Unudulmayacaq sənətkar xatirələri

Unudulmayacaq sənətkar xatirələri

(Xalq artisti Məhəmməd Burcəliyevin əziz xatirəsinə)

Elə səhnə ustası var ki, onun sənət yolu bir teatrın yaradıcılıq yoludur, səhnəyə gətirdiyi hər bir yenilik teatrın yeniliyidir.Yaratdığı hər obraz hətta epizodik olsa belə, tamaşaçının yaddaşına əbədi həkk olunur, öz xalqının milli sərvətinə, teatr tarixinin bir səhifəsinə çevrilir və mənəvi güc, idrak aydınlığı ilə həqiqət səviyyəsinə yüksəlir. Belə sənətkarların əsas meyyarı istedaddır.İstedad işığına gedən yolda isə heç kəs azmaz. Xalq artisti Məhəmməd Burcəliyev də məhz bu kimi aktyorlar silsiləsinə daxildir.

Məhəmməd İsmayıl oğlu Burcəliyev 1914-cü il aprel ayının 25-də Şəki şəhərində anadan olub. Burada beşillik orta təhsilini başa vurduqdan sonra 1930-cu ildə təhsilini davam etdirmək məqsədi ilə Bakı şəhərində Karl Lipginixt adına Fabrik-zavod məktəbinə daxil olub. O illəri aktyor öz xatirələrində yazir:

“1930-cu ilin əvvəllərində Bakıda sənət məktəbində oxumaq üçün şagird qəbulu ilə bağlı Şəkidə elanlar vurulurdu. Mən də oxumaq üçün özümü həmin məktəbə yazdırdım. Sənət məktəbinə gələrkən bizi çox yaxşı qarşıladılar və iş paltarı da verdilər. Bu sənət məktəbində həm qazma sənətini öyərənəcək, həm də təhsil almalı idik.Bir həftəlik təcrübə kecdikdən sonra təhsil alacağımız məktəbə gəldik.İlk dərsimiz ədəbiyyat dərsi idi.Zəng vuruldu və məktəbin direktoru yanında orta boyu, qarabuğdayı, qalın dodaqlı bir oğlanla daxil oldular sinifə. Direktor bizə dərslərimizdə və işlərimizdə uğurlar arzuladı. Sonra yanındakı oğlanı göstərib dedi:

-Bax, bu sizin ədəbiyyat müəlliminizdir. Özü də yaxşı şairdir. Yəqin ki,

şerlərini oxumusuz. Adı da Mikayıl Müşfiqdir.

Mən onun şerləri ilə tanış idim. Amma üzünü görməmişdim.Müşfiq müəllim ədəbiyyatla maraqlananları çox sevirdi.Bir çox gəncin həyatında olduğu kimi mən də şer yazırdım.Bir gün Müşfiq müəllim dərsdən sonra mənim yazdığım şerləri dinlədi.Qulaq asdı və bir söz demədi. Səhərisi gün mənim əlimdən tutub “Gənc işçi” qəzetinin redaksiyasında olan Ədəbiyyat dərnəyinə aparıb üzv yazdırdı. Burada məni Süleyman Rüstəmlə tanış etdi. Yaxşı xatırlayıram. Mikayıl Müşfiqin “Buruqlar arasında” poeması Karl Lipginixt adına sənət məktəbində yarandı. Hər dəfə bu poemaya baxanda bütün hadisələr gözlərimin önündən kecir. Ölüm xəbərini eşidərkən yazdığı dörd misra şer yadıma düşdü:

Mən gəncəm bilirəm istiqbalım var.

Hələ bədr olmamış bir hilalım var.

Yelkənim acılır qara yel əsmə,

Mənim bu dəryada bir sandalım var.

O qara yel əsdi, özü də nə yaman əsdi”.

Məhəmməd Burcəliyev Karl Lipginixt adına Fabrik-zavod məktəbini bitirdikdən sonra Fəhlə Pedaqoji Texnikomuna daxil olub. Bu məktəbin bitirilməsi ilə əlaqədar olaraq təşkil olunan konsert proqramında maraqlı çıxışını gördükdən sonra məhz Sabit Rəhmanın dəvəti ilə 1932-ci ildən Şəki Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1932-1935-ci illərdə Şəki Dövlət Dram Teatrında fəaliyyət göstərib və maraqlı obrazlar qaleriyası yaradıb.1935-ci ildən ömrünün sonunadək, yəni, 1994-cü ilin noyabr ayının 25-dək Gəncə Dövlət Dram Teatrında çalışıb. 1967-1968-ci illərdə N.K.Krupuskaya adına Moskva Dövlət İncəsənət Universitetinin Teatr aktyoru və rejissoru fakültəsini bitirib. 1948-ci ildə“Yadigar” adlı bir dram əsəri də qələmə alıb. Həmin il “Yadigar” pyesi Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub. Pyesin quruluşçu rejissoru Ağəli Dadaşov, rəssamı Bəhram Əfəndiyev və musiqi tərtibatçısı Şəmsəddin Fətullayev olub.“Yadigar” pyesi 1948-ci ildə keçmiş SSRİ-də keçirilən “Müasir dramaturqların əsərlərinə baxış” festivalında 3-cü dərəcəli diploma layiq görülüb. Həmçinin M. Burcəliyevin respublikada çapdan çıxan qəzet və jurnallarda 75-dən artıq məqalə, resenziya və oçerkin müəllifi kimi də çıxışları olub.

Aktyor Gəncə Dövlət Dram Teatrının səhnəsində 300-dən artıq maraqlı obrazlar qaleriyası yaratmağa müvəffəq olub. “Od gəlini”ndə Altunbay, “Aydın”da Səlim, “Nəsrəddin şah”da Cavad xan, “1905-ci ildə”də Qubernator, “Almaz”da Şərif, “Səyavuş”da Kərşivaz, “Fərhad və Şirin”də Azər baba, “Otello”da Radriqo, “Vaqif”də İbrahim xan, “Üç qəpilik opera”da Bıcaq Mex, “III-Riçard”da Lord Xestinqs, “Odu atma, Prometey”də Kefest, “Dəli Kür”də Qoca, “Qacaq Nəbi”də Koxa Məmməd, “Qəribə dilənçi”də Qeyza Qaliba və s. obrazları onun yaradıcılığının əsasını təşkil edib. Bu teatrın səhnəsində M. Burcəliyev 11 pyesə C. Məmmədquluzadənin “Ölülər”, T. Məmmədovun “Ürək yanarsa”, A. Məmmədovun “Həmyerlilər” və “Bəraət”, T. Mahmudun “Onuncular”, S. Rəhmanın “Əliqulu evlənir”, Q. Mehdiyevin “Oxşarlar”, Ş. Mehdiyevin “Mirzə Fətəli”, R. Həmzətovun “Dağlı qızı”, Y. Əzimzadənin “Anacan”, A. Şaiqin “Tülkü həccə gedir”pyeslərinəquruluşçu rejissor kimi səhnə həyatı bəxş edib. Aktyor Azərbaycanfilmin istehsalı olan bir neçə filmdə də yaddaqalan obrazlar yaradıb. Belə ki, “Mən ki gözəl deyildim” (1968) filmində Əsgər, “Dəli Kür” (1969) filmində Allahyar, “Firəngiz” (1975) filmində Sürücü, “Gözlə məni” (1980) filmində Bəy, “Köhnə bərə” (1984) filmində İbrahim kişi, “Qəm pəncərəsi” (1986) filmində Rəşid bəy və “O dünyadan salam” (1991) filmində Hacı Baxşəliobrazları aktyorun geniş yaradıcılıq imkanlarından, böyük potensial qüvvəsindən xəbər verir. O, 1944-1945-ci illərdəFikrət Əmirov ilə birgə ilk dəfə olaraq Gəncə Dövlət Filarmoniyasını yaradaraq həmin illərdə buranın direktoru kimi də fəaliyyət göstərib. O, həmçinin 1950-1955-ci illər ərzində Gəncə Dövlət Dram Teatrının direktoru kimi calışıb. M. Burcəliyev 1955-ci ildə respublikanın əməkdar artisti, 1958-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb. 1994-cü il noyabr ayının 25-də Gəncə şəhərində vəfat edib.

Deyirlər ki, yaşamaq da bir sənətdir-taledən hər kəsə bəxş olunan sənət. Əsl insan odur ki, bu ömrü mahir sənətkar kimi yaşayır.Bəli, məhz sənətkar kimi.İnsan sənətkar olandan sonra isə ikiləşir, sevinci də, kədəri də ikiqat artır. Sənətkarın payına sevinc az düşür, yaradıcılıq əzabları, nigarançılıq, şübhələr onu sıxır. Ancaq bu əzablar bağbanın becərdiyi ağacın meyvəsini dərənə qədər keçirdiyi əzablar kimidir.İkinci bir əzab da var – acı illərin verdiyi mənəvi əzab.

Məhəmməd Burcəliyev təlaşlı, həyəcanlı günlərinin birini öz xatırələrində belə xatırlayır: “1951-ci ilin soyuq yanvar ayı idi. Bir gün xəbər gəldi ki, Mir Cəfər Bağırov Ənvər Məmmədxanlının “Şərqin səhəri” pyesinin tamaşasına baxacaq. Mən də teatrın direktoruyam, həm də baş rollardan birini oynayıram. Fikrim budur ki, Mir Cəfər Bağırovdan teatrın təmiri, rekonstruksiya olunması üçün bir şey qopardım. İşıqçılara tapşırdım ki, Bağırov rolunu ifa edən aktyor, xalq artisti Əşrəf Yusifzadə səhnəyə çıxan kimi, projektorları tuşlasınlar lojada oturmuş katib Mir Cəfər Bağırovun üstünə. Əmin idim ki, bu, ona xoş gələçək, mən də teatrın dərdlərini həll edə biləcəyəm. Tamaşa qurtardı, qulbeçələrdən biri rəngi qaçmış halda qrim otağına gəlib dedi ki, Burcəliyev “Kişi” səni çağırır. Onun sifətində mən öz faciəmi oxudum. Dedim, axı hələ qrimimi silməmişəm. Doğrusu, minlərlə adamı gedər-gəlməzə göndərən, elə bizim teatrdan Ələkbər Seyfini sürgün etdirən Bağırovla üz-üzə gəlməyə qorxurdum. Qulbeçə getdi, bir azdan sonra daha təşvişlə qayıdıb bildirdi ki, Bağırov deyir, eybi yoxdur, qrimdə gəlsin. Sibirin şaxtası dondurdu burnumu. Girdim kabinetimə. Bağırov qəti səslə soruşdu:

Familyan?!

Familyam yadıma düşmədi ki, düşmədi. Rəhbərlərdən biri dedi ki, Burcəliyevdir, yəqin yadından cıxıb.

Mir Cəfər Bağırov məni xeyli süzdükdən sonra, gülümsündü, təbrik edirəm, - dedi. Yaxşı tamaşadır. Bəs teatrın binası niyə soyuqdur?

Yoldaş Bağırov 0,5 düyməlik boru tapılmır. Ona görə də qalmışıq belə.

O vaxt şəhərin birinci katibi Ağamirzə Əhmədov idi. Bağırov soruşdu:

Bəs bu Ağamirzə Əhmədov sənə kömək eləmir?

Katib də təsdiq etdi ki, 0,5 düyməlik boru Gəncədə tapılmır.

Bağırov getdi. Səhərə kimi özümə gələ bilmədim. Bilmədim yeni tamaşa üçün bu təbrik idi, ya ölüm fərmanı. Hə, bu söhbət axşam saat 10-da oldu. Səhər saat 9-da Dəmiryol vağzalından xəbər gəldi ki, sizin teatrın adına 0,5 düyməlik boru gəlib, özü də bir vaqon, gəlin aparın”.

“Mənimçün üç Burcəliyev var!” – deyən rejissor, respublikanın əməkdar incəsənət xadimi Oruc Qurbanov aktyor haqqında deyir: “Rolları bölürəm... Məhəmməd Burcəliyevə rol yoxdur. Nəyin bahasına olursa-olsun, çalışıram ki, epizod da olsa, onun üçün rol düzəldim. Təki o, mənim məşqlərimdə iştirak etsin. Ona görə ki, Burcəliyev mənim üçün kamertondur. 61 il səhnədə... Teatr sənətinin sağlam, gümrah vaxtlarını da görüb, infaktını da, iflicini də... Zövqü – kamerton səsi kimi pak və duyumludur. Hər hansı parçanın məşqindən sonra, gizlincə onun üzündəki ifadəyə baxıram. Olar-olmazı onun üzündən oxuyuram. Hər dəfə aktyorların əldə etdikləri nailiyyətləri təmkinlə izləyən Burcəliyevin uşaq kimi sevinib cavanlaşmasını görəndə, valeh oluram və icimdə bir nida səslənir: “Allah nə yaxşı ki, belə insanlar var!” Mənimçün üç Burcəliyev var. Daha səmimi el dili ilə desəm, üç Məhəmməd dayı var: Dədə Məhəmməd, Ustad Məhəmməd, Ağsaqqal Məhəmməd!...”

Teatrların vəziyyəti hər bir zaman Məhəmməd Burcəliyevi düşündürüb, narahat etməyə bilməzdi. Bu səbəbdən də onunla hər dəfə həmsöhbət olarkən fikirlərini öz cib dəfdərçəmə qeyd edirdim. Bu gün həmin fikirlərə yenidən baxıram və aktyorun 1993-cü ildə dediyi maraqlı düşünçələrini bir daha oxuyuram: “Stanslavski deyir ki, teatr asılqandan başlayır. Elə biz də gəlin əvvəlcə teatrımızın asılqanına baş çəkək.İl boyu burada heç zaman palto, papaq görməzsiniz. Zalda oturan camaat soyuqdan əsir... Son zamanlar teatr xadimlərini narahat edən ən vacib bir məsələ də vardır.Teatrlar öz tamaşacılarını itirirlər.Bunun səbəbi nədir? Nə üçün tamaşaçı teatrdan uzaqlaşır? Səbəbini araşdıranda, müxtəlif fikirlər, mülahizələr söylənilir. Bəziləri dramaturgiyamızın, bəziləri rejissor işinin zəifliyini, ümumiyyətlə, tamaşaların günün tələbinə cavab vermədiyini qeyd edirlər.Əlbəttə, bu sözlərdə də bir həqiqət vardır.Amma belə bir cəhəti unutmaq olmaz ki, tamaşaçı teatra hər şeydən əvvəl aktyor yaradıcılığına baxmağa gəlir.Tamaşaçını ən çox maraqlandıran aktyordur. O teatr bədbəxtdir ki, onun kollektivində tamaşaçı tərəfindən sevilən aktyoru yoxdur. O aktyor xoşbəxtdir ki, onun öz tamaşaçısı var. Keçmişdə teatr sahibləri (yəni antreprenyorlar – A.B.) tamaşacı tərəfindən sevilməyən aktyorları işə götürməzdilər. İndi isə... Diplomu var, cavandır, yaraşıqlıdır, danışmağı bacarır – deməli aktyordur, - deyib, kollektivləri yarıtmaz, ağır yüklərlə çətinliyə salırlar... Mən heç vaxt tamaşaçını qınamıram.Tamaşa maraqlı, məzmunlu olanda həmişə gəlirlər, baxırlar, xoş sözlər də deyirlər. Budur Altay Məmmədovun “Kişilər” və ya Əfqanın “Qız atası” komediyaları otuz ildən çoxdur ki, teatrımızda oynanılır. Həmişə də salon adamla dolu olur. Əsər də var ki, hansı yolla, hansı vasitə ilə səhnəyə çıxdığını bilmirsən, məcburi hazırlanır, iki dəfə, üç dəfə göstərilib, sıradan çıxır. Onun getməyi elə bir itgi deyil, əsl bəla budur ki, biz necə-necə tamaşaçını incik salıb, itiririk”.

Xalq artisti Məhəmməd Burcəliyev 61 ilsəhnədə olub, onunla nəfəs alıb, sevinci, kədəri ilə yaşayıb. O, öz yaradıcılığında, “Kicik rol vasitəsilə böyük fikirlər ifadə etmək çətindir” mülahizəsinin mənasızlığını sübuta yetirməklə səhnədə hər obrazı tamaşaçıya zəngin ifadə vasitələri ilə təqdim etməyə çalışıb. Yəqin ki, belə olmasaydı Gəncə Dövlət Dram Teatrının səhnəsində Əfqanın “Qız atası” komediyasında Cavad kişi obrazı ilə 35 ildə 3000 dəfədən artıq çıxış etməklə tamaşaçı rəğbətini qazana bilməzdi.

Gəncə Dövlət Dram Teatrının repertuar zənginliyini təmin etmək məqsədilə xalq artisti Məhəmməd Burcəliyev həmçinin yaradıcılığı zamanı dramaturqların yetişdirilməsində də xidmətləri olub. Belə ki, ulu Gəncədə yaşayıb yaradan dramaturqlardan Altay Məmmədov və Fəridə Əlyarbəyli məhz ilk dram əsərlərinin yaranmasının əsas səbəbkarı kimi yaradıcılıqlarında Məhəmməd Burcəliyevin xüsusi xidmətinin olduğunu öz xatirələrində qeyd edirlər. Altay Məmmədov yazır: “Mənim 1954-cü ildə çap etdirdiyim “Haralısan əmioğlu” hekayəsi əsasında qələmə aldığım “Həmyerlilər” pyesinin maraqlı tarixçəsi var. Bir gün dostlarımızla birlikdə yeni tamaşanın ilk baxışından sonra oturub yeyib-içirdik. Söhbət əsnasında çox yaxın ailəvi dostum olan, xalq artisti Məhəmməd Burcəliyev qəfil mənə dedi:

- Altay, deyirəm bəlkə bir dram əsəri yazasan. Hə ?...

- Nə? Mən? Dram əsəri? Nə danışırsan ay Məhəmməd? Heç düşünmə.

- Niyə ?Çox duzlu və məzəli qələmin var. Elə hekayələrin, oçerklərin bir dünyadır.Sən gəl bir düşün.

- Yaxşı,baxarıq – dedim. Bu söhbətdən bir müddət keçsə də Məhəmməd Burcəliyev yenə də öz fikirlərində israrlı idi və mənə dram əsəri yazmağımı təklif edirdi. Bir gün isə o, mənə “Həmyerlilər”in ideyasını verdi. Mən bu mövzu ətrafında bir xeyli düşündüm və qərara gəldim ki, “Haralısan əmioğlu” hekayəmin motivləri əsasında bir özümü sınayım.Belə də oldu.“Həmyerlilər”i yazdım və pyesi Gəncə Dövlət Dram Teatrının bədii şurasına təqdim etdim.Pyes oxundu və qəbul edildi.Tamaşanın quruluşçu rejissoru isə elə xalq artisti Məhəmməd Burcəliyev özü oldu.İlk dram əsərimin səhnə taleyi çox uğurlu oldu”.

Unudulmaz sənətkar olan xalq artisti Məhəmməd Burcəliyev hələ çox-çox illər öz xatirələrinin işığında uzun və əbədi bir yol gedəcək. Bitməz, tükənməz bir yol. Bu yolun işığı isə sənətkarı daima xatirələrində yaşadacaq. Ruhu şad olsun!

Anar Burcəliyev,

Teatrşünas

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA