Uzunqulaq təsərrüfatının nümayəndəsi: "AQTA bizə qarşı qərəzlidir"

  • 2018-11-05 16:46:26
  • |
  • Aktual /

Uzunqulaq təsərrüfatının nümayəndəsi: "AQTA bizə qarşı qərəzlidir"

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən Abşeron rayonu ərazisində fəaliyyət göstərən ulaq təsərrüfatından götürülmüş qan və süd nümunələrindən bakteriya aşkarlanıb.

Laborator müayinələr nəticəsində ulaq təsərrüfatının sanitar-gigiyena norma və qaydalarına uyğun olmadığı aşkar olunub. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həmin təsərrüfat subyektinə süd istehsalının və emalının dayandırılması və yalnız qanunvericilikdə tələb olunan tədbirlər həyata keçirildikdən sonra, fəaliyyətə başlamaları üçün
Agentliyinə müraciət etmələri bildirilib.

Hurriyyet.org-un məlumatəna görə, xəbərin mediada yayılmasından sonra, uzunqulaq təsərrüfatının nümayəndəsi Xəyal Cəlalov musavat.com-a açıqlama verərək agentliyin qərəzli yanaşma ortaya qoyduğunu bildirib. O qeyd edib ki, Qida Təhlükəsizliyi Agentliyi süddə mikrob aşkarlandığı barəsində onlara rəsmi qaydada məlumat verməyib:

“Qida Təhlükəsizliyi Agentliyi bizə bu barədə heç nə deməyib. Analizlər nəticəsində südün tərkibində mikrob olması ilə bağlı mətbuatdan oxuduq. Halbuki, onlar heyvanlardan qan və süd analizi götürərkən nəticəsi barədə bizə məlumat verəcəkdilər. Bizə rəsmi qaydada müraciət olunmayıb. Halbuki ilk olaraq təsərrüfat sahibinə məlumat verməli idilər. Qida Təhlükəsizliyi Agentliyinin niyə belə etdiyini anlaya bilmirik? Agentlik nümayəndələri bizimlə görüşüb, sözümüzü dinləmək istəmirlər. Biz öz yolumuzu tutmuşuq və israrla da gedəcəyik".

X.Cəlalov onu da qeyd edib ki, uzunqulaq südü bütün südlər arasında ən təmiz, bakteriyasız süddür: "Elmi araşdırmalar da göstərir ki, bu südün tərkibində bakteriya olmur. Analizlər iki nümunə üzərində aparılırdı. Biri var çiy südün, digəri də bizim onlara göndərdiyimiz pasterizə olunmuş südün analizi. Biz istəyirik ki, bizim verdiyimiz pasterizə olunmuş südün tərkibini yoxlasınlar və analizin cavabını desinlər.
Biz südün analizini paralel olaraq bir neçə laboratoriyada da verəcəyik. Görək Qida Təhlükəsizlik Agentliyinin aşkarladığı mikrob digər laboratoriyalarda da çıxacaqmı...”.

X.Cəlalov həmçinin, uzunqulaq südünün tərkibi ilə bağlı kifayət qədər elmi araşdırmaların olduğunu diqqətə çatdırıb:
“Bizim əlimizdə faktlar var. Uzunqulaq südünün tərkibi ilə bağlı dörd-beş institutun elmi araşdırmaları var. Bu araşdırmalada hansı səbəblərdən eşşək südün tərkibində bakteriyanın olmaması ilə bağlı, həmçinin hansı xəstəliklərin müalicəsində istifadə edilməsi ilə bağlı izahlar var.
Hətta Kembric Universitetinin bununla bağlı araşdırmaları var. Artıq bütün dünyada hamı bu südün faydasından danışır”.

Ferma nümayəndəsi Qida Təhlükəsizliyi Agentliyinin onlara qərəzli mövqedə olduğunu bildirib: “20 gündən çoxdur ki, Qida Təhlükəsizlik Agentliyinin İnsitutuna heyvanlardan analiz götürülməsi üçün 311 manat vəsait ödəmişəm. Bu günlər ərzində dəfələrlə zəng edib, analizlərin cavabını almaq istəmişik. Lakin bir cavab ala bilməmişik. Və birdən-birə analizin nəticələrini mətbuatda yayırlar. Qida Təhlükəsizliyi Agentliyi birmənalı olaraq qərəzli yanaşır. Oturub fikirləşiblər, süddən bir bakteriya tapıb, istədikləri kimi bəyanat yayırlar. Bir növ qara piar aparırlar. Lakin südün kimyəvi analizlərin cavabı barəsində heç nə demirlər. Biz öyrənmişik ki, həmin bakteriyanın standartları var və müəyyən dərəcədə ölür. Bundan əlavə, biz südün çiy deyil, pasterizə olunmuş şəkildə satışının həyata keçirəcəyik. Müəyyən temperaturda pasterizə edilərkən bakteriyalardan əsər -əlamət qalmır. Bu elmi araşırmalarda da öz əksini tapıb. Tanış adamlar bizə deyirlər ki, siz bu iddialarla və sübutlarla çətin ki, Azərbaycanda ulaq südünün satışına razılıq alasınız. Mən onlara bildirdim ki, məhz bu araşdırmalar və elmi sübutları ortaya qoyaraq, uzunqulaq südünün qanuni şəkildə satışını həyata keçirəcəyik”.

Loading...

QALEREYA