“Vaşinqton Qurbanqulı Berdiməhəmmədova cəsarətli qərar verməyə çağırış edir” - ELXAN ŞAHİNOĞLU

“Vaşinqton Qurbanqulı Berdiməhəmmədova cəsarətli qərar verməyə çağırış edir” - ELXAN ŞAHİNOĞLU

“Vaşinqton Aşqabada daha əlverişli bazar təklif edir”

ABŞ prezidenti Donald Trampın Novruz bayramı münasibətilə Türkmənistan prezidenti Qurbanqulı Berdiməhəmmədova yazdığı məktubda “ümid edirik ki, Türkmənistan Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsindən sonra Qərbə qaz ixracının imkanlarından istifadə etməyə başlayacaq” fikirlərini “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu şərh edib.

“Aşqabad dənizin dibi ilə boru xəttinin tikintisinə “hə” deməlidir”

“Birincisi, Vaşinqton Qurbanqulı Berdiməhəmmədova cəsarətli qərar verməyə çağırış edir. Bəli, Xəzərin hüquqi statusu müəyyənləşib. Bu o deməkdir ki, Xəzərin dibi ilə Türkmənistanla Azərbaycan arasında boru xəttinin tikintisinə heç nə mane olmur. Yetər ki, Aşqabad istək və qərar ortaya qoysun. İstək var, ancaq qərar yoxdur.

İkincisi, Türkmənistan Avropaya qaz nəql etmək istəyir, çünki bu yolla qazın satışını şaxələndirəcək, Rusiya və ya İran bazarından asılı olmayacaq. Bu bazarlar çox kövrəkdir, çünki Rusiya və İran da dünyanın ən böyük qaz ixracatçılarındandır və türkmən qazını istədikləri qiymətə alırlar. Bu isə bir sıra hallarda Aşqabadın qiymət siyasəti ilə üst-üstə düşmür. Ona görə də Vaşinqton Aşqabada daha əlverişli bazar təklif edir. Ancaq bunun üçün Aşqabad Azərbaycanla kiçik umu-küsünü ortadan qaldırmalı, yəni “Kəpəz” yatağının və iki ölkə arasında dənizin dibinin bölüşdürülməsi sazişinin imzalanması vacibdir və dənizin dibi ilə boru xəttinin tikintisinə “hə” deməlidir”,-deyə politoloq vurğulayıb.

“İlkin qərarı Aşqabad verməlidir”

E. Şahinoğlu hesab edir ki, Aşqabadın Avropaya “gəlin, qazı Türkmənistanla sərhəddə alın” çağışına kimsə müsbət yanaşmaz: “Avropa Birliyi, ABŞ, Türkiyə və Azərbaycan Türkmənistan qazının Xəzər dənizinin dibi ilə nəqlində maraqlıdırlar. Bu, hamının, ilk növbədə, Türkmənistanın xeyrinədir. Ona görə də ilkin qərarı Aşqabad verməlidir”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA