Vahid Əhmədovun yeni Baş Nazirdən 3 xahişi… - “Deputatların zənglərinə cavab verin…”

Vahid Əhmədovun yeni Baş Nazirdən 3 xahişi… - “Deputatların zənglərinə cavab verin…”

“Əli Əsədovu uzun illərdir tanıyırıq. İyirmi ildən çoxdur ki, Prezident Administrasiyasında çalışır. Ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin köməkçisi vəzifəsində işləyib. Fikrimcə, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsində Əli Əsədovun müəyyən xidmətləri var. Azərbaycanda gedən iqtisadi prosesləri bilən şəxsdir və iqtisadçı kimi tanınır. Hesab edirəm ki, Əli müəllim Azərbaycan prezidenti tərəfindən bu posta təyin edilən normal mütəxəssisdir və fikrimcə, Azərbaycan Prezidenti tərəfindən aparılan iqtisadi siyasətə köməklik göstərəcək və ölkə iqtisadiyyatının inkişafında müsbət rolunu oynayacaq”.

Hurriyyet.org “AzPolitika.info”ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisdə Əli Əsədovun Baş Nazir təyin olunmasına dair çıxış edən Vahid Əmədov səsləndirib.

O, parlamentdə yeni Baş Nazirlə bağlı danışarkən ona bir neçə xahişini də çatdırıb: “Əli müəllim, deputatlar parlamentdə, komitələrdə, mətbuatda müəyyən məsələlərə toxunur, təkliflər irəli sürürlər. Mən xahiş edərdim ki, Azərbaycan hökumətinin Baş Naziri kimi həmin təkliflərə diqqətlə yanaşasınız, deputatların sosial və ya siyasi mövzularda qaldırdıqları məsələlərə həssas yanaşasınız, habelə deputatların telefon zənglərini vaxtı-vaxtında qəbul edəsiniz.

İkincisi, Azərbaycan dövlət başçısı son 10 ildə iqtisadi inkişafın yüksək səviyyədə həyata keçirilməsi üçün ciddi addımlar atır. Sosial layihələr həyata keçirilir. Cənab Prezidentin əsas hədəflərindən biri Azərbaycan iqtisadiyyatının neftdən asılılığını aradan qaldırmaq, qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Təəssüflər olsun ki, uzun müddət keçməsinə baxmayaraq, biz qeyri-neft sektorunda ciddi irəliləyişlərə nail ola bilməmişik. Düzdür, müəyyən artımlar var. Amma biz qeyri-neft sektoruna qoyulan əsaslı vəsaitə diqqət edəndə görürük ki, bu artım cüzidir. Ona görə də, sizdən xahiş edərdim ki, zifəyə başlayandan sonra ölkədə qeyri-neft sektorunun, xüsusilə sənayenin, kənd təsərrüfatının və turizmin inkişafına diqqət yetirəsiniz.

Üçüncü məsələ budur ki, biz hər dəfə hökumətin hesabatını alırıq. Bu hesabata Hesablama Palatası müvafiq rəyini verir. Mən xahiş edərdim ki, siz bu rəylərə diqqətlə yanaşasınız. Bir də Azərbaycan hökumətinin hesabatını adətən 350-400 səhifəlik kitab şəklində bizə təqdim edirlər. Əslində buna ehtiyac yoxdur. Açığı, biz millət vəkilləri bu kitabı sona qədər oxumuruq. 100 səhifəlik bir hesabatla, görülən işlər və gələcəkdə hansı işlərin hökumətin qarşısında dayandığını göstərmək olar”.

Vahid Əhmədov qeyd edib ki, Əli Əsədov təcrübəli iqtisadçıdır və Azərbaycanın baş naziri kimi dövlət başçısı İlham Əliyevin apardığı siyasətin yerinə yetirilməsində ona dəstək verəcək.