Xaçmazda şəhidlər abidəsinin qazını kəsiblər - REPORTAJ, FOTOLAR

Xaçmazda şəhidlər abidəsinin qazını kəsiblər - REPORTAJ, FOTOLAR

Xaçmazın ilk məskunlaşma yeri belə adlanır - “Köhnə Xaçmaz”. Təxminən 4500 nəfər əhalisi var. Yaşayış məntəqəsinə gedən yolda “Köhnə Xaçmaz” yazılan heç bir lövhəyə rast gəlməyəcəksiniz, yolunuz düşərsə, gərək soruşub tapasınız. Şəhərin mərkəzindən uzaq deyil, Xaçmaza bitişikdir.

Bura daxil olanda sizi dağılmış, çala-çuxur yollar, palçıqlı küçələr, izolyasiya olunmamış, ölüm saçan elektrik telləri, qəzalı, təhlükəli işıq dirəkləri, uçub-dağılmaq üzrə olan, məktəblilərin hər gün gedib-gəldiyi “ölüm körpüsü”, qazı kəsilmiş şəhidlər abidəsi və s. problemlər qarşılayacaq.

Bir sözlə, “Köhnə Xaçmaz” köhnə problemlər girdabında boğulur, camaatın hər gün məşəqqət çəkdiyi bu məsələlər həll edilmir. İnsanların yazmadığı orqan, instansiya qalmayıb, heç bir nəticə olmayıb.

Ona görə sosial problemlərinin işıqlandırılmasını istəyən sakinlər bizimlə söhbətində məmurların laqeydliyindən gileyləndilər. Onlar birinci növbədə elektrik dirəklərinin ötən əsrin 50-ci illərindən qaldığını bildirdilər. Dirəklər taxtadandır, çürüyüb, naqillər izolyasiya olunmayıb, bu da ölüm təhlükəsi saçır. Elə evlər var ki, elektrik naqilləri darvazaya yapışıq olduğuna görə yağışlı havada insanlar evindən çıxmağa ehtiyat edir.

“Köhnə Xaçmaz”lı Həqiqət Mirzəcanova dedi ki, küləkli havada qəsəbədə işıq olmur: “Dəfələrlə şikayət eləmişik. Kimdir şikayətə baxan? İşıq idarəsinə ərizə vermişik. Amma nəticə yoxdur. Bir az borcun olan kimi, ödənişi gecikdirəndə işığı kəsirlər. Bu işıq xətləri gördüyünüz payaların üzərində dayanıb. Neçə dəfə uşaqlar ölümdən, xəta-bəladan xilas olublar. Çox dəhşətli vəziyyətdir. Öz cibimizdən pul yığıb çəkdirmişik. Külək, yağış olan kimi işıqlar kəsilib. Allahın ümidinə qalmışıq. İşıq idarəsi deyir ki, ərizə yaz, nə qədər yazmaq olar? Bu işıq aşağıdan keçir, həyətimdən sallanır. Kim gəlir, deyirəm ki, xətadır. Deyirlər ki, yerüstü çəkəcəyik. Amma o vaxta kim ölə, kim qala..."

Sakinlərin dediyinə görə, əsas yoldan qəsəbənin mərkəzinə 1400 metr məsafə var. Amma bu məsafə sanki 1400 kilometrdir. Çünki yolları kələ-kötür vəziyyətdədir, insanlar əziyyət çəkirlər, nəqliyyat vasitələri tez-tez xarab olur.

“Köhnə Xaçmazda 30 ildir yaşayırıq. Hələ yadımıza gəlmir ki, bura asfalt çəkilsin. Sovetdən bu yana bizim küçələrə bir maşın asfalt tökməyiblər. Yağışlı-qarlı havada yollarımız lap bərbad hala düşür, uşaqlar dizə qədər palçıqlı yollardan keçib məktəbə gedirlər”, - deyə sakinlər şikayətlənirlər.

Onlar vətən üçün şəhidlər vermiş “Köhnə Xaçmaz”ın yollarının heç olmasa, şəhidlər abidəsinə qədər düzəldilməsini gözləyirlər. Amma sən saydığını say, gör səlahiyyətli şəxslər nə sayırlar. Belə ki, nəinki şəhidlər abidəsinə qədər yollar təmir olunmayıb, heç vətən uğrunda canından keçənlərin abidəsinə baxan yoxdur. Şəhidlərin barelyefləri çat verib, dağılıb-tökülür.

Sakinlər bunu şəhidlərə hörmətsizlik kimi qiymətləndirirlər. Onlar deyirlər ki, abidənin baxımsız qalması azmış kimi, şəhidliyin qarşısındakı əbədi məşəlin qazı 5-6 il qabaq söndürülüb. Öyrənirik ki, buna səbəb yerli qaz idarəsinin qaz xəttini kəsib atmasıdır. Bunun səbəbini heç nə ilə izah etmirlər.

“Buranın qazını kəsəndən sonra biz də həvəsdən düşdük. Hər il abidəni təmizləyirdik, səliqəli saxlayırdıq. Kəsiblər də, artıq ”rosxod"dur. Biz ildə bir dəfə buranı yandırırdıq. Deyirlər ki, olmaz, şəhidlər üçün niyə ayrıca qaz olmalıdır? Bunların fikirləşdiyinə bax. Əbədi məşəl abidəsinin qazını kəsirlər, vətən üçün şəhid olanlara onu da qıymırlar", - deyə köhnə xaçmazlılardan biri ümumi narazılığı belə ifadə edir.

Amma Köhnə Xaçmazın bundan da böyük dərdi var. Adı “ölüm körpüsü”dür. Hər gün qəsəbə əhli həmin körpüdən keçir. Bu körpü 2 il 6 ay əvvəl tikilsə də, onu sel aparıb. Sakinlər bildirirlər ki, bəndlər düzgün vurulmayıb, necə gəldi tikinti aparılıb, çayın axını bu səbəbdən düzgün tənzimlənmir. Körpünün dirəklərini su yuyur, körpüətrafı bəndləri sıradan çıxarır. Yerli bələdiyyə illər əvvəl sakinlərin dəstəyi ilə körpünün ətrafındakı bəndləri bərkidib, ərazidəki böyük zibilliyi ləğv edibmiş.

Amma sel-su bələdiyyənin və camaatın birgə zəhməti hesabına qurulan bəndləri də yuyub aparıb. Hazırda ərazi fəlakətli vəziyyətdədir. Körpü hər an uça bilər. Camaat şükür edir ki, bu il yağıntı çox olmadı, Qudyalçayda sululuq artmadı. Yoxsa böyük faciələr yaşana bilərdi. Çünki bu körpüdən keçməmiş məktəbə getmək mümkün deyil. Sakinlər isə həyəcan təbili çalırlar ki, övladlarının təhlükəsizliyi üçün məktəb yolunun üstündə olan bu körpü təcili surətdə müasir və möhkəm dirəklər üzərində qurulmalıdır.

“Nəyi gözləyirlər? Gözləyirlər ki, birinin balasının başına bir iş gəlsin, ya körpü çöksün, ”Köhnə Xaçmaz"da yas düşsün, sonra hərəkətə keçsinlər? Bələdiyyə və camaat birtəhər pul düzəldib körpünü qurmuşdu. Amma bələdiyyənin və bizim nə günahımız var? Bura aidiyyəti qurumlar müdaxilə etməlidir, əsaslı işlər görülməlidir. Biz Xaçmazın icra başçısı Şəmsəddin Xanbabayevi bura dəvət edirik, gəlsin görsün, bu körpüdən özü keçsin, baxsın. Görəsən, özü, yaxınları, nəvələri bu körpüdən keçib gedər? Əlbəttə, yox. Ona görə rayonun rəhbəri kimi təcili tədbir görməsini xahiş edirik. Eyni zamanda digər cavabdeh və icraedici orqanlar əraziyə gəlsin, araşdırma aparsın"./musavat.com/

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

  • https://www.youtube.com/watch?v=K1N1rG0ZhcI&feature=youtu.be
Reklam
Reklam
QALEREYA