“Vətən uğrunda savaşan insanlara münasibət belə olmamalıdır...” - QARABAĞ DÖYÜŞÇÜSÜ

“Vətən uğrunda savaşan insanlara münasibət belə olmamalıdır...” - QARABAĞ DÖYÜŞÇÜSÜ

Kamran Xəlilov: “Vətənə sevgi qazilərə, şəhidlərə və onların övladlarına olan münasibətdən keçir”

“Gürcüstanda erməni döyüşçüyə heykəl qoyurlar, bizimiklər burada bizi adam yerinə qoymur”

Fevralın 14-də - Sevgililər günündə “İnşaatçılar” metrosunun həndəvərində 11-12 yaşlarında Zəhra adlı bir qız uşağının gül satması mətbuatda və sosial şəbəkələrdə ciddi müzakirə olundu. Çünki Qarabağ döyüşçüsünün övladı olan bu azyaşlı məhz xəstə atasının dərman pulunu düzəltmək məqsədilə gül satmağa məcbur olub. Ailənin vəziyyəti o dərəcədə acınacaqlı olub ki, ehtiyac üzündən valideynləri ötən ildən uşağı məktəbdən çıxardıb.

Sözsüz, bu, bizim hökumətin Qarabağ döyüşçüsünə verdiyi “dəyərin” nəticəsidir. Hansı ki, Qarabağ döyüşçülərinə biganəlik, həm də onların övladlarının gələcəyinə ciddi təsir edir. Bu gün 11-12 yaşlı qız uşağının məktəbdən çıxarılaraq, küçələrdə pul qazanmağa məcbur edilməsi də dediklərimizin bariz nümunəsidir.

Xatırladaq ki, Zəhranın anası, 6 uşaq anası olan Afət adlı qadın öz həyatı ilə bağlı danışıb: “Ağdaş rayonundan gəlmişik. Orada dolanışıq yox idi. Bakıya köçəsi olduq. İndi burada kirayədə qalırıq. 8 baş külfətik. Üzr istəyirəm, sən də mənim balam, 6 uşağım var. Ən balacası qucağımdakıdır. 8 aylıqdır. Adı da Tunardır. Yoldaşım Qarabağ əlilidir, Abıyev Azərdi adı. Kəlbəcərdə döyüşüb, ayaqlarını "moroz” aparıb. Amma əlillik statusu yoxdur. Heç veteran "knijka”sı da yoxdur. Rayonda olanda 5000 pul istədilər, vəsiqə düzəldə bilərik, dedilər. Biz də o qədər pulu haradan alaq. Çıxıb Bakıya gəldik. Yoldaşım işləyə bilmir. Neçə illərdi ki, yataq xəstəsidir. Biz də gül sata-sata həm öz boğazımıza baxırıq, həm də yoldaşımın dərmanlarını alırıq. O dərmanlar olmasa bir gün də yaşaya bilməz”.

Axı, ayaqlarını don vuran Qarabağ döyüşçüsündən haqqı olan əlillik statusunu vermək üçün necə 5 min manat istəmək olar? Çox güman ki, sözügedən Qarabağ döyüşçüsündən bu pulu istəyən məmurların qəlblərini “don vurub”, yoxsa bu qədər insafız ola bilməzdilər. Çünki onlar torpaq, vətən uğrunda sağlamlıqlarını itiriblər. Məhz buna görə də onların və ailələrinin qayğısına qalınmalı, ehtiyacları ödənilməlidir ki, bu gün azyaşlı övladları gül satmağa məcbur olmayıb, gedib məktəbdə təhsil alsın. Axı, torpaq uğrunda sağlamlığını itirən döyüşçüyə dərman almağı niyə onun azyaşlı övladı düşünməldir? Bunu kresloda oturan məmurlar niyə düşünmür?

Ümid edək ki, müvafiq qurumlar Ağdaş rayon sakini Abıyev Azərin və onun ailəsinin durumu ilə maraqlanacaq, keçmiş döyüşüyə əlillik statusu veriləcək ki, heç olmasa o, öz dərmanlarını ala bilsin.

“Siz hansı dövlət qayğısından danışırsınız?”

Qarabağ döyüşçüsü, əslən Borçalıdan olan Kamran Xəlilov da “Hürriyyət”ə açıqlamasında müharibə veteranlarına biganəlikdən gileyləndi: “Mən o yazı ilə tanışam. Axı, siz hansı dövlət qayğısından danışırsınız?! Müharibə vəziyyətində olan bir ölkədə döyüşçülərə bu cür münasibət olmamalıdır. Qarabağ döyüşçüsünün övladı nəiniki küçədə gül satmağa məcbur olmamaldır, üstəlik, məmur uşaqlarından da yaxşı yaşamalıdır. Çünki bir çox məmurlar öz gəlirlərindən başqa heç nə düşünmədikləri halda, həmin uşaqların valideynləri dövləti müdafiə etmək üçün öz sağlamlıqlarından keçiblər, əlil, şəhid olublar. Mənə elə gəlir ki, vətənə sevgi məhz qazilərə, şəhidlərə və onların övladlarına olan münasibətdən keçir. Bu gün bir Qarabağ döyüşçüsünün övladı yoxsulluqdan əziyyət çəkirsə, onun qonşusunda yaşayan və yağ-bal içində böyüyən məmur balasının vətənə sevgisindən danışmaq olmaz. Ümumiyyətlə, biz toplum olaraq bu məsələdə unutqan olmamalıyıq. Vətən uğrundan savaşan inasanlara, onların övladlarına münasibətin necə olmasını öyrənmək üçün ən azı qardaş Türkiyədən örnək götürməliyik”.

“Şəxsi igidliyə görə arayışım var, amma...”

K. Xəlilov Qarabağda döyüşən Borçalkı əsilli soydaşlarımıza olan münasibətin də ürəkaçan olmadığını vurğuladı: “Şəxsən mən hələ də “veteran pulu”mu ala bimirəm. Başımıza 50 min problem açıblar. Əcnəbi kimi 5 illik, 3 illik daimi qeydiyyat sənədi istəyirlər. Cəmiyyətlər var ki, dövlətin qayğısından bəhrələnir, amma şəxsən mən heç bir şey görməmişəm”.

“Medalmı belə, ala bilmirəm”

“Mən 1992-ci ildə 703 nömrəli hərbi hissədə, “Qurtuluş” batalyonunda döyüşmüşəm, 1993-cü ildə 707 nömrəli hərbi hissədə döyüşmüşəm. Gürcüstan vətəndaşı olduğuma görə, 5 illik daimi qeydiyyat sənədi istəyirlər. Əvvəl guya, verirmişlər, indi 5 illik qeydiyyat vəsiqəsi tələb edilər. 1 illik vəsiqə ilə “veteran pulu” vermirlər. 5 illiyi almaq üçün də 3 ildir ləngidirlər, baxmayaraq ki, mən vuruşduğum döyüş bölgələri haqqında bütün sənədləri, veteran vəsiqəsini təqdim etmişəm, mükafatlandırılma haqqında, şəxsi igidliyə görə arayışım belə var. Onu verib, medalmı belə, ala bilmirəm. Sən hansı dövlət qayğısından danışırsan? Mənim deməyimin nə əhəmiyyəti var? Bir mənim deməyim nəyi dəyişir ki? 50 veteran çıxıb, hamısı dizini yerə qoyub, “Allahu-əkbər” deyəcək, “Allah bunların başından bir tük əskik eləməsin”, deyəcək. Ona görə, mənim deməyimin əhəmiyyəti yoxdur”,-deyə keçmiş döyüşçü əlavə etdi.

Kamran Xəlilov qeyd etdi ki, Qarabağ döyüşçüsü kimi indiyə kimi heç bir müavinət almayıb: “İndi 5 illik qeydiyyat üçün Miqrasiya Xidmətinə getməliyəm, sənəd verməliyəm. Veteranlara işıq, qaz puluna görə 55 manat verirlər, onu düzəltməliyəm, o da uzun məsələdir”.

“16 yaşında müharibəyə getmişəm”

K. Xəlilov onu da vurğuladı ki, əsgər kimi deyil, könüllü olaraq müharibədə içtirak edib: “Cəmi xidmətim 1 il, 1 aydır. 1 il 1 ay olmağına baxmayaraq, mən qaynar nöqtələrdə, kəşfiyyatda xidmət etmişəm. Ağdərə əməliyyatının, Ağdamda bütün döyüşlərin iştirakçısıyam, yəni Şuşadan başqa hər yerdə olmuşam. 16 yaşında müharibəyə getmişəm. Bakıya qəbul imtahanı verməyə gəlmişdim, sinif yoldaşlarımdan bir yaş kiçik idim. Xatırlayırsınızsa, 1992-ci ildə qəbul imtahanlarını noyabrın 8-nə kimi uzatdılar. Birinci test imtahanları yaranan il idi. Mən də qəbul imtahanlarını verdim, müharibəyə getdim”.

“Torpaq məsələsini qayğısızlıqla əlaqələndirmək olmaz”

“Dövlətin bu qədər qayğısızlığından sonra övladınızı mühairbəyə göndərərsiniz” sualına K. Xəlilov belə cavab verdi: “Maraqlı sualdır. Mənim özüm indi də gedərəm. Biz heç kimdən qayğı gözləmirik. O vaxtı bu torpaqları alan da bizim babalarımız olub, azdan-çoxdan nə saxladıq və indən belə nə saxlaya biləcəyik, o da bizim balalarımızın qeyrətidir. Torpaq məsələsini bəzi şeylərlə, qayğısızlıqla əlaqələndirmək olmaz. Hansısa rüşvətxor, korrupsioner bir məmur gəlib belə oyun çıxarıbsa, onunla milləti millətçilikdən küsdürmək olmaz. Təbii ki, oğlumu da göndərərəm, mən özüm də gedərəm. Baxmayaraq ki, 44 yaşım var, mən özümü də əsgər sayıram”.

“Gürcüstandan olan azərbaycanlı döyüşçülərə “veteran pulu” verilmir”

“Burada veterana qayğısızlığı hamı bilir. Gürcüstan vətəndaşı olmaya-olmaya, bu ölkədə anadan olduğuna görə erməni döyüşçüyə heykəl qoyulduğu halda, Gürcüstandan olan azərbaycanlı döyüşçülər burada heç “veteran pulu”nu ala bilmir. Bizə təsir edən odur ki, Gürcüstanda erməni döyüşçüyə heykəl qoyurlar, bizimiklər burada bizi adam yerinə qoymur”,-deyə keçmiş döyüşçü təəssüflə qeyd etdi.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA