UNESCO üçün Azərbaycanın əhəmiyyəti

UNESCO üçün Azərbaycanın əhəmiyyəti

Ölkəmiz təşkilatın beynəlxalq əhəmiyyətli tədbirlərinə ev sahibliyi etməkdədir

BMT-nin ixtisaslaşmış təşkilatı olan UNESKO dünyanın təhsil, elm, mədəniyyət, informasiya və kommunikasiya sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Təşkilatın nizamnaməsi 16 noyabr 1945-ci ildə Londonda imzalanmış, 4 noyabr 1946-cı ildə 20 üzv dövlətdən ibarət UNESKO öz rəsmi fəaliyyətinə başlamışdır.

Hazırda UNESKO 195 ölkə və 10 Assosiativ Üzvdən ibarətdir. Təşkilat BMT və onun ixtisaslaşmış qurumları ilə sıx əlaqədədir. Həmçinin aparıcı dövlətlərarası təşkilatlarla (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, ATƏT, Afrika Birliyi Təşkilatı, Ərəb Dövlətləri Liqası, İSESKO, TÜRKSOY və s.) da geniş əlaqələrə malikdir. Eyni zamanda, YUNESKO yüzlərlə qabaqcıl beynəlxalq və qeyri-hökumət təşkilatları ilə fəal əməkdaşlıq edir.

Azərbaycan hələ XX əsrin 60-cı illərindən Sovet İttifaqının tərkibində olarkən UNESKO-nun fəaliyyətində aktiv iştirak etmişdir. UNESKO tərəfindən 1967-ci ildə “Qafqaz xalqlarının ədəbiyyatı” seriyasından fransız dilində M.F.Axundovun komediyaları, “Dünya xalqlarının musiqisi” seriyasından Azərbaycan muğamlarından ibarət iki val və iki audio-kasset buraxılmışdır.

Sovet İttifaqı dövründə Azərbaycanın UNESKO ilə əlaqələrinin qurulmasında və inkişaf etdirilməsində Heydər Əliyevin böyük xidmətləri olmuşdur. O, UNESKO-nun Azərbaycan mədəniyyəti ilə bağlı təşkil etdiyi tədbirlərdə yaxından iştirak etmişdir. 1983-cü ildə Bakıda təşkil edilmiş “Şərq xalça sənəti” I Beynəlxalq Simpoziumu zamanı Heydər Əliyev UNESKO-nun Baş Direktorunun xüsusi məsləhətçisi Federiko Mayorla görüşmüş və bu dostluq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra Azərbaycanın UNESKO ilə münasibətlərinə öz müsbət təsirini göstərmiş və beləliklə, Azərbaycanın təşkilatdakı uğurlarının təməli qoyulmuşdur.

UNESKO-nun Parisdəki baş qərargahında “Azərbaycan xalçaları” (1981), “Azərbaycan əlyazmaları” (1985), Londonda isə YUNESKO-nun himayəsi altında “Bakının memarlığı” (1985) sərgiləri keçirilmişdir. 1984-cü ilin noyabr ayında YUNESKO-nun baş qərargahında Azərbaycan Dövlət Rəqs ansamblının çıxışı olmuşdur.

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra 3 iyun 1992-ci il tarixində UNESKO-ya üzv qəbul edilmişdir.1993-cü ilin dekabr ayında Prezident Heydər Əliyevin Fransa Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev UNESKO-nun baş direktoru Federiko Mayorla görüşmüşdür.

UNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə əsasən, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini UNESKO-nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Bu səbəbdən UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və Azərbaycan Respublikası Prezidenti H.Əliyevin 21 fevral 1994-cü il Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyiyanında UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası yaradılmışdır.

Prezidenti İlham Əliyevin 10 mart 2015-ci il tarixli Sərəncamı ilə Milli Komissiyanın tərkibində bir sıra dəyişikliklər edilmişdir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin 11 iyul 2016-cı il tarixli, 2193 saylı Sərəncamı ilə 2005-ci il Sərəncamına növbəti dəyişikliklər edilmişdir.

Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. M.Əliyeva 1995-ci ildən etibarən Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xəttilə Azərbaycan mədəniyyətinin dünyaya tanıdılması istiqamətində uğurla fəaliyyət göstərmişdir. M.Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESKO tərəfindən 2004-cü ilin sentyabr ayında UNESKO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülmüşdür. Hazırda M.Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu missiyanı daha da genişləndirərək elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir, eyni zamanda beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir. Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESKO-nun müvafiq siyahılarında yer almaqdadır.

Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə Mehriban xanım Əliyeva 2008-ci ildə keçmiş baş direktor KoiçiraMatsuura tərəfindən gümüş xatirə medalı, 2010-cu ildə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilmişdir.

2004-2012-ci illərdə Mehriban xanım Əliyeva Parisdə, UNESKO-nun baş qərargahında xoşməramlı səfirlərin illik yığıncağında iştirak etmiş və toplantı çərçivəsində müxtəlif görüşlər keçirmişdir. Eyni zamanda, UNESKO baş qərargahında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycana həsr olunmuş müxtəlif tədbirlər təşkil edilir.

Məsələn, 24 avqust 2005-ci il tarixində Bakı şəhərində “UNЕSKО-Аzərbаycаn: gələcəyə körpü” mövzusunda beynəlxalq kоnfrаns keçirilmişdir.

10-11 iyun 2008-ci il tarixində Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda beynəlxalq forum keçirilmişdir. Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü, UNESKO-nun və İSESKO-nun dəstəyi ilə keçirilən forumda dünyanın müxtəlif ölkələrindən 300-dən çox nümayəndə, o cümlədən bir neçə ölkənin birinci xanımları, İSESKO-nun baş direktoru, YUNESKO-nun xoşməramlı səfirləri iştirak etmişlər.

18-25 mart 2009-cu il tarixində Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə Bakıda Birinci Beynəlxalq Muğam Festivalı təşkil olunmuşdur. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, UNESKO-nun Baş Direktoru cənab Koişiro Matsuura və dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər. Festival çərçivəsində elmi simpoziumlar, muğam ifaçılarının beynəlxalq müsabiqəsi və müxtəlif konsertlər təşkil edilmişdir.

2009-cu ildən etibarən UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı ilə birgə insan hüquqları ilə bağlı müxtəlif mövzulara həsr olunan Ombudsmanların Beynəlxalq Bakı Konfransını təşkil edir.

2011-ci ildən etibarən ölkəmizdə BMT-nin Sivilizasiyalar Alyansı, UNESKO, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun dəstəyi ilə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. 2011-ci ildə təşkil olunan forumda UNESKO-nun strateji planlaşdırma üzrə baş direktorunun müavini Hans D’Orvil, 2013 və 2015-ci illərdə isə təşkilatın baş direktoru İrina Bokova iştirak etmişlər.

31 may-2 iyun 2011-ci il tarixində Bakıda UNESKO-nun Beynəlxalq Bioetika Komitəsinin 18-ci sessiyası keçirilmişdir.

2011-2016-cı illərdə keçirilən beş forumda UNESKO yüksək səviyyədə təmsil olunmuşdur. Məsələn, 5-9 noyabr 2012-ci il tarixində Azərbaycan hökuməti, Avropa Şurası, Avropa Yayım Birliyi, ATƏT və UNESKO-nun birgə təşkilatçılığı ilə VII İnternet İdarəçilik Forumu keçirilmişdir. Tədbirdə UNESKO-nun baş direktorunun kommunikasiya və informasiya məsələləri üzrə müavini Yanis Karklins iştirak etmişdir.

18-19 dekabr 2014-cü il tarixlərində Bakıda TÜRKSOY-a üzv olan ölkələrin UNESKO üzrə Milli Komissiya və Komitələrinin Beşinci İclası keçirilmişdir. İclasda xarici ölkələrin UNESKO üzrə Milli Komissiya və Komitələrindən, eyni zamanda digər qurumlardan 65 xarici, ümumilikdə 120-dən çox nümayəndə iştirak etmişdir. Tədbirə sədrlik, o cümlədən Milli Komissiyaların işinin əlaqələndirilməsi funksiyası növbəti iclasa qədər Azərbaycana keçmişdir.

19 may 2015-ci il tarixində Bakıda Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dinlərarası və mədəniyyətlərarası dialoq üzrə UNESKO kafedralarının Akademik Forumu keçirilmişdir. Hansı ki, bir neçə gün əvvəl baş tutan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu tədbirlərin əhəmiyyətini bir daha ortaya qoyur.

Bir neçə ay öncə isə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu baş tutudu. Bu forumla bağlı keçirilən mətbuat konfransında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, Azərbaycanda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bəşəri prosesə çevrilir və tərəfdaş təşkilatların sayının artması da bunu göstərir.

Xatırladaq ki, forumda bir çox nüfuzlu təşkilatların rəhbərləri ilə yanaşı UNESCO-nun baş katibi İrina Bokova iştirak etdi. Bundan bir gün əvvəl baş tutan mətbuat konfransında UNESCO baş katibinin müavini Nada əl-Naşif bəyan etdi ki, bu il keçirilən Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-nun cədvəlində əsas tədbirə çevrilib. Onun sözlərinə görə, Bakı forumu UNESCO mandatı ilə üstə-üstə düşür: "Biz danışmağa gəlməmişik, artıq əməllərə keçmişik”.

Əlbəttə, biz Azərbaycan-UNESKO əməkdaşlığı çərçivəsində keçirilən tədbirlərin yalnız bir neçəsini qeyd etdik. Halbuki, belə mühüm tədbirlər yüzlərlədir. Nəticə isə odur ki, UNESCO baş katibinin müavini Nada əl-Naşifin də bəyan etdiyi kimi, bu tədbirlərin heç biri sadəcə danışmaq üçün keçirilmir, əksinə hər bir tədbirin arxasında ciddi əməllər durduğu ortadadır.

“Hürriyyət”

  • Hamısı
  • Loading...

    QALEREYA