VENESUELA MÜXALİFƏTİ PREZİDENTİ DEVİRƏ BİLƏCƏK?

VENESUELA MÜXALİFƏTİ PREZİDENTİ DEVİRƏ BİLƏCƏK?

Qabil Hüseynli: “Hər şey xalqın istəklərinə uyğun surətdə tənzimlənəcək”

“Parlamentin spikerinin arxasında Venesuela xalqının dayandığını söyləmək lazım gəlir”

Hazırda dünyanın diqqəti Venesuelada baş verən proseslərlə yönəlib. Belə ki, xarici KİV-lərin yaydığı məlumat görə, srağagün Venesuela paytaxtı Karakasda güclü partlayışlarla müşayiət olunan zorakı toqquşmalar baş verib. Bildirilir ki, son günlərdə baş verən etirazlar zamanı 218 nəfər həbs edilib, azı 16 nəfər ölüb.

Qeyd edək ki, Venesuela parlamentinin sədri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb. ABŞ isə Xuan Quaydonunu müvəqqəti prezident kimi tanıyıb. Bundan sonra ölkədə vəziyyətə daha da gərignləşib. Karakasda hərbçilərlə etirazçılar arasında qarşıdurma yaranıb. ABŞ-ın arxasınca isə Kanada, Kolumbiya, Peru, Ekvador, Paraqvay, Braziliya, Çili, Panama, Argentina, Kosta-Rika, Qvatemala və Gürcüstan Quaydonunu prezident olaraq tanıyıb.

Maraqlıdır ki, ABŞ başda olmaqla, adıkeçən ölkələr Quaydonunu müvəqqəti prezident kimi tanısa da, Venesulanın qanuni prezidenti Nikolas Maduronu dəstəkləyən ölkələr də az deyil. Kuba, Uruqvay, Boliviya, Türkiyə, Rusiya və Meksika Nikolas Maduronu dəstəkləyib və Venesuela xalqının yanında olduqlarını elan edib.

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopes isə “tvitter” hesabından açıqlama verərək, ölkənin Silahlı Qüvvələrinin özünü müvəqqəti dövlət başçısı elən edən Milli Məclis sədri Xuan Quaydonun liderliyini qəbul eləməyəcəyini söyləyib: “Ölkənin hərbçiləri olaraq nə müvəqqəti dövlət başçılığını, nə də qaranlıq mənfəətlərin kölgəsinə yerləşdirilmiş bir dövlət başçısını qəbul etmirik. Venesuela Silahlı Qüvvələri Konstitusiyanı qoruyur və milli suverenliyin təminatçısıdır”.

“Parlamentin spikeri legitim seçkilərdə seçilmiş şəxsdir”

Похожее изображение

Venesuelada gedən proseslərlə bağlı keçmiş dövlət müşaviri Qabil Heseynli “Hürriyyət”ə dedi ki, hazırda bu ölkədə çox mürəkkəb proseslər gedir: “Baş verənləri dövlət çevrlişi adlandırmaq və ya adlandırmamaq o qədər də asan məsələ deyil. Çünki parlamentin spikeri legitim seçkilərdə seçilmiş şəxsdir. Venesuelanın Konstitusiyasına görə, prezidentlə bağlı hər hansı bir hadisə baş verdikdə onun vəzifələrini öz üzərinə götürmək hüququ var. İndi də ölkədə gərgin hadisələr baş verir, əhalinin küçə çıxışları artıq küçə döyüşlərinə çevrilib, ölənlərin sayı 20-ni keçib, yaralananların sayı haqqında dəqiq məlumat yoxdur, həbs edilənlər var. Belə bir şəraitdə parlamentin spikeri prezidentin səlahiyyətlərini öz üzərinə götürdüyünü bəyan edib. Başda ABŞ olmaqla, bir çox dövlətlər, əsasən də Venesuelanın qonşuluğunda yerləşən dövlətlər onun legitimliyini qəbul ediblər. Bu nöqteyi-nəzərdən ölkədə nə baş verdiyinin dərin təhlilini vermək, mütləq həqiqətləri söyləmək çətindir. Amma hər halda parlamentin spikerinin arxasında Venesuela xalqının dayandığını söyləmək lazım gəlir və küçəyə çıxan əhali də onun prezident səlahiyyətlərini öz üzərinə götürməsini alqışlayır. Hər halda bu məsələdə son sözü Venesuela xalqı deməlidir. Ondan sonra bunun çevriliş və yaxud qanuni hakimiyyət səlahiyyətlərinin əldə edilıməsi kimi yozulma prosesi başlaya bilər”.

Q. Hüseynli nəzərə çatdırdı ki, Venesueladakı proseslərin nəticəsini tanıyan ölkələr parlamentin spikeri Quaydonunu müvəqqəti prezident səlahiyyətlərini icra edən şəxs kimi tanıyıblar: “Özü də bir şərtlə ki, bundan sonra prezident seçkiləri keçiriləcək, ölkədə ədalətli, şəffaf seçkilərin keçirilməsi təmin ediləcək və bu seçkilərin nəticəsində prezidentlik statusuna malik olan şəxs müəyyənləşdiriləcəkdir”.

“Ərdoğanın Maduro kimi legitim olmayan seçkilər yolu ilə hakimiyyətə gəlmiş insanın yanında olduğunu bəyan etməsi başadüşülən deyil”

“Rusiya və Türkiyə kimi böyük güclər Maduronu dəstəkləyir. Bu ölkələrin bu məsələdə maraqları nədir” sualına Q. Hüseynli belə cavab verdi: “Rusiyanın maraqlarını başa düşmək olar. Rusiyada avtoritar bir rejimdir və Rusiya dövləti dünya hegemonluğu uğrundan mübarizə aparır. Yəni keçmiş fövqəl dövlət olan Rusiya indi o fövqəl dövlət statusunu geriyə qaytarmağa çalışır. Bu səbəbdən də onun atdığı addımlar ölkəsinin maraqlarının ifadə ödənilməsinə yönəlib, amma Ərdoğanın mövqeyi başadüşülən deyil. Çünki Türkiyədə demokratik, Atatürkçü bir siyasi sistem var. Türkiyədə bütün seçkilər, istər parlament, istərsə prezident seçkiləri ədalətli, şəffaf və demokratik bir mühitdə həyata keçirilir. Müsəlman dünyasında ən demokratik, ideal seçki sisteminə malik olan bir ölkədir. Amma Ərdoğanın Maduro kimi legitim olmayan seçkilər yolu ilə hakimiyyətə gəlmiş insanı tərif etməsi və onun yanında olduğunu bəyan etməsi başadüşülən deyil. Sözsüz ki, Venesuelada hər şeyi xalq deyəcək. Rusiya, Türkiyə və başqa ölkələrin nə deməsi önəmli deyil. Azərbaycan dilində bir ifadə var: “Quru-quru qurbanın olum”, onların dedikləri buna bənzəyir. Məsələ odur ki, orada xalq küçələrdədir. Xalq yeni seçkilər uğrunda mübarizə aparır və üstəlik də bu mübarizəni Amerika Birləşmiş Ştatları, Venesuelanın qonşusu olan dövlətlər, Kolumbiya, Kanada və başqa ölkələr dəstəkləyirlər. Üstəlik də Amerika Dövlətləri Təşkilatı kimi nəhəng bir təşkilat parlamentin spikerinin prezident səlahiyyətlərini üzərinə götürməsini legtim hadisə kimi qiymətləndirib. Bir sözlə, parlament sədrini dəstəkləyənlərin sayı həddindən artıq çoxdur. Üstəlik də xalq onu müdafiə edir. Sadəcə ordunun bir hissəsi müdafiə etmir ki, onlar da Maduronu müdafiə edir. Mənim zənnimcə, bu prosesdə hər şey xalqın istəklərinə uyğun surətdə tənzimlənəcək”.

“Həmişə xalq nəyi istəyibsə, o da olub, Venesuelada bu olacaq”

“Müdafiə naziri Xuan Quaydonunu dəstkələmədiyi üçün ölkədə qarşıqlıq yarana və Maduro yenidən hakimiyyətə qayıda bilərmi” sualına gəlincə, politoloq qeyd etdi ki, hər halda bu cəmiyyətdə ordu da imtiyazlı bir təbəqədir: “Xüsusən ordunun başında duran general, müdafiə naziri dəbədbəli bir həyat tərzi sürür, az qala var-dövlət içərisində boğulur. Venesuela kimi dünyanın 8-ci neft ölkəsində insanların aclıq keçirməsi o qədər də qəbul edilən deyil və bu səbəbdən də xalq küçələrdədir. Bəli, müdafiə naziri ordunun keçmiş prezidentə sadiq olduğunu bildirir, amma ordu bu yaxınlarda özü bunt qaldırmışdı və həmin bunt qaldırmış hissəni çox amansızcasına qırdılar, bir hissəsini həbsxanalara atdılar. Yəni orduda da yekdil rəy hakim deyil. Ona görə də mən hələ birmənalı fikirlər söyləməkdə həm çətinlik çəkirəm, həm də hüququm yoxdur. Amma bircə onu deyə bilərəm ki, həmişə xalq nəyi istəyibsə, o da olub, Venesuelada bu olacaq”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA