, savaş meydanına çevrilib. Bu baxımdan, hesab edirəm ki, Ukraynada prezident seçkiləri kifayət qədər gərgin keçəcək. Lakin hansı namizədin qalib gələcəyini demək bir qədər çətindir. Çünki seçki prosesində əsas namizədlər kimi çıxış edən Petro Poroşenkonun da, Yuliya Timoşenkonun da özünə görə şansı, tərəfdarları, o cümlədən dəstəkləyən qüvvələr var. Əslində, yaxşı olardı ki, onlar yox, yeni biri prezident seçkilərində qalib gəlsin. Çünki Poroşenko hakimiyyətdə olduğu müddətdə ölkədə oliqarxların mövqeyi, hakimiyyəti güclənib, korrupsiya daha da çiçəklənib. Bununla yanaşı, Ukrayna iqtisadi cəhətdən xeyli zəiflədi, çökdü. Düzdür, bunlar əsasən ölkənin Rusiya tərəfindən təzyiqə məruz qalması, Krımın işğalı, xarici siyasətdə baş verən proseslərlə bağlıdır. Amma hər bir halda ölkədə korrupsiya və oliqarxların özbaşınalığı gücləndi, sabitlik tamamilə pozuldu. Yəni Poroşenkonun heç bir ciddi nailiyyəti yoxdur. Buna görə də xalqın ona səs verməsi üçün stimul mövcud deyil. Timoşenkoya gəlincə, o dəfələrlə siyasətdə olub və sonradan gedib. Bəli, bu gün onun nüfuzu Poroşenkodan çox ola bilər, lakin o, özü də həddindən artıq siyasi oyunlara, çirkaba bulaşmış bir insandır. Ancaq bütün bunlara rəğmən, onların bağlı olduğu böyük güclər, xarici dairələr Poroşenko və Timoşenkonu siyasi səhnəyə çıxarıb, prezidentliyə namizəd kimi dəstək verirlər. Odur ki, həmin güclərdən hansının seçkilərə təsir etmək imkanı olacaqsa, həmin dairənin dəstəklədiyi namizəd də seçiləcək".

"Kreml özü ilə dil tapmağı bacaran namizədin qələbəsi üçün müəyyən işlər görə bilər"

Ukraynada keçiriləcək prezident seçkilərində xalqın iradəsinin elə də böyük rol oynamayacağını iddia edən politoloqun fikrincə, qalib ölkənin siyasətinə, seçkilərə təsir etmək iqtidarında olan böyük güclər arasında gedən mübarizənin nəticəsində müəyyənləşdiriləcək: "Unutmaq lazım deyil ki, həm Poroşenko, həm də Timoşenko xarici qüvvələrə xidmət edən şəxslərdir. Elə buna görə də kimin qalib gələcəyini də həmin qüvvələr müəyyən edəcək. Bildiyiniz kimi, bundan öncə Qərb, o cümlədən ABŞ Poroşenkoya "stavka" etmişdi. Amma Poroşenko tələblərə cavab verə, qarşıya qoyulan öhdəlikləri icra edə, problemləri həll edə bilmədi. Eyni zamanda, onun prezidentlik dövründə Rusiya ilə münaqişə daha da gərginləşdi. Ümumiyyətlə, Poroşenko da, Timoşenko da Qərbin adamıdır. Lakin ABŞ-ın özündə belə, müxtəlif güc mərkəzləri, lobbilər var. Həmçinin, seçkilərə Rusiyanın da təsiri qaçılmazdır. Bu səbəbdən də Kreml özü ilə dil tapmağı bacaran namizədin qələbəsi üçün müəyyən işlər görə bilər. Əslində, Timoşenkonun Rusiya ilə daha normal əlaqələri vardı. Hesab edirəm ki, Moskva daha çox Timoşenkonu dəstəkləyəcək. Çünki Kreml Poroşenkoya nisbətən, onu daha loyal qəbul edir. O da mümükündür ki, Qərblə Rusiya razılığa gəlsə, o zaman onların hər ikisinin dəstəklədiyi ortaq namizədin üzərində dayansınlar. Zənnimcə, bu şəxs Yuliya Timoşenko ola bilər. Odur ki, bütün hallarda seçkinin nəticələri pərdə arxası gedən proseslərdən asılı olacaq".

"Elə bilirlər ki, populist Timoşenko hakimiyyətə gəlsə əlləri bala batacaq"

Картинки по запросу Elxan Şahinoğlu

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu qənaətdədir ki, nəzəri cəhətdən Petro Poroşenko ikinci dəfə prezident seçilmək şansını itirməyib, ancaq bu şans yüksək deyil, rəqibləri güclüdür. Petro Poroşenkonun verdiyi vədlərin əksəriyyətini yerinə yetirə bilmədiyini deyən politoloqun sözlərinə görə, bunun obyektiv səbəbləri var: "Qarşısında Rusiya kimi dövlət var və ona hər vəchlə mane olurdu. Buna baxmayaraq, Poroşenko prezident olduğu müddətdə dağılan ordunu və təhlükəsizlik sistemini bərpa etdi, ordunu silahlandıra bildi. Ancaq iqtisadiyyatda və sosial sahədə dönüş yarada bilmədi. Təsadüfi deyil ki, bugünkü (srağagünkü-red.) mərasimdə əvvəllər onu dəstəkləyən tanınmış ictimai və siyasi xadimlərin çoxu, o cümlədən keçmiş prezidentlər Kuçma və Kravçuk zalda yox idi, onlar prezidentliyə əsas namizəd Yuliya Timoşenkonun bir neçə gün əvvəlki tədbirinə qatılmışdılar. Yəqin onlar qalib kimi artıq Yuliya Timoşenkonu görürlər. Elə bilirlər ki, populist Timoşenko hakimiyyətə gəlsə əlləri bala batacaq".

"Seçkinin taleyi 99 faiz ehtimalla ikinci turda həll olunacaq"

Картинки по запросу Şahin Cəfərli

Digər politoloq Şahin Cəfərli isə hesab edir ki, daha əvvəl iki dəfə prezident seçkilərində iştirak edərək məğlub olan Yuliya Timoşenko bu dəfə qələbəyə yaxın görünür. Onun hazırda ən reytinqli namizəd olduğunu bildirən Şahin Cəfərlinin fikrincə, seçkinin taleyi 99 faiz ehtimalla ikinci turda həll olunacaq: "Hələlik 2-ci turda Timoşenkonun rəqibinin kim ola biləcəyi aydın deyil, bunun üçün 5-6 namizədin arasında gərgin mübarizə gedəcək. Prezident Poroşenko boş dayanmır və 2-ci tur üçün pərdə arxasında ciddi iş aparır. Digər şanslılar Yuri Boyko, Anatoli Qritsenko, Andrey Sadovıy, Oleq Lyaşko və Vladimir Zelenski sayılır. Şoumen Zelenski namizədliyini elan etdikdən dərhal sonra Ukrayna siyasəti üçün adi hal olan kompromat savaşına tuş gəldi. Məlum oldu ki, onun Rusiyada film şirkəti var və bu şirkət Rusiya Mədəniyyət Nazirliyindən maliyyə alıb. Bu qalmaqal hələ təbliğat-təşviqat kampaniyası başlamadan diletant siyasətçinin mövqelərini sarsıtdı və o, kampaniyaya neqativ yüklə başlamalı olacaq".

"Timoşenkoya sərf edir ki, ikinci tura məhz Boyko keçsin"

Politoloq qeyd edib ki, Rusiyaya nisbətən loyal yanaşan cənub-şərq regionlarının seçicilərinə xitab edən Yuri Boyko keçmiş "Regionlar" Partiyasının yerində yaradılan "Müxalifətçi blok"un liderlərindən biri idi, lakin bu partiya ötən ilin sonlarında parçalandı: "Burada prezident texnoloqlarının rolu olmamış deyil, çünki Poroşenko bu siyasi qüvvənin monolit şəkildə seçkilərə getməsində maraqlı deyildi. Nəticədə "Boyko-Levoçkin qrupu" adlandırılan qanad (Levoçkin Yanukoviçin dövründə prezident administrasiyasının rəhbəri olub) ayrılaraq iş adamı Vadim Rabinoviçin "Həyat uğrunda" siyasi proyekti ilə birləşdi. "Müxalifətçi blok"un oliqarx Rinat Axmetova yaxın hissəsi isə öz namizədi ilə (Aleksandr Vilkul) seçkiyə qoşuldu. İndi Boyko-Levoçkin qrupu Axmetov qanadını ittiham edir ki, siz Poroşenko ilə anlaşaraq cənub-şərq vilayətlərində bizim səsimizi parçalamaq niyyəti ilə seçkiyə qatılmısız".

Şahin Cəfərlinin qənaətincə, Timoşenkoya sərf edir ki, ikinci tura məhz Boyko keçsin: "Çünki bu halda Timoşenkonun böyük fərqlə qazanacağı şübhəsizdir, Rusiyaya yaxın siyasətçi kimi tanınan Boykonun Kiyevdə, qərb və mərkəzi regionlarda səs alması mümkün deyil. İkinci tura qərbyönlü-millətçi düşərgənin nümayəndələrindən birinin keçməsi isə Timoşenkonun vəziyyətini çətinləşdirəcək, çünki o, həm də ən yüksək anti-reytinqə malikdir".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA