Varşava Universitetində Azərbaycan tarixi tədris edilir

  • 2019-04-15 16:58:31
  • |

Varşava Universitetində Azərbaycan tarixi tədris edilir

“Asiya və Afrikada ənənələr və müasirlik: birgəyaşayış və ya konflikt?” mövzusunda şərqşünasların V Ümumpolşa konfransında Azərbaycan tarixinə dair məruzələr dinlənilib.

AMEA-nın Tarix İnstitutundan Hurriyyet.org-a verilən məlumata görə, Polşadakı Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova konfransda “Şərqdə diplomatik missiyalar (Hülakülər, Qaraqoyunlu və Səfəvilər dövrü)” adlı məruzə ilə çıxış edib.

Daha sonra Varşavanın Lazarski Universitetində “Azərbaycan – Qafqazın incisi” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanşünaslıq Mərkəzi universitetin tələbə və müəllim heyətini Azərbaycan xalqının tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış edib. Mərkəzin rəhbəri Nərgiz Axundova “Azərbaycan: dünən və bu gün” adlı təqdimat edərək, xalqımızın tarixi kökləri, abidələrimiz, müasir Azərbaycanın inkişafı və onun beynəlxalq arenadakı yerindən danışıb. Lazarski Universitetinin tələbələri isə Bakı şəhərinin görməli yerləri barədə qısametrajlı film təqdim ediblər.

Azərbaycanşünaslıq Mərkəzinin rəhbərliyi ilə Varşava Universitetində Azərbaycan tarixi 4 istiqamətdə (qədimdən Səlcuqlar dövrünədək, orta əsrlər tarixi, Azərbaycanın çar və sovet Rusiyası tərəfindən işğalı və Azərbaycan Respublikasının xarici siyasəti) tədris edilir. Polyak və xarici tələbələr tariximizə böyük maraq göstərirlər. Tələbələr Azərbaycan tarixi barədə təqdimatlar hazırlayır və məqalələr yazırlar. Bundan əlavə, Varşava Universitetində Azərbaycan mədəniyyətinə dair dərslər keçirilir və Azərbaycan dili tədris olunur.

Qeyd edək ki, Tarix İnstitutu dünyanın müxtəlif ölkələrində Azərbaycanşünaslıq mərkəzləri yaradır. Polşadakı Azərbaycanşünaslıq Mərkəzi 2018-ci ildə fəaliyyətə başlayıb. Yaxın zamanlarda Misirin Qahirə Universitetində də Azərbaycanşünaslıq Mərkəzinin yaradılacağı gözlənilir.

Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA