Uşaq teatrı ənənəsi yaşadılır

 Uşaq teatrı ənənəsi yaşadılır

Azərbaycan teatrı -145

Təsadüfi deyil ki, respublikamızda fəaliyyət göstərən beş kukla teatrından biri də Gəncədə fəaliyyət göstərir. Azərbaycan SSR Nazirlər Sovetinin 1 oktyabr 1986-cı il tarixli qərarı ilə yaradılan Gəncə Dövlət Kukla teatrı şəhərin ən gözəl memarlıq obyektlərindən biri kimi tanınan XIX əsrin yadigarı olaraq 1885-ci ildə Gəncədə yaşayan almanlar tərəfindən inşa edilən alman lüteran kilsəsinin binasında yerləşir. Bu gün mübağiləsiz olaraq qeyd etmək lazımdır ki, Gəncədə fəaliyyət göstərən Dövlət Kukla teatrının kollektivi Azərbaycan uşaq teatrı ənənəsinin yaşadılmasına xidmət edir. Yarandığı gündənteatrın repertuarı hər zaman zənginləşdirilərək bir-birindən maraqlı, orijinal 150-ə yaxın səhnə əsəri tamaşaya hazırlanıb. Xalq nağılları əsasında hazırlanan “Qız qalası”, “Məlikməmməd”, “Göyçək Fatma”, “Şəngülüm, Şüngülüm, Məngülüm”, Nizami Gəncəvinin “Gül və zəhər”, “Xeyir və Şər”, Əli Səmədlinin “Artıq tamah baş yarar”, “Meşə çaqqalsız olmaz”, “Əhmədin vəfalı xoruzu”, Cəlil Məmmədquluzadənin “Poçt qutusu”, R.Həsənlinin “Ağca və sarıca”, M.Seyidzadənin “Büllur qəsr”, Rafik Səməndərin “Çətin məsələ”, Rəhman Əlizadənin “Keçəlin toyu”, Məhəmməd Alimin “Noxudu keçəlin nağılı” dünya ədəbiyyatı nümunələrindən olan N.Kassionun “İki dəcəl şirciyəz”, A.S.Puşkinin “Qızıl balıq”və digər əsərlərinin uğurlu səhnə taleyi məhz yaradıçı kollektivin gərgin zəhmətinin bəhrəsi kimi bu gün də xüsusi əhəmiyyətə malikdir.

Gəncə Dövlət Kukla teatrının direktoru, respublikanın əməkdar artisti, Azərbaycan Respublikası Prezidentinin mükafatçısı Fərmail Paşayevlə söhbətimiz zamanı bir daha uşaq teatr ənənələrinin yaradıcı kollektiv tərəfindən bu gündə böyük zəhmət və gərgin axtarışlar baxımından qorunmasının şahidi oluruq.

Fərmail Paşayev: “2017-2018-ci il teatrımız üçün olduqca yaradıcı bir mövsüm ili kimi yaddaşlarda qalacaq. Bu mövsümdə yaradıcı kollektiv yenə də dörd yeni tamaşa ilə kiçik teatrsevərlərin görüşünə gəlib. Bununla yanaşı həmçinin Tovuz və Şəmkir rayonlarında qastrol səfərlərində olduq. Bu qastrol səfərlərində balaca məktəblilər qarşısında ən maraqlı tamaşalarımızla cıxışlarımız etdik. Belə ki, dahi Üzeyir bəyin “Məşədi İbad”, Sahib İbrahimlinin “Səlim və sehirbaz” və Aləmzər Əlizadənin “Toya gecikən tülkü” tamaşalarını göstərdik. Göründüyü kimi bu tamaşalar müxtəlif yaş təbəqələri nəzərə alınmaqla yəni “Toya gecikən tülkü” 3-5,“Səlim və sehirbaz” 6-10 və “Məşədi İbad” isə 10 yaşdan yuxarı olan tamaşaçılarımız üçün nəzərdə tutulub. Həmçinin qeyd etməliyəm ki, daha dörd yeni tamaşanın hazırlanmasını planalaşdırırıq. Bu tamaşalardan biri teatrımıza yeni rejissor kimi gələn Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Şamil Məmmədlinin quruluşunda Əhməd Orucun “Zınqırovlu Pişik” tamaşası demək olar ki, artıq hazırdır. Qeyd etməliyəm ki, bu tamaşa da olduqca maraqlı və baxımlıdır. Tamaşada teatrımızın aparıcı aktyor və aktrisaları iştirak edir. Yeni ərsəyə gələn bu tamaşada rejissor traktofkasında kuklalar və eləcə də canlı aktyor ifasının sintezi həmahənglik təşkil edir. Həmçinin tamaşa boyu rəngarəng dekorasiya da kiçik teatrsevərlərin ürəyincə olacaq. Bunun ardınca Kəmalə Ağayevanın “Tənbəl Əhməd” pyesi üzərində yaradıcılıq işini bitirəçəyik. Artıq bu pyes üzərində də son tamamlama işləri gedir. Bu tamaşanın isə quruluşçu rejissoru, respublikanın əməkdar artisti Xudayət Əsgərovdur. Daha sonra Astrit Linqrindin “Uşaq və Karlson” pyesi üzərində üçüncü rüb ərzində yaradıcılıq işinə başlanacaq. Artıq ilin sonunda isə Əli Səmədlinin “Meşə caqqalsız olmaz” pyesi üzərində yaradıcılıq işi aparılacaq. Düzdür, bu pyesə teatrımız 25 il bundan əvvəl müraciət edərək ilk dəfə hazırlayıb. Bildiyiniz kimi artıq dövr və zamanla yeni teatr baxışları mövcuddur. Bu günün müasir tamaşaçısı tam fərqli bir düşüncə ilə tamaşalara baxmaq istəyir. Biz də belə qərara gəldik ki, tamaşanı tam yeni bir formatda hazırlayıb kicik teatrsevərlərin ixtiyarına verək.”

Danılmaz faktordur ki, Gəncədə kiçik aktyor heyəti ilə körpələrin estetik zövqünün formalaşmasında, onların dünyagörüşünün zənginləşməsində Kukla teatrının rolu böyükdür. Hər il bir-birindən maraqlı və rəngarəng yeni ilin gəlişi münasibətilə “Karnaval, karnaval”, Novruz bayramı münasibətilə “Novruz gəlir, yaz gəlir” həmçinin 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan “Dünyanı uşaqlara verək”, məktəblilərin payıztətili günlərində onların asudə vaxtlarının maraqlı və səmərəli keçirilməsi üçün “Ən yaxşı uşaq tamaşalarına baxış” devizi altında silsilə tamaşaların nümayiş etdirilməsi xüsusi ənənə halına cevrilib. Bu gün Gəncə Dövlət Kukla teatrının uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri də iştirak etdikləri festivallar, əldə etdikləri nailiyyətləridir. Belə ki, 1994-cü ildə Qazaxıstanın Almata şəhərində keçirilən Şərq xalqları kukla teatrlarının festivalı həmçinin 1996-cı ildə Gürcüstanın Kutaisi şəhərində təşkil olunan beynəlxalq kukla teatrları festivalındakı uğurlu iştirakları məhz bu nailiyyətlərin davamı kimi diqqət mərkəzində dayanır. Bundan əlavə, 1999, 2001 və 2003-cü illərdə Türkiyənin İzmir şəhərində keçirilən ənənəvi kukla və kölgə oyunları festivalında, 2004-cü ildə isə keçirilən 10-cu Beynəlxalq Bursa Qaragöz kukla və kölgə oyunları festivalında da Azərbaycan Mədəniyyətinin xüsusilə Gəncə mədəni həyatının uğurla təmsil edilməsi yaradıcı kollektivin böyük nailiyyəti sırasındadır. Demək olar ki, teatr rəhbərliyi və kollektiv hər zaman yaradıcılıq axtarışındadır. Elə bunun nəticəsi idi ki, bir-birinin ardınca bir sıra teatr festivallarına dəvətlər alır və maraqlı çıxışları ilə diqqət mərkəzində olmağı hər zaman bacarırlar. 2005-ci ildə Bolqarıstanda keçirilən “Sehrli pərdə” uşaq tamaşaları festivalının və Ukraynada təşkil edilən “Milli klassiklər kukla teatrlarının səhnəsində” teatr tədbirinin fəal iştirakçısı olub, 2008-ci ildə “Keçəlin toyu” tamaşası ilə Ukrayna, 2009-cu ildə isə “Artıq tamah baş yarar” əsəri ilə Bolqarıstanda qastrol səfərlərində uğurla çıxışlar ediblər. Təsadüfi deyil ki, Ukraynada keçirilən festivalda məhz “Milli adət-ənənələrin qorunub saxlanılması” nominasiyasında Gəncə Dövlət Kukla teatrı diploma layiq görülüb. Yaradıcı kollektiv hər zaman bu kimi festivallarda iştirak etməklə dünya mədəniyyətinə inteqrasiya olmağın yollarını dərindən mənimsəyir bu nəzəri, praktiki bilik və bacarıqları Gəncə Dövlət Kukla teatrında tətbiq edirlər. Xarici ölkə teatrları ilə tanışlıq teatr kollektivinin inkişafına müsbət təsir göstərməklə yanaşı həm də teatrın yaradıcılıq potensialını artırır. Bu mənada hər zaman təşkil olunan beynəlxalq kukla teatrları festivallarıında iştirak etməyə xüsusi əhəmiyyət verilir.

Göstərilən bu nailiyyətlərdən bəhrələnən teatr hər zaman yeni, gənc nəslin sənət yollarında yetişməsində də fərqlənir. Belə ki, gənc kadr potensialının teatra cəlb edilməsi başlıca vəzifə olaraq həyata keçirilir. Xüsusi olaraq Kukla teatrı üçün gənc nəslin yetişdirilməsi onların bu sahəyə cəlb olunması işinin nə qədər ağır və məsuliyyətli olduğunu anlayan teatr rəhbərliyi də bu məsələni hər zaman diqqət mərkəzində saxlayır. Elə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan, gənc, istedadlı rejissor Şamil Məmmədlinin də Gəncə Dövlət Kukla teatrına cəlb olunması bu diqqətdən xəbər verir.

Şamil Məmmədli: “Hal-hazırda biz Əhməd Orucun “Zınqırovlu Pişik” pyesinin üzərində son tamamlama işlərini aparırıq. Ümumiyyətlə bu mənim Gəncə Dövlət Kukla teatrında ilk debütümdür. Sözsüz ki, bu yaradıcılıq işi zamanı teatr rəhbərliyi və kollektiv tərəfindən göstərilən diqqət məni daha da məsuliyyətli olmağa sövq edir. Daha maraqlı bir səhnə əsərinin ərsəyə gəlməsinə çalışıram. Teatrımızda çalışan peşəkar aktyor və aktrisa heyəti də bu işdə mənə daha çox kömək edir. Bu peşəkarların da bilik və bacarıqlarından bəhrələnməklə inanıram ki, maraqlı bir tamaşa alınacaq. Deyim ki, zaman müasirləşdikcə körpə tamaşacılarımızında teatra baxışı müasirləşir. Müasir dövrdə uşaqlar o qədər cizgi filmləri və digər kompyuter oyunları ilə zehinlərini yeniləyirlər ki, teatr tamaşasında artıq onları təsirləndirmək, cəlb etmək üçün daha maraqlı detallardan canlı formada istifadə etmək zərurəti yaranır. Bu istər səhnədə işıq və səs effektlərindən ibarət olur, istərsə də ki, aktyor ifası ilə bağlı həmahənglik təşkil edir. Calışmışıq ki, bütün bu sadalananları körpə fidanlara təqdim edə bilək. İnanıram ki, bununla da biz yeni tamaşamızla körpə fidanlarımızın qəlbini oxşamağa calışacağıq.”

Sözsüz ki, bu gün teatrın uğurlu fəaliyyətini şərtləndirən əsas faktorlardan biri isə təbii ki, onun tamaşaçı auditoriyasıdır. Bu da öz növbəsində hazırlanan tamaşalardan, repertuar siyasətindən asılıdır. Elə bu səbəbdən də teatrın bədii şurası repertuar siyasətini daim diqqət mərkəzində saxlamağı bacarır. Bu diqqətin nəticəsi olaraq da hər zaman teatrın repertuar planı əsasən yerli, klassik və xarici ölkə müəlliflərinin əsərlərinə əsaslanır.

Hər bir əsərin səhnədə hazırlanması prosesi zamanı quruluşçu rejissorlar məhz bu kimi amilləri əsas götürərək, uğurlu səhnə həyatı bəxş etdikləri pyeslərin ərsəyə gəlməsində tamaşaçı duyumunun əsas şərt olduğunu deyirlər. Elə söhbətimiz zamanı teatrın aparıcı aktyorlarından biri olan eləçə də quruluşçu rejissor kimi fəaliyyət göstərən, respublikanın əməkdar artisti Xudayət Əsgərovda bu şərtlərin əsas amil olduğunu deyir.

Xudayət Əsgərov: “Mən Gəncə Dövlət Kukla teatrında 1987-ci ilin yanvar ayından fəaliyyət göstərirəm. Hər zaman olduğu kimi bu gün də teatrımızda maraqlı, yeni tamaşalar hazırlanır. Çalışırıq ki, ilk öncə körpə tamaşaçılarımızın zövqünə uyğun yeni səhnə əsərlərinə müraciət edək. Bu yaxınlarda mənim quruluşumda Kəmalə Ağayevanın “Tənbəl Əhməd” pyesi maraqla qarşılanan tamaşalarımızdan biri oldu. Bundan əlavə deyim ki, yeni il şənlikləri ilə bağlı “Qış nağılı” yeni bir quruluşda maraqla qarşılandı. Eləcə də Novruz şənlikləri ilə bağlı tamaşalarımız da körpə fidanlarımızın zövqünü oxşadı. Bu quruluşlarda səhnə tərtibatından başlayaraq, musiqi eləçə də rejissor traktofkası yeni idi. Calışacağıq ki, gələçəkdə də yeni hazırlanan tamaşalarda körpələrimizin estetik zövqlərinin oxşaması üçün səhnəyə yeniliklər gətirək. Sözsüz ki, yerli müəlliflərin əsərlərinə müraciət etməklə yanaşı həmçinin klassik dramaturqların da körpələr üçün nəzərdə tutulan pyeslərini hazırlamağı planlaşdırırıq. Bu kimi pyeslərin hazırlanması ilə körpələrimizin müasirləşən dünyagörüşlərinə uyğun səhnə əsərlərinin hazırlanması başlıca hədəfimizdır. Əsasən isə xalq nağılları əsasında hazırlanan tamaşalarda körpə fidanlarımızı cərəyan edən hadisələrin reallıqlarına inandırmaqla yanaşı hər zaman xeyirin şər üzərində qələbəsinin aydınlığına calışırıq. Sözsüz ki, səhnədə canlı aktyor ifası da yaradıcılığımızın əsas şərtlərindəndir. Belə bir sintezin edilməsi körpələrimizi tamaşalarımıza daha çox cəlb edir. Canlı ünsiyyətin tamaşa zamanı estetik zövqü balaca fidanlarımız tərəfindən fərqli qarşılanır. Bu ünsiyyəti duymaq istəyənlər isə gəlməyənlər də gəlib teatrımızda görsünlər ki, bu canlı nəfəs nə deməkdir.”

Artıq Gəncə Dövlət Kukla teatrı özünün 32-ci teatr mövsümünü uğurla başa vurur. Bu qısa zaman kəsiyində daha maraqlı səhnə əsərlərinin yaranması üçün yaradıcı kollektiv böyük uğurlara inamla addımlayır. Onların yaradıcılıq axtarışları davam etdikcə maraqlı yeni səhnə quruluşları yaranır. Bununla da teatr öz körpə fidanlarının maraq dairəsi cərçivəsində yeni tamaşaların hazırlanması güçünü artırmaqdadır.

Anar Bürcəliyev,

Teatrşünas

Loading...

QALEREYA